525.Az

“Səfərbərlik və hərbi xidmətə çağırış prosesi təkmilləşir”


 

“Səfərbərlik və hərbi xidmətə çağırış prosesi təkmilləşir”<b style="color:red"></b>

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov rəhbəri olduğu qurumun ötən 3 ildəki fəaliyyəti, səfərbərlik və hərbi xidmətə çağırış sahəsində görülən işlər və qarşıdakı planlarla bağlı müsahibə verib. 

– Cənab general-leytenant, müsahibəmizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən üç ildə fəaliyyətinə nəzər salmaqla başlamaq istərdik. Geridə qalan 3 il ərzində Xidmətin formalaşması və bugünkü vəziyyətə gəlməsi necə baş verdi? Nələr əldə olundu?

– Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də həyatın bütün sahələrində uğurlarla, inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 3 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Ötən qısa müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

– Səfərbərlik və hərbi xidmətə çağırışla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermənizi xahiş edirik? Qarşıdakı dövrdə bu sahədə konkret olaraq hansı addımların atılması, hansı qanunvericilik, normativ hüquqi aktlara dəyişikliklərin edilməsi nəzərdə tutulur? Xüsusən də bu gün ictimaiyyətin əsas nəzərində olan müqaviləli heyətlə komplektləşdirilmə və hərbi qeydiyyat məsələləri ilə bağlı gündəmdə hansı məsələlər var?

– Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər daim diqqətdə saxladığımız məsələlərdəndir. Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması fəaliyyətimizə əlavə stimul verir. Məlum olduğu kimi, bu yaxınlarda hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot qaydaları əleyhinə olan inzibati xətalar” bölməsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə” fərman layihəsi təsdiqlənib. Qeyd etmək istərdim ki, İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot qaydaları əleyhinə olan inzibati xətalar” bölməsinə əlavə və dəyişiklik edilməsi zərurəti respublikada səfərbərlik hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi vəzifəlilərin, çağırışçı gənclərin və aidiyyəti qurumların məsuliyyətinin və bu sahədə inzibati cəza mexanizminin təsir gücünün artırılması məqsədindən yaranıb. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ümumilikdə ötən il Xidmət tərəfindən 13 qanun, fərman, qərar layihəsinə rəy və təkliflər hazırlanaraq verilib.

– Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin texniki imkanlarının yüksəldilməsi istiqamətində görülən işlər barədə danışaq. Əvvəlki müsahibələrinizdə elektron informasiya ehtiyatının yaradılması istiqamətində işlərin aparıldığını demişdiniz. İndi bu işlər hansı mərhələdədir? Prosesin nə zamana tam şəkildə formalaşdırılması nəzərdə tutulur?

– Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən, hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlərimiz davam etdirilir. İlin sonuna kimi vahid elektron informasiya sistemi ilə bağlı aparılan işlərin yekunlaşdırılması nəzərdə tutulur.

– Müasir dünyada dövlət və özəl qurumları narahat edən məqamlardan biri də kiber hücumlarla bağlıdır. Xüsusilə də bu cür təhdidlər strateji əhəmiyyət daşıyan qurumlara və sistemlərə yönəlir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron bazası bu kimi hallara qarşı nə dərəcədə etibarlı sayıla bilər?

– Çox təəssüf ki, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində kiber təhlükəsizlik sahəsində təhdidlər də artan templərlə gedir. Şübhəsiz ki, bu təhdidlərin ilk hədəfi dövlət orqanlarının informasiya ehtiyatları olur. İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında dövlət başçısının fərmanına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq şəraitində kiber təhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görür. İnternet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqi mütəmadi olaraq həyata keçirilir, eləcə də bu sistemlərin kiber təhlükəsizliyinin artırılması istiqamətində Xidmətə müvafiq texniki və metodiki kömək göstərilir.

– Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnaməyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə müəyyən vəzifələr qoyulub. Xidmət tərəfindən bu istiqamətdə hansı işlər görülür? Ümumiyyətlə, hərbi-nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onların siyahıya alınması kimi işlər həyata keçirilirmi?

– Biz ilk növbədə səfərbərlik zamanı hərbi birləşmə və hissələrin müharibə dövrünün ştatına uyğun olaraq ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üzərində dayanmalıyıq. Xidmət tərəfindən əvvəlki illərdə olduğu kimi ötən il də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra strukturlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub. Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib. Eləcə də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun tələbləri onlara izah edilib.

