525.Az

“Matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır”


 

“Matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır”<b style="color:red"></b>

Milli Məclisdə (MM) “Reklam haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Qanun layihəsi barədə millət vəkili Vahid Əhmədov məlumat verib. O qeyd edib ki, reklam bazarının inkişafı və onun doğru istiqamətdə tənzimlənməsi üçün ilk növbədə qanunvericilik bazası yaradılmalıdır:

“Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub, o cümlədən, beynəlxalq sənədlərin tələbləri nəzərə alınıb. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub.
 
Mövcud “Reklam haqqında” qanun 30 maddədən ibarət olduğu halda, yeni layihə 39 maddədən ibarətdir.

Bu layihədə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur".

V.Əhmədovun sözlərinə görə, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib: “Layihədə xüsusən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida məhsullarının reklamı ilə bağlı xüsusi maddə əlavə edilib.
 
Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib. Sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar müəyyənləşib. Hazırkı dövrdə sponsor reklamın geniş yayılmasına baxmayaraq, mövcud qanunvericilik bu sahəni tam tənzimləmir. Yeni layihəyə əsasən, matəm günlərində televiziya və radioda reklam materialının yayımlanması qadağandır.

Eyni zamanda, reklam qurğularının yerləşdirilməsi ilə bağlı yeni qaydalar da müəyyən edilib. Həmçinin, spirtli içkilərin reklamına dair tələblər genişləndirilib, bu reklamların yayımlanmasına vaxt məhdudiyyəti qoyulub. Bu cür reklamlar yalnız gecə saat 12:00-dan səhər saat 6:00-dək yayımlana bilər.

Bundan başqa, dərman vasitələrinin, tibbi texnikanın və tibbi xidmətin məzmununa dair yeni tələblər müəyyən edilib".

Kamil HƏMZƏOĞLU

 





04.04.2015    çap et  çap et