525.Az

Yusif Həsənbəyin şeirləri


 

Yusif Həsənbəyin <b style="color:red">şeirləri</b>

Bahar gəlir

Yazdı, quş-quşu çağırır,
Tumurçuq bala çıxarır.
Yeri dardı arx çığırır,
Ot-ələf basır çığırı
Bahar gəlir!

Günəş isidir dağ-daşı,
Sarmaşıq şaxa dırmaşır.
Külək çalır saz qamışı,
Saz dimdiyidir hər quşun,
Bahar gəlir!

Quruyur yolda palçıqlar,
Köçür dağa alaçıqlar.
Alışır köhnə ocaqlar,
Bir yaş bürüyür uşaqlar!
Bahar gəlir!

Günəş yerə açır qucaq,
Göydə buludlar da ağ-ağ!
Külək rəvan, meh yumuşaq,
Qış bu eldən düşür qaçaq!
Bahar gəlir!

Səndən heç nə istəmirəm

Bir sən olasan, bir də mən,
Səndən heç nə istəmərəm!
Ölüm istərəm əcəldən,
Səndən heç nə istəmərəm!
Susuzluqdan yanar canım,
Quruyar damarda qanım!
"Tökər qan çeşmi giryanım!
Oyadar xəlqi əfqanım!"
Sən ey dənizlər sultanım,
Səndən bulaq istəmərəm!
Səndən çeşmə istəmərəm!

İstəsəm qaynar ağuşlar,
Dolana boynuma saçlar,
Qarışa ağıllar, huşlar!
Gəlsin baş-başa qaşların.
Od püskürsün baxışların!
Sel-sel axsın göz yaşların!
Yağdır başıma yağışlar.
Qoy məni yaxsın atəşlər,
Sönsün gözümdə günəşlər.
Gözlərin köksümə xəncər,
Sözlərin qəlbimə şeşpər!
Səndən heç nə istəməsəm,
Tökülər başıma daşlar!
Dondurar yazımı qışlar!
Çəkərəm şövqümə neştər.
Yetər sona bu təşvişlər
Səndən heç nə istəmərəm!

Ah, nə dedim, nə danışdım,
Əqlim qaçdı, mən də çaşdım.
Bilirsənmi nələr olar istəməsəm, -
Sevinclərim kədər olar,
Bal ağzımda zəhər olar,
Dünya mənə məzar olar.
Səndən heç nə istəməsəm,
Qan-yaş tökər oynaq sazım!
Şaxtalarda donar yazım!
Candan ayrı boş nəfəsəm.
Səndən heç nə istəməsəm,
Quşları uçmuş qəfəsəm.
Batil olmaz dəstəmazım,
Cayız sayılmaz namazım!
Quruyar dilimdə sözüm,
Boğular nəfəsdə səsim!
Səndən heç nə istəməsəm,
Yarıinsan, yarım kəsəm,
Öz içimdə batan səsəm!
Səndən heç nə istəməsəm,
Tanrı mənə qənim olsun!
Allah məni istəməsin!
İnsafa gəl iki gözüm,
Sən xan əslim mən qul Kərəm.
Hər əmrinə müntəzirəm.
Naz verərsən, naz çəkərəm,
Bir nazını yüz çəkərəm.
Sən sərdarsan, mən əsgərəm!
Sən bağçasan, mən çəpərəm.
Sən yıxarsan, mən tikərəm,
Sən gövhərsən, mən zərgərəm.
Sənsiz yazı donmuş qışam,
Sənsiz qanadsız bir quşam.
Sənsiz Məcnunidir ağlım,
Sənsiz səhravidir huşum!
Qəlbimi mizrab eləyib,
Səni saz kimi çalaram!
Belə qadanı alıban.
Səni qoynuma salıban,
Səni duz kimi yalaram.
Doydum deməz, bəs demərəm
Amma səndən,-
Səndən heç nə istəmərəm!

De, necə çıxım felindən?
As məni zəncir telindən!
Zəhər ver içim əlindən,
Öldür deyirəm, inanma!
Gəl, yıxma bu zirvələri
Təməlindən,
Ayırma çayı selindən
Üzmə mizrabı telindən.
Canım çıxdı can deməkdən.
Bir dəfə can eşitmədim,
O qurumuş dillərindən!
İlan vurmuş dilləridən!

