525.Az

Qaragilə


 

Qaragilə<b style="color:red"></b>

Qürur mənbəyimiz, güvənc yerimiz Əlincəqala haqqında bir il bundan qabaq sərəncam imzalanıb: - Qazıntı-bərpa işlərinə başlanılsın və Tarix Mədəniyyət Muzeyi yaradılsın!...

Axır ki, tariximizin bu daş yaddaşına üz tutub səslənən, ondan qopan əks-sədanı hər kəsə çatdırmaq istəyən tapıldı.

Yaşı min illərlə ölçülən bu tarixi abidənin qalaüstü tikililəri, istehkamları, müdafiə sədləri, nə Sovet dönəmində, nə də yüz illər ondan əvvəl, heç bir qayğı, diqqət görməmiş, təbii aşınmalara, atmosfer təsirlərinə məruz qalaraq yerlə-yeksan olmuş, üstünə əsrlərin tozu çökmüşdü. 

Əsasən sosial şəbəkələrdən izləyə bildiyim arxeoloji-bərpa işləri, atların belinə aşırılmış xurcunlarla qalaya qaldırılan daşlar, qazılıb aşkarlanan, bərpa edilib ucaldılan istehkam divarları, tikililər, drenaj qurğuları, dəyirman daşları, müxtəlif maddi mədəniyyət nümunələri insanı valeh edir və bu məqamda Əlincəni ziyarət etməkdən ötrü, lap burnumun ucu göynəyir.

Məmməd Araz təbirincə desək, daş ayaqlı, daş əlli bir insan olub, enib daşdan-daşa düşmək, qayaların lal dilini başa düşmək istəyi ilə alışıb-yanıram.

Böyük qürur hissi ilə, çiynimə bir xurcun atıb, o tarixi daşları, çilik-çilik olmuş “o nərləri, o ərləri, o qaya sərkərdələri” bir yerə toplayanlara, bərpa edənlərə yardımçı olmaq istəyirəm.

Deyirəm, gecəni də çadırda qalar, fəhlələr yatıb dincələndə mən yatmayıb, gündüz əlimlə, gözümlə toxunduğum o tarixi, gecələr oxşayar, əzizləyər, laylaya, bayatıya, sözə, Məmməd Araz şeirinə tutub, Əlincənin ürəyindən tikan çıxaran söz sovqatı göndərərəm dəyərli Rəşad Məcidə!
Doğrusu, məni kiçik vətənimə elə həmişə söz havası çəkib aparıb. Naxçıvanın tarixi örnəkləri, daş yaddaşı, rəmzləri, nişanələrı, yurd yerləri, təbiəti, sözə-yazıya sığa bilən insan münasibətləri haqda “525-ci qəzet”də bir neçə yazım gedib və hamısı da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən Prezident kitabxanasına daxil edilib.

Ötən maydan getmək istədiyim Əlincə ziyarəti isə hələ baş tutmayıb, ancaq bu il “mayovkanı” mütləq Naxçıvanda keçirməyi planlaşdırıram. Və bu anonsu verməklə də bəhanə tapıb səfərdən yayınmaq yollarını özüm öz əlimlə bağlayıram.

Hələlik isə, “Yurd yeri” silsiləsindən olan, 18 il əvvəl yazdığım bir yazını “525”in oxucularına təqdim edir və özümü Əlincə üstə kökləməyə başlayıram. 

1997-ci ilin mayında Əlincə qalasını ziyarət edərkən dayıoğlum Əmralının, dahi Şəhriyarın özünün oxuduğu, “Heydərbabaya salam”ı maşının maqnitofonundan səsləndirməsi bütün sinirlərimi tərpədib!

Qalanın fonunda Ustadın səsini, nəfəsini duymaq İlahi bir ovqat yaradıb və bu yazının yaranmasına səbəb olub.

