525.Az

“Rüşvət alan müəllimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır” - Fotoreportaj


 

Feyziyyə ilə Xəzərin sahilində

“Rüşvət alan müəllimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır” - <b style="color:red">Fotoreportaj</b>

Düzünü deyim ki, Aliyə xanımı xanım millət vəkilimiz Jalə Əliyeva ilə söhbətdən sonra tanımışam. Jalə xanımın sevimli müəlliməsi olub. Haqqında danışdıqlarından sonra Aliyə xanımla görüşməyə qərar verdim. Tanımayanlar üçün bildirim ki, Aliyə Təhmasib uzun illər Bakı şəhəri 132 saylı məktəbdə direktor vəzifəsində çalışandan sonra 1985-1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı seçilib. Respublika Qadınlar Şurasının sədr müavini olub. 2007-ci ilin mart ayında Aliyə xanım təhsil sahəsindəki xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

- Hər evin qibləsi var. Tale elə gətirib ki, mənim evimin qibləsi oxuduğum, müəllim işlədiyim və direktoru olduğum məktəbə baxır. Yeddi yaşından, təqaüdə çıxana qədər əvvəl şagird, sonra qiyabi təhsil ala-ala müəllim, daha sonra direktor olmağım mənim məktəbdən bir an belə ayrılmağıma imkan verməyib.

Sovetlər dönəmində, kolxozçulardan, fəhlələrdən millət vəkili daha çox seçilirdi. Əgər kolxozçulardan on-on beş nəfər vəkil seçilərdisə, respublika üzrə yalnız bir həkimin seçilmək imkanı var idi. Ziyalıların yalnız bir dəfə seçilmək imkanı var idi. Özü də müəllim namizəd mütləq qadın olmalı idi. SSRİ dövründə millət vəkilinə seçiləcək adamların ailə tərkibinə diqqət yetirirdilər. Ailədə ticarətçi, polis işçisi, cinayət məsuliyyətinə cəlb edilən bir nəfər də olmamalı idi. Seçiləcək adamın ziyalı ailədən və Bakıdan olması önəmli idi. Savad dairəsi və rus dili biliyi yoxlanılırdı. Namizədləri bu cür ələyib seçirdilər. Mən də bu cür ələnənlərin arasında idim və sona iki nəfər qalmışdıq. Səhərisi gün bizi Mərkəzi Komitəyə çağırdılar. Katib bizim hər ikimizlə söhbət edəndən sonra o biri namizəd qadını geri göndərdilər. Həmin gün axşam Heydər Əliyev məni qəbul elədi. Onun təsdiqinin səhəri günü qəzetlərdə mənim namizədliyimi irəli verməyim xəbəri yayıldı. Sonra özüm seçki kampaniyası yaratdım, seçicilərlə görüşdüm. Səsvermə oldu və mən seçildim.

Kifayət qədər qarışıq bir dönəmdə siyasi proseslərin içində olmuş millət vəkilindən iki ayrı-ayrı məclisin fərqlərini soruşdum. Dedi ki, SSRİ dövründə, bildiyiniz kimi  sözünü deməyə o qədər də imkan yox idi. Soruşanda ki, bəs təkliflərinizi necə, səsləndirə bildinizmi, dedi:

- Həmkarlar İttifaqının qurultayında müəllimlərlə bağlı iki təkliflə çıxış elədim. İclasın sonunda çıxış edən Heydər Əliyev iki yerdə mənim adımı çəkdi ki, xanım Təhmasib təkliflərində haqlıdır. Sonra mənim verdiyim hər iki təklif qəbul olundu və həyata keçirildi. Onlardan biri müəllimlər üçün sanatoriya-profilaktoriyanın tikilməsi, digəri isə müəllimlər evinin yaranması idi. Onların hər ikisi yarandı. Tarqovıy deyilən küçədə müəllimlər evi fəaliyyətə başladı. Müəllim evində istedadlı müəlimlər musiqi, rəsm dərnəklərinə yazılırdılar, asudə vaxtlarını səmərəli şəkildə keçirirdilər. Azərbaycan Qadınlar Şurasının sədri Əzizə Cəfərzadənin müavini idim. 1989-cu il, sentyabrın 19-da Moskvada SSRİ Qadınlar Şurasının iclası çağırılmışdı. Bütün müttəfiq respublikaların qadınlar şuralarının sədrləri ordaydı. Əzizə xanım xəstələndiyi üçün müavin kimi məni göndərmişdi. Toplantı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı deyildi.