Hansı Məcnun bir gün gördü
Leylaların gözəlindən?!
Zəhər ver içim əlindən -
Səndən heç nə istəmərəm.

Yusif, dəryadı səbrimiz,
Hər möhnətə dözərik biz.
Nola bir düşə qəbrimiz,
Məzarda yox,
Yar qoynunda, o cənnətdə,
Sinə boyu, qol boyunca,
Sən doyunca, mən doyunca.
Aşkar öpüşə qəlbimiz, -
Odlara düşə qəlbimiz.
Bir ocaqda külə dönsək,
Uf demərəm,
Ancaq səndən,
Səndən heç nə istəmərəm.

Sən xoş nəfəssən sinəmdə,
Ağrıma səssən sinəmdə.
Həsrətinlə hey alışan,
Şövqsən, həvəssən sinəmdə.
Canım çıxsa bu yollarda,
Cana əvəzsən sinəmdə.

Könül min bir eşqə düşər,
Sən müqəddəssən sinəmdə.
Bir sazın iki simiyik,
Sən zildəsən, mənsə bəmdə!
Amma ey yar!
Səndən heç nə istəməsəm.
Oxdan çıxar çərxi-aləm,
Gözüm ağlar zülüm-zülüm.
Kəsilsəm də dilim-dilim,
Ətəyindən qopmaz əlim,
Son nəfəsdə, son sitəmdə,
Sən
dən səni istəsəm də,
Səndən heç nə istəmərəm!                         

Məhəbbət şirin acıdır

Kipriklərin arfanın
Cəngilərə köklənmiş simləri kibi, -
Tarım əsəbi!
Qiyam-qovğa, savaşdı, -
Qəzəblənmiş əsəblərin nəsibi.
Kipriklərin Naqasaki səmasının
Donmuş yağış simləridi.
Çuxura düşmüş gözlərin,
Amerikanı açmadığı düşünən Kolumbun,
Batmış gəmiləridi.
Yanağına çırpılır barmaqların,
Döyülür adam əti yeyənlərin təbilləri.
Kipriklərin, - neştərlər, -
Dəmir-nizə çəpərlər!
Kipriklərin göz çıxaran cəlladın,
Mizraqları, milləri
Amandı, qoy o simlər
Qırpılmasın, çırpılmasın!
O arfa səslənməsin.
Çalıb-oxuyum,
Varlığını bayram edim.
O səs yoxum, o səs kəsin!
Amma Allah eləməmiş
O kipriklər qırpılsa
Evimizdə bir Vezuvi vulkanı başlar.
Tökülər başımıza
Naqasakini külə döndərən yağışlar!
Harda batmısan,
Harda yatmısan bəs,
Xərçəngin nüsxələrini yazan,
Spidin su kimi duru,
Sədəf kimi quru həblərini
Genlərimizə,
Qanlarımıza düzən,
Ulu Pifaqor?!
Ey ürəyi daş,
Qulağı kar, gözü kor!
Bəs hanı
Qısqanclıq mərəzinin dərmanı?!
Qaytar Otellosuna Dezdomonanı.
Özünü qayadan atan
Xuramanı qaytar geri.
Vaqifin durna misralarıyla
Qaqqıldaşsın Kür sahilləri.
Bir səda gəldi!
Bu sahədə çalınsa da, tonqallarda alışsa da,
Asılsa da, kəsilsə də
Neçə-neçə alim, doktor.
Soruşmayın, gözləməyin
Qısqanclıq mərəzinə əlac yoxdur.
Qısqanclıqla məhəbbət
Ekiz bacıdır.
Qısqanclıq acılığı da
Məhəbbət şirinliyindən gələn acıdır.

Qocalar tələsmir

Alnım qırış-qırış, sanki xış kəsib
Basır kipriyimi codlaşan qaşım!
Qamətimi elə hey dikəltsəm də,
Qurşaqdan yuxarı qalxmayır başım!

Cantaraqdım, indi lümək olmuşam,
Pencəyin ətəyi dizimə çatır.
Dindirən ki, yoxdu, pəltək olmuşam,
Ha qışqırım, səsim özümə çatır.

Oturmaq asandır, durmaq müsibət,
Beldə taqət hanı, dizdə güc hanı?
Cibdə nə qəpik var, nə də ki konfet
Nəvələr saymırlar kasıb babanı!

