525.Az

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq sənədi imzalayıb


 

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq sənədi imzalayıb<b style="color:red"></b>

Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu ilə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi  İdarə Heyətinin sədri Namiq Şahpələngovun görüşü olub.

Hər iki mərkəzin fəaliyyətinin əlaqələndirilməsi imkanları, bu imkanların layihələşdirlməsi, əməli işə keçməsi perspektivləri müzakirə edilən görüşün sonunda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi arasında Memorandum imzalanıb.

Memorandum bir çox ortaq fəaliyyət istiqamətləri ilə yanaşı Rusiyada yaşayan azərbaycanlılara rus mədəniyyətini  milli dildə tanıtmağı, çağdaş rus ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə, nəşr və təbliğ edilməsini, çağdaş Azərbaycan ədəbiyyatını rus dilində nəşr və təbliğ etməyi, Rusiyada yaşayan azərbaycanlılarla Azərbaycanda yaşayan ruslar arasında ardıcıl mədəni dialoqa nail olunmasına dəstək verilməsini, görüşlər və yaradıcılıq gecələri, müzakirələrin təşkilini də əhatə edir.

Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi İdarə Heyətinin sədri Namiq Şahpələgov görüşdən və imzalanan sənəddən məmnun qaldığını, bu Memorandumun hər iki Mərkəzin fəlaiyyətinin ortaq və daha səmərəli nəticə verəcəyinə əminliyini ifadə edib: “Heç şübhəsiz ki, bizim fəaliyyətimizi əlaqələndirməyimiz hər iki Mərkəzin gücünə gec qatacaq. Sonucda isə bu, mədəniyyətlərin, ədəbiyyatların yaxınlaşmasına, kiçik də olsa, töhfə verəcək”.

Səlim Babullaoğlu bildirib ki, bu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin imzaladığı üçüncü beynəlxalq sənəddir: “Bundan əvvəl biz Serbiya Yazıçılar Birliyi, Ukraynanın “Vsesvit” jurnalı ilə əməkdaşlıq sənədləri imzalamışdıq. Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi ilə imzaladığımız bu Memorandum bizim üçün xüsusilə qiymətlidir.

Belə ki, indiyə qədər və uzun bir dönəm dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevrilməsi işi, ümumiyyətlə, bizim dünya ədəbiyyatı ilə tanışlığımız daha çox Rusiya və rus dili vasitəsi ilə olub. Rus dili və Rusiya bizim üçün eyni zamanda öz milli ədəbiyyatımızı tanıtmaq üçün ən böyük imkanlardan və qapılardan olub. Rusiya ədəbiyyatının bu gün də dünya ədəbi prosesində xüsusi rolu var. Başqa tərəfdən, Rusiyada milyondan artıq azərbaycanlı, həmvətənimiz yaşayır. Biz bütün bunları unutmamamlı, bu istiqamətdə işləməliyik. Görüşdə bütün bunlarla bağlı fikirlərimizi bölüşdük, müzakirə apardıq. Lap yaxın zamanlarda əməkdaşlıq özünün ilk və pozitiv nəticələrini verəcək”.

Aytən HEYDƏROVA

 





06.04.2015    çap et  çap et