525.Az

Azərbaycan və Gürcüstan musiqi mühiti arasında səmərəli ünsiyyət


 

Azərbaycan və Gürcüstan musiqi mühiti arasında səmərəli ünsiyyət<b style="color:red"></b>

Ölkələr arasında dostluq əlaqələrini genişləndirən addımlardan biri də incəsənət günlərinin keçirilməsi, sənət nümayəndələrinin qarşılıqlı yaradıcılıq ünsiyyətidir. Bu mənada, Novruz bayramı günlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən tədbir xüsusi maraq doğurdu. Bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Adilə Yusifova Gürcüstan musiqiçiləri ilə görüşdü.

Öncəliklə qeyd edək ki, Adilə Yusifova böyük bəstəkar Cövdət Hacıyev sinfinin layiqli davamçılarındandır. Bəstəkar kimi səhnə musiqisi, vokal-instrumental və instrumental musiqinin bir çox janrlarına üz tutaraq parlaq nümunələr yaradıb. Eləcə də ərsəyə gətirdiyi musiqi əsərlərilə yanaşı yazdığı kitabları ilə də musiqimizdən öz əməyini əsirgəməyib.

Belə ki, Novruz bayramı günlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən görüşdə də bunun bir daha şahidi olduq. Sözügedən tədbir iki dost ölkə - Azərbaycan və Gürcüstandan olan musiqiçi-həmkarların səmimi, isti ünsiyyəti ilə yadda qaldı. Qeyd edək ki, görüş iki gün davam edərək Tbilisinin müxtəlif mədəniyyət mərkəzlərində gerçəkləşdi.

Görüşün birinci günü İppolitov-İvanov adına 6 saylı incəsənət musiqi məktəbində keçirildi. Öncəliklə məktəbin direktoru, pianoçu, həmçinin tədbirin təşkilatçısı Lika Çxeidze Adilə Yusifovanı tədbir iştirakçılarına təqdim etdi. Görüşdə bəstəkarın Bakı Musiqi Akademiyasının məktəb-studiyası şagirdlərinin ifasında çəkilmiş “Sehrli sandıq” tamaşasının ekran versiyası müvəffəqiyyətlə göstərildi.  Adilə xanım məktəb-studiya və tamaşa iştirakçıları haqqında məlumat verdi. Onu da qeyd edək ki, Azərbaycan dilində göstərilən tamaşa tərcüməçi vasitəsilə salona toplaşanlara nəql edildi. Hər kəsin böyük sevinc və heyranlıqla izlədiyi muzikl, hətta sozügedən musiqi məktəbinin şagirlərində də uşaq teatrlarının olması istəyini yaratdı.

Görüş Adilə xanımla uşaqlar arasında səmimi söhbətlə davam etdi. Bəstəkar uşaqların suallarını cavablandırır və təhsil illəri, müəllimləri, eləcə də C.Hacıyevə həsr olunan kitabından söhbətlər aparırdı. Görüşdə maraq doğuran məqamlardan biri də Adilə xanımın royal arxasına keçməsi oldu. Müəllif öz müəllimi Cövdət Hacıyevə həsr olunan pyesini səsləndirdi.

Sonda isə məktəbin direktoru Lika Çxeidzeyə pianoçu, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan bəstəkarlarının fortepiano əsərlərinin (I cild) CD diskləri və antologiyası hədiyyə edildi.

Görüşün ikinci günü isə Gürcüstan Bəstəkarlar İttifaqı tərəfindən, Z.Paliaşvili adına ev-muzeyində baş tutdu. Tədbir Gürcüstan Bəstəkarlar İttifaqının sədri Kaxa Tsabadzenin giriş sözü ilə açıldı. O, Bakıdan gələn qonağı - Adilə Yusifovanı təqdim edərək bildirdi ki, bu cür görüşlər çox əhəmiyyətlidir. Biz Azərbaycandan olan həmkarlarımız haqqında daha çox bilmək istərdik. Bu gün bizim üçün yeni azərbaycanlı bəstəkarı tanımaq gecəsi olacaq. Sonra söz Adilə xanıma verildi. O, Azərbaycan Bəstəkarlar İttifaqının yaradıcı həyatından və yenicə başa çatmış Muğam festivalından bəhs etdi.

Burada bəstəkarın müxtəlif janrlı əsərləri səsləndirildi. İlk olaraq tar və fortepiano üçün “Alov” fantaziyasının lent yazısı dinlənildi. Fantaziya fotoqraf Fəxriyyə Məmmədovanın işlərinin video slaydları ilə müşayiət olundu. Əsər tarda Səbuhi Cəfərov, pianoda isə Ülviyyə Hacıbəyovanın ifasında lentə alınmışdı. Daha sonra fortepiano, skripka, violençel və balaban üçün “Paralellər” kvarteti səsləndi. Sonda isə simli kvartet, fortepiano, qoboy, balaban üçün və Rəna Mirzəyevanın sözlərinə oxunan “Xəyallarımdakı şəhər” okteti dinlənildi.

Konsertdə Gürcüstanın bəstəkar və musiqişünasları iştirak edirdi. O cümlədən, bəstəkarlar Elizbar Lombaridze, Tengiz Şavloxaşvili, musiqişünas Marina Kavtaradze Adilə xanımın bəstələri haqqında fikirlərini bölüşdülər. Bəstəkar Elizbar Lombaridze çıxış edərək bildirdi: “Biz bəstəkarın üç əsərinə qulaq asdıq. Çox yeni fikirlərdir. Bunlar dramaturji baxımdan yaxşı düzülmüşdür. Açığı, mən belə gözləmirdim. Çox emosional əsərlərdir". Musiqişünas Marina Kavtaradze bildirdi ki, Adilə xanımın musiqisi insanı duyğulanmağa vadar edir, çox romantik təfəkkürlü pozitiv bəstəkardır. Bəstəkar Tengiz Şavloxaşvili isə qeyd etdi ki, əsərlər çox güclüdür, kompozisiyaların tətbiq edilən texnikası isə sıxıcı təsir göstərmir.

Sonda isə Adilə xanım tədbir iştirakçılarına minnətdarlığını bildirərək “Bəstəkar Adilə Yusifova” diskini, fortepiano üçün “Milli naxışlar” məcmuəsinin notlarını və “Cövdət Hacıyev” kitabını bağışladı. Eləcə də Kaxa Tsabadze Adilə xanıma minnətdarlığını bildirərək, ona Z. Paliaşvilinin “Abesalom və Eteri” və “Daisi” operalarının disklərini hədiyyə etdi.

Beləcə, iki gün davam edən musiqili-söhbətli görüşlərdə iştirak edən hər bir bəstəkar, musiqişünas, tələbə və şagirdin sürəkli alqışları, eləcə də onların simasındakı heyranlıq ifadəsi bu ünsiyyətin onlarda necə xoş təəssürat yaratdığını bir daha təsdiqlədi.

Fərdin MƏMMƏDLİ,
Üzeyir Hacıbəyli təqaüdçüsü

 





04.04.2015    çap et  çap et