Amma onların xislətinə bələd olduğuma və Mərkəzi Komitədən xəbərdarlıq aldığıma görə ora hazırlıqlı getmişdim. Həm Sumqayıt hadisələri ilə bağlı, həm Ermənistandan Azərbaycana gələn köçkünlərin avtobuslarının yandırılma fotoşəkillərini və digər məlumatları özümlə aparmışdım. Ermənistandan gələn sədr mikrofonu əlinə alan kimi, başladı ki, azərbaycanlılar bizə bu haqsızlığı edib, filan. Mən olduqca səbrlə dinlədim. Ermənistandan gələn nümayəndə çıxışını bitirəndən sonra söz mənə verildi. Mən erməni qadından fərqli olaraq qışqıra-qışqıra deyil, çox sakit tərzdə, zalda əyləşənlərə əslində, nələrin baş verdiyini, azərbaycanlıların heç də erməni qadının təqdim etdiyi kimi olmadıqlarını, əksinə bizim onlar tərəfindən hansı təzyiqlərə məruz qaldığımızı fotoşəkillərlə, faktlarla izah elədim. Qırx dəqiqəyə yaxın çıxışımda özümü saxlaya bilmirdim, gözümdən yaş sel kimi axırdı. İndi də danışanda tüklərim ürpənir. Mən şəkilləri zalda oturanlara paylamağa başlayanda erməni qadın yenidən qışqıraraq etiraz edəndə, sədr onu yerində oturdurtdu. Şəkillər paylananda buna dözməyib qapını nümayişkaranə şəkildə çırpıb zaldan çıxdı.

İclasdan sonra sədr Puxova da, digər qadın həmkarlarım da məni qucaqlayıb bizə dəstək olduqlarını bildirdilər.

Aliyə xanım doxsanıncı illərdə baş verən məlum hadisələri belə xatırlayır:

- Yanvarın iyirmisi idi. Filarmoniya tərəfdən insan axını məktəbin qabağına axışırdı. Nizami heykəli tərəfdən də tanklar gəlməyə başladı. Küçə boyu tank qoşunu irəliləyirdi. Mənim oğlanlarım, yuxarı sinif şagirdləri tankların qarşısında əl-ələ tutub dayanmışdılar ki, məktəbə toxunmasınlar. Qoşun insan axınını görəndə dayanıb, başladılar bizə atmağa. Bərk güllə-baran səsi aləmi götürdü. Amma heç kim bilmir ki, bu güllələr boşdu. İnsanlar qışqırışıb qaçışmağa başladı. Qaçıb məktəbin qapılarını taybatay açdım ki, insanlar gəlib doluşsunlar foyeyə. Arvad-uşaq bir-birini itələyə-itələyə məktəbə doluşub yerə uzandılar. Çıxıb bayırda oğlanlarımın adını çağırırdım. Onları tapa bilmirdim.

Mənim nələr çəkdiyimi təsəvvür edə bilməzsiniz. Bu ərəfədə rus əsgərləri elə gülürdülər ki, əlimdə silah olsaydı, atəş açardım. Ölən olmadığını biləndə anlamışdıq ki, güllələr boş imiş. Mənim bir məqam yadımdan çıxmırdı. Bir qoca müəllimə var idi, məktəbin foyesindəki seyfin arxasında gizlənmişdi. Məni çağırdı ki, Aliyə müəllimə, gəlin bura, sizi vurarlar. Onda bilmirəm nə qəhrəmanlıq hissi idi, mənim içimə dolmuşdu, qışqırırdım ki, mən bunların qarşısından qaçıb yerdə oturmaram. Bu mənim yadımdan heç çıxmır. O gün mən nə zərbə aldımsa, şəkər xəstəliyi tutdum.

