525.Az

Sağlam həyat tərzi diabetin müalicəsində mühüm amildir


 

Sağlam həyat tərzi diabetin müalicəsində mühüm amildir<b style="color:red"></b>

İnsanın sağlam həyat tərzi onda yaranan biləcək hər hansı bir xəstəliyin qarşısının alınmasında və ya əgər artıq xəstədirsə, onun müalicəsində birmənalı olaraq zəruri  amildir.
 
Sağlam həyat tərzi xəstəliklərin profilaktikası və sağlamlığın möhkəmlənməsi istiqamətində ən mühüm və vacib şərtdir. Fəlsəfi-sosioloji və tibb elminin görkəmli nümayəndələri artıq neçə illərdir ki, sağlam həyat tərzinə cəmiyyət həyatının bütövlükdə tərkib hissəsinin qlobal sosial problemi kimi baxırlar.

Mütəxəssislərin qiymətləndirilməsi ilə insan sağlamlığının 50-55 faiz məhz sağlam həyat tərzindən, 20 faiz - ətraf mühitdən,  18-20 faiz - irsi meyllikdən və yalnız 8-10 faiz - səhiyyədən asılıdır. Sağlam həyat tərzini  özünə gündəlik olaraq təlqin edən və onun tələblərinə riayət edən adamlarda həyat fəaliyyəti inkişaf edir, uzunömürlülüyə və özünün sosial funksiyalarını yerinə yetirməyə nail olurlar.

Artıq müəyyən edilib ki, məlum tibbi patologiyalar arasında sağlam həyat tərzi tələblərinin yerinə yetirilməsi ilə onun profilaktikası və fəsadlarının müalicəsində ən mühüm nəticələr şəkərli diabet (ŞD) xəstə insanlarda baş verir. Sağlam həyat tərzinin müəyyən edilmiş qaydalarına əməl etməklə ŞD xəstə insanların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.

Diabet üzrə görkəmli alimlərin, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələri ilə ŞD xəstə insanların sağlam həyat tərzi elementlərinə aşağıdakılar daxildir: doğru qidalanma, fiziki yüklənmə, əmək fəaliyyəti, istirahət və pis vərdişlərdən (alkoqol, tütün) xilas olmaq.

Müəyyən edilmiş qida rejiminin gözlənilməsi müalicə tədbirlərinin müvəffəqiyyətlə aparılmasında önəmli bir amildir. Şəkərli diabetin həm 1-ci, həm də 2-ci tipində qidalanmanın kiçik həcmlərlə (gün ərzində 3-5 dəfə) qəbul edilməsi məsləhət görülür, özü də qida qəbul edilməsində gözlənilən fasilə 3-5 saatdan artıq olmamalıdır.

Düzgün qidalanma 2-ci tip şəkərli diabetlə xəstələrin müalicəsində xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu və ya digər pəhriz proqramı şəkərli diabetlə xəstə insanın sağlamlıq vəziyyətindən asılıdır ( piylənmə, arterial hipertoniya və s.). 2-ci tip şəkərli diabetlə xəstə insanların qidalanmasında ümumi prinsip karbohidrat mübadiləsinin normallaşdırılmasıdır. Bu məqsədlə bütün ərzaqlar 3 qrupa bölünür:

" İcazəli (istənilən miqdarda yemək olar) - mürəkkəb karbohidrat və bitki, meyvə qabığlı ərzaq, bura daxildir: bütün tərəvəz növləri (kartofdan başqa), yağsız hazırlanmış qidalar, çay, kofe.

" Məhdud (miqdarına ciddi nəzarət etməklə yemək olar) - tərkibində yağlar az olan ərzaqlar bura daxildir: yağsız ət, balıq, süd məhsulları, yağlılığı 30% az pendirlər, kartof, qarğıdalı, çörək və un məmulatı, yumurta;

"Qadağan edilmiş (qida rasionuna qatılması məsləhət görülmür) - bu qrupa tərkibində çoxlu yağ olan ərzaqlar, o cümlədən, yağlı ət, balıq hisə verilmiş kolbasalar, quş dərisi, konservlər, yağlılığı 30 faiz çox pendirlər, qaymaq, xama, mayonez, qoz, tum, şəkər və şəkərli məmulatlar, şirinli və alkoqol içkilər;

Məlum olduğu kimi, 2-ci tip şəkərli diabet xəstələrinin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər, odur ki, onlara yağlı və kaloriyalı yeməklərə məhdudiyyət qoymaları məsləhət görülür. Ümumiyyətlə belə xəstələrin bədən çəkisi kütləsinin tədricən azalması birmənalı olaraq onların qanlarında olan şəkərin kompensasiyasına kömək edir. Yəni məsləhət görülür ki, belə xəstələr aşağı kaloriyalı ərzaqlardan istifadə etsinlər, bu zaman ortaya çıxan enerji defisiti - çatışmamazlığı ehtiyatda olan yağlı toxumaların hesabına aradan götürülür ki nəticədə artıq çəkidən xilas olunur.

