525.Az

Əziz Şərifin 120 illiyi elmi konfransla qeyd edilib


 

Əziz Şərifin 120 illiyi elmi konfransla qeyd edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin anadan olmasının  120 illiyinə həsr olunmuş "Böyük ədəbiyyatşünaslıq missiyası və müasirlik" mövzusunda elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq görkəmli alimin şərəfli həyat yolu və Azərbaycan ədəbiyyatşünaslıq elmində tutduğu böyük mövqeyi, şəxsi münasibətləri haqqında geniş və əhatəli məlumat verib. Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun böyük maarifçi alim Əziz Şərifin anadan olmasının 120 illik yubileyi ilə bağlı imzaladığı 26 yanvar 2015-ci il tarixli sərəncamı üzrə muxtar respublikada bir sıra tədbirlərin keçirildiyini, atası tanınmış maarifçi ziyalı Qurbanəli Şərifzadənin də daxil olduğu məzarlıqda memarlıq kompleksinin yaradıldığını, "Naxçıvan" jurnalının xüsusi sayının nəşr edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, professor Əziz Şərifin həyatının və elmi fəaliyyətinin böyük bir hissəsinin Rusiyada keçməsinə baxmayaraq, Azərbaycana çox bağlı bir ziyalı idi və XX əsr Azərbaycan ədəbi mühitinin, ictimai fikir tarixinin dərin bilicisi və iştirakçısı və böyük tədqiqatçısı kimi Əziz Şərifin mühüm xidmətləri olub. Əziz Şərif Azərbaycan mollanəsrəddinşünaslığının əsas yaradıcılarındandır. İsa Həbibbəyli deyib:

"Əziz Şərif M.F.Axundovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, C.Cabbarlının  əsərlərinini  rus dilinə etdiyi mükəmməl tərcümələri ilə Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınması istiqamətində çox əhəmiyyətli bir səhifə açmışdır. Yüksək mənəvi keyfiyyətləri ilə də ideal şəxsiyyət olan Əziz Şərif böyük alimlik və yüksək vətəndaşlıq  missiyasını şərəflə yerinə yetirmişdir".

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, filologiya üzrə fəlsəfə doktoru  Razim Məmmədov, filologiya üzrə elmlər doktoru, professor Fəridə Vəlixanova, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov Əziz Şərifin zəngin həyatı və yaradıcılıq yolu, pedaqoji fəaliyyəti, şəxsi münasibətləri haqqında geniş söhbət açıblar. 

Çıxışlarda görkəmli alimin ədəbiyyatşünaslığın müxtəlif istiqamətləri üzrə elmi yaradıcılığı, rus dilindən Azərbaycan dilinə, eləcə də Azərbaycan dilindən rus dilinə etdiyi bədii tərcümələri, cəfakeş pedaqoji və ictimai fəaliyyəti, qayğıkeş ziyalı obrazı  haqqında dəyərli fikirlər söylənilib. Filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədov bildirib ki, o, hal-hazırda Əziz Şərifin yaradıcılığı haqqında doktorluq dissertasiyası üzərində çalışır. Maraqlı məqamlardan biri də, uzun illər öncə gənclik illərində İsa Həbibbəylinin Əziz Şərifə  göndərdiyi məktubun Razim Məmmədov tərəfindən tapılan əslinin konfrans iştirakçılarına oxunması olub.

Tədbirin sonunda "Avropa nəşri mətbu evi"nin nümayəndəsi Sahilə Mirzəqızı Azərbaycan ədəbiyyatşünaslığının inkişafında  göstərdiyi  fəaliyyətinə görə professor Fəridə Vəlixanovaya medal və diplom təqdim edib.

Tədbirdə böyük alim Əziz Şərifin həyat və yaradıcılığını əks etdirən foto-slayd nümayiş olunub.

Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları və kütləvi informasiya qurumlarının nümayəndələri iştirak ediblər.

 





09.04.2015    çap et  çap et