525.Az

Saytların dil mənzərəsi


 

Saytların dil mənzərəsi<b style="color:red"></b>

Daxili inkişaf və dəyişmələrlə səciyyələnən dilin bir qolu kimi, ədəbi dil də bəhrələndiyi mənbələr əsasında dəyişir və zənginləşir. Dil sistem təşkil etdiyindən nəinki bir səviyyənin daxilindəki dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvari şəkildə bir-birinə təsir edir, bir hadisə  digərini şərtləndirir.

Odur ki, norma məsələsini izlədikdə də bu halı nəzərə almaq, dilin daxili qanunlarını və eləcə də onun inkişafına təkan verən ekstralinqvistik amilləri nəzərə almaq vacibdir. Dil  vasitəsilə ünsiyyət yalnız bütün səviyyələrdə müəyyənləşmiş norma sayəsində mümkündür, normanın pozulması həmişə məlumatın, fikrin çatdırılmasında əngəllər yaradır. Bu səbəbdən  inkişafı şərtləndirən variantlılığı, daha doğrusu, nitq istisnalarını nəzərə almasaq, norma pozuntusu dilin daxili təbiətinə zidd hadisədir,  buna görə də  yolverilməz hal kimi qiymətləndirilməlidir.

Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bu gün  informasiya texnologiyalarının inkişafı ilə şərtlənən qloballaşma  prosesi həyatın bütün sahələrini – iqtisadi, siyasi, mədəni – o cümlədən, dil situasiyasını da əhatə edir.

Qloballaşma bir tərəfdən ümumi bəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən sıx qarşılıqlı əlaqələr inteqrasiya prosesinin güclənməsinə, milli mədəniyyətlərin, eləcə də dillərin sıxışdırılmasına gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks faktoru aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil müstəqilliyi, milliliyi qorumaq meyli.

Hər bir dilin kökündə xalqın böyük mədəniyyəti dayanır. Bizim qarşımızda dayanan vəzifə bu mədəniyyəti qloballaşmanın mənfi təsirindən qorumaqdır. Statistik məlumatlara görə, XXI əsrin əvvəllərində dünyada 6700 “canlı” dil qeydə alınmışdır. İndi onlardan 500-ə yaxını itmək təhlükəsi qarşısındadır. Mütəxəssislərin proqnozlarına görə, 2050-ci ilə qədər mövcud dillərin təxminən yarısı tarixə çevriləcək. Bu gün  yer kürəsi əhalisinin 66 %-i  40 dildə danışır. İndi mürəkkəb proseslərin getdiyi vaxtda, hətta dünyada ən geniş yayılmış dillərdən olan ingilis dili üçün təhlükənin mövcudluğu real olduğu zamanda Azərbaycan dilini qorumaq və inkişaf etdirməklə bağlı məsələlər bir vətəndaş kimi bizim borcumuzdur!

Dil siyasətinin düzgün qurulması, təhsil də daxil olmaqla, bir çox sahələrdə mövqeyin düzgün seçiminə, dilin tətbiqi və inkişafı ilə bağlı düzgün qərarların qəbuluna şərait yaradır. Artıq bir çox ölkələrdə dil situasiyasının öyrənilməsi ilə bağlı xüsusi institutlar yaradılmışdır.  Qazaxıstanda 2008-ci ildən dil situasiyasının avtomatik monitorinq sistemi fəaliyyət göstərir. Müxtəlif ölkələrdə KİV-də müşahidə olunan proseslərin, eləcə də dil məsələlərinin izlənilməsi üçün xüsusi proqram təminatı olan “medialogiya” adlı layihələr həyata keçirilir.

Qloballaşmadan doğan və milli dil üçün təhlükə yaradan təsirlər dilə daha çox  KİV ilə daxil olur. Bu proses qloballaşmanın mənfi təsirinin qarşısının alınması üçün tədbir görülməsini zəruri edir ki, 2013-cü il aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da məhz bu məqsədi daşıyır.

Dövlət Proqramında kütləvi informasiya vasitələrində Azərbaycan dilinin təbliği ilə bağlı xüsusi bəndin olması (6.5.) bu məsələnin  əhəmiyyətini bir daha təsdiq edir. Məhz Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda xüsusi Monitorinq       şöbəsi yaradılmışdır. Şöbənin mütəxəssisləri ötən ilin noyabrından  ölkədə fəaliyyət göstərən saytların dil mənzərəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlamışdır.  Dünyada gedən qloballaşma prosesi insanların həyat tərzinə və dünyaya baxışına da təsirini göstərir. Hazırda insanların gündəlik xəbərləri izlədiyi başlıca mənbələrdən biri saytlardır. Bu da saytlarda ədəbi dil normalarına riayət olunmasının vacibliyini şərtləndirən amillərdəndir. Monitorinqin məqsədi milli elektron mediada ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, statistik baxımdan araşdırılması, onların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli sürülməsidir. Monitorinqin keçirildiyi 4 ay ərzində 15-dək aparıcı saytın (trend.az ,  milli.az ,  apa.az , report.az,  day.az , kulis.az , qafqazinfo.az ,  lent.az ,  publika.az, qaynar.info,  xəbər.info.az) materialları nəzərdən keçirilmişdir.

