525.Az

Şairə Fərqanə Mehdiyeva Gənc Ədiblər Məktəbinin qonağı olub


 

Şairə Fərqanə Mehdiyeva Gənc Ədiblər Məktəbinin qonağı olub<b style="color:red"></b>

Aprelin 8-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.

Məktəbin budəfəki qonağı "Ulduz" jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva olub.

Tədbiri giriş sözü ilə açan AYB-nin gənclər üzrə katibi Rəşad Məcid Fərqanə xanımın gənclərin sevimlisi olduğunu qeyd edib:

"Fərqanə Mehdiyeva "Ulduz"un poeziya şöbəsinin rəhbəri olmaqla yanaşı, həm də çox gözəl şairdir.

Kövrək, nostalji dolu poeziya dünyası var. O, xüsusən gənclər tərəfindən çox sevilir, onlara həmişə böyük diqqət, qayğıyla yanaşır, onlara stimul verir, çap olunmalarında, tanınmalarında yardımını əsirgəmir.

Fərqanə xanım 1981-ci ildən dövri mətbuatda davamlı olaraq çıxış edir. "Çəkdiklərim mənə bəsdir", "Deyirlər şirindi dünya", "Payızın yanında gözlərsən məni" kimi kitabları işıq üzü görüb".

GƏM-in koordinatoru, şair Emin Piri F.Mehdiyevanın yaradıcılığından, onun ədəbiyyatda tutduğu mövqedən, şeirə, sözə münasibətindən danışıb:

"Fərqanə xanım qadın yazarlar arasında özünəməxsus yer tutur. Onun poeziyası ən adi məsələlərə fərqli aspektdən yanaşma tərzi ilə seçilir. Gündəlik qarşılaşdığımız məişət hadisələrini oxucuya elə çatdırır ki, heyran qalmamaq mümkün deyil".

Emin Piridən sonra söz alan tənqidçi Əsəd Cahangir Fərqanə Mehdiyevanı bir qələm sahibi kimi səciyyələndirən cəhətlərdən danışıb:

"Sənətkar bütün mövcudiyyət formalarını özündə birləşdirə bilən və eyni zamanda, özü olaraq qala bilən adamdır.

Mənə elə gəlir ki, Fərqanə xanım öz şeirlərində bunu bacarıb. Belə bir yanaşma var ki, poeziya ancaq gözəl nəsnələrdən yaranmalıdır. Məncə, bunda həqiqət var. Amma əsl istedadlı şair o deyil ki, gözəlliyin arxasında gizlənsin, əsl istedadlı şair o şəxsdir ki, çirkinliyi, eybəcərliyi, yaxud adiliyi də gözəllik kimi təqdim etməyi bacarsın, həyatın ən adi elementinə, hansı ki, onu biz poeziyaya layiq bilmirik, şair öz qələminin qüdrətiylə gözəllik, qeyri-adilik qatıb, bizə, oxuculara versin. Fərqanə xanım məhz belə sənətkarlardandır. O, gözəllik dalınca, yaxud mövzu dalınca qaçmır, ən adi məsələlərdən, həyat lövhələrindən yazır. Ən adi kadrlara bədii məna yükləyir.

Fərqanə xanımın yaradıcılığında mənim üçün ən maraqlı tərəflərindən biri mövzu kasadlığının olmamasıdır.
Məsələn, elə şairlər var ki, eyni mövzudan yazırlar. On-on beş şeirini oxuyandan sonra oxucu daha həmin şairi oxumaq istəmir. Çünki eyni mövzuya təkrar-təkrar qayıtmaq heç kəsi cəlb etmir.
 
Misal üçün, "Siz məni qoymayın şair olmağa", "Anam şəhərə gedir", "Qırmızı geyinə bilməyir anam" şeirlərini götürsək, görərik tamamilə fərqli mövzularda yazılmış sənətkarlıq nümunələridir. Bundan başqa, Fərqanə xanımın "Təndir" adlı şeiri var. Zənnimcə, bu şeiri onun pasportu adlandırsam, yanılmaram. Milliliyə, adət-ənənəyə, köklərə bağlılığı göstərmək üçün çox gözəl nümunədir.
 
Neçə illərdir Fərqanə xanımla iş yoldaşıyıq. "Ulduz" jurnalında bərabər çalışırıq. Gənclərə qarşı nə qədər diqqətli olduğunu görürəm. Gənclər də onu çox sevirlər. Bir dəqiqə boş vaxtı olmur. Həmişə yanına on-on beş gənc yığışır. Məsləhət alırlar, ona öz yaradıcılıq nümunələrini göstərirlər, hamısı Fərqanə xanıma ümid yeri, ədəbiyyatda yol göstərən, məsləhətçi kimi baxırlar.

Bundan başqa onda insana qarşı bir ana məhəbbəti var. Yaşından asılı olmayaraq hamıya yönəlib. Həm də bu ana məhəbbəti təkcə insanlara deyil, ədəbiyyata, sözə, şeirə, qələmə də aiddir. Bunu onun şeirlərini, yazılarını oxuduqca sezməmək mümkün deyil".

Fərqanə Mehdiyeva özünü şair hesab etmədiyini, bu məhfuma fərqli yöndən baxdığını vurğulayıb:

"Həmişə fikirləşmişəm ki, bütün böyük şairlərin elə üç-beş şeiri var. Dəfələrlə bizim böyük şairlərimizin yubileylərində, görüşlərində iştirak etmişəm. Həmişə də onların ən çox tanınan üç-beş şeiri səsləndirilib, xatırlanıb. Bu mənada özümü şair hesab etmirəm. Bir-iki şeir yazmaqla şair olmaq olmaz".
 
Gənclərə ədəbiyyatla məşğul olmaqdan başqa, daimi işin də zəruriliyini xatırladan F.Mehdiyeva deyib:

"Hazırkı ədəbi mühitə nəzər salanda görürük ki, yazarlarımızın əksəriyyəti başqa sənət sahibləridir. Bu, özlüyündə çox gözəldir. Daimi iş və gəlir mütləq lazımdır. Azərbaycanda hələ ki, ədəbiyyatdan gələn gəlirlə normal yaşamaq mümkün deyil. Buna görə də hər şeyi ədəbiyyata qurban vermək olmaz.

Eyni zamanda ədəbiyyatı, yaradıcılığı, sözü ikinci plana keçirmək qətiyyən olmaz. Çünki belədə sizin sözünüzün dəyəri azalacaq. Demək, yazmaq istədiklərinizi oxucuya çatdıra bilməyəcəksiniz. Sözünüz ciladan düşəcək".

Fərqanə Mehdiyeva çıxışını yekunlaşdırandan sonra gənc yazarları maraqlandıran sualları cavablandırıb və şeirlərini oxuyub.

Tədbirdə şairlərdən Dayandur Sevgin, Narıngül Nadir də çıxış ediblər, həmçinin gənc ədiblərin şeirləri dinlənilib.

Cavid QƏDİR

 





10.04.2015    çap et  çap et