525.Az

“Ölkədə humanist aksiyalar ənənəyə çevrilib”


 

ŞAHİN CAMALOV: “ANTİ-AZƏRBAYCAN TƏBLİĞATI APARAN QÜVVƏLƏRƏ GÖRÜLƏN İŞLƏR DEYİL, QARA YAXMAQ ÜÇÜN BƏHANƏ LAZIMDIR”

“Ölkədə humanist aksiyalar ənənəyə çevrilib”<b style="color:red"></b>

Dünəndən etibarən dövlət başçısı İlham Əliyev tərəfindən növbəti dəfə imzalanan əfv sərəncamının icrasına başlanılıb. Novruz bayramı ərəfəsində Prezidentin bu humanist addımı müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayan 101 nəfərə şamil olunub.

İnsan Hüquqları 21-ci əsr – Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov bildirib ki, Azərbaycanda dövlət başçısı İlham Əliyev tərəfindən mütəmadi şəkildə əfv sərəncamları imzalanır. Onun sözlərinə görə, uzun illərdir ki,  insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir və hər il bu humanist aksiyanın yaxından iştirakçısı olur: “Bayram ərəfəsində əfv olunan insanların üzündəki sevinc, təşəkkür, minnətdarlıq hissini heç nəyə dəyişmək olmaz. Ona görə də ölkə rəhbərinə ancaq təşəkkür düşür. Prezident İlham Əliyev mütəmadi şəkildə humanist dəyərlərə söykənən addımlar atır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bundan əvvəl yeni il ərəfəsində belə bir əfv sərəncamı imzalanıb. Bütün cəza çəkənləri qatı cinayətkar adlandırmaq olmaz.

Müəyyən dövrdən sonra kimlərsə törətdiyi əməllərdən həqiqətən də islah olur. İl ərzində 100-lərlə insan prezidentin müvafiq əfv sərəncamı ilə azadlığa buraxılır və cəza müddəti azaldılır. Eyni zamanda, bu sərəncamlar özünü “hüquq müdafiəçisi”, “siyasi məhbus” hesab edən şəxslərə də şamil olunur. Halbuki həmin şəxslər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar. Ona görə də, dövlət başçısı İlham Əliyevin növbəti əfv fərmanını “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” kimi Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan beynəlxalq təsisatlara tutarlı cavab hesab etmək olar. Təbii ki, onlar dövlət səviyyəsində aparılan nümunəvi islahatları görmək istəmirlər.

Onlar yalnız anti-Azərbaycan təbliğatı aparmaq üçün bəhanələr axtarırlar. Çünki onların hazırladıqları qərəzli hesabatların heç birində tutarlı faktlar yoxdur. Dünyanın istənilən ölkəsində olduğu kimi Azərbaycanda da müxtəlif səpkili qanun pozuntuları baş verə bilər. Lakin hüquq müdafiəçiləri olaraq bizim və dövlətin işi ondan ibarətdir ki, bu pozuntuları aradan qaldırmaq üçün fəaliyyət aparaq. Hərçənd sözügedən beynəlxalq dairələrə görülən işlər deyil, qara yaxmaq üçün istifadə etməyə bəhanə lazımdır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli dövlət başçısı İlham Əliyevin növbəti əfv sərəncamını humanist addım kimi qiymətləndirir. O qeyd edib ki, belə aksiyalar artıq ənənəvi hal alıb: “Çünki ilk dəfə deyil ki, belə bir sərəncam ölkə rəhbərliyi səviyyəsində imzalanır və icrası ilə öz təsdiqini tapır. Azərbaycanda bu humanist dəyərlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. O insan haqlarının müdafiəsi və qorunması ilə bağlı xeyli addımlar atıb. Onlardan ən əhəmiyyətlisi ölüm hökmünün ləğv edilməsidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.
Bu humanist aksiyalar stimul yaradır ki, cinayət əməli törədən şəxslər yol verdikləri xətaları dərindən düşünüb nəticə çıxararaq islah olsunlar. Müşahidələr onu göstərir ki, bir qrup insan cəzasının müəyyən hissəsini çəkdikdən sonra peşman olur və bir də səhvlərini təkrarlamaq istəmir. Bunun müsbət nəticələri Azərbaycan  ictimaiyyətinə yaxşı məlumdur. Çünki yerli və xarici qeyri –hökumət təşkilatlarının araşdırmaları da onu göstərib ki, azadlığa buraxıldıqdan sonra həmin insanların əksəriyyəti ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə normal həyata qayıdır və ictimai təhlükə daşımırlar”.

Əvvəllər cəmiyyətdə həbs həyatı yaşayan insanlara münasibətin birmənalı olmadığını deyən E.Həsənli  hal-hazırda insanların münasibətində dəyişiklik olduğunu, daha anlayışlı yanaşmanın formalaşdığını deyib. O bildirib ki, keçmişdə məhkumluq həyatı yaşayan insanlar cəmiyyətə sürətlə adaptasiya olurlar. Bu da insan hüquqlarının ən təməl prinsiplərindən biridir. Dövlət rəhbəri cinayət əməli törədən şəxsləri müəyyən məhkumluq dövründən sonra əfv etməklə onları sərbəst fəaliyyət, azad yaşama, mülkiyyət və sair hüquqlarla təmin edir. Ona görə də İlham Əliyevin bu addımını təqdirəlayiq hal hesab edirəm”.

“Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” kimi Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan beynəlxalq təşkilatların hazırladığı hesabatların heç birinin həqiqətə uyğun olmadığnı deyən E.Həsənli qeyd edib ki, həmin qüvvələr ölkəmizə qarşı qərəzli fəaliyyət aparmaqla şəxsi maraqlarını yeritməyə çalışırlar: “Azərbaycan müstəqil dövlət olaraq, xarici və daxili siyasətini özü müəyyənləşdirir.

Ölkəmizin güclü ordusu, dayanıqlı və sürətlə inkişaf edən iqtisadiyyatı var. Bu təşkilatlar Azərbaycanın beynəlxalq miqyasda uğurlarına kölgə salmağa çalışan, müstəqil siyasət yeritməsini istəməyən dövlətlər tərəfindən idarə olunur. 1 milyondan artıq azərbaycanlının yaşamaq və mülkiyyət hüququ öz doğma torpaqlarında əllərindən alınıb. Bu məsələylə bağlı konkret bəyanat verməkdənsə,  həmin dairələr Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Digər ölkələrdə, eləcə də mənfur qonşumuz olan Ermənistanda dövlət səviyyəsində baş verən cinayət hadisələrinə, insanların öldürülməsi faktlarına münasibət bildirməyən bu təşkilatlardan necə ədalətli olmağı gözləmək olar? Onlar bu cür əsaslı hadisələrə heç bir reaksiya vermir və Azərbaycana qarşı ikili standartlarını tətbiq edirlər. İlham Əliyevin də bildirdiyi kimi, demokratiya elə bir prosesdir ki, bizim özümüzə lazımdır. Ona görə də, biz nə qədər demokratik islahatlar aparsaq bu bizim özümüzə xeyirdir. Bizi istəməyən qüvvələr onsuzda bunlara məhəl qoymadan öz çirkin niyyətlərini davam etdirməyə çalışacaqlar”.

Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə özünün humanist iradəsini ortaya qoyduğunu deyən millət vəkili Aydın Mirzəzadə dilə gəririb ki, il ərzində xeyli sayda insanlar əfv olunur və onlar öz səhvlərini etiraf edir və nəticədə cəmiyyətə, ailələrinin yanına qayıdırlar. O “SİA”ya bildirib ki, əgər onların ailələrini, yaxın dostlarını da nəzərə alsaq, il ərzində minlərlə ailə əfv sərəncamının sevincini yaşayır. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və onun rəhbəri cənab Prezident hemanist siyasət yeridir. Bir tərəfdən cəmiyyətdə qanunçuluğun möhkəmlənməsi, hüququn aliliyi prinsipi yerinə yetirilir, digər tərəfdən isə cəzasının müəyyən bir hissəsini çəkən və cəzadan müvafiq nəticə çıxaran, cəmiyyət üçün təhlükə olmayan insanların əfv edilərək yenidən cəmiyyətə sivil münasibətə qayıdılmasına şərait yaradır. Bunun özü bir daha göstərir ki, Azərbaycan cəmiyyətində insan faktoru, insanın qayğıları ailənin möhkəmlənməsi məsələsi həmişə dövlətin diqqət mərkəzindədir. Ölkə Prezidentinin bugünkü Sərəncamı ilə yüzlərlə ailənin sevinəcəyini və öz dövlətinin qayğısını üzərlərində hiss edəcəyinə heç bir şübhəm yoxdur”.

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağı gözlənilən hadisə olduğunu deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Əliməmməd Nuriyevin “SİA”ya açıqlamasına görə, bayramlar ərəfəsində ölkə başçısının əfv sərəncamları imzalanması bir ənənə halını alıb: “Dövlər rəhbəri tərəfindən atılan bu addım yüksək humanizmin, öz vətəndaşına olan münasibətin nümayişidir. Biz gözləyirdik ki, Prezident İlham Əliyev hər il olduğu kimi bu Novruz bayramı ərəfəsində də həbsdə olan bir çox vətəndaşımızı sevindirəcək, ailələrinə qovuşması üçün sərəncam verəcək. Bu artıq baş verdi. İnsan Haqları üzrə Birgə İşçi Qrupu bu istiqamətdə bir sıra təkliflər verib. Ümid edirəm ki, həmin təkliflər ölkə başçısı tərəfindən nəzərə alınıb. Çünki bundan əvvəlki sərəncamda da ölkə rəhbəri İlham Əliyev İnsan Haqları üzrə İşçi Qrup, İnsan hüquqları müdafiə təşkilatları, Ombudsman tərəfindən verilən təklifləri diqqətə aldığını sərəncamda qeyd edib.
 
Buna görə də cənab Prezident İlham Əliyevin bu addımını alqışlayırıq. Azadlığa çıxan hər bir kəsi də bir daha həbsxana həyatına geri dönməməyi, ölkəmizin inkişafı naminə çalışmağı arzu edirik”.

Ceyhun ABASOV

 





21.03.2015    çap et  çap et