Monitorinq zamanı  müxtəlif prinsiplər, o cümlədən,  əhatəlilik (monitorinqə cəlb olunan materiallar müxtəlif mövzuları əhatə etməli, təhlilə cəlb olunan materialların bərabər bölgüsünə diqqət yetirilməlidir), uyğunluq (monitorinq qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun aparılmalıdır), münasiblik (Monitorinqin metodu monitorinqə cəlb olunan müəssisə üçün məqbul olmalı, onların şəxsi toxunulmazlığı nəzərə alınaraq gündəlik iş şəraitinə maneə yaradılmamalıdır), vaxt uyğunluğu (qaydadan kənaraçıxma hallarının müəyyən olunaraq aradan qaldırılması üçün operativ tədbirlərin həyata keçirilməsi məqsədilə monitorinqin nəticələri hamı üçün əlçatan olmalıdır), dinamiklik (monitorinq müəyyən istiqamətdə operativ surətdə düzəlişlərin həyata keçirilməsinə şərait yaratmalıdır), çeviklik (monitorinqin sistemi dəyişkən şəraitdə dəqiq və yeni məlumatları əks etdirməklə hər şəraitə asan uyğunlaşan olmalıdır), obyektivlik (çıxarılan nəticələr real faktlara əsaslanmalıdır), davamlılıq (qiymətləndirmə ardıcıl olaraq izlənilən kəmiyyət və keyfiyyət dinamikası izlənilməklə aparılmalıdır), müqayisə (müxtəlif zamanlarda aparılan monitorinqlərin nəticələri müqayisə olunaraq ümumiləşdirilməlidir) kimi prinsiplər əsas götürülmüşdür.

Dildə sistem şəklində dəyişmələrin meydana gəlməsinə bir sıra amillər təsir göstərir. Saytların dilində də müşahidə olunan bu səbəblərdən aşağıdakıları göstərmək olar:

1. Funksional üslublarda struktur dəyişikliklər – yüksək üslubun aradan qalxması;

2. Yersiz alınmaların dilə gətirilməsi;(təfəkkürdə rabitənin qırılmasına gətirib çıxarır ki, nəticədə dildə olan sözlərin itməsinə və milli təfəkkürün sıradan çıxmasına gətirir).

3. Vulqar və kobud leksikadan istifadə; (təfəkkürlə bağlı məsələdir – dilə olan hörmət, ona münasibət dəyişir)

4. Qəzet ştamplarından həddən artıq istifadə;

5. Şifahi nitqin yazıya güclü təsiri;

6. Leksik səviyyədə – sözün istifadəsində dar mənanın işlənməsi;

7. Müasir dövrün nəbzini tutmaq baxımından “tələsik” nitq formasının yaranması;

8. Sosial proseslər və “elektron ünsiyyət”dən irəli gələn proses kimi dil normalarına bir çox hallarda əməl olunmaması.

Saytların dilində diqqəti cəlb edən norma pozuntularını, fonetik, leksik, üslubi və qrammatik olmaqla müxtəlif qruplarda ümumiləşdirmək olar.

Monitorinq zamanı fonetik səviyyədə norma pozuntuları çoxluğu ilə diqqəti cəlb etsə də, yalnız səciyyəvi və sistemdə dəyişikliklərə səbəb ola biləcək faktlar araşdırılmışdır. Bunlardan mürəkkəb adların, xüsusi isimlərin, köməkçi nitq hissələrinin yazılışını xüsusilə qeyd etmək olar:

Ukraynanın Ali Radasında deputatlar arasında dava düşüb. 

Ermənistanda bir ailəni qətlə yetirməkdə şübhəli bilinən rus əsgər.

... hadisə Maştağa-Zabrat şossesi, Yeni Yaşayış massivində qeydə alınıb.

O bunun üçün də pulunu bankdan alıb...

O zaman Prezident Barak Obama ...  bəyan etmişdi.

... ötən gün ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə geniş müşavirə olub.

...bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Qrammatik səviyyədə normadan kənara çıxma hallarını belə ümumiləşdirmək olar.

• Dilimizin tipoloji quruluşuna uyğun  olmayan cümlələr.

