525.Az

Yaxın, uzaq körpülər


 

Rəşad Məcidə

Yaxın, uzaq körpülər<b style="color:red"></b>

Şair-bəstəkar Davide Qualtieri Milan Universitetinin professorudur. Azərbaycan ədəbiyyatının yaxın dostudur. Azərbaycanın Xalq şairləri Məmməd Arazın, Fikrət Qocanın şeirlərini italyancaya çevirib. Hazırda D.Qualtieri Rəşad Məcidin şeirlərini italyan dilinə tərcümə edir. Bəstəkar həmçinin şeirlərə musiqi də bəstələyib. Bu il Milanda R.Məcidin kitabının təqdimatı və D.Qualtierinin bəstələdiyi musiqilərdən ibarət konsert olacaq. Elə bu şeirlərin tərcüməsi üzərində çalışarkən Davide Qualtieri Rəşad Məcidə şeir də ithaf edib. Həmin şeiri “525”in oxucularına təqdim edirik.

Öncə özümdən  başlayım, Rəşad!
Mənim ömür hekayətim
Körpü olsun söhbətimə.

Çətində bərkiyər kişi.
Hərbidə
 mətinləşdim mən də.
Laurentinada
Cəsur bir əsgərdim,
hazırdım hər əmrə.
Gərəksə, atıcı, nişançı,
gərəksə,  minaaxtaran,
diversant.
Bəzən də tikir, qururdum.
Körpü salırdım,
Ağır panellər daşıyırdım.
Bir sözlə,
cin kimi bacarıqlı,
canım da polad kimi.
Asan alışdım hər şeyə,
Mənə arxa, qardaş oldu
sardinyalı, siciliyalı oğlanlar.

Kasıb gözütox olar, Rəşad!
Biz həm də ürəkliydik.
Qənaətlə yığdığımız pulları
boşuna xərcləməzdik.
Ağrılı taleləri
bir az yüngülləşsin deyə,
kiçik məvacibimizi hər ay
dul analarımıza göndərərdik.

Əsgərlik məktəb oldu mənə,
silah tutmağı,
körpü salmağı öyrəndim.
Dünyanın ən gözəl peşəsini-
başqalarını düşünməyi,
özünü unudub da,
özgənin dərdini çəkməyi öyrəndim.
Sevgimlə körpü saldım ürəklərə.
Eyib deyil öyrənmək.
Yaxında, ya uzaqda,
harada insan varsa,
o insanın üzündə nur,
İçində İNSAN  varsa,
O İnsandan öyrəndim.

İnsan olmaq şərəfini
əyilsə də, çiyinləri
ağır yük daşımaqdan,
üzlərindən gülüş,
ürəklərindən nəğmə daşan
Sardinyalı,
Siciliyalı qardaşlardan öyrəndim.

Yenə körpü salıram, Rəşad!
İllər öncə
Laurentinada saldığım körpü
Dünyanın bu başından
o başına uzanır indi.
Bəşər çayı üstündən,
Həyat çayı üstündən keçir
Dünyada ən uzun körpü.

O körpüdən sənə səslənirəm!
Nə qədər səsində güc var,
İlham çağlayır ürəyində,
Əlində qələm var,
Susma, yaz, anlat.
Başı qallı ölkənin
ötəsini, indisini anlat.
Anlasın, duysun dünya!
Əsarətdən istiqlala
uzanan yolu,
hələ də bitməyən
qanlı savaşı anlat.
Ən yaxşı elçidir dünyada,
Ən yaxşı körpüdür şeir, sənət.

İtalyancadan sətri tərcümə:
Mais Nuriyev,
Bədii tərcümə: 
Bəsti Əlibəyli

 





06.04.2015    çap et  çap et