525.Az

“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsi təqdim edilib


 

“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsi təqdim edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edərək onlara institutun rəmzini özündə əks etdirən xatirə hədiyyələri təqdim edib. Sonra institutun təsis etdiyi mükafatların qaliblərini elan edən akademik İsa Həbibbəyli “İlin alimi” nominasiyası üzrə mükafatları AMEA-nın müxbir üzvü Əliyar Səfərliyə və filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadəyə, Xurşidbanu Natəvan mükafatını isə filologiya elmləri doktoru, professor Nüşabə Araslıya və arxiv şöbəsinin müdiri Rəna Mustafayevaya təqdim edib.     

Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsini elmi ictimaiyyətə təqdim edib. Ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib.Bu gün ədəbiyyatşünaslıq elmi qarşısında hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən akademik İsa Həbibbəyli müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.

Gündəlikdə duran digər məsələlərdən söhbət açan akademik İsa Həbibbəyli institutda aparılan geniş miqyaslı tədqiqat işlərindən, xüsusilə 10 cilddə çap edilməsi nəzərdə tutulan“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırkı vəziyyəti, “Kitabi-Dədə Qorqud” dastanlarının bir neçə dildə nəşrə hazırlanması prosesi, eləcə də Azərbaycan ədəbiyyatı antologiyasının nəşri məsələləri barədə geniş söz açıb.

Sonra filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Novruz bayramı haqqında məruzə ilə çıxış edib.  İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Ədəbi proses-2014” elmi sessiyasına hazırlığın vəziyyəti barədə danışıb. Elmi katib, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorantların attestasiyalarının nəticələri, Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli isə plan üzrə görülən işlər haqqında məlumat veriblər.

Professor Nüşabə Araslı mükafat alanlar adından söz alaraq göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlıq hisslərini bildirib, bu kimi tədbirlərin elmi işçilərin gələcək elmi fəaliyyətlərinə dəyərli stimul olduğunu diqqətə çatdırıb.

İclasda gündəlikdə duran bir sıra cari məsələlərə də baxılıb.

Elmi şuranın iclası Novruz bayramı münasibətilə institut rəhbərliyi tərəfindən təşkil olunmuş bayram süfrəsi ətrafında yekunlaşıb.

Ağahüseyn ŞÜKÜROV

 





21.03.2015    çap et  çap et