• Bir cümlədə müxtəlif zaman formalarının işlənməsi.

• İdarə əlaqəsinin pozulması.

• Uzlaşmanın pozulması  

• İnversiya.

... Əbülfəs Qarayev Nyu-Yorkda BMT-nin baş katibi Ban-Ki-Moon ilə görüşmüş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını ona çatdırıb.

Almaniya mətbuatının ... ölkəmizə qarşı qərəzli yazılara geniş yer vermələri daxili bədxahlarımıza dəstəklərindən qaynaqlanırdı.

Qətlə şübhəli bilinən rus hərbçi Türkiyə ilə sərhəddə saxlanılmışdı. 

Bakı Mədəniyyət və Turizm İdarəsində vəziyyətin dözülməz həddədir.

ABŞ-Kuba münasibətlərdə irəliləyiş keçən ilin dekabr ayında başlamışdı.

Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-nı satışa çıxarması ilə bağlı SOCAR məlumat yayıb.

Xoşbəxtlik ölçən cihaz məlumatları “bulud” xidmətinə ötürən və sonuncuda təhlil aparılır.

Xanım siyasətçinin göydəki balonu qiymət baxımında həmkarlarından fərqlənir.

“Buxalterimiz xəstədi, işə çıxmır”, “Bir neçə günə hər şey həll olunacaq” və sair və ilaxır. Amma nə “buxalter” sağalıb işə çıxmır, nə də “Neftçi” rəsmilərinin “bu gün-sabah”ları bitmir.

Leksik normanın pozulması əsasən  əcnəbi vahidlərdən, alınmalardan yersiz, ehtiyac olmadığı halda istifadə, nitqi ağırlaşdıran təkrarlar, vulqarizmlər, sözün mənaya uyğun olmayan istifadəsi, qeyri-dəqiq ifadələrin işlənməsi ilə bağlıdır.

• Yağış yağdı, Bakı “söndü”  Azərbaycan yol polisi narahatdır: piyada intizamsızlığı vəhşət saçır.

• ... ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılacaq.

• Arvad uşağa ad qoymaq üçün razılığa gələ bilmədiyi üçün ərini məhkəməyə verib.

• Bu isə heyvanların diri və ya ət şəkildə kütləvi surətdə bazara satışa çıxarılmasına səbəb olub. 

• ... paytaxt klubu Serbiya “Partizan”ının müdafiəçisi Voislav Stankoviçi sıralarına qatmaq üzrədir.

Saytların dilində bəzən elə cümlələrə təsadüf edilir ki, Azərbaycan dilində olmasına baxmayaraq, cümlənin mənasını anlamaq olmur. Araşdırmalar göstərir ki, bunun başlıca səbəbi tərcümə ilə bağlıdırsa, digər səbəb bir cümlədə bir neçə istiqamətdə norma pozuntunun olması ilə əlaqədardır.

Məna anlaşılmazlığı üslubi səhvlərlə müşayiət olunan cümlələrdə də diqqəti cəlb edir:

* Batkovşiyı və Samopomişı partiyalarından olan Vadim İvçenko ilə Yeqor Sobolyev arasında əlbəyaxa dava yaranıb.

* Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, kriminal müharibə hələ 2014-ün payızından başlayıb.

* 4 güllə yarasından sağ çıxır və müalicə aldığı palatadan da qaçmağa nail olur. 

* Bakıda yol polisi maşını işıqforun qırmızı işığından keçib.

* Əlində nəticəyə malik rəhbərlik əməkdaşlarının iş şərtləri haqda bu və ya digər qərarları qəbul edə bilər. 

Monitorinqə cəlb olunan faktların statistik  baxımdan təhlili norma pozuntularının leksik səviyyədə üstünlüyünü göstərir (Qeyd edək ki, fonetik faktlardan yalnız səciyyəvi əlamətləri əks etdirənlər statistik hesablamaya cəlb olunub). Qrammatik səviyyədə norma pozuntuları 19%-lə sonuncu yerdə olsa da, dil sistemində dəyişmələrə səbəb ola biləcək amil kimi bu faiz çox yüksəkdir.

Bu gün Azərbaycan dilinin tətbiqi, inkişafı ilə bağlı KİV əməkdaşlarının boynuna xüsusi məsuliyyət düşür. Odur ki, saytların dilində orfoqrafik normanın pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, səhifəyə qoymazdan əvvəl materialların ciddi şəkildə redaktə olunması çox vacibdir. Ən sadə və mühüm məsələlərdən biri “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən istifadə olunmasıdır.   Bu şərəfli işdə onlara  dil təəssübkeşliyi, dilə həssas və qayğıkeş münasibət,  işlərində uğur arzulayırıq!

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi

 





21.03.2015    çap et  çap et