525.Az

Musa Aslanxanlının şeirləri


 

Musa Aslanxanlının <b style="color:red">şeirləri</b>

BİR DURNA QATARI - ÜZÜ QÜRBƏTƏ...

Dərdimi dilimə gətirəmmədim,
Günlərim sovuşdu haraysız, haysız.
Ləngidim, gecikdim...sonda təkliyim -
Qaldı qar üstündə bir yarpaq payız.

Bir vaxt üstümüzdən əsdi küləklər,
Çiçəkdin - küləkmi qopardi səni?
Bəlkə də durnalar çəkdi gözünü,
Bir durna qatarı apardı səni.

Hardasan, ömrümə dönməyin güman,
Göy üzü sözümü söylər nə qədər.
Sən demə, gileymiş üstümə yağan,
Məndən gileyliymiş göylər nə qədər.

Bir budaq payıza çevrilər zaman,
Bir durna qatarı - qayğılı illər.
Keçər o payızdan, o qayğılardan.
Qayıdar üstümə ağrılı illər.

Bir durna qatarı - üzü qürbətə,
Mən də öz yükümü daşıyım belə.
Durnam, sən sinəni axına tut,uç,
Mən köksü yaralı yaşayım belə...

ÇÖLLƏR

Çöllərin çiçəyi,yağışı, seli...
O vaxtdan gör neçə illər keçibdi.
Dönüb bir həsrətə, nisgilə indi
Ayağım altından çöllər keçibdi.

Qaynayıb sinəsi günəşlə birgə,
Günəşli günlərin pətəyi - çöllər...
Dağlar bir arxalıq geyinib bəlkə
Barlı-bərəkətli ətəyi - çöllər...

Torpaqdı - bəhrələn, torpaqdı - becər,
Sinəmdə göyərər, bitər naxışlar...
Bulud kölgələri üstümdən keçər,
Hardasa əriyər, itər naxışlar.

Köç gedib dağlara... kövrəlmişəm mən,
Bir həsrət köçü var illərdə bəlkə.
Bir az barınmışam nemətlərindən,
Sınaqdan keçmişəm çöllərdə bəlkə.

Tapdanar bir dilək, solar bir yarpaq,
Sığınar könlümə qayğılar mənim.
Görsəm bir çiçək var - könüldən uzaq,
O çöllər ömrümə qayıdar mənim.

Dumana dönəydim, bacara bilsəm,
O yurd yerlərini sinəmə sıxım.
Yovşanlı çöllərin ətrin gəzirəm,
Yataq qoxusundan arınıb çıxım...

KAŞ  MƏNDƏN DÖNMƏSİN ÜZÜ DAĞLARIN

O ucqarlardan yurd həsrətli şeirlərini gözləyirik deyənlərə

Nə vaxtdır başıma fırlanır aləm,
Qalıb yaddaşımda sözü dağların.
Uludan, ərəndən yazar hər qələm
Bilməzmi doludur gözü dağların?!

Gün düşüb sinəsi dürdü hardasa,
Həyatdı - Arazdı, Kürdü hardasa,
Bilinən-bilinməz sirdi hardasa,
Qəfil sırsırası, sisi dağların.

Bəlkə üz qoymalı üz itirmişəm,
Dan yerini görən göz itirmişəm,
Cığır itirmişəm, iz itirmişəm,
Gör harda qalıbdır izi dağların?
Həsrəti, ağrısı dağ oldu elə,
Ağrını sinəmdən indi kim silə...
Görüşsək dərdimi,  gül nəfəsiylə
Can deyib almazmı özü dağların?!

Yaxşı bax, ay Musa,  çəndən amandır...
Bu necə yanmaqdır  gendən, amandır!
Kaş dağlar sınmasın səndən, amandır,
Kaş səndən dönməsin üzü dağların!

BU YOLDA

Ruhumu əzmirsə, ayaqlamırsa,
Ötənlə, keçənlə barışmağım var.
Duman var, sürünür üzü yurduma,
Sürünüb dumana qarışmağım var.

Haqqa, həqiqətə qul oluram mən,
Bir şeh damlasıtək duruluram mən.
Hərdən arılara qoşuluram mən,
Hərdən çiçəklərlə danışmağım var.

Bilirəm, qarışır durum hardasa,
Çətin, yalanları udum hardasa.
Bəlkə də azalıb nurum hardasa
Yenidən üfüqdə alışmağım var!

Biçili-biçisiz xəyallar çoxdu.
Qayğılar qış olsun, ya bahar, çoxdu.
Qarşımda cavabsız suallar çoxdu,
Hələ ki, bir üzdən çalışmağım var.

Yenildim oyunla... qalxacam necə?
Kaş dönə biləydim qüdrətə, gücə!...
Qarşıda sınaqlar... çıxacam necə? -
Bu yolda... özümlə vuruşmağım var!