Ulu Şəhriyarın “Heydərbabaya salam”ında xatırlanan Xoşginab və Şəngilava kəndləri ilə Qazançı arasında həmişə bir paralellik, oxşarlıq axtarmışam. Böyük ustadın uşaq vaxtı qonaq qaldığı kəndlərlə bağlı xatirələri, “Heydərbabaya salam”dakı lövhələr mənə nağıl qədər şirin, doğma görünüb və o əsərdən misraları bu yazıya leytmotiv seçmişəm.

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Qazançı mənim Xoşginabım, Əlincə qalası isə Heydərbaba dağım olub. Hələ tarix çayı - dağ çayı Əlincənin yaratdığı gözəlliyi, nağıl sehrini də bura əlavə etsəm, mənzərə mənim xeyrimə dəyişir. Vətən sevgisi mənə bu kəndin dağından-qalasından, gədiyindən-yoxuşundan, çayından-çeşməsindən, mamırından-otundan, adamlarından keçib! Ümumiyyətlə, uşaq hafizəsinə həkk olunan çox duyğunu - baba-nənə mehri-məhəbbəti, dayı-bacıoğlu telləri, təbiətlə canlı təmas, ərköyünlük, şıltaqlıq, qəriblik, ata-ana xiffəti və qəfil görüşməyin sevinci - ilk dəfə burda yaşamışam...

O yurdun hər cığırı, hər yolu məndən keçir və mənə də qayıdır. Böyüyüb ağlım kəsən vaxtlarda az-az gedib gəlmişəm deyə, uşaq sadəlövhlüyü ilə duyub qavradığım, gördüyüm, əxz etdiyim işıqlı nə varsa, hamısı hafizəmdə öz ilkin bakirəliyi - səmimiliyi ilə qalıb, qorunub. Qazançı-Əlincə xatirələrini uşaqlıq şəkillərini vərəqləyən kimi vərəqləyirəm...

Xatirə dünyama - Əlincəyə ən geniş şüurlu qayıdışı isə  “Nəsimi” filmi ilə tapmışam. Belə tapıntılar insan həyatında çox olmur! O filmə ilk dəfə bütün qrupumuzla baxırdıq. Əlincə qalasının, Əlincə çayının ətəkləri, ümumi panoramadan olan görüntülər qəfil alov kimi məni qarsalamışdı. 347-ci qrup tələbələrinin uzaq tarix kimi baxdığı filmin səhnələrində mənim əlimin, ayağımın, gözümün, yaddaşımın, çoxdan unutduğum və o anda bütün gücü, sehri ilə qayıdan uşaqlığımın kövrək xatirələri canlanırdı. Yəqin sevgi də belə olur, yaxud belə hərarətlə, həyəcanla gəlir. Yəni bir vaxt tərpənib, ayılıb etiraf edirsən, təəccüblənirsən ki, bahoo, sən demə, sevirəmmiş! Məndə konkret qıza-qadına qarşı belə bir etiraf olmayıb, nə istədiyimi həmişə qabaqcadan bilmişəm, ancaq Qazançı ilə, uşaqlığımla bağlı bu proses beləcə başlayırdı: “Nəsimi” filmi gedə-gedə, elə zaldaca! Zehnimin bütün hüceyrələrində, qanımda, genimdə partlayış kimi bir etiraf baş verirdi! Elə “Drujba” kinoteatrındaca tanıtmaq istəyirdim qrup yoldaşlarıma oraları! 70-ci illərdə biz video görməmişdik axı və tarixi bir filmə baxdıgımız yerdə mən çoxdan unutduğum canlı Əlincə mənzərələrini görür, sanki hansısa sirrə, sehrə, elə Teymurləngin, Nəsiminin özünə toxunurdum. Ancaq təəssüf ki, heç kim o yurd  yerlərini mənim gözümlə görə bilmirdi...