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”yə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulan vəzifələrdən ən vacibi olanı Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin səfərbərlik zamanı və müharibə dövründə nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunmasıdır. Hərbi-nəqliyyat vasitələrinin uçotu (təşkilatların və vətəndaşların mülkiyyətində olan) vətəndaşlara məxsus olan bütün növ minik avtomobilləri və motosikletlər istisna olmaqla Xidmətin yerli idarə, şöbə və bölmələrində nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan daxil olan məlumatlar əsasında aparılır. Yeni qeydiyyata alınmış hərbi-nəqliyyat vasitələri barədə məlumatlar daxil olduqda SHXÇDX-nın yerli idarə, şöbə və bölmələrində onlara uçot kartoçkası açılır və sahibləri hərbi-nəqliyyat vəzifələri barədə təxirə salınmadan məlumatlandırılır.

Səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri təyin olunmuş məntəqəyə toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb.

Bütün görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.

– Gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bu sahədə orta məktəblərdə tirlərin yaradılması, təlim trenajorları və təlim vasitələri ilə təchiz olunması, dərsliklərin müasirləşdirilməsi istiqamətində hansı addımlar atılır? Bir müddət əvvəl müdafiə sənayesi naziri müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə məktəblərin təlim trenajorları və təlim vasitələri ilə təchizatı proqramının həyata keçirilməsi barədə müzakirələr aparıldığını bildirmişdi. Belə bir proqramın həyata keçirilməsi nəzərdə tutulurmu?

– Çağırışaqədər yaş həddində olan vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çox şaxəli fəaliyyət istiqamətlərindən biridir. Ümumi, orta-ixtisas və peşə-ixtisas təhsil müəssisələrinin tədris proqramlarına daxil olan çağırışaqədərki hazırlıq fənni gənclərin müdafiə sahəsində ilkin biliklərə yiyələnməsində, onların müddətli həqiqi hərbi xidmətə hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu fənnin tədrisinin düzgün təşkil edilməsi Xidmətin fəaliyyətinin prioritetlərindəndir.

Xidmət bu sahədə öz fəaliyyətini Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq kontekstində qurub. Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən Təhsil Nazirliyinin rayon (şəhər) təhsil idarə və şöbələri ilə qarşılıqlı fəaliyyət planı tərtib edilərək ümumi təhsil müəssisələrində çağırışaqədərki hazırlıq fənninin tədrisi mütəmadi olaraq yoxlanılır və Xidmətin hərbi qulluqçuları şagirdlərlə hərbi-vətənpərvərlik istiqamətində işlərin təşkil edilməsində yaxından iştirak edirlər. Bununla yanaşı, respublikamızın sürətli iqtisadi-sosial inkişafını, bu inkişafın fəaliyyətimizin bütün istiqamətlərində hərtərəfli təzahürünü və ölkə rəhbərliyinin vətənpərvərlik işlərinə daim göstərdiyi diqqət və qayğını nəzərə alaraq, çağırışaqədərki hazırlıq fənninin tədrisinə də müəyyən yeniliklərin gətirilməsinə ehtiyac duyulur. Belə ki, bu fənnin tədrisinin təkmilləşdirilməsi, maddi-texniki vəsaitlərlə təmin olunması, müasir standartlara cavab verən fənn kabinetlərinin yaradılması və tədrisdə İKT-dən geniş istifadə edilməsi gündəmdə olan məsələlərdəndir.

Bununla əlaqədar, ötən ilin dekabr ayında təhsil nazirinin əmri ilə nazirliyin və Xidmətin əməkdaşları cəlb edilməklə çağırışaqədərki hazırlıq fənninin monitorinqi keçirilib. Monitorinqin keçirilməsində məqsəd bu fənnin tədrisinin və ümumilikdə çağırışaqədərki hazırlıq işinin vəziyyətinin öyrənilməsi olub. Qeyd etmək lazımdır ki, monitorinqin nəticələrinə əsasən monitorinq keçirilmiş ümumi təhsil müəssisələrində çağırışaqədərki hazırlıq işinin vəziyyəti qənaətbəxş sayılıb.

