525.Az

YARAT-ın yeni sənət layihəsi


 

YARAT-ın yeni sənət layihəsi<b style="color:red"></b>

YARAT Müasir İncəsənət Məkanı və Litvanın "Arts Printing House" Mərkəzi ilə birlikdə "Müasir?" ("Contemporary?") adlı performansı təqdim edəcəklər. Artıq "Qızıl səhnə xaçı" ilə təltif olunmuş (2013) bu rəqs tamaşası aprelin 14-də Dövlət Rus Dram Teatrında nümayiş etdiriləcək. Aprelin 15-də isə performans ifaçılarından biri olan Agne Ramanauskaite tərəfindən rəqs məşğələsi də keçiriləcək.

İlk tamaşası "Arts Printing House" Mərkəzində 2013-cü ildə baş tutmuş bu 60 dəqiqəlik əsər Litvanın müasir rəqs mənzərəsini hədəfə alaraq, rəqs, xoreoqrafiya və səhnələşdirmə prosesinin daxilindən həmin mövzuya nəzər salır. Yumor və fiziki hərəkətlər vasitəsilə "Contemporary?" performansı tamaşaçılar qarşısında "Bu günün müasir rəqsi nədir?", "Onun səhnələşdirməsi necə olmalıdır?", bir də özünə qarşı istehza ilə səslənərək "Rəqsi anlamaq tamaşaçının nəyinə lazımdır?" kimi suallar qoyur.

Əsər üzərində düşünərək ona quruluş verib ifa edənlər 16 il ərzində 30-dan artıq səhnə obrazı yaratmış adlı-sanlı Litva rəqqası və xoreoqrafı Mantas Stabaeinskas, litvalı rəqqasə, aktrisa və pedaqoq, Litva Teatr və Musiqi Akademiyasının məzunu Agne Ramanauskaite və litvalı rəqqas, aktyor, 2010-cu ilin "Ən yaxşı gənc aktyor" teatr mükafatının nominantı Paulius Tamoledir. "Contemporary?" performansı artıq beynəlxalq miqyasda da təqdim olunub, o cümlədən, Almaniya və Estoniya kimi ölkələrdə nümayiş etdirilib.

Agne Ramanauskaitenin aprelin 15-də keçəcəyi rəqs məşğələsi tələbələrin təbii və ixtiyarsız hərəkət hissini gücləndirməli, "rəqs lüğəti"ni zənginləşdirmək üçün onlara müasir rəqs texnikalarını öyrətməlidir.

Aprelin 14-də təqdim olunacaq performans üçün biletləri Rus Dram Teatrından əldə etmək olar. Aprelin 15-də keçiriləcək rəqs məşğələsi isə peşəkar rəqqaslar və aktyorlar üçün nəzərdə tutulub. İştirak barədə məlumat [email protected] ünvanına göndərilməklə öncədən təsdiqlənməlidir.

S.ABDULLAYEVA

 





07.04.2015    çap et  çap et