İndinin özündə də insulinlə yaşayıram.

Kədərlənir. Sonra xatırladır ki, sonralar bir oğlu ağır xəstəlikdən sonra vəfat edib. Özünü toparlayıb xatirələrini danışmaqda davam edir:

- Çox çətin vəziyyətə düşmüşdüm. Özüm də millət vəkili idim, düşünmədim ki, buna görə mənə yuxarıdan söz gələ bilər. Mitinqdə tribunaya çıxıb çıxış elədim. Mandatımı yerə atıb dedim ki, mən bu qanlı sovetin deputatı olmaqdan imtina edirəm. Gecə saat on ikidə rəhmətlik Bəxtiyar Vahabzadə mənə zəng elədi ki, sabah səhər növbədənkənar sessiya çağırırıq. Bildirdim ki, mən mandatımı atmışam. Dedi, o mandatı hamımız atmışıq. Amma sabah mütləq sessiyada iştirak eləmək lazımdır.
 
Həmin gün bizi tanklar mühasirəyə aldılar. Bir nəfər də olsun bayıra çıxa bilməzdi. Biz müzakirələri mühasirədə, Elmira Qafarovanın sədrliyi ilə aparırdıq. Onda Moskvaya ultimatum hazırlayırdıq.

Ultimatumda deyilirdi ki, rus qoşunu Bakıdan hissə-hissə çıxarılmalıdır. Onda mən deyəndə ki, bəyanata “dərhal” sözü əlavə olunmalıdır, dedilər ki, biz başa düşürük ki, sən bunu hansı ağrı, həyəcan ilə deyirsən.

Amma bu boyda qoşunun birdən-birə çıxması mümkün deyil. Biz saatlarla mühasirədə qaldıq. Milli Məclisin foyesində gəzişəndə Zeynəb Xanlarova qapıda dayanan adamlarımıza əli ilə işarə elədi ki, acıq. Bir az keçmiş bizə qapının arasından çörək uzatdılar və biz o çörəyi ordaca parçalayıb yedik. Rus qoşunlarından əlavə, xalq cəbhəsinin adamları da bizi əhatəyə almışdılar. Onlar Milli Məclisi boykot eləmişdilər. Millət vəkillərini bəzi məsələlərdə günahkar bilirdilər. Demişdilər ki, burdan çıxan millət vəkilini daşqalaq edəcəyik. Saat artıq beş idi. Mən dedim ki, daş da atsalar, güllə də atsalar, burdan çıxacam, uşaqlarım evdə məni gözləyir. Mən çıxdım, heç kimi də qoymadım məni ötürsün. Heç kim heç nə demədi, heç bir təxribat törətmədi.

Deyir bu hadisələrdən hamı üzüağ çıxa bilmədi:

- İcra Hakimiyyətindən mənə zəng eləmişdilər ki, sənin səsin, nitqin yaxşıdı, get indiki İçərişəhərə, səni orda gözləyəcəklər. Orda camaata müraciət elə ki, rus qoşunu Bakıya girməyəcək, dağılışın evinizə. Bu sözləri diktor kimi, dövlətin adından deyəcəksən. Dedim, məni işdən çıxarsanız da bu sözləri deməyəcəyəm. Çünki mən özüm əmin deyiləm, qoşun gələcək, ya yox, başqalarına niyə yalan məlumat verməliyəm axı? Sonra başqa bir nəfərin səsi ilə bu məlumatı verdilər. Amma adamlar onsuz da dağılışmadı meydandan. Bilmirəm bu məlumatın yayılmasında məqsəd nə idi. Bəlkə də Qorbaçov Vəzirova belə tapşırıq vermişdi. Bu on doqquzu səhər olmuşdu. Camaat dağılışmadı və həmin gecə tanklar şəhərə girdi. Və mən Allaha şükür elədim ki, nə yaxşı şəhərə tankların girməyəcəyi xəbərini demədim, yoxsa özümü bağışlaya bilməyəcəkdim.

