525.Az

Bir görüşün təəssüratları


 

Bir görüşün təəssüratları<b style="color:red"></b>

Bugünkü gənclərin vətənpərvərlik, vətəndaşlıq, azərbaycançılıq ruhunda böyüməsində, onların özlərinə karyera qurmaq yolunda dəstəklənməsində müstəsna rolu olan “İrəli” Gənclər Təşkilatı ilə mənim sıx əlaqələrim var. Bu təşkilatın bir sıra maraqlı layihələrində mənim də iştirakım olur. Lap bu günlərdə təşkilatın “Gənc Əkinçi” layihəsinin təqdimatına mən də qatılmışdım.

Layihənin təqdimatı İsmayıllı rayonunda keçirildi. Bunun da ciddi bir əsası var:  İsmayıllı 2015-ci ilin Gənclər şəhəri seçilmişdir və ona görə də “İrəli” özünün bu səmərəli layihəsini həmin şəhərdə gerçəkləşdirməyi qərara almışdır.

Mən İsmayıllıya tək yola düşdüm. Gənclər məni rayonun Olimpiya Kompleksində qarşılamalı idilər. Neçə illərdən bəri mən Ağdama – yurdundan – yuvasından uzaq düşmüş doğma kəndimin Bərdədə, Tərtərdə, Mingəçevirdəki... tədbirlərinə Şamaxıdan İsmayıllıya, İsmayıllıdan Qəbələyə – oradan Ağdaşa, Yevlağa aparan yollarla gedirəm. Mən bu yolların, bu rayonların keçmişdəki bərbad çağlarını çox görmüşəm. Amma son vaxtlar Azərbaycanın inkişaf edən və etməkdə olan regionlarının yeni mənzərəsi məndə bir qürur hissi doğurmaqdadır. Mən Bakıdan İsmayıllıya aparan yolların, rayon mərkəzlərinin yeni gözəlliyini bütün anları ilə duymaq üçün yola tək çıxmaq istədim. Martın 12-si idi və elə bil Tanrı yolları, dağları, meşələri günəşə bürümüşdü. Günəş işığına bürünmüş bu yolların artıq tamamilə qoşalaşmasına, deyəsən, uzağı üç-dörd ay qalıb. Yolların rahatlığı, yolboyu yeni salınan yaşıllıqları, abad kənd və şəhərləri arxada qoyub İsmayıllıya çatıram. Bu şəhərin elə girişindəcə onun necə gözəlləşdiyi, necə təzələndiyi göz oxşayır...

Gənclərlə Olimpiya Kompleksində görüşürəm. Kompleks axar-baxarlı, gözəl bir sahədə yerləşir. Müasir arxitekturaya malik kompleks, rahat, səliqəli otel otaqları İsmayıllıya yaraşıq verir. Bir az keçir və məlum olur ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov “İrəli” Gənclər Təşkilatının layihə iştirakçılarını qəbula dəvət edib. Qrup avtomobillərə əyləşib İcra Hakimiyyəti binasının qarşısına gəlir. Rayon icra başçısı Mirdaməd müəllim gəncləri həyətdəcə qarşılayır. Mənim Mirdaməd müəllimlə şəxsən tanışlığım yoxdur. Ancaq başçı bizi görən kimi çox isti bir münasibətlə məni “kolleqa” adlandırır və mən dərhal başa düşürəm ki, başçı hər ikimizin uzun illər müəllim işləməyimizi nəzərdə tutur...

Mirdaməd müəllim “İrəli” Gənclər təşkilatının sədri Mirhəsən Seyidovu, onun başçılıq etdiyi qrupun üzvlərini mənim hələ heç yerdə görmədiyim son dərəcə isti, qayğılı bir tərzdə həyətdəcə qarşılayır və vaxt itirməmək üçün onları dərhal binaya dəvət edir. İcra Hakimiyyətinin səliqəli və müasir arxitekturaya malik binasında son dərəcə gözəl bir iclas salonu var. Başçı birbaşa gəncləri salona dəvət edir və hamının yerbəyer olduğuna əmin olduqdan sonra ləngimədən onlara “xoş gəldiniz” edərək təşkilatın proqramı ilə tanış olur, gənclərin aydın məqsədləri ətrafında onlarla söhbətə başlayır. Salonda yaşı təxminən otuza qədər olan gənclər əyləşib. Mirdaməd müəllimin söhbəti çox keçmədən ustad bir müəllimin mühazirəsi istiqamətini alır. Lakin bu mühazirə son dərəcə interaktiv – yəni mühazirəçi ilə auditoriyanın qarşılıqlı diskussiya formatına keçir.