Hal-hazırda çağırışaqədki hazırlıq fənninin tədrisi üçün tələb olunan müasir interaktiv tirlərin və elektron tədris silahlarının hazırlanmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılmaqdadır və yaxın vaxtlarda Təhsil Nazirliyi ilə birgə aparılan işlər nəticəsində bu məsələlər öz müsbət həllini tapacaq.

– Çağırışaqədərki hazırlıq fənninin tədrisinə ehtiyatda olan zabitlərin cəlb edilməsi, eləcə də bu fənnin tədrisində ərazidəki hərbi hissələrin potensialından istifadə olunması ilə bağlı hansı işlər görülür? Hazırda nə qədər ehtiyatda olan zabit bu fənnin tədrisi prosesinə müəllim qismində cəlb olunub?

– Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində, eləcə də müddətli həqiqi hərbi xidmətə hazırlanmasında çağırışaqədərki hazırlıq fənnini tədris edən tədris rəhbərlərinin qarşısında mühüm vəzifələr durur. Bu səbəbdən, bu vəzifələrə ehtiyatda olan zabitlərin cəlb edilməsi və çağırışaqədərki hazırlıq rəhbərləri ilə işin lazımi qaydada təşkil edilməsi Xidmətin daim diqqət mərkəzindədir. Cari ildə Təhsil Nazirliyi ilə birlikdə çağırışaqədərki hazırlıq rəhbərlərinin attestasiyasının keçirilməsi də nəzərdə tutulub.

Fənnin tədrisində ərazidəki hərbi hissələrin potensialından istifadəyə gəlincə, Xidmət tərəfindən hazırlanan tədbirlər planında bu məsələ də planlaşdırılır. Hazırda Xidmətin yerli idarə, şöbə və bölmələrinin bir çoxu fənnin praktiki tədrisi üçün işlər görürlər. Tədbirlər planı bu istiqamətdə aparılan işlərin daha da genişləndirilməsini nəzərdə tutur.

Bu məsələ ilə bağlı onu da qeyd etmək istərdim ki, Xidmət tərəfindən ötən il gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılması nəzarətdə saxlanılıb, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Bu işlərin həyata keçirilməsinə çağırışaqədərki hazırlıq rəhbərləri də cəlb olunublar. “Vətənin müdafiəsinə hazıram!” adı altında regionlar üzrə keçirilən silsilə tədbirlər, eləcə də I Ümumrespublika rəsm müsabiqəsi gənclər tərəfindən böyük maraqla qarşılanıb və ictimaiyyətin dəstəyini qazanıb. İlk olaraq Xaçmazdan başlanan regional hərbi-vətənpərvərlik tədbirindən sonra bu kimi işlərin hər bir rayonda ayrılıqda görülməsi zərurətinin ortaya çıxdığını gördük. Məhz buna görə də “Vətənin müdafiəsinə hazıram!” adı altında kütləvi tədbirlərimiz respublikamızın hər bir şəhərini, rayonunu əhatə edəcək.

Həyata keçirilən tədbirlərdə başlıca məqsəd vətəndaşların Silahlı Qüvvələrə olan inamını daha da yüksəltməkdir ki, bu istiqamətdə əldə olunan nailiyyətlər xidməti fəaliyyətimizdə də öz əksini tapıb.

– Xidmət ötən il ilk dəfə olaraq çağırışçıların hərbi hissələrə çatdırılması məqsədi ilə yeni avtobusları alaraq istifadəyə qəbul etdi. Texniki imkanların artırılması və bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

– Cari il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə yerli idarə, şöbə və bölmələr xidməti fəaliyyətdə istifadə olunması üçün zəruri maddi dəyərlərlə təmin olunub. Ötən il ərzində Xidmətin Aparatının, Mərkəzi Çağırış Məntəqəsi kompleksinin, Qəbələ, Lənkəran, Göygöl, Goranboy, Füzuli, Qax, Siyəzən rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası davam etdirilib. Nizami rayon idarəsinin yeni inzibati binasında tamamlama işləri başa çatdırılıb. Cari il ərzində həmçinin, yerli idarə, şöbə və bölmələrin fəaliyyət göstərdikləri inzibati binaların Xidmətin balansına keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb.

