525.Az

Ədəbi-bədii və ictimai fikir tariximizdə silinməz imza - Əbdül Rəhman Dai


 

Ədəbi-bədii və ictimai fikir tariximizdə silinməz imza - <b style="color:red">Əbdül Rəhman Dai</b>

(Əvvəli ötən sayımızda) 

Rəhman Əbdül Rəhman oğlu Birləşmiş Dövlət Siyasi İdarəsi (BDSİ) Kollegiyası yanında Xüsusi Müşavirənin 25 aprel 1924-cü il tarixli qərarı ilə üç il müddətinə Ağ dənizdə yerləşən Solovetski həbs düşərgəsinə - "Buzlu cəhənnəm"ə sürgün edilir.

Məhkumun anası ahıl yaşında ikən yeganə oğlundan ayrı 3 il məşəqqətlər yaşayır. Bütün gözləntiləri puça çıxır. Əbdül Rəhmanın həbsindən üç il yarıma yaxın vaxt keçsə də, onu azad etmək istəmirlər. Ana həyəcan siqnalı çalır, fəryad qoparır. Növbəti göynərti dolu, göz yaşları ilə yazılmış 29 may 1927-ci il tarixli məktubunu İ.V.Stalinə göndərir. ÜK(b)P MK-nın Məxfi şöbəsi Gülsüm Əbdülovanın məktubunu iyunun 3-də alır. Ertəsi gün MK Məxfi şöbəsinin müdir müavini Berzanovski G.Əbdülovanın müraciətini BDSİ-yə ünvanlayır. Dainin 83 yaşlı atası Əbdül Rəhman kişinin ağır yataq xəstəsi olduğu ərizədə vurğulansa da, daş qəlbli Sovet məmurları şairə azadlıq vermək əvəzinə, həbs müddətini əlavə üç il də uzadaraq onu Ural vilayətinin İşimski rayonunun Vikulov kəndinə göndərirlər. Gülsüm xanımın oğluna qovuşmaq üçün yalvarış və ümid dolu məktubları keçmiş SSRİ-nin əksər rəhbər şəxslərinə ünvanlanır. Onun NKVD-yə yolladığı 12 noyabr 1927-ci il tarixli məktubu fərqli biçimdə özünü büruzə verir.

Oktyabr inqilabının 10-cu ildönümü münasibətilə oğlunun əfv olunmasına ümid bəsləyən Gülsüm xanım həyat yoldaşının bu dərdə dözməyərək yenicə dünyasını dəyişdiyini, özünün də ağır, dözülməz vəziyyətdə olduğunu vurğulayır. G.Əbdülovanın ərizəsini Bülbülə kənd sakinlərindən yüz nəfər - Ağaəli, M.Dəmirov, K.Babayev, S.Rəhimov, İ.Nağıyev, D.Kərimov, S.Kərim, Həmid Ağazadə və b. imzalamışdı (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-24).

Bəlkə də bu məktub ömrünün son anına qədər yeganə oğlunu görmək arzusu ilə yaşayan Gülsüm xanımın sonuncu cəhdi idi. O da həqiqətdir ki, yorulmadan Azərbaycan və SSRİ rəhbərliyinə müraciət edən Gülsüm Allahverdi qızı bir daha oğlu Rəhman Əbdül Rəhman oğlu Əbdülovu görmədən həyatla vidalaşıb.

Əbdül Rəhman Dai isə Ural vilayətinin İşimski rayonunda əlavə üç illik sürgün müddətini başa vurduqdan sonra Birləşmiş Dövlət Siyasi İdarəsinin Kollegiyası yanında Xüsusi Müşavirənin 1930-cu il 13 yanvar tarixli qərarı ilə Moskva, Leninqrad, Kiyev şəhərlərində və Zaqafqaziyada üç il yaşamaq hüququndan məhrum edilməklə onun DSİ-nin Aşqabad şöbəsinin sərəncamına göndərilməsi qərara alınmışdır. Bu məlumatdan xəbərsiz olan Rəhman 1930-cu il fevralın 6-da Moskvaya BDSİ sədrinə və prokuroruna teleqram göndərərək yazırdı: "Sürgün müddətim noyabrın 13-də başa çatsa da sənədləri almamışam. Xahiş edirəm aydınlaşdırın və məlumat verin. Siyasi məhkum Əbdülov Rəhman" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-31).

