525.Az

“İqtidar-müxalifət dialoqu Azərbaycanda həmişə olub və davam etdirilir”


 

“İqtidar-müxalifət dialoqu Azərbaycanda həmişə olub və davam etdirilir”<b style="color:red"></b>

“Yeni Azərbaycan Partiyası artıq seçkilərlə bağlı hazırlıq işlərinə start verib. Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq biz artıq seçkilərlə bağlı hazırlıq işlərinə başlamışıq”.

Bu barədə müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.  Onun sözlərinə görə, bu yaxınlarda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Həmin müşavirədə seçki məsələləri geniş müzakirə edildi və yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verildi: “Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi böyükdür. Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də partiyamız öz təcrübəsindən və dünya praktikasından bəhrələnərək özünün seçki texnologiyalarında tətbiq edir. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn  parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz praktikamızı təkmilləşdiririk. 

Bütövlükdə biz partiya olaraq seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Bu mənada, YAP-ın İdarə Heyətinin fevral ayında seçkiyə hazırlıqla bağlı qərarı var. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkiyə tam səfərbər olunması işlərinə başlanılıb. Ümumrespublika müşavirəsinin keçirilməsi də məhz bu məqsədə xidmət edir.  Biz son bələdiyyə seçkilərindən sonra hesabatlarımızı hazırladıq. Həmin hesabatlara əsasən hansı çatışmamazlıqların olduğunu, hansı müsbət yeniliklərin əldə edildiyini və s. məsələləri müəyyənləşdirdik. Bunun əsasında həmin hallarla əlaqədar müvafiq addımlar atılır”.

S.Novruzov deyib ki, növbəti mərhələ isə seçki texnologiyalarını həyata keçirəcək partiya fəallarının seçilməsidir:
 
“Biz həm də, mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik. Çünki Bakının və digər regionların müxtəlif yerlərində abadlıq və yenidənqurma ilə əlaqədar, eləcə də digər səbəblərdən seçicilərin yerdəyişməsi baş verir. Yəni insanlar bir yerdən köçərək başqa yerə rəsmi qeydiyyata düşürlər.

Çalışırıq ki, hər məntəqəyə YAP-ın orta hesabla üç fəalı təhkim olunsun. Artıq bu qrupların yaradılmasına başlanılıb. Həmin qruplara sonra treninq keçirəcəyik ki, onlar seçicilərlə işi hansı formada aparmağı daha yaxşı öyrənsinlər.  Sual oluna bilər ki, bu işlə  Mərkəzi Seçki Komissiyası məşğul olur. Biz YAP olaraq öz tərəfimizdən müəyyən araşdırmalar aparırıq, seçicinin xüsusiyyətlərini öyrənirik. Yəni onun mövqeyini və tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat işinin aparılmasında, seçicilərin səsverməyə gəlməsində, onlara aid müxtəlif proqramların hazırlanmasında çox yaxından köməklik göstərir.
Bu yöndə də bizdə tədqiqat işləri davam etməkdədir”.

Millət vəkili bildirib ki, seçkilərlə əlaqədar olaraq növbəti hazırlıq mərhələsi isə seçki dairələrinin ərazilərinin öyrənilməsidir:

“Bu nədən ibarətdir? Yəni seçki dairəsi ərazisinin xüsusiyyətləri, orada yaşayan insanların problemləri, əhalinin hadisələrə münasibəti, onları düşündürən məsələlər və s. öyrənilir. Eyni zamanda, həmin dairələrdən namizədliyini irəli sürməyimiz nəticəsində deputat seçilən şəxsin 5 il ərzində gördüyü işlər, onun qanunvericilik fəaliyyəti, seçicilərin və partiyanın etimadını doğruldub-doğrultmaması məsələləri tədqiq olunur. Bütün bunlar tədqiq olunduqdan sonra biz sosioloji sorğular əsasında təxmini müəyyənləşdiririk ki, o şəxs yenidən həmin dairədən namizəd kimi irəli sürülsə partiyamız burada qələbə qazana bilər, ya yox.

