525.Az

Gülbala Teymurun şeirləri


 

Gülbala Teymurun <b style="color:red">şeirləri </b>

BU DA ALTMIŞ

Bu da altmış......
Qovşağın astanası.
Ömrün gəliri, çıxarı.
Vaqif Səmədoğlundan 15 il aşağı,
Səməd Vurğundan 10 il yuxarı.
Bu da altmış...
Elə sanırdım, yel əsib
qoz töküləcək ətəyimə.
elə düşünürdüm küləklər
bal gətirəcək hördüyüm pətəyimə.
Nə qoz töküldü,
nə də bal gəldi.
əksinə, üstümə 
cavabını tapa bilmədiyim
neçə-neçə sual gəldi.
Sən demə, bu yaş
Məşədi İbadın aldadıldığı,
Məmməd Həsən kişinin
eşşəyinin itdiyi,
Şeyx Nəsrullahın
ölü diriltdiyi yaş imiş.
Bu da altmış...
Günün günortadan keçən,
Buğdanın yetişən,
Yarpağın budaqdan düşən vaxtı.
dayandırmaqmı olar
bu ağır lokomotivin apardığı
sonu görünməz  qatarı?
Saxlamaqmı olar daşı da,
insanı da aparan bu seli?
Yox, qatar da gedəcək,
sel də axacaq-
min illər olduğu kimi.
Fəqət yaxşılıq və insanlıq qalacaq-
Elə qaldığı kimi.
                         
O SƏS MÖCÜZƏYDİ...

Ruhun şad olsun, Sabir Mirzəyev!

O səs möcüzəydi, saldın heyrətə,
Tapmışdın kökünü, əslini onun.
"Çahargah" o səslə çatdı şöhrətə,
Çəkdin könüllərə rəsmini onun.

Səni çəkəmmədi dünyanın varı.
Səs oldu könlünün,ömrünün yarı,
Dildə dastan etdin "Bəstənigar"ı,
Sevdirdin hamıya ismini onun

Muğam tanrı eşqi, işıq, yol idi,
Min illər bitməyən bir nağıl idi.
Ruhu işıq idi, aydınlıq idi,
Sən nura boyadın cismini onun.

Qonaq oldum

Kəlbəcərə qonaq oldum,
Bürünmüşdü nura dağlar.
Onda dünya başqa idi,
Geyməmişdi qara dağlar.

Yetmiş beşin yayı idi,
İyul-avqust ayı idi.
Coşan Tərtər çayı idi,
Durub baxan sıra dağlar.
Çobanoğlu Aydın vardı,
Sözə mehman, saza yardı.
Nə görmüşdüm, sizdə qaldı,
Nə gətirdim bura, dağlar?

Ceyranbulaq, Taxtalı düz,
Qoydu min-min könüldə iz.
Düşmən gözə ox idiniz,
Niyə düşdüz tora dağlar?

lll

Aşıq Şəmşir, mən də gəldim,
Sənin izin qalan yerə.
Gözəlliyin at oynadıb,
Əqli başdan alan yerə.

Ustadlara sədaqətdi,
Fəxarətdi, şərafətdi.
Bu səfərim ziyarətdi,
Səməd Vurğun gələn yerə.

Dəlidağa həyat gəldi,
Müjdə gəldi, barat gəldi.
El yığılıb-elat gəldi,
Tərtər haray salan yerə.

Saz danışdı - hara getdim,
Söz içində batdım, itdim.
Min könüldən səcdə etdim,
Şeir, sənət olan yerə.

Söz əkdiniz, söz göyərdi.
Bar verməyən söz hədərdi.
Şair - Sənsən, Ələsgərdi,
Biz yazırıq yalan yerə.

lll

İlahi, bu yuxu, yoxsa həqiqət,
Bu nədir, görünür yollarım üstə?
Bir afət görürəm - adı məhəbbət,
Ürəyim can verir qollarım üstə.
lll

Gələcəyəm, gözlə məni,
Qoy hələ bir bu yaz keçsin.
Darıxmışam mən də sənsiz,
Səbr eyləyək, bir az keçsin.
Payız ötüb qışa dönsün,
Ürəyimiz yarpaq üstə
Qanadlanıb quşa dönsün,
İstəmirəm tez açılan çiçəkləri,
Vaxtsız gəlir, vaxtsız gedir-
İlk baharda xəzəl olur.
Qoy uzansın həsrətimiz-
Sevgi onda gəzəl olur.

lll

Ayrıldıq payızda, yağışlı gündə,
O günün çoxusu yadıma gəlir.
Günah nə səndəymiş, nə də ki məndə,
Yağışdan ayrılıq qoxusu gəlir.
                                             
lll

Səslərin içindən tanınan səs,
Min gözün arasından baxan göz...
Vaxtında atılan güllə,
Yerində deyilən söz.
Yüz tərif, min alqış-
Avqustda yağan yağış!

lll

Oğlum Fərmana

Dağın bu tərəfi güldü,çiçəkdi,
Dağın o tərəfi boran, qar, oğlum.
Sənə yalan dünya hələ xoş gələr,
Sənin bilmədiyin çox şey var, oğlum.

Gördük hər üzünü, sözünü bizlər,
Ört-basdır eyləyib, izini gizlər.
Əvvəl dilə tutub, səni əzizlər,
Sonra gizlin-gizlin ağladar, oğlum.

Nə yalana qarış, nə gücə söykən,
Hər əsən küləyə oynatma yelkən.
Yola kim çıxarsa hamıdan erkən,
Məqsədə yetişər, o çatar, oğlum.

İnanma, mayası yoxdu, yalandı,
Mələk qiyafətli şahmar ilandı.
Hər nə var, puç edib, özü qalandı,
Hamını beləcə aldadar, oğlum.

Xalq şairi Rəsul Rzaya

Sətirlərin qranit - nə saralır, nə solur,
Sözlərin, fikirlərin oxunduqca təzə, tər.
Sərt insanlar, nədənsə, həmişə təmiz olur,
Odur ki, qayaların köksündə çiçək bitər.

Bəxtiyar öldü...

(Məhəmməd Hüseyn Şəhriyara məktub)

Ey dərdi özündən, özü dərddən qoca şair,
Heydərbabadan, qarlı Kəpəzdən uca şair.
Bu dərdi sənə söyləməyim mən necə, şair,
Ağlatdı bütün milləti, tək bir özü güldü.
Bəxtiyar öldü.

Söylərdi: azad olmasa bir xalq, üzü gülməz,
Yandırdı "Gülüstan" ocağın ki, daha sönməz.
Getdi, o azadlıq quşu bir də geri dönməz,
Sağkən sözünə qalxdı vətən, çünki sevildi.
Bəxtiyar oldü.


Sən getdin, o keçdi Arazı, ağladı, gəldi,
Sürtdü üzünü qəbrinə, qəlb dağladı, gəldi.
Coşdu ürəyi, oldu dəniz, çağladı, gəldi
Dünyaya baş əyməzdi o, bir Haqqa əyildi -
Xalqın sözü, şeirin gözü O - Bəxtiyar öldü.
Bəxtiyar öldü...

Gülbala TEYMUR

 





08.04.2015    çap et  çap et