Aprelin 11-də YARAT Film Klubunda Şirin Neşatın "Coşğun", "Sevinc", "Şövq" və "Xəyallar və aynalar" filmləri nümayiş olunacaq.
Şirin Neşat Nyu-Yorkda yaşayan İran əsilli vizual-art sənətkarıdır. Ən çox kino, video və fotoqrafiya əsərlərinin müəllifi kimi tanınır. 2000-ci ildən etibarən kinofestivallara qatılan Ş.Neşat Telluride (2000), Çikaqo (2001), San-Fransisko (2001), Lokarno (2002), Tribeca (2003), Sundance (2003) və Kann (2008) beynəlxalq kino festivallarının iştirakçısı olub. 2010-cu ildə tənqidçi G.Rocer Denson "Huffington Post" qəzetində onu "Onilliyin rəssamı" adlandırıb. Ş.Neşat 2010-cu ildə 63-cü Berlin Beynəlxalq Kinofestivalında münsiflər heyətinin üzvü olub.
Ş.Neşatın beynəlxalq miqyasda daha çox tanınması 1999-cu ildə "Coşğun" (Turbulent) və "Sevinc" (Rapture) adlı əsərlərinə görə 48-ci Venesiya Biennalesində birinci yer mükafatı olan "Qızıl Şir"ə layiq görülməsi ilə bağlıdır. Çəkilişlərə təxminən 250 insan cəlb olunmuş bu layihəyə Jereme de Noirmont Qalereyası prodüserlik edib. Layihənin premyera öncəsi dünya təqdimatı 1999-cu ilin may ayında Çikaqo İncəsənət İnstitutunda uğurla keçirilərək, tənqidçilərin və ictimaiyyətin marağına səbəb olub.
"Coşğun" filmi Neşatın 1998-ci ildə ərsəyə gətirdiyi iki-ekranlı videoinstalyasiyadır. İki müğənni (Şoca Azari kişi, iranlı müğənni və bəstəkar Süsən Deyhim isə qadın rolunda), qədim İran musiqisi və poeziyasının dili ilə gender məsələlərinin mürəkkəbliyi və mədəniyyət qüvvəsini vurğulayan ifadəli musiqi metaforu yaradırlar.
"Sevinc" filmi didərginliyin köksüzlük, evsizlik psixologiyasını qabarıq ifadə edir. Ş.Neşat İrandan Amerikaya köçmüş bir şəxs kimi kritik məsafədə qərarlaşaraq, həm poetikanı, həm də örpəyin gücünü ifadə etməyə müvəffəq olub. Müsəlman qadınının gücünü və gözəlliyini tərənnüm edərək, o, eyni zamanda, cəzalanma qorxusundan da xəbərdar olduğunu bildirir. Ş.Neşat bu filmdə ilk dəfə sırf foto üsulları ilə tamaşaçıya estetik, poetik və emosional şok yaşatmağa cəhd edib.
2000-ci ildə çəkilmiş "Şövq" iki-kanallı ağ-qara video instalyasiyadır, Nyu-Yorkdakı "Gladstone" Qalereyasının icazəsi ilə nümayiş etdirilir. İslam inqilabından sonra İran mədəniyyətinin sevgiyə qarşı neqativ yanaşmasını göstərir. Ağ-qara material burada lap yerinə düşür: məsciddəki kişilərin dümağ köynəkləri və qadınların qapqara çarşabları onlar arasındakı gözəçarpan təzadı əks etdirir.
"Xəyallar və aynalar" filmi gələcəyə boylanır. Bu kölgəli, qədim otaqlarda gizlənmiş gələcəkdir. Natali Portman bir adamı izləyir. Həmin adam öncə dəniz sahilində peyda olub, sonra tələsə-tələsə qum təpələrinin üstündən keçir, sürüşür, pilləkənlə qalxıb boş zallardan keçir. Onun dalınca düşən Natali Portman başqa qəribə elementlərlə, o cümlədən, divar boyu düzülmüş stullarda oturan adamlarla, "başqasının" (əslində isə özünün) saçını qısaldan yaşlı qadınla üz-üzə gəlir. Hərəkətlər gərgin və ehtiyatlıdır, ekrandakı əhvalat sözsüz və dolaşıq cərəyan edir. Görüntülər əriyir, ikiləşir, bəziləri isə xatirə və ya gələcəkdən xəbər verən qarabasma kimi dalğalanan səhnə fonunda aydın və kəskin qalır. Axırda isə Natali Portman qaranlıq otağın pəncərəsindən çölə baxır, orada özünü günəşin, küləyin qabağında, filmin əvvəlində göstərilən dənizin sahilində görür.
YARAT Kino Klubunda növbəti aylarda da filmlər nümayiş olunacaq. Mayın 16-da Şezad Davudun (Böyük Britaniya) "Pirsinq parlaqlığı", "Mümkün filmə doğru", 19-20-də Böyük Britaniyanın, 22-də Lida Abdulun (Əfqanıstan) seçilmiş video əsərləri nümayiş olunacaq.
Bu məkanda iyunun 4-də Ergin Çavuşoğlunun (Böyük Britaniya) seçilmiş əsərləri, sentyabrın 25-də Saodat İsmailovanın (Özbəkistan) "Qırx gün sükut" filmi göstəriləcək. Noyabrın 13-də Zeyqəm Əzizovun (Azərbaycan) "Simpozium", 27-də Muratbek Djumaliev və Gulnara Kazmalievanın (Qırğızıstan), dekabrın 11-də Mariam Qaninin (ABŞ) seçilmiş əsərləri nümayiş olunacaq.
S.ABDULLAYEVA
çap et