O məqamda “təsadüfən” yanımda oturan qızın - qrup yoldaşımın da, özümün də gələcək həyatında çox şey başqa cür ola bilərdi. Təəccübümə, həyəcanıma, xatirələrimə o anda şərik ola bilənə mən ürəyimi lap asanlıqla verərdim! Əfsus ki, o vaxt o anlaşma olmadı, Əlincə qalası, Əlincə çayı, heç kimi heyrətləndirmədi. Qrup yoldaşlarım eləcə  təəccübləndilər ki, buna nə olub ey bu gün, imkan vermir kinoya baxaq!... Və sonradan - birgə oxuduğumuz illər ərzində - o qızın mənə yönələn mütəmadi eyhamları, gizli-açıq etirafları, ah-ufları, “yuxuda görmələr”i, nə bilim nələri, nələri mən də, acığa düşüb, ya da namərdlik edib, guya ki, “qanmadım”!

Uşaqlıqdan bir kənddə böyüyüb, bir məktəbdə oxuduğumuz Mirqadir, Məmməd mənə “Vətən xaini” damğasını bu yerlərə görə vurublar. Arqumentləri sadədir: öz kəndini qoyub, Qazançıya - anasının kəndinə Vətən deyir! Ancaq o da var ki, mən Naxçıvana gedəndə - Məmməd Araz şeiriyyətli məclisdən sonra - hər ikisi məndən xəbərsiz maşınları Qazançıya sürüblər. Özləri Naxçıvanda yaşadıqları üçün, məni qonaq hesab edib, mənəvi qonaqlıq qayğısına da qalıblar. Birbaşa Daş arasına gəlmişik, ilk rast gəldiyimiz adam dərədə quzu otaran Nuruş kişi olub. Söz ustasıdı! Bizim “havalı” olduğumuzu hiss edən Nuruş dayı Alqayıtdan, Bəhməndən başlayıb, Məmməd Arazda bitirəndə, az qalırdı, Daş arası qovuşa! Əlləri üzlərində qalıb uşaqların, demişəm, bu kəndin hələ çobanı bu dəstgahın sahibidi, indi hesabınızı aparın!

...Qazançının leksikonunda olan ən adi sözlər, ləhcə, danışıq mənə babalı-nənəli, dayılı-daycanılı uşaqlığımı xatırladır. Çayın o tayına, Daş çeşmənin tuşundakı təpəyə qalxanda, ömrü-günü çölçülüklə, çobanlıqla keçmiş Zeynal babamın səsini eşidirəm. Üzünü ildə bir-iki dəfə qonaq gedəndə gördüyü anama tapşırardı ki, o tayda, evin qarşısındakı yalda olacağam, sən həyətdən məni çağır ki, ay dədə heyyy! Mən də deyim:

- Hay can! Hay can!...

İstəyin ölçü vahidinə, sadədilliyinə, səmimiyyət dərəcəsinə heyrətlənməmək olmur!....

Halal duz-çörəkli, ağzıdualı, uşaqdan da sadəlövh, pak olan elə adamlara indi rast gəlmək mümkün deyil.
Tez keçdi mən gördüyüm o karvan.

Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara...

Babamla nənəm rəhmətə gedəndən sonra da o evin, o ocağın ərköyünü olmuşam mən.

Məhəllədə qoca erməni ər-arvad yaşayırdı və o iki nəfərə görə də məhəlləyə “erməni məhləsi” deyirdilər. Onların hasardan keçən almasını daşlayardıq, Aşqen haray-həşir salardı. Püstə daycanım deyinərdi: 

- Aydın genə gəldi, dayna! Aşqenin dişini tökəcək! Ay bala, həyətimizdəki də həmin almadandı dayna, gedin yeyin, onu niyə qışqırdıb səsini salırsız başıma.
Kimə deyirsən...

Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!

Qazançıda hər cümlədə işlədilən bu “dayna” deyimini anam, təzə gəlin gəldiyi vaxtlarda, Qabıllıda da işlədib və o vaxtdan bu “dayna” sözü anamın ayaması kimi qalıb.

Şəngilava yurdu, aşıq alması
Gah da gedib orda qonaq qalması,
Daş atması, alma, heyva salması
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.

