Dünən Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının (ADU TGT) dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Diplomatiya” işçi qrupu tələbələr arasında Birləşmiş Millətlər Təşkilatı (BMT) modelinə uyğun simulyasiya oyunu keçirib.
525.az-ın məlumatına görə, simulyasiya oyununun mövzusu beynəlxalq münasibətlər sahəsində aktual problemlərdən biri olan “Terrorizm: problemlər və çağırışlar” seçilmişdi. Oyun çərçivəsində müxtəlif universitetlərin tələbələri Azərbaycan daxil olmaqla BMT-yə üzv 19 ölkəni (ABŞ, Türkiyə, Gürcüstan, İraq, İran, Bosniya və Hersoqavina, Serbiya, Hindistan, İsrail, Böyük Britaniya, Rusiya, Bolqarıstan, Çin, Fransa, Əfqanıstan və s.) təmsil edərək, həmin ölkələrin mövzu ilə əlaqədar mövqelərini nümayiş etdiriblər.
Oyuna başlanmazdan öncə çıxış edən ADU TGT sədri Xıdır Kazımov bildirib ki, bu oyun həmyaşıdlarının nitq qabiliyyətlərinin inkişafına və beynəlxalq münasibətlər sahəsində lazımi biliklərin əyani şəkildə qavramalarına kömək edəcək.
Oyunun davamında hər ölkə təmsilçisi onlara verilmiş vaxt ərzində mövzu ilə bağlı çıxış edərək, problemin həlli uğrunda fəaliyyət istiqamətlərini qeyd ediblər. Daha sonra keçirilmiş sual-cavab mərhələsində ölkə nümayəndələri digərlərindən gələn sualları cavablandırıblar.
Oyunda müşahidəçi qismində iştirak edən Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərinin beynəlxalq əlaqələr üzrə mütəxəssisləri sonda öz irad və təkliflərini bildirib, mövzu ilə bağlı fikirlərini səsləndiriblər.
çap et