Şəxsən mən Mirdaməd Sadıqovun iqtisad elmləri doktoru, professor olduğunu, neçə-neçə vacib dövlət postlarında işlədiyini, nəhayət İsmayıllıya gəlməzdən əvvəl Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində işlədiyini bilirdim. Amma bu alimin, bu professorun və nəhayət, bu dövlət məmurunun bu qədər dərin zəkaya, natiqlik bacarığına, auditoriyanı heyran etmək ustalığına bələd deyildim. Mən indi elə indi, İsmayıllının bu gözəl iclas salonunda icra başçısının nitqini dinləyirəm və arabir salona – bu nitqə qulaq kəsilən gənclərə nəzər salıram. Mirdaməd müəllim İsmayıllının 2015-ci il üçün Gənclər şəhəri seçilməsindən qürur duyduğunu bildirir və həm də səmimi olaraq bu qürurun bir səbəbini də özünün İsmayıllıdan olduğu ilə əlaqələndirir. Azərbaycan gənclərinin gücünə, dövlətçilik, vətəndaşlıq ləyaqətinə inamı ilə bağlı təkcə İsmayıllının timsalında gətirdiyi faktlarla auditoriyanı dediklərinə tam inandıra  bilir...

Sonra icra başçısı ölkə iqtisadiyyatının bugünkü inkişaf modelindən danışır və gənclərdə belə bir inam hissi yaradır ki, bu nəsil dünyanın ən inkişaf etmiş bir ölkəsində yaşayacaq.

Mirdaməd müəllim bütövlükdə regionların inkişafını təhlil edir, hər bir regionun özünəməxsus iqtisadi resurslarının tələbinə və imkanlarına uyğun perspektivləri açır. Bu sırada İsmayıllının yerini təhlil məqamlarında rayonda tikilmiş və tikilməkdə olan yerli, beynəlxalq statuslu zavod və fabriklərdən danışır. Öz söhbətlərində İsmayıllının bu günü və sabahından gətirdiyi real faktlar hər kəsdə bir vətəndaş sevgisi yaradır.

Mirdaməd müəllim o qədər aydın və o qədər dəqiq faktlarla danışır ki, mən bu anda onun müəllimliyindən gələn auditoriyanı ələ almaq ustalığı barədə düşünürəm. Və bir də onu düşünürəm ki, müasir çağda hər hansı bir rayona başçılıq etmək üçün bu alimdə, bu insanda olan savad, iqtisadiyyata, ictimai hadisələrə bələdlik çox vacib keyfiyyətdir. Mirdaməd müəllim danışdıqca hiss edirsən ki, o, təkcə iqtisadçı alim deyil, həm də müasir həyatın bütün sahələrinə bələd olan və bu bələdçiliyi ilə qarşısındakını öyrədə bilən bir adamdır. O, üzünü gənc jurnalistlərə tutur və deyir: “Hər şeydə ənənəyə söykənmək mütləq uğura gətirib çıxarır. Mən sizə böyük Üzeyir bəyin vətəndaşlıq, millət qeyrəti çəkən yazılarını oxumağı məsləhət görərdim. Klassiklərimizdən öyrənin, onların ideyalarını müasirləşdirin”.

Mirdaməd müəllim hər bir fikir ətrafında danışarkən M.Ə.Sabirin, S.Ə.Şirvaninin, S.Vurğunun, B.Vahabzadənin yaradıcılığından həmin anın mövzusuna uyğun misallar gətirir. Sonra öz söhbətini Azərbaycan Prezidentinin gənclərlə görüşlərində irəli sürdüyü ideyalarla davam etdirir. Prezidentin gənclərə inam və qayğısının yerlərdə, o cümlədən, İsmayıllıda necə gerçəkləşdiyini faktlarla sübut etmək üçün özünün müxtəlif vəzifələrə cəlb etdiyi neçə-neçə cavan kadrı misal göstərir. İsmayıllıda bu yaxınlarda baş verən məlum xoşagəlməz hadisələrin günahkarlarının birbaşa məmur balalarının özbaşınalığında gördüyünü deyir və əlavə edir ki, Prezidentin ayrı-ayrı məmurlara onların tərbiyəsiz, ədabaz övladları ilə bağlı tutduğu iradlar bizə dərs olmalıdır. Yüksək vəzifəli məmurun övladı, əslində, tərbiyə nümunəsi olmalıdır.