Bu gün Milli Məclisdə oturanların fəaliyyətindən nə dərəcədə razı qaldığını soruşuram. Deyir ki, son dövrlər deputatların fəallığından razıdı. Daha aktivdilər. Sözlərini deyə bilirlər. Sonra deyirəm ki, müəlliməniz və qaynananız Bilqeyis xanım haqqında demişdiniz ki, ən yaxşı müəllim o müəllimdir ki, onun haqqında hətta qırx il sonra belə danışırlar. Bəs o zaman ən yaxşı millət vəkili necə olmalıdır? Cavab verir ki, ən yaxşı millət vəkili elə adından da göründüyü kimi, millətinin vəkili olmalıdır. Sonra soruşuram ki, Aliyə xanım, müəllimlər necə, məktəblərdə sözlərini deyə bilirlərmi? Adətən direktorlardan çəkinirlər axı. Ümumiyyətlə, azad fikir daşıyıcıları olan müəllimlərimiz nə qədərdir?

- Bizim məktəbdə azad fikir olduqca önəmli olub. Mən direktorluğum müddətində bircə dəfə də olsun diktatorluq hallarına yol verməmişəm. Heç vaxt səsimi yüksələn tonda eşitməyiblər. Heç vaxt kiminsə hüququnu pozmamışam. Hər zaman məsələləri kollegial şəkildə həll eləmişəm. Məsələn, bir müəllim istəyirdi ki, biz ona iyirmi dörd saat dərs verək, halbuki, çox zəif müəllim idi, ona heç beş saat da dərs vermək olmazdı. Mən yenə həmkarlarımı çağırırdım, iclas keçirirdim, müəllimin dərslərində otururduq və ona izah edirdik ki, istədiklərinə layiq deyil. Sovetlər dövründən bəri məktəblərdə azad sözlə bağlı məsələdə xeyli irəliləyiş var. Amma yenə də, insanlar daha cəsarətli olmalıdırlar. Fikirlərini azad şəkildə deməlidirlər. Valideyn qorxmamalıdır ki, iradlarımı bildirsəm, şagirdlərimi incidə bilərlər və ya şagird çəkinməməlidir ki, hansısa fikrimə görə valideynimə söz gələr.

Təhsil müəssisələrində baş verən neqativ hallardan  söhbəti yayındıra bilmədik. Görək, bu sahədə saçını ağartmış Aliyə xanım necə düşünür, doğrudanmı məktəblərdə müxtəlif adlarla yığılan pulların səbəbi maaşın azlığı ilə bağlıdır?

- Maddi vəziyyəti çətin olduğuna görə müəllimlər var ki, rüşvət alırlar. Amma maddi vəziyyəti çox çətin olan, bəzən çörək almağa belə pulu çatmayan müəllimlər var ki, öldürsələr də bir manat belə rüşvət götürməz. Mənim müəllimlərim bunu etməzdilər. Mən də bu məktəbdə oxumuşam axı. Biz heç vaxt təsəvvürümüzə gətirməzdik ki, müəllimə şokolad qutusu vermək olar. Amma indi elə müəllimlər var ki, dilləri ilə tələb edirlər. Nə qədər qarşısını almağa çalışsam da, bu hallar mən işlədiyim məktəbdə də var idi. İndi də var, yəqin ki.

Tutaq ki, müəllimin maaşı qalxaraq min manat oldu. Müəllim var ki, o rüşvəti yenə alacaq. Onun üçün fərq etməyəcək. Elə vəzifəli adamlar var ki, onların pula ehtiyacları yoxdur, amma işə götürəndə rüşvət alırlar.

Mən də bilmirəm bunun çarəsini. Mən də bilmirəm nə etmək olar ki, bu kimi halların qarşısı tamam alınsın.
Məncə, rüşvət alan müəllimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır, bəlkə də onda gözləri qorxa. Amma son illər bu kimi hallar xeyli azalıb. Jalə Əliyeva, bilirsiniz ki, mənim şagirdim olub. Bəzən şagirdlərim görüşüb yığışır, müəllimlərini xatırlayırlar. Bəzən hansısa müəllimin adını belə çəkmək istəmirlər. Çünki əlaçılar belə o müəllimdən pul vermədiyinə görə yaxşı qiymət ala bilmirdilər. Belə adamlar azdır və bütün kollektiv ona nifrət edir. 132 nömrəli məktəbdə daha çox ziyalıların, yazıçıların, şairlərin övladları oxuyurdu. Müəllimlər onlarla bu barədə söhbətə girə bilməzdi. Buna görə də bu hallar olduqca az idi bizim məktəbdə.