1-ci tip və insulindən asılı 2-ci tip şəkərli diabet xəstələrinin qidalanmasında çörək vahidlərinin nəzərə alınması mühüm şərtdir. Çörək vahidləri haqqında məlumatları isə belə xəstələr müalicə olunduqları həkim-endokrinoloqlardan və ya xüsusi təşkil edilmiş Diabet məktəblərində, həmçinin onlar üçün nəşr edilmiş kitabçalardan maariflənə bilərlər.

Diabetli xəstələrin sağlam həyat tərzində yerinə yetirəcəkləri ikinci mühüm element isə onların mütəmadi fiziki yüklənmələridir. Fiziki yüklənmə şəkərli diabetin kompleks müalicəsində ən mühüm tərkib hissələrindən biridir.

Müntəzəm fizikin fəallıq toxumaların insulinə olan hissiyyatını qaldırmaqla şəkərsalıcı dərmanların təsirini artırır.

Qanda şəkərin normada saxlanılması və ürək-damar xəstəliyinin profilaktikası üçün şəkərli diabetlə xəstə insanlar müntəzəm olaraq fiziki yüklənməli və mülayim idman növləri ilə məşğul olmalıdırlar. Fiziki yüklənməyə piyada yerimək, ev işləri, bağda işləmək və s. daxildir. Mülayim idman növlərini  isə hər bir növünün seçilməsi həm sizin marağınız və həm də müalicə həkiminin məsləhəti ilə olmalıdır. Fiziki təlimlərin və idman növünün müntəzəm aparılması, onun uzun çəkməsi məhdudlaşdırılmalıdır, bu fərdi və həkimlə məsləhətləşmə ilə yerinə yetirilməlidir. Ancaq belə olduqda sağlamlığa əngəl gətirmədən yaxşı nəticə alınar. Ümumiyyətlə idmanla məşğul olduqda qanda şəkərin miqdarı nəzarətə götürülməlidir. Onun miqdarı çox olduqda (11 mmol/l-dən çox) hər hansı fiziki yüklənmə əks göstərişdir.

Ümumiyyətlə şəkərli diabetlə xəstə insanların fiziki fəallığı dövründə hipoqlikemiya ağrıları baş verə bilər (qanda şəkərin az olması). Buna görədə heç vaxt ac qarnına, yəni qlikemiya 5.5 mmol/l - dən az olduqda fiziki yüklənməyə yol verilməməlidir. Xüsusilə bu 1-ci tip şəkərli diabetlə insanlarda idmanla məşğul olduqda baş verir. Odur ki, belə adamlar öz yanında tez həll olan karbohidrat (qənd, bal, limonad)  götürməlidirlər. Amma tələb edilən qaydalara əməl etdikdə hətta idmanda yaxşı göstəricilərə də nail olmaq olar. Artıq şəkərli diabeti olan insanlardan idmanın bəzi növlərində dünya çempionları da məlumdur.

Sağlam həyat tərzinə tam əks olan vərdişlərdən  siqaret çəkilməsi və alkoqollu içkiləri göstərmək olar. Burada xüsusilə tütün (siqaret) çəkilməsini sağlamlığa ziyan vuran ciddi vərdiş olduğu ön plana çəkilməlidir. Siqaret çəkən şəkərli diabetlə xəstə insanların insulta, ürək tutmalarına, qan dövrüyyəsinin pozulmasına gətirən risklər qaçılmazdır. Odur ki, bu şəxslər tütünə birdəfəlik "yox" deməlidirlər. Eləcə də alkoqollu içkilərin şəkərli diabetin müalicəsində mənfi təsirləri artıq  çoxdan bəllidir. Ona görədə onlardan ya tamamilə imtina etməli və ya çox məhdud hallarda az miqdarda qəbul edilməsi məsləhətdir.

Diabetli insanların doğru peşə seçimi, əmək fəaliyyəti və təhsili də onların kompleks müalicə sisteminə ciddi təsir edən cəhətlərdir. Bütün bu fəaliyyət növləri onların şəkərli diabetin müvazinətinin (kompensasiyasının) yaxşı saxladıqları şəraitdə mümkündür. Buradan da o nəticə çıxarılır ki, hər bir diabetli şəxs özünənəzarət prinsiplərinə ciddi əməl etməlidir.

