525.Az
Rüstəm Kamalın 50 yaşı Yazıçılar Birliyində qeyd olunub
Ötən gün Yazıçılar Birliyində (AYB) professor Rüstəm Kamalın 50 illik yubileyi və “Sözü işığa danışdım” kitabının təqdimatı keçirilib. Tədbiri açan AYB-nin katibi Arif Əmrahoğlu yubilyarı müasir Azərbaycan filoloji fikrinin ən görkəmli nümayəndələrindən biri kimi səciyyələndirib: “Rüstəm Kamal tərcümeyi-halını yazan alimlərdəndir, onun yazılarında ruhu əks olunur. Əsərlərində elmiliklə ruhilik birləşib. Bu baxımdan qeyd edərdim ki, o, alim olmaqla yanaşı, sözün yaxşı mənasında həm də dərvişdir. Ruh adamıdır. Paxıllıq nə olduğunu bilməz, etirafdan çəkinməz. Əsl tədqiqatçı kimi sitat sevəndir, həmişə faktların dili ilə danışır. Azsaylı tənqidçilərdəndir ki, bizi düşünməyə vadar edir”.
AYB-nin sədri, Xalq yazıçısı Anar Rüstəm Kamalın gəncliyindən öz imzası, yazıları ilə onun diqqətini çəkdiyini deyib. Sədr yubilyarın tənqidə müasir metodologiya ilə yanaşdığını çıxışında qeyd edib.
Xalq şairi Zəlimxan Yaqub R.Kamalı Azərbaycan ədəbi mühitinə gec gəlib tez parlayan qələm sahibi kimi xarakterizə edib: “O öz yazıları ilə elə çıxışlar edirdi ki, hələ gəncliyindən hamının diqqətini çəkməyi bacarmışdı. O, sözdə səsi, səsdə sözü görməyi bacaran alimlərdəndir. Tədqiqatları ilə yanaşı, yüksək insani keyfiyyətləri ilə də özünü hər kəsə sevdirib”.
“Rüstəm Kamal yazıları kimi sakit adamdır. O, gündəlik sakitcə daşı daş üstə qoyaraq Sözdən Ev tikib. O, təkcə tənqidçi deyil, həm də sanballı təhlilçi və araşdırmaçıdır. Gələcəkdə də belə enerji ilə dəyərli əsərlər yazacağına inanıram”. Bu fikirləri tədbirdə AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca səsləndirib.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov da yubilyarla bağlı fikirlərini qonaqlarla bölüşüb: “Rüstəm Kamal ortaya çıxandan sonra rahatlıqla dərindən nəfəs alıb fikirləşdim ki, artıq gedib istirahət edə bilərəm. Rüstəm Kamal, şübhəsiz, mütəfəkkirdir. Bildiyini dəqiq bilən, yaxşı məktəb keçmiş alimdir. O, bir yazıya eposa sərf olunacaq qədər enerji xərcləyən tədqiqatçıdır. Böyük alimlərə xas xüsusiyyəti odur ki, həmişə detallarla danışır. Rüstəmin yaradıcılığında model semantikasına qulluq eləməyən bir söz belə yoxdur. Sanki hər şey ölçülüb-biçilib. Onun yazılarının həndəsi formasını belə təsvir etmək olar”. N. Cəfərov yubilyarın insani keyfiyyətləri haqqında söz açaraq onun yaxşı dost, böyük insan olmasından danışıb.
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə R.Kamalı öz yerini, həcmini bilən alim kimi dəyərləndirib, filoloji fikir tariximizdə onun özünəməxsus çəkisi olmasını qeyd edib.
Mərasimdə çıxış edən yazıçı Elçin Hüseynbəyli, tənqidçi Vaqif Yusifli, şairlər Abbas Abdulla, Cığatel, Yusif Savalan, Rəfail İncəyurd, Zaməddin Ziyadoğlu, memar alim Ömər Qoçulu və digər qonaqlar R.Kamalın şəxsi və yaradıcılıq məziyyətlərindən danışıblar, yubilyara xoş arzularını bildiriblər.
Sonda çıxış edən R. Kamal tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlıq edib.
Tədbirin sonunda yubilyarın “Sözü işığa danışdım” kitabı iştirakçılara, ədəbi ictimaiyyətə təqdim olunub.
S.MÜRVƏTQIZI
06.12.2012
çap et