Dayımla o gün olmazdı ki, küşdü tutub zorxana açmayaq, yəqin mənim yerə-göyə sığışmamağım, qaynarlığım dayımın xoşuna gəlirmiş. Xəlçə-palaz, yastıq-döşəkcə qalmazdı, qırışdırıb sürüşdürərdik belədən-belə, torpaq döşəmədən toz qalxardı. Daycanım məni dilə tutar, qucaqlayıb oturdardı ki, sən ağıllısan, qanansan, Əsədə qoşulma, o, uşaqdı... Dayım bu atmacanı cavabsız qoymayıb, daycanımla da zarafat edər, çəkib yıxardı...  25-30 yaşları varmış da onda yazıqların... Rəhmətə gedəndə birinin 41, o birinin 47 yaşı olub.

Dayıma “Gəl sən birəlli ol, mən ikiəlli”, yaxud “Sən oturduğun yerdə, mən ayaq üstə güləşək” - deyib əl çəkməzdim. Təsadüfən qolum-qıçım çarpayının ayağına, ya harasınasa zərblə dəyib məni göynədəndə dayım da qeyri-iradi əlini ürəyinə qoyub ufuldayardı. Və belə epizodlar ətrafdakıların diqqətindən yayınmazdı: “Bunların işi sirdi - deyərdilər, - bu istəkdə dayı-bacıoğlu görməmişik”.

“Kişi qırığı” sözünü də Qazançıda mənə çox ümidlə, əminliklə, inanaraqdan deyərdilər, ironiyasız, dalınca da “Maşallah! Maşallah!” nidaları səslənərdi. Həmyaşıd dayıoğlanlarım Məhərrəmə, Əşrəfə baxıb: “Dağ uşağı palax, lırt olur” - deyərdilər. Mən aran uşağı idim! “Palax, lırt” sözlərini başa düşməsəm də, dolayısıyla xeyrimə olduğunu bilirdim.

Dayım anamı söyməkdən ləzzət alardı, qəribsədikcə bu söyüşlərin tezliyi, mərtəbəsi də artardı. Deyərdilər, ay Əsəd, deyəsən, bacından ötrü bərk darıxmısan, vallah elə biz də darıxmışıq... Əlüstü yeddi mərtəbəli söyüşdən hərəyə bir pay çatdırar və bu heç kimin acığına gəlməzdi, əksinə, söyüşsüz danışanda deyərdilər, görəsən, nolub Əsədə, kefi yoxdu?!

Surəyyənin “Qaragilə”si

Yayda hamı ya səkidə, ya da damın üstündə yatardı. Axşamtərəfi, mal-qara örüşdən dönüb, kəndə vəl-vələ düşəndə, mən də, iş olacaq deyə, əkilərdim. Kənd camaatı maldarlıqla məşğul olduğundan, hərənin iki-üç baş malı vardı, onların sağılması, yemlənməsi, rahatlanması gündəlik işlərdən idi. O məhəllədə mal-heyvan qayğısından azad olan bircə Mənsurə xalagil idi: heç toyuq da saxlamırdılar. Ertədən çıxardılar damın üstünə, səhərlər qatlanıb yığılan, günün altında qalan yorğan-döşəyi açardılar ki, sərinləsin. Evləri qarşı tərəfdən adi hündürlükdə idi, ordan özləri nərdivanla çıxırdılar, arxası - dayımgilə tərəf olan yeri isə uşaq boyu qədər idi. Mən də gedib oturardım yanlarında. Evin bizimlə yaşıd qızı - Surəyyə döşəyin üstündə, əlini belinə vuraraq, artist kimi əda ilə dayanar və “Qaragilə” oxuyardı. Bu pozaları anası öyrədirdi, ancaq yaxından kişi, ya qadın keçəndə yalandan üstünə çəmkirərdi ki, otur aşağı, kəs səsini... O vaxtlar “Qaragilə”, “Sürəyya” mahnıları dəbdə idi.