Diabetli insanların həyat keyfiyyətlərinin yaxşılaşmasında mühüm amillərdən biri də onların vaxtaşırı istirahət zonalarında (sanatoriya, istirahət evləri) dincəlib reabilitasiya keçmələridir. Diabetli uşaqların sağlamlıqlarının möhkəmlənməsində isə yay sağlamlıq düşərgələrində onların istirahət etmələri yaxşı nəticələr verir. Keçən illərdə respublikamızda "Heydər Əliyev Fondu"nun təşkil etdiyi yay sağlamlıq düşərgələrində istirahət edən uşaq və yeniyetmələr, həmçinin onların valideynləri bu tədbirdən çox razı qaldıqlarını bildirmişlər. Ancaq bu iş hər il daimi aparılmalıdır. Bu lazımi tədbir isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilmişdir.

Fəaliyyəti və məqsədi şəkərli diabet xəstələrinin hüquqlarının qorunması və onların maariflənməsinə istiqamətlənən  Azərbaycan Diabet Cəmiyyətinin bu mövzunu qabartması heç də təsadüfü deyil. XX əsrin sonu və XXI əsrin əvvəlində yaranmış gərgin ictimai -siyasi, texnogen, ekoloji, psixoloji, siyasi və hərbi xarakterli risklərin artması nəticəsində müasir insan orqanizminə düşən yükün və onun psixoloji vəziyyətinin neqativ sürüşmələri bütünlükdə cəmiyyətin ümumi səhhətinə çox pis təsir göstərmişdir. Bu mövcud vəziyyətin qabarıq təsiri şəkərli diabet xəstəliyinin artıq epidemiya sürətilə bütün dünyada yayılmasında özünü göstərir.

Bu gün dünyada 366 milyon insan diabetdən əziyyət çəkir, 280 milyondan da çox insan isə xəstəliyə yüksək risk qrupuna daxildir. Əgər qarşıda bu xəstəliyə qarşı ən  təsirli tədbirlər görülməzsə onda 2030-cu ilə diabetli insanların sayı 552 milyona, risk qrupuna daxil olanların sayı isə 398 milyona çatacaq.

Bu məkrli xəstəlikdən ildə 4 milyondan çox insan dünyasını dəyişir, on milyonlarla insan isə ya əlil olur ya da diabetin ağırlaşmalarına gətirib çıxaran infarkt miokarda, insulta, böyrək çatışmamazlığına, korluğa və amputasiyalara məruz qalırlar.

Diabet - bu təkcə səhiyyənin böhranı deyil, bu dünya miqyasında faciədir. Məhz bunu nəzərə alan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası diabet barədə Qətnamə qəbul etmiş (20 dekabr 2006-cı il), 2011-ci ildə isə hökumət başçılarının iştirakı ilə Qeyri-İnfeksion xəstəliklərinə (QİX) aid Siyasi Bəyannamə yaymışdır.  Bəyannamədə QİX arasında şəkərli diabet xüsusi qabardılmışdır.

Diabetlə vəziyyət bizim respublikada da ürəkaçan deyil. Əgər XXI əsrin ilk ilində Azərbaycanda 56.0 min nəfər diabet xəstəsi vardırsa, hazırda onların sayı 220.0 mini ötmüşdür.

Dünyanın bir çox inkişaf etmiş ölkələrin hökumətləri diabetin müalicəsi üçün çəkilən xərclərin öhdəsindən gəlmək üçün müəyyən tədbirlər görürlər. Bizim dövlətimiz də bu barədə önəmli addımlar atmışdır, belə ki, əgər  2005-ci ildə bu məqsədlə dövlət büdcəsindən məxsusi olaraq diabet proqramını yerinə yetirmək üçün 6.0 milyon manat ayrılmışdısa, 2015-ci ilin dövlət büdcəsində bu məqsədlə 35.4 milyon manat nəzərdə tutulub. Bununla belə bu məbləğ diabet üzrə qəbul edilmiş Tədbirlər Proqramını tam həyata keçirmək üçün yetərincə deyil. Diabet ictimaiyyəti ümid edir ki, bu məsələyə qarşıdakı illərdə xüsusi əhəmiyyət veriləcək. Həm də onu nəzərə almaq lazımdır ki, hər il şəkərli diabet xəstələrinin sayı təxminən 15% artır.

Yazımı onunla bitirmək istəyirəm ki, sağlam həyat tərzini özünə müntəzəm təlqin edən iradəli insanlar bu xəstəliyin problemlərinə qarşı vaxtında adekvativ müalicə tədbirlərini yerinə yetirərsə onda həyat onlar üçün tam mənalı olub onun bütün sahələrində dolğun fəaliyyət göstərə bilərlər.

 





03.04.2015    çap et  çap et