Sonra icra başçısı salonda əyləşən gənc jurnalistlərə müraciətlə, onları jurnalist peşəkarlığının bəzi məqamlarını mənimsəməyə çağırır. Ətrafında oturan rayon məmurlarını gənc jurnalistlərə İsmayıllını tanıtmaq tapşırığı verir və nitqini yekunlaşdırır.

“İrəli” Gənclər Təşkilatının rəhbəri Mirhəsən Seyidov 2015-ci ilin Gənclər Şəhəri İsmayıllı camaatına, rayona rəhbərlik edən icra başçısına hamının adından xoş təəssüratını dilə gətirir. Mirhəsən Seyidov – bu cavan və perspektivli kadrın çıxışına diqqətlə qulaq asıram. Onun ciddi bir Gənclər Təşkilatına rəhbər seçilməsinin səbəbini daha yaxşı başa düşürəm: bu cavan kadr yaxşıları görməyi və qiymətləndirməyi bacarır, özünün təmkinli, səliqə – sahmanlı xarakteri ilə gənclərə nümunə olduğunu sübut edir. O, Azərbaycanın gənclər barədə dövlət siyasətinin mahiyyəti haqqında, rəhbərlik etdiyi təşkilatın bu sahədə həyata keçirdiyi çoxsaylı layihələr barədə İsmayıllı gənclərə aydın hesabat verir. Rayon icra başçısının gənclərə göstərdiyi qayğılarından xüsusi danışan M.Seyidov belə kadrların hesabına gənclərin çox böyük uğurlara imza atacağını vurğulayır. Mən də bu fikirlərə qoşuluram və Mirdaməd müəllimin gənclər qarşısındakı bu maraqlı, ustad mühazirəsindən çox şey öyrəndiyimi deyirəm. Bu anda içimdəki bir fikri də mütləq dilə gətirirəm: Azərbaycan Prezidentinin kadr seçimi barədə. Hiss edirəm ki, Prezident kadr seçimində, əsasən, həmin insanın vətəndaşlıq, azərbaycançılıq, yurdsevərlik keyfiyyətini və üstəgəl şəxsi savadını, dünyagörüşünü əsas tutur. Mirdamət Sadıqovlar ancaq bu axtarışların nəticəsi ola bilər...

Görüş bitir. Söhbətin davamı çay süfrəsi arxasında davam edir. Hiss edirəm ki, gənc jurnalistlər bugünkü görüşdən çox razı qalıblar. Sonra layihənin təqdimatı başlayır. Təqdimat mərasiminə İsmayıllı gəncləri dəvət olunublar. “Gənc Əkinçi” layihəsi ideyası və onun gerçəkləşdirilməsi prosesi rayon gənclərinin ürəyincə olduğunu hiss edirəm. Təlim iştirakçılarına birinci mühazirəni mən oxuyuram. Deyəsən, gənc jurnalistlərlə bir-birimizi çox yaxşı başa düşdük...

Tədbirin birinci günü sona yetir, gənclər deyə-gülə təlimdən ayrılıb istirahət üçün Olimpiya Kompleksinin rahat otel otaqlarına yollanırlar. Universitet qayğılarım mənim ləngiməyimə imkan vermir. Və mən bu maraqlı tədbirdən təəssüflə ayrılaraq yenə təkbaşıma öz avtomobilimə oturub Bakıya yol alıram. Yollar, meşələr, dağlar, dərələr, çaylar keçirəm, amma bütün bu yollarda İsmayıllı rayon icra başçısının – gənc qüvvələri ürəkdən sevən, onlara qayğısını əsirgəməyən Mirdaməd müəllimin o görüşdəki insana, vətənə, gəncliyə sevgi dolu saatyarımlıq nitqini heç cür unuda bilmirəm.

 





21.03.2015    çap et  çap et