Teleqram 1930-cu il fevral ayının 9-da BDSİ-də qeydə alınmış, prokuror Kondratyev iki gün sonra SSRİ Ali Məhkəməsinin Siyasi İdarə üzrə nəzarət prokuroruna müraciət edərək Əbdülov Rəhmanın sürgün müddəti bitdiyi üçün müraciətin yoxlanılması və sərəncam verilməsi üçün sənədləri göndərdiyini bildirmişdir. 

Rəhman Əbdülovun və prokurorun müraciətinə BDSİ Kollegiya Katibliyində Novruz bayramı günü - 21 mart 1930-cu ildə yenidən baxılmış və qərardad qəbul olunmuşdur. Qərardadda R.Əbdülovun 32 yaşı olduğu, "Müsavat" partiyasının gizli fəaliyyətində iştirak etdiyi və onun haqqında müvafiq orqanlar tərəfindən üç dəfə qərar qəbul olunduğu nəzərə çatdırılaraq gələcəkdə də sosial müdafiə istiqamətində dəyişikliyin məqsədəuyğun olmadığı vurğulanmışdır.              

Teleqramına müsbət cavab almayan Rəhman Əbdülov Aşqabada göndərilsə də onun sənədlər qovluğu müvafiq siyasi idarəyə təhvil verilməmişdir.

Türkmənistanın Dövlət Siyasi İdarəsinin sədr müavini Amelin 18 may 1931-ci ildə BDSİ-nin İşimski rayon şöbəsinin rəisinə göndərdiyi məktubda yazırdı: "Türkmənistan SSR DSİ Sizin 18.III.1930-cu il 8112 saylı vəsiqə ilə Aşqabad şəhərinə  inzibati sürgün olunan Əbdülov Rəhman Əbdüloviçin şəxsi işini göndərməyi beşinci dəfədir xahiş edir" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-34).

BDSİ-nin İşimski rayon şöbəsinin rəisi Balaxonuyev 5.VI.1931-ci ildə yazdığı 416 saylı cavab məktubunda bildirirdi: "BDSİ-nin dairə şöbəsi ləğv edilərkən Əbdülovun işi Fəal Bölməyə göndərilmişdir, indi Əbdülov Rəhmanın şəxsi işinin harada olması barədə İşimski rayon şöbəsinin arayış vermək hüququ yoxdur" (AR MTN Arxivi. İş-25703, Pr-19881, vərəq-35).

Sovet rejimi Azərbaycanın milli istiqlal ədəbiyyatına sanballı töhfələr vermiş Əbdül Rəhman Dainin yalnız sənədlərini, azadlıq vəsiqəsini itirməyib, onu vətənindən, ailəsindən didərgin, dərbədər salıb, bütövlükdə həyatını məhv edib. Ömrünün son 13 ilini ölüm düşərgələrində, "Buzlu cəhənnəm"lərdə keçirən Əbdülov Rəhman Əbdül Rəhman oğlu (Dai) 39 yaşında, 1937-ci ildə qanlı sovet repressiyasının qurbanı olub.

lll

Əbdül Rəhman Dainin ədəbi-bədii irsi ədəbiyyatşünaslar, araşdırıcılar tərəfindən uzun illər tədqiq edilməmiş, əsərləri zamanın, mühitin dumanlığında görünməz olmuşdur. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra onun "Uşaq və quş", "Aslan və qurd" şeirləri "Azərbaycan uşaq ədəbiyyatı antalogiyası"na (Bakı, "Öndər" nəşriyyatı,2004, II cild) daxil olunsa da, bütövlükdə külliyyatı hazırlanıb müasir oxucuya çatdırılmamışdır.

