525.Az

“Ulduz” jurnalının mart sayı


 

“Ulduz” jurnalının mart sayı <b style="color:red"></b>

Bugünlərdə “Ulduz” jurnalının mart sayı nəşr olunub.
 
Dərgi Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin “Fevral “Ulduz”u... Mart qeydləri” adlı ekspert yazısı ilə açılır: “Ulduz” jurnalının növbəti sayındakı yazılara da nəzər salarkən çox narahatlıq keçirirdim. Çünki deyəcəyim istənilən fikir, yəqin ki, subyektiv xarakter daşıyacaq... Jurnalın ümumi ab-havasının yeniləşdiyini yazmaq, yəqin ki, artıqdır. Son aylarda “Ulduz”da müxtəlif yeni layihələr, maraqlı müəlliflər, orijinal əsərlərlə daha çox rastlaşırıq. Jurnalın son sayı da istisna deyil.

...Jurnalın bu sayı, həmişə olduğu kimi, ədəbi prosesin mənzərəsini maraqlı şəkildə ifadə etməyə nail olub. Həm klassik üslub, həm də müasir, modern düşüncədən doğan ədəbi materiallar bir-birinə oxucu qavrayışı üçün təkan verir. Amma arzu edərdim ki, bundan sonrakı saylarda gənc müəlliflərə ayrılan yer daha çox olsun..."

Jurnalın bu sayında Vəli Xanın “Özüylə söhbəti” verilib: “Məni qınamayın ki, təşbehim, mübaliğəm, təzadım, təkririm, rəmzlərim, nə bilim daha hansı poetik qaydalarım yerində deyil. Sizə qurban, bu mənim çatdığım qəzəldir. Özüm olduğum qəzəldir. Qəzəli yaşatmalıyıq, düzdü. Amma mən qəzəl yazsam da, yazmasam da, onsuz da qəzəl yaşayacaq". Müəllifin “Özüylə söhbəti”ni qəzəlləri davam etdirib. 

Gənc yazarlar Xanım Aydının “Əllərimi buraxma", Vəfa Mürsəlqızının “Alatoran fəsil” hekayələri jurnalın “Nəsr” bölməsində təqdim edilib.

“Tərcümə saatı”nda bu dəfə Qardaşxanın tərcüməsində Hötenin şeirləri yer alıb.

“Litva ədəbiyyatında lirik nəsrin və Avropa novella formasının banisi” yazısında Litva yazıçısı Yonas Bilyunasın həyat və yaradıcılığına geniş yer ayrılıb. Materialları Litva dilindən Mahir Həmzəyev tərcümə edib.

Yaşar Süleymanlının poetik nümunələri dərginin “Qürbət şeirləri” bölməsində öz əksini tapıb.

Professor Gülşən Əliyeva-Kəngərlinin “İki əsri öldürən şair” yazısında Xalq şairi Vaqif Səmədoğlunun yaradıcılığından ətraflı bəhs olunub.

“Ulduz”un bu sayında Hüseyn Bağıroğlu, Nurlan Umud, Balayar Sadiq, Namiq Hacıheydərli və Süleyman Cəfərinin şeirləri işıq üzü görüb.

Qəşəm Nəcəfzadənin “Hücrə”də yer alan “Gözləmədiyim tərəfdən gəldin” yazısında Nuranə Nurun yaradıcılığı araşdırılıb.

Firuz Kazımoğlu “Ana haqqında ballada”sında Mahirə Nağıqızının şeirlərini təhlil edib.

Zemfira Məhərrəmlinin “Yuxunu suya danış", Nərgiz İsmayılın “Gilənar rənginə boyanan ovuclar", Rəfail Həbiboğlunun  “Qardaşımın pencəyi” hekayələri də jurnalın bu bölümündə dərc olunub. 

Rusdilli gənc yazar Firəngiz Ağaların “Sən Allaha inanırsan?" hekayəsi “Ulduz”un “Debüt” rubrikasında Arifə Arifqızının tərcüməsində oxuculara təqdim edilib.

Qədiməli Əhmədin “Bu qədər tənhalıq varkən..." yazısında Şəmşadın yaradıcılığından söz açıb.

Sabir Rüstəmoğlu “Ümiddən kitab bağlayan” adlı yazısında şair Ramiz Məmmədzadənin “Ümid kitabı”ndan söhbət açıb.

İlham Abbasovun təqdimatında “Ulduz” jurnalı ilə ayb.az saytının “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” adlı birgə layihəsində verilən “Ənənələrin davamçısı” yazısında ispan dramaturqu Xasinto Benaventenin yaradıcılığı incələnib.

Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı İkinci Mahmuddur. Layihədə yazarın “Mən cüzam xəstəsiyəm", “Babamın dişi", “Tanımal Mustafa” hekayələri dərc edilib.

“Ulduz”u alan oxucular Xalq yazıçısı Anarın “Dədə Qorqud oğuznamələri” kitabını və şair Əjdər Olun “Ömür elə budur, bu!" şeir diskini hədiyyə olaraq əldə etmək imkanı qazanacaqlar.

S.MÜRVƏTQIZI

 





04.04.2015    çap et  çap et