525.Az

“ABŞ-ın Yaxın Şərq siyasəti vəziyyətin gərginləşməsinə xidmət edir”


 

“ABŞ-ın Yaxın Şərq siyasəti vəziyyətin gərginləşməsinə xidmət edir”<b style="color:red"></b>

“ABŞ-ın dövlət katibi Con Kerri rəsmi Vaşinqtonun Yaxın Şərq siyasəti, konkret olaraq isə Suriya ilə bağlı köklü dəyişikliyin anonsunu verən bəyanatla çıxış edib. Bu isə o deməkdir ki, ABŞ Suriya prezidenti Bəşər Əsədlə birbaşa danışıqlara getməyin tərəfdarıdır və bununla da münaqişədən sonrakı vəziyyətin tənzimlənməsi üçün addımlar atmağa çalışır”.

Bu barədə açıqlamasında politoloq Elman Nəsirov deyib. Politoloqun sözlərinə görə, bu bəyanat çox sensasiyalı bəyanatdır:
 
“Con Kerri  Səudiyyə Ərəbistana səfəri zamanı indiki bəyanatı ilə tamamilə zidd olan başqa bir bəyanat vermişdi. Həmin bəyanatda isə ümumiyyətlə Bəşər Əsədin legitimliyi qəbul olunmurdu və ABŞ-ın son dörd il ərzində yeritdiyi Suriya siyasəti dəstəklənirdi. İndiki şəraitdə ABŞ-ın Suriya ilə bağlı siyasətinin kəskin dəyişməsinin bir sıra motivləri var. Birinci motiv ondan ibarətdir ki, bu artıq ABŞ-ın Suriyaya qarşı apardığı kampaniyadan geri çəkilməsinin, bu kampaniyada istədiyinə nail ola bilməməsinin etirafıdır. İkincisi hesab edirəm ki, bu etirafın formalaşmasına təsir edən amillər sırasında Bəşər Əsədin keçən ilin iyun ayında əhalinin böyük əksəriyyətinin səsini toplayaq prezident seçilməsi faktının da təsiri var. Bundan savayı Bəşər Əsədə qarşı ABŞ-ın formalaşdırdığı müxalifət  qüvvələrinin ön sıraları parçalanıb və artıq müxalif  qüvvələr Bəşər Əsədə qarşı özlərini buraxmış elan ediblər. Hətta yanvar  ayında Suriya müxalifəti ilə iqtidarının dialoqu təşkil olunmuşdu. Bu isə o deməkdir ki, Suriya müxalifətinin mövqeyi xeyli zəifləmişdi. Bütün bu faktlar məhz ABŞ-ı Suriya ilə bağlı siyasətdə geri addım atmağa məcbur edib”.

E.Nəsirli deyib ki,  ABŞ dövlət katibi Con Kerrinin Suriya prezidenti Bəşər Əsədi dialoqa dəvət etməsi eyni zamanda İrana da bir ismarıcdır ki, artıq  İranla da müqavilə bağlamaq ehtimalı var. Bütün bu amillərin hamısı  ona dəlalət edir ki, ABŞ-ın Yaxın Şərq siyasəti regionda sülhə deyil, daha çox vəziyyətin gərginləşməsi mənafeyinə xidmət edir. Nəticə etibarilə isə bütün bu hadisələr Yaxın Şərqdəki proseslərin bundan sonrakı inkişafına təsirsiz qalmayacaq.

Hətta ehtimal oluna bilər ki, bu  reallıq fonunda Fələstin-İsrail münaqişəsində də bir sıra sürprizlər gözləmək mümkündür.  

Politoloq ABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paulun prezident olacağı təqdirdə Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alacağı ilə bağlı iddiasına da münasibət bildirib:

“Hazırkı vəziyyətdə ABŞ-da prezidentliyə namizəd olan şəxslər seçki qabağı müxtəlif bəyanatlar irəli sürürlər, ancaq onların planları ilə real niyyətləri üst-üstə düşmür”. 

Onun sözlərinə görə, prezidentliyə namizəd olan şəxslər bir çox hallarda seçici dairələrini genişləndirmək üçün lobbi və diasporalarla əməkdaşlıq edirlər:
 
“Bəzi  hallarda  həmin namizədlər öz imkanlarının xaricində bəyanatlar verirlər. Bu nöqteyi-nəzərdən yanaşdıqda hesab edirəm ki, senator Rand Paul bu mövqedən çıxış etməklə həm erməni lobbisinin, həm də kürd lobbisinin dəstəyini qazanmaq niyyəti güdür. Ancaq  hesab edirəm ki, bu çox sərsəm mövqedir və bu cür iddiaların heç bir əsası yoxdur. Normal düşüncə qabiliyyətinə malik olan elektorant da başa düşür ki, bu cür bəyanatlar təxribat xarakteri daşıyır və seçiciləri aldadaraq səs yığmaq məqsədilə irəli sürülür.

Hər halda Türkiyənin də ABŞ-da çox güclü lobbisi və diasporası var. Eyni zamanda  bu məsələdə Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. Hesab edirəm ki, bu cür  məsuliyyətsiz bəyanatlar praktiki baxımından cəlbedici görünsə də, strateji cəhətdən hədəfə aparıb çıxara bilməyəcək, reallıq şansının sıfıra bərabər olduğu bəyanatlardır”.

PƏRVANƏ

 





21.03.2015    çap et  çap et