Texniki imkanların artırılması fəaliyyətin yüksək səviyyədə təşkili ilə yanaşı, vətəndaşlara müasir standartlara uyğun xidmət göstərilməsinə şərait yaradır. Vətəndaşlarla işin yüksək səviyyədə təşkilindən söz açarkən əməkdaşlarımızın “Asan Xidmət” mərkəzlərində Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı fəaliyyətinə də toxunmaq istərdim. Belə ki, “Asan Xidmət” mərkəzlərində səlahiyyətlərimizə aid xidmət növlərinin həyata keçirilməsi təşəbbüsü məhz bizim tərəfimizdən irəli sürülüb. Bildiyiniz kimi, “Asan Xidmət” bu gün artıq dünyada bir Azərbaycan brendi kimi tanınıb və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu işə öz töhfəsini verməli idi. Bu gün bütün “Asan Xidmət” mərkəzlərinə əməkdaşlarımız ezam olunaraq fəaliyyət göstərirlər. Təbii ki, bu təşəbbüs vətəndaşlar tərəfindən müsbət qarşılanıb və sözügedən istiqamətdə görülən işlərə müsbət təsirini göstərib.

– Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin işi necə qurulur? Bu cəmiyyətin ötən üç ildə fəaliyyəti, təşkil etdiyi kurslar (sürücülük, snayper, kəşfiyyatçı və s.) və bu kursların fəaliyyəti barədə məlumat vermənizi xahiş edirik

– “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin ötən ilki fəaliyyəti maddi-texniki bazasının möhkəmləndirilməsi, Cəmiyyətin icra orqanında və filiallarında normal iş şəraitinin yaradılması, vətəndaşlar arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, xüsusi hərbi ixtisaslar üzrə yeni kursların açılması istiqamətində əldə etdiyi nailiyyətlərlə xarakterizə olunur. Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli 147 nömrəli Qərarı ilə “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı” təsdiq edilib. Qərara əsasən, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin rayon və şəhərləri əhatə edən 53 filialında Silahlı Qüvvələrə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü, paraşütçü, snayper, kəşfiyyatçı, aşpaz və kinoloq ixtisasları üzrə mütəxəssislər hazırlana bilər. Həmin güc strukturlarının müəyyən etdiyi hazırlıq proqramı və sifarişi ilə bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş say həddində komplektləşdirilərək kurslara cəlb olunurlar. 2014-cü ilin I və II tədris mərhələsi üzrə Azərbaycan Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 6886 nəfər sürücü və 240 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə, 170 nəfər həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 34943 nəfər sürücü mütəxəssis hazırlanıb ki, bu da illik planın 97.4 faizini təşkil edib.

Bildiyiniz kimi, fevral ayından etibarən Azərbaycanda aşpaz və sürücü xüsusi hərbi ixtisasları ilə yanaşı, snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığına start verilib. İlk olaraq snayper kursları Cəmiyyətin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, Paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçiriləcək. Bununla yanaşı, aşpaz kursları Cəmiyyətin Gəncə şəhər 3 nömrəli filialında da açılıb.

– “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin inkişaf planının hazırlandığı barədə məlumatlar var. Bu plan sirr deyilsə hansı sahələri əhatə edəcək?

– Cəmiyyətin fəaliyyət proqramının hazırlanması, daha geniş miqyasda və peşəkar mütəxəssislərin hazırlanması üçün yeni avadanlıqların, texnikaların, təlim vasitələrinin və paraşütlərin alınması, Cəmiyyətin təlim meydançalarının ən müasir texniki avadanlıqlarla təchiz edilməsi, bütün filiallarda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulan işlər sırasındadır.

Qeyd edim ki, Cəmiyyətin Sabunçu rayon filialında ilk virtual tədris sinifləri artıq yaradılıb. Burada müdavimlərin yol hərəkəti nişanlarını və onların mənalarını daha yaxşı mənimsəməsi üçün xüsusi tədris proqramları ilə təchiz edilmiş kompüterlər quraşdırılmış və online imtahan bölmələri vasitəsi ilə imtahanlara daha yüksək səviyyədə hazırlaşa bilmələri üçün internetə çıxışı təmin olunub. Bundan əlavə, filialda müxtəlif markalı avtomat və mexanika sürət ötürücülü avtomobillərin idarə edilməsini öyrədən trenajorlar quraşdırılıb. Aparılan işlər bizə daha peşəkar mütəxəssislərin hazırlanması imkanları yaradacaq.

Azeridefence.com

 





21.03.2015    çap et  çap et