Gəlmişəm otağına, oyadam səni,
Qaragilə, oyadam səni.
Nə gözəl xəlq eyləmiş Yaradan səni,
Qaragilə, Yaradan səni.

Surəyyə şəhərdən gələn qızlar kimi ağappaq idi, elə bil vəzifəsi də ancaq gözəl olmaq, naz satmaqdı. Yeridiyi, durub dayandığı yeri də gözəlləşdirər, bu gözəllikdən hələ ətrafa da pay verərdi. Heç kim inanmazdı ki, onu bu qapqara Mənsurə doğub; səsi də çox bənzərsiz, qəribə qığıltılı idi... Və əsas məsələ də buydu ki, Surəyyə yayda damın üstündə, göyün yeddi qatı görünən Naxçıvan axşamlarının qara sərinində, məhz ağappaq səslə “Qaragilə” oxuyardı!

Səsin rəngi olmasa da, mən başqa ifadə seçə, tapa bilmirəm; - “Qaragilə”  ağ rəngli səslə oxunub, vəssəlam!....

Hər şeyi rahatlayıb, çörəyə oturanda Məhərrəm məni haylayardı, qaçıb gələrdim. Bütün günü ayaq üstə qalan Püstə daycanım süfrə başında, bir hovur ayağını altına yığıb oturanda ufuldayardı:

- Bəxtəvər Aydınnan Qara Mənsurənin başına, - deyərdi, - nə sağıllar, nə əmizdirillər!

Böyüklərdən birinə tay tutulmağım yaman xoşuma gələrdi. Özüm-özümə çox sirli-sehirli görünər, həmin gün daycanımın buyruğuna həvəslə baxardım.

Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.

O çağlardan ötən 35-40 il ərzində “Qaragilə” mahnısı məni hansı məqamda, hansı şəraitdə, harda, necə, nə vaxt haqlayıbsa, eyni qəribə duyğuları yaşamışam. “Qaragilə”də uşaqlığımın, Qazançının, Surəyyənin səsi, nəfəsi, əksi qalıb. Məhəmmədhüseyn Şəhriyarın da vaxtilə Sürəyya adlı bir qızla eşq macərası yaşadığını biləndən sonra çox düşüncələrə dalmış,  onun Sürəyyası ilə “bizim” Surəyyə arasında paralellər aparmışam. Güman etmişəm ki, onun da Sürəyyası ağappaq və canayaxın olub. Şəhriyarın o qıza görə tibb təhsilini axırıncı kursdan yarımçıq qoymasına bəraət qazandırmışam, düşünmüşəm ki, mən daha böyük fədakarlıq edərdim. Həmişə bu fikirdə olmuşam ki, “Heydərbabaya salam” üçün çəkilmiş mücərrəd illüstrasiyaların yerində “bizim” Surəyyənin gerçək rəsmini vermək daha təsirli çıxardı.

Heydərbaba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim, döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.

Uzaq Şərqdə - Çində, Rusiyada işləyərkən, təfərrüatını aça bilməyəcəyim, bir təsadüf qan yaddaşımı təzələyir, az qalıram, qışqıram ki, tapdım! Surəyyənin səsi belə idi - təzə, təmiz, işlənməmiş, qığıltılı və ağappaq...

“Heç dəxli var?!” Öz tapıntıma özüm təəccüb qalıram! O anda, yatsam, yuxuma da gəlməyəcək, bir yaddaş necə qayıdır?! Sözsüz, belə sentimentallığa görə özüm də özümü qınayır və həm də etiraf edirəm: uşaqlıqla bağlı ən primitiv hisslər belə, mənə çox əsrarəngiz görünür və bu olayları, yazıya sözə gətirməkdən özümü saxlaya bilmirəm.

Qızıl gül əsdi, səbrimi kəsdi,
Sil gözün yaşın, Qaragilə,
Ağlama, bəsdi.

Hamının təsəvvüründə Cənubi Azərbaycandan Şimali Azərