525.Az

“Efirdə orta səviyyəli tamaşaçının zövqünü oxşayan verilişlər azdır”


 

“Efirdə orta səviyyəli tamaşaçının zövqünü oxşayan verilişlər azdır”<b style="color:red"></b>

“Ötən ildə də ölkəmizin davamlı inkişafı təmin edilmiş, iqtisadi inkişaf templəri qorunub saxlanılıb, əlverişli investisiya mühiti nəticəsində daxili və xarici sərmayələr artıb, məşğulluq çoxalıb, işsizlik azalmış, yoxsulluğun səviyyəsi minimuma endirilib, əməkhaqqı və əhalinin gəlirləri artıb. Beynəlxalq aləmdə mövcud siyasi böhran və qeyri sabit iqtisadi durum fonunda ölkəmizin əldə etdiyi nailiyyətlər xüsusi önəm daşıyır”.
 
Bunu Milli Məclisin (MM) deputatı, professor Gövhər Baxşəliyeva dilə gətirib.
 
Onun dediyinə görə, heç şübhəsiz bu uğurların əsasında dərin düşünülmüş, hərtərəfli ölçülüb biçilmiş xarici və daxili siyasət durur, həmçinin, ölkə Prezidentinin, onun komandasının titanik zəhməti durur. Deputat bildirib ki, cəsarətlə demək olar ki çoxəsrlik tarixinin heç bir dönəmində ölkəmiz belə sürətlə inkişaf etməyib:

“Mən Bərdə kənd dairəsini təmsil etdiyimə görə regionların inkişafından danışmaq istərdim. Regionların inkişafında, demək olar ki, əsl bum yaşanır, həyata keçirilən sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramları real nəticələr verir, sənayeləşmə istiqamətində böyük uğurlar əldə edilir. Kəndlər qazlaşdırılır, yollar çəkilir, içməli və suvarma quyuları vurulur, emal müəssisələri işə salınır, yeni məktəblər, uşaq bağçaları, diaqnostika mərkəzləri, xəstəxanalar açılır, möhtəşəm quruculuq və abadlaşdırma işləri həyata keçirilir, yeni qəsəbələr salınır.

Martın 12-də ölkə Prezidenti Bərdə rayonuna səfər etdi. Səfər zamanı ölkə başçısı Heydər Əliyev adına park-bulvarın açılışını etdi, regional “Asan Xidmət” mərkəzinin açılışında iştirak etdi, Molla İsalar – Vəliuşağı – Molla Əhmədli – Sərkərlar avtomobil yolunun açılışını etdi. 14-cü əsr abidəsi Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış oldu, 1 nömrəli Bərdə uşaq İncəsənət məktəbinin açılışında oldu, 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu.

Bir qədər əvvəl Bərdədə Qarabağ Aqrar Sənaye Parkı istifadəyə verildi. Martın 13-də isə ölkə başçısı Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında sərəncam imzaladı.

Demək istəyirəm ki, bütün bunlar ölkədə görülən böyük, möhtəşəm quruculuq işlərinin yalnız bir rayon timsalında kiçik bir hissəsidir”. G. Baxşəliyevanın bildirdiyinə görə, bir sözlə, bütün sahələr üzrə əsaslı yeniləşmə və inkişaf müşahidə edilib- istər istehsal sahələrində, istər xidmət sahələrində, istər sosial sahələrdə: “Ailə, qadın və uşaq problemləri üzrə xeyli işlər görülmüşdür.
 
Bununla belə erkən nigah problemi, qızların təhsildən yayındırılması, qadına qarşı zorakılıq halları ilə hələ də rastlaşırıq. Ana bətnində qız uşaqlarının tələf edilməsi ciddi problemə çevrilib. Düşünürəm ki bu problemlərin həlli üçün Dövlət Komitəsi ilə birgə digər qurumlar da çalışmalıdır, bu problemlərin həllində qeyri-hökumət təşkilatları, bütövlükdə cəmiyyət fəal iştirak etməlidir, geniş maarifləndirmə işləri aparılmalıdır. Televiziya və KİV-lər bu məsələdə böyük rol oynaya bilər.

Teleefir məkanı bu gün təkmilləşir, kanallarda bu istiqamətdə böyük iş gedir. Amma razılaşaq ki, bu gün efir məkanımızda orta səviyyəli tamaşaçının zövqünü oxşayan verilişlər azdır.Televiziyaların ilk vəzifəsi həyatımızda yer alan eybəcərliklərə, mənfi hallarla mübarizədir, geniş maarifləndirmə işinin aparılmasıdır.

Teleefirin təsir gücünü nəzərə alsaq, düşünürəm ki televiziyalar işi düzgün qursa, bu sahədə tezliklə böyük uğurlara imza atıla bilər. Müəyyən maarifləndirici roliklərin – narkomaniyaya qarşı, qız uşaqlarının ana bətnində tələf edilməsinə qarşı, ailə-məişət zorakılığına qarşı və sairənin mütəmadi nümayişi qısa zamanda bu problemlərin həllində müsbət effekt verə bilər.

Dünyəvi həyat tərzinin üstünlükləri, qadınlara, ahıllara hörmət və ehtiram, dini radikallığa, cəhalətə, mövhumata qarşı mübarizə – bunlar hamısı televiziyaların bilavasitə üzərinə düşən vəzifələridir. İnanmaq istərdim  ki, televiziya kanallarımız bu istiqamətdə yaxın gələcəkdə dönüş yaradacaqlar. Digər müzakirə isə təbii ki, milli teleseriallardır. Onların tamaşaçı zövqünü oxşamaması, ideya-mövzu və bədii-estetik cəhətdən zəif olması cəmiyyətimizdə sübuta ehtiyacı olmayan aksiom kimi qəbul olunur. Halbuki bu gün ölkəmizdə seriallara, xüsusən, xalqımızın şanlı tarixi işıqlandıran seriallara, Qarabağ problemini tarixi aspektdə işıqlandıran seriallara böyük ehtiyac var. Bununla yanaşı, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin son ildə gördüyü iş xüsusi qeyd olunmalıdır. Din-dövlət münasibətlərinin tənzimlənməsində çox böyük işlər görülür, din xadimlərinin bilik səviyyəsi artırılır, sistemli maarifləndirmə işləri həyata keçirilir.

Təhlükəsizlik orqanları da bu sahədə çox sayıqdır. Xarici siyasət daxili siyasətin davamı olaraq, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq bu gün real nəticələr verir, Azərbaycanın dünya ölkələri ilə ilk növbədə yaxın qonşuları ilə təbiidir ki Ermənistan istisna olmaqla, bərabər hüquqlu, hərtərəfli əlaqələrini təmin edərək ölkəmizin beynəlxalq arenada strateji maraqlarına xidmət edir”.

Kamil HƏMZƏOĞLU

 





21.03.2015    çap et  çap et