525.Az

Anarın kitabının radiotəqdimatında Kiyevdəki səfirimiz də iştirak edib


 

Anarın kitabının radiotəqdimatında Kiyevdəki səfirimiz də iştirak edib<b style="color:red"></b>

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna radiosunun “Kultura” III kanalının birbaşa efirində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı, rejissor və ssenarist Anarın  “Ağ qoç, qara qoç” kitabının Ukrayna dilində radiotəqdimatında  iştirak edib.

AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycan səfirliyinin dəstəyi ilə bu yaxınlarda Kiyevdə Anarın “Ağ qoç, qara qoç” kitabı çapdan çıxıb. Kitaba yazıçının “Ağ qoç, qara qoç “ əsəri ilə bərabər, hekayələri, esse və  müxtəlif illərdə yazdığı povestləri daxildir.

Diplomat Azərbaycanın görkəmli söz ustasının anadan olmasının 77 illiyinə həsr edilmiş 40 dəqiqəlik radioverilişdə Anarın yaradıcılığından, onun milli ədəbiyyata sanballı töhfəsindən, ukraynalı həmkarları ilə yaradıcılıq əlaqələrindən söz açıb, onlayn-rejimdə dinləyicilərin suallarına cavab verib.

Səfir Anarı təkcə gözəl yazıçı kimi deyil, həm də fəal ictimai-siyasi xadim kimi xarakterizə edib.  Diplomat vurğulayıb ki, Anar Azərbaycan parlamentinin deputatı olanda parlamentin  yüksək tribunasından  Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin  siyasətini  kəskin tənqid edərək,   yüksək vətəndaşlıq mövqeyi  nümayiş etdirib.  Ölkənin o vaxtkı rəhbərliyinin səhlənkarlığı və cinayətkar fəaliyyətsizliyi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yol açıb, azərbaycanlılar zorla əzəli torpaqlarından didərgin salınıblar. Səfir daha sonra vurğulayıb ki,  Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ermənilər bu günə qədər davam edən Dağlıq Qarabağ münaqişəsini alovlandırıblar. 

Diplomat  radiotəqdimatın aparıcısı, Ukraynanın tanınmış  ədəbiyyatşünası, nasiri və ictimai xadimi, yeri gəlmişkən, kitabın işıq üzü gördüyü  “Yaroslav Val”  nəşriyyatının direktoru Mixail Slaboşpitski ilə söhbətində eyni dərəcədə həm Azərbaycana, həm də dünyaya, o cümlədən Ukraynaya məxsus olan Anar barədə maraqlı faktlar danışıb.

O deyib: “Anar Azərbaycanına məxsus olmaqla bərabər, həm də dünyaya məxsusdur.  O, elə bir şəxsiyyətdir ki, onun sözləri heç bir sərhəd tanımır”.  Azərbaycan ədəbiyyatının canlı klassiki barədə  bundan daha gözəl nə demək olar?

 





21.03.2015    çap et  çap et