Söhbətin mövzusu kişi müəllimlərin təhsil müəssisələrində nəzərəçarpacaq dərəcədə azlıq təşkil edilməsinə yönəlincə yenə gəlib maddi problemlərin üzərində dayanırıq. Yenə maaş, yenə pul...

- Son illər riyaziyyat, coğrafiya, tarix kimi fənlərdən hansısa məktəbdə kişi müəllimlərin olduğunu görməmişəm. Kişilər ailə saxlamaq üçün daha pullu sahələrə üz tuturlar.

- Sizcə müəllimin maaşı nə qədər olmalıdır?

- Məncə beş yüz manatdan başlamalıdır. Bu isə yaşamaq üşün çox azdır.

- İndi millət vəkillərindən yəqin ki, bu müsahibəni oxuyanlar olacaq. Müəllimlərlə, təhsillə bağlı hansı qanunların qəbul edilməsini, hansı problemlərin həll olunmasını istəyərsiniz?

- Çox istəyərdim ki, müəllimliyə yalnız gedim iki saat dərsimi deyim qaçım gəlim evə, kimi düşünən insanlar gəlməsin. Siz yəqin ki, mənim Bilqeyis müəlliməm haqqında danışdıqlarımı oxumusunuz. Bir aktyorun fanatı olmaq  kimidir mənim ona heyranlığım. Onu xatırlayanda həmişə canıma bir üşütmə gəlir.

Yalnız mən yox, bütün şagirdləri onu çox istəyirdi. Yəni insana gərək Allah tərəfindən vergi verilsin ki, o əsl müəllim olsun. Məsələn, mənim gəlinim də müəllimədir. Elə 132 nömrəli məktəbdə dərs deyir. İndi məktəbin ən yaxşı müəllimlərindən biridir. Anası danışır ki, bu uşaq olanda həyətdə uşaqları başına yığardı, qabağına bir taxta qoyub əlinə təbaşir alıb başlayardı uşaqlara dərs deməyə. Yəni bu tip adamlar başqa heç bir sahəyə getməzdi. Məni dəfələrlə müxtəlif vəzifələrə dəvət etmişdilər. Dəfələrlə rayon Təhsil şöbəsinə rəhbər təyin etmək istəyiblər. Dedim yox, mən heç vaxt kabinetdə oturub, məktəb direktorlarını yanıma çağıraraq göstəriş verə bilmərəm. Müəllimlik gərək uşaqlıqdan insanın içində böyüsün. Müəllim hər axşam sabahkı dərsə hazırlaşmalıdır. İndi hər gün bir yenilik olur, kurikulum, filan. Amma o vaxtlar bir təbaşir var idi, bir yazı lövhəsi. Amma necə gözəl müəllimlər yetişirdi. Yalnız məktəbi və təhsili düşünürdülər. Demirdilər ki, dərs tez qurtarsın qaçım gedim evə.

- Bəzi hallarda dərslərini də keçmirlər ki, şagirdlər repititor kimi yanlarına gəlsin. Elə bizim müəllimlərin arasında da belələri var idi.

- Uşaqlar da xeyli savadsızdılar. Məsələn, bu yaxınlarda on birinci sinif şagirdlərindən soruşdum ki, “Yevgeni Onegin”i kim yazıb? Tez telefonunu qurcalayıb cavab verir ki, Puşkin. Amma biz oxuyanda belə hallar ola bilməzdi. Nəinki, Puşkinin “Yevgeni Onegin”ini, onun bütün əsərlərini sinifdənxaric oxuyurduq, referatlar yazırdıq. İndiki nəsil ancaq test əzbərləyir. Ondan sonra da o suallar yaddan çıxır, beləliklə də beyində heç nə qalmır...

Sonra Aliyə xanım sevimli müəlliməsinin evinə necə gəlin köçməyini nağıl edir:

- Yeddinci sinifdə atamı, səkkizinci sinifdə anamı itirdim. Üç qız uşağına valideynsiz çox çətin idi. Hərçənd qohumlarımızla eyni həyətdə qalırdıq. İçərişəhərdə yaşadığım mülk babam tərəfindən tikdirilmişdi. Babam Kərbəlayi Xosrov məşhur adam idi və hələ Sovetlər Birliyi yaranmamışdı. Babam atam doğulanda İçərişəhərdə bir bina tikdirib. Böyük qala küçəsi 22, ordan keçsəniz bir baxın, binanın üstündə də balaca ərəb əlifbası ilə atamın adı və doğum tarixi yazılıb. Əmilərim də o həyətdə yaşayırdı. On birinci sinfi bitirəndən sonra müəlliməm Bilqeyis xanımın evinə gəlin köçdüm.

- Bəs millət vəkilliyinə namizədliyiniz veriləndə yoldaşınız etiraz eləmədi ki?

- Ədəbiyyatşünas alim, folklorşünas Məmmədhüseyn Təhmasib mənim qaynatam idi. Bilqeyis xanımla bir-birlərinə olduqca tən adamlar idilər. Mən evdə Bilqeyis xanımın hər hərəkətini izləyirdim. O mənimlə davrandığı kimi, mən də gəlinimlə davranıram. Bu cür ailədə böyüyən uşaqlar heç vaxt buna etiraz edə bilməzdilər. Əksinə yoldaşım da mənimlə tədbirlərə, iclaslara gedirdi.

Bir çox ailələrdə çox ciddi problemlərdən olan gəlin-qaynana münasibətlərindən danışdı:

- Birinci növbədə gəlini sevməlisən. Gəlini bütün qüsurları və üstünlükləri ilə qəbul eləməlisən. Çünki qızım olsaydı, qızımın da qüsurları olacaqdı. Qüsursuz insan yoxdur. Getdiyi evdə onun qaynanası qızımın qüsurlarını üzə vursaydı, mən nə vəziyyətə düşərdim? Oğlum o qızı sevib, mən də oğlumun xoşbəxt olmasını istəyirəm. Ana müdaxilə edəndə aləm qarışır. Ona görə də gəlini sevmək lazımdır və gəlin hiss eləməlidir ki, bu sevgi səmimidir. Yalandan “ordan oturma, burdan otur” olmamalıdır. Bu baxımdan çox rahat olmuşam. Mənə gəlincə, bizdə gəlin-qaynana münasibəti olmayıb. Mənim Bilqeyis müəllimənin evinə gəlin getməyim elə bir xoşbəxtlik idi ki, hansısa şahın oğlu ilə evlənmək məni o qədər sevindirə bilməzdi. Başımı onun dizinə qoya bilirdimsə, o da barmaqları ilə saçımı oxşayırdısa, mənim üçün bundan gözəl hiss ola bilməzdi. O çox müdrik qadın idi. Yoldaşım işdən gələndə dönüb anasına baş çəkirdi. İçəri girəndə onu xörəyin xoş ətri vururdu. Yoldaşım anasından soruşanda ki, nə bişirmisən, deyirmiş ki, Aliyə indi xörək bişirib, səni gözləyir. Burda yesən, evdə yemək yeyə bilməyəcəksən. Bir dəfə də yolda yoldaşımın köynəyinin düyməsi düşüb. Dönüb anasıgilə ki, anası düyməni tiksin. Onu tikməmişdi ki, mən onu başqa cür başa düşərəm. Belə bir adamla mənim nə söhbətim düşə bilərdi ki? O hətta evdəki bacısına tapşırmışdı ki, Aliyənin yanında ana söhbəti eləməyin.

- Ananız yadınıza düşür indi?

- Əlbəttə, yadıma düşür. Ona məktublar yazıram...

 





06.04.2015    çap et  çap et