HARDASAN?

Gəl qəlbimin yaz havası,
Dərdlərə qənim, hardasan?
Köküm, gövdəm, ucalığım,
Vüqarım mənim, hardasan?

Yadlaramı satılmısan...
Alağamı qatılmısan?
Şoranamı atılmısan,
Saf, qızıl dənim, hardasan?
Neçə namərd haqqı dandı,
Şər də bir od alovlandı.
Yoxsa dilim  buxovlandı,
Dil-dil ötənim, hardasan?

Tarixdimi bu iz, ləpir,
Varlığımı üzüb gedir,
Ruhum sınır, küsüb gedir,
Ölmüş bədənim, hardasan?

Sındıq könül talanından,
Nakəslərin yalanından.
Gəl çıx vaxtın toranından,
Gözdən itənim, hardasan?

Qorunan haqq-diriliyim,
Vətən-Vətəndaş birliyim!
Daş, harayım, daş, kürlüyüm,
Bütöv Vətənim, hardasan?
lll
Ağ yalanlar tarixdə
Qara ləkəyə dönmüş.
O ağlardan üzümüz
Ağararmı, güman yox...

Dərdlərimizdən yazaq,
Təzə-köhnə, bax ancaq.
Dərman özümüzdədir
Özgələrdə dərman yox.

Elə bulanıq su var
Durultmaz durulducu.
Başdan gəlirsə o su
Durularmı, güman yox.

Bizi izləyir zaman,
Mübarizləş, ey cavan!
Bu yolu tut, bu yoldan
Çıxsaq bizə aman yox..

SEVGİ ÜZÜYƏ DÖNSÜN

Sevgimizə qarşılıq -
Barmağında bir üzük,
Ömrümə beləcə gəl.
O üzüyün qaşından
Ömrə-günə qarışan
Bir damla nur nə gözəl!
Ömrümə beləcə gəl!
Qoy bir az sadə olsun,
Nə eybi var o üzük.
dəyər bir ayrı dəyər...
Nuru xəmrə, çörəyə
qarışsın axşam, səhər...

Hiss etmirsən bəlkə də
iş-güc sənlə bəxtiyar
Sənin əlindən keçən
xırda-böyük işlərə
qarışan bir işıq var.

Günlər belə işıqlı
Sular beləcə duru,
Sən o işığı qoru,
Sən o sevgini qoru!...
lll
Xəyalım süzüb gedir
Qoşulub buludlara.
Məni sən aparırsan
Bir de, əzizim, hara?

Bu buludlu, günəşli
Göy üzü bizdən keçir.
Salam verək beləcə
Qoy gələcək çağlara!

Buludların ardından
İşıq süzülüb gələr.
O işıq bizdən keçib
Dönər yaşıllıqlara!...

KÖRPÜNÜN ORTASINDA

Gəldik,
Körpünün ortasınadək,
Körpünün ortasındayıq indi.
Gözləyirik, gələn olacaqmı -
Qarşı  tərəfdən...
Saata baxmağın vaxtı deyilmi?

OCAQ

Bir gözəllik var uzaqda,
Məni isidər-isitməz,
Nə desəm yalan olar.
Yaxınlıqda bir ocaq var
Qış gününün soyuğuna belə
meydan oxuyacaq
bir ocaq...
qoruya bilsəm...

lll

Üstümə gələn nədir,
Kimdən gözlədim xətir.
Ömür - gün batıb gedir,
Ağır sükut içində.

Gündüzlərim bir anlıq,
Gecələrim amanlıq-
Odur... sirli aydınlıq
Yağır sükut içində...

Hanı bahar aylarım,
Nə səslər, nə haylarım.
Qaldımı haraylarım
Axır sükut içində?

Musa, bu gün nəyin var?
Bir az gücün, heyin var...
Bəlkə ruh köməyin var.
Çağır, sükut içində.

YAŞAR MƏNİM SİNƏMDƏ

Çaşqınlıq da bir zaval,
Qal, ey işıq, mənlə qal!
Gah gerçəklik, gah xəyal
Çaşar mənim sinəmdə.

Uğur varmı xəyalla,
Bu gedişlə, bu halla...
Haray sonuncu balla
Daşar mənim sinəmdə.

Dolandıq əyri çərxə,
Layiq bizikmi fəxrə?
Kim illəri tarixə
Qoşar mənim sinəmdə?

Boğmalıdır haqq şəri!-
Yurdumun igidləri
Qalxar, aşar sədləri
Aşar... mənim sinəmdə!

Səsimi duy, alış, yan,
Canım-yurddan kəsik can
Neçə yaralı məkan...
Yaşar mənim sinəmdə.

 





07.04.2015    çap et  çap et