525.Az

Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd olunub - Fotoreportaj


 

Nizaməddin Şəmsizadənin 60 illik yubileyi qeyd olunub - <b style="color:red">Fotoreportaj</b>

Aprelin 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub, şair Ramiz Rövşən, hökumət nümayəndələri, Milli Məclisin deputatları və tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Məclisin deputatı, professor Nizami Cəfərov yubilyarın ədəbiyyatda öz obrazını yaratdığını bildirib:

“Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi mühitində öz obrazını yaratmış şəxsiyyətdir. Təkcə adını demək kifayətdir ki, söhbətin nədən, kimdən gedəcəyi bəlli olsun. O, təkcə yüksək zövqlü tənqidçi yox, eyni zamanda şeir və nəsr nümunələri yaradan ədəbiyyat adamıdır”.

Tənqidçinin öz yazılarıyla ədəbi obraz formalaşdırması qənaətində olan N. Cəfərov tənqidçilərin daha çox aqressiv obraz yaratdıqlarını dilə gətirib:

“Tənqidçi deyəndə əksəriyyətimiz düşüncəmizdə aqressiv bir adam canlandırırıq. Azərbaycan ədəbiyyatında belə tənqidçilər kifayət qədərdir. Amma Nizaməddin Şəmsizadə istər klassik, istərsə də müasir yazıçı və şairlərimiz barədə olan ən sərt tənqidini də elə səmimi, intellektual üslubda çatdırır ki, aqressivlik tamamilə arxa planda qalır”.

Xalq yazıçısı Anar N.Şəmsizadəni müasir Azərbaycan ədəbiyyatını ardıcıl tədqiq edən ədəbiyyatşünas kimi səciyyələndirib:

“Nizaməddin Şəmsizadənin ədəbiyyatımızda, ədəbi fikir tariximizdə özünəməxsus yeri, çəkisi var. 20-30-cu illərdən başlayaraq ədəbiyyat tarixini ardıcıl təhlil edən tənqidçi-ədəbiyyatşünasdır.
 
Əksər tənqidçilər bir qayda olaraq şeir, yaxud nəsr yazmaqdan çəkinirlər. Çünki tənqid etdiyi yazarlardan eyni təpki görəcəklərindən ehtiyat edirlər. Amma Nizaməddinin bu mənada çəkinəcəyi olmamalıdır. Ona görə ki, tənqidçi, ədəbiyyatşünas olaraq nə dərəcədə peşəkardırsa, bədii mətn ustası, şair kimi də o qədər uğurludur. Şeirlərini, yazılarını oxuduqca, onun qələminə, istedadına bir daha əmin oluruq. Təkcə yubiley tədbirinin dəvətnaməsinin üzərindəki “Ömrüm boyu nəyisə axtardım, itirəndə bildim ki, axtardığım itirdiyim imiş” sözləri onun necə bir qələmə sahib olduğunu çox aydın şəkildə göstərir”.

Xalq yazıçısı, millət vəkili Zəlimxan Yaqub N.Şəmsizadə haqqında deyib:

“Məndən əvvəl çıxış edənlər Nizaməddinin peşəkar tənqidçi, incə ruhlu şair olduğundan çox danışdılar. Bu mövzuda mən də kifayət qədər danışa bilərəm. Nizaməddin bütün bu sadalananlarla yanaşı çox gözəl dost, əsl insandır. Necə deyərlər, əsl həyat adamıdır, şən, enerji dolu... Arzu edirəm ki, bu enerji onu heç vaxt tərk etməsin”.

Gecədə N.Şəmsizadə barədə mərhum akademiklər Kamal Talıbzadə və Bəkir Nəbiyevin, Xalq yazıçısı Elçinin fikirləri oxunub. Bundan başqa alimin şeirləri, əsərlərindən parçalar səsləndirilib. Tanınmış müğənnilər, muğam ustaları xalq və bəstəkar mahnıları, muğam parçaları ifa ediblər.

Sonda gecənin təşkilatçılarına və iştirak edənlərə öz təşəkkürünü bildirən yubilyar bundan sonra da ədəbi tənqidimizin keşiyində duracağını və yeni elmi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verəcəyini bildirib.

Cavid QƏDİR

 





11.04.2015    çap et  çap et