Biz bu məsələləri təxminən iyun ayında yekunlaşdıracayıq.  Seçki kampaniyasına təxminən bir ay qalmış isə artıq kimin hansı dairədən namizədliyinin irəli sürülməsi məsələsi müəyyən olunacaq. Bizdə bir çevik məqam odur ki, orada olan alternativlər də nəzərə alınacaq. Yəni elə bir dairədən elə bir namizəd gələ bilər ki, biz öz namizədimizi ona uyğun şəkildə dəyişə bilərik. Müxtəlif siyasi partiyalar, QHT təmsilçiləri və digər təbəqələrdən olan insanlar  bəyan ediblər ki, bu parlament seçkilərində iştirak etmək niyyətləri var. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək”.

İqtidar-müxalifət dialoqundan danışan S.Novruzov deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman dialoqun tərəfdarı olub:

“Bu dialoq Azərbaycanda həmişə olub və bu gün də davam etdirilir. Müəyyən vaxtlarda bir sıra siyasi partiyalar iqtidar və ya müxalifətyönümlü olmasına baxmayaraq, bir masa arxasında oturaraq Azərbaycanın taleyüklü məsələləri, Dağlıq Qarabağ, Xocalı faciəsi ilə bağlı müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara  birgə bəyanatlar göndərilib. Artıq bir müddətdir ki,   YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyası fəaliyyət göstərir. Komissiyanın da başlıca məqsədi siyasi partiyaların rəylərini, fikirlərini, təkliflərini öyrənib, ümumiləşdirib ölkənin gələcək inkişafı, siyasi sistemin daha da möhkəm olması üçün istifadə etməkdir. İqtidar-müxalifət dialoqu ilə bağlı sonuncu görüşün nəticələri müsbətdir. Bu görüşdə  qoyulan dörd şərtin hər biri bütün partiyalar tərəfindən dəstəkləndi. Yəni hər bir təşkilat hansı məsələlərin müzakirəyə çıxarılması ilə bağlı özü mövzu verir.
 
Bununla bağlı gündəlik qabaqcadan müəyyən olunur. Hər bir təşkilatın ixtiyarı var ki, şəffaf şəkildə bu görüşlər barədə ictimaiyyəti məlumatlandırsın. Artıq bu görüşlər iki aydan bir intensiv şəkildə keçiriləcək. Təbii ki, bu da çox təqdirəlayiq bir haldır. Hər bir partiya tərəfindən bu bəyənildi və dəstəkləndi.
 
Hesab edirəm ki, gələcəkdə belə görüşlər müsbət nəticələr verəcək. Nəzərə alsaq ki, bu il ölkədə parlament seçkiləri keçiriləcək, dialoqun bütün siyasi partiyalar, bütövlükdə cəmiyyət üçün əhəmiyyətli olduğunu düşünürəm.  Amma onu da qeyd edim ki, müxalifətin radikal qanadı bu dialoqda iştirak etmədi.

AXCP və Müsavat Partiyası bu dialoq prosesinə qoşulmamaqla heç nə qazanmır, əksinə itirirlər. Onlar ölkədə ümumi həmrəyliyin tərəfdarı deyillər, xüsusilə ümummilli məsələlərdə digər partiyalarla yeni mövqedən çıxış etmirlər. Sanki bu partiyaların Azərbaycana heç bir aidiyyatı yoxdur. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, onların heç bir sosial dayaqları yoxdur”. 

Bu partiyaların parlament seçkilərində hansısa nəticə əldə etmək imkanlarına gəlincə YAP rəsmisi deyib ki, onların seçkilərdə uğur qazanmaq üçün heç bir imkanları yoxdur:

“Son prezident və bələdiyyə seçkiləri də  bu reallığı təsdiqləyib. Dövlətin və xalqın maraqlarına xidmət etməyən siyasi təşkilatın normal cəmiyyətlərdə sosial dayaqları ola bilərmi? Əlbəttə ki, yox. Bu mənada AXCP və Müsavat Partiyasının ölkəmizdə sosial dayaqları, elektoratı yoxdur. Ona görə də onların parlament seçkilərində şansları sıfıra bərabərdir”.

PƏRVANƏ

 





21.03.2015    çap et  çap et