Əbdül Rəhman Dai yaradıcılığa çox erkən başlamış, səkkiz il ərzində (1915-1923) dəyərli əsərlərinin bir qismini nəşr etdirməyə nail olmuşdur. Onun ilk qələm təcrübələri arasında lirik və satirik şeirlər üstünlük təşkil etsə də, 1915-ci ilin aprel ayında uşaqlar üçün yazdığı "Rəhimli Səyyah" didaktik hekayəsi gənc və istedadlı bir sənətkarın ədəbiyyata gəlişindən xəbər verirdi. Kitabın üz qabığında "Birinci əsər" yazılan bu nəsr nümunəsi çox aydın bir dil ilə qələmə alınmış və avtobioqrafik səciyyə daşıyır. Əsər bu cümlələrlə başlayır: "Bir kənddə bir qarı arvad və bir qoca kişi olurdu. Bunlar kasıb olduğundan hər səhər qoca durub işləməyə gedirdi və qarı da cəhrəsini götürüb, yun bir yanında, oturub əyirirdi. Bunların on üç yaşında Əhməd adlı bir oğulları var idi. Əhməd çalışqan və zirək olduğundan atasına həmişə deyirdi:

- Ata, sən daha qocalmısan, bəsdir bu qədər işləmək. İndi işləmək mənim borcumdur, qoy mən işləyim və sizi dolandırım..." (Əbdül Rəhman Dai. "Rəhimli səyyah", Bakı, "Məktəb" elektrik mətbəəsi, 1917, səh.3).

Əhmədin anasının adı Gülpəridi və bu ad müəllifin anasının adı ilə də (Gülsüm) səsləşir. Əhmədin də, müəllifin də ata-anaları çox qocadır və kənddə yaşayırlar. Əhməd tutulub aparıldıqdan sonra qoca atası bu dərdə dözməyib dünyasını dəyişir. Hadisə əsər çap olunandan on il sonra müəllifin də başına gəlir. Bu nədir? Müəllifin antisipasiyası, öncəgörməsidirmi?

Hekayədə xeyirxahlıqla bədxahlıq, zəhmətsevərliliklə müftəxorluq, ziyalılıqla nadanlıq ziddiyyətli prosesdə verilmiş, dövrün qaranlıq mühitindən, sosial, mənəvi bürküsündən, dalanından yeganə xilas yolunu müəllif elmin və təhsilin inkişafında olduğunu nişan vermişdir.

"Fəhlənin nitqi" Əbdül Rəhman Dainin 1917-ci ildə nəşr olunan kiçik həcmli, ikinci kitabıdır. İlk misralardan Rusiya inqilablarının ideoloji küləyi oxucunun çöhrəsinə çırpılır:

Görürəm halını yaman, xozein,
Səbəbin gəl eylə bəyan, xozein.
Gələcək günlərin üçün heç də sən,
Ağlayıb, eyləmə fəğan, xozeyin.

(Ə.R.Dai. "Fəhlənin nitqi". "Baku" qəzetinin mətbəəsi, 1917, s.2)

Əbdül Rəhmanın mənsub olduğu fəhlə sinfinin təəssübünü çəkməsi, mənafeyini müdafiə etməsi təbii və başadüşüləndir. Lakin fəhlənin sahibkarı ittiham etməsi, öz sinfini onlardan intiqam almağa çağırması məlum siyasi xətt tərəfdarlarının sifarişilə bu əsərin yazıldığı daha çox əminlik yaradır. Əsər satirik üslubda, məsnəvi şəklində yazılıb, zamanında ciddi əks-sədaya səbəb olub.

(Ardı var)

 

 





10.04.2015    çap et  çap et