Çinar qamətliydim, əyri vələsəm
Budaqlarım qırıq, kölgəm də cılız.
Get-gedə soyuyan, itəm bir səsəm,
Bir qərib bəstəyəm sözsüz, mahnısız.

Əlim nağaraçı əlidi sanki
Elə hey çırpınır taxta sinəmə!
Qaşığı ağzıma qoya bilmirəm,
Çəngəlin dişləri batır çənəmə.

Kimsə nəsə deyir, mən eşitmirəm.
Eşitmədiyimdən nə qanım axı!
Üzlərə gülürəm saxta gülüşlə
Ruhumu sarsıdır riyakarlığım!

Aramır, əl tutmur bir qohum mənə,
Amma çox əlsizə əl yetirmişəm.
Bu yolda xərclənib qızıl ad-sanım,
Kimlərsə qazanıb, mən itirmişəm.

Ömrə şan-şöhrətdi qocalıq çağı,
Di gəl, çək bazara qəpiyə getməz.
Nahaqca korlama balı, qaymağı,
Səndirin cücərməz, əkdiyim bitməz.

Qocalıq bir tacdır, hər baş saxlamaz,
Can qurban o taca, layiq hər kəsə!
Qocalar  ölməyə heç vaxt tələsməz,
Yorğunluq, xəstəlik tələsdirməsə!

Dənizdə fırtına var

Gecə üzür, səhər üzür,
Axşam üzürük.
Nə bir körpü,
Nə bir liman!
Səmanı qasırğa şıxmalayır,
Dənizi tufan!
Fəlakətdən qurtulmağın
Aman yeri
Dəryada bir saman axtaran gözümüzdən
Gecələrin külləşmiş kəhkəşan küçələrini
Düşür cılğam - üzürük!
İlahi, kaş o dəniz təkimə işləyən
Burulğan kahasından,
Qırğı-qırçın ləpələrin halqasıyla düymələnmiş
Üfüqlərin yaxasından,
Sıçrayıb boylana
Ulduzlana, Aylana,
Yolumuza zərrə-zərrə paylana
Gözəl Kleopatranın güzgüləndiyi
Aleksandriya mayakı!
Bəlkə Ərəb dənizi sahilində
Qaçqınların gözlərinin yağıyla alışa,
Ələddinin çırağı!
Ya təpəsində bələk-leyləkləri ağaran
Lümlüt bir ağac!
Ya kəhər buludların belində
Qırmızı zollar açan şişmək-qırmaç!
Kövrəldik, daraldıq,
Bir sahil yoxluğundan!
Boz buludlar yamyaş lavaşlar kimi asıldı
Şəfəqlərin oxlovundan!
Traktorun dəmirdiş təkərləri kimi,
Don Kixot dəyirmanının
Dəvəqıç pərləri kimi
Diyirləndi üstümüzə dalğalar,
Coşdu dəniz.
Şahə qalxıb yanı üstə başımıza aşdı dəniz!
Başdan-başa xofdu, təlaşdı dəniz!
Fəqət neçə sənələr əvvəl, -
Döyənəkli əlləri daş-dəmir dişli vəl,
Çiynində dəyirman daşları gəzdirən divlərin,
Qorxu, hürkü bilməyən Təpəgöz köntövlərin,
Belə dənizlər topuğundan,
Ümmanlar dizindən olub.
O cəsurların zəfər şarkılarını
Dənizin dalğa simlərində
Kaman küləklər çalıb!
Bosforun "Qız qülləsi" zirvəsində
Heykəl kimi ucalıb.
Ey insanlar, ey sükutun tabutuna
gömülmüş cahanlar!
Oyanın, -
Ağ dənizdə fırtına var!
Fırtınalarla durulur dənizlər,
aydınlaşır səmalar-deyən
Böyük Nazim Hikmət gəldi gözüm önünə.
Ürəyində infarkt yanğısını daşıyan
Və yanğılar içində
"Mən yanmasam" bağıraraq
Kərəm cəsarətini yaşayan
Şair, millətini "Günəşi içənlər"in cərgələrinə
Qoşmağa çağırırdı.
Nazim Hikmətin
Çiynində dəyirman daşları gəzdirən
Divlərlə,
Qorxu bilməz Təpəgözlərlə
Qarışığı vardı!

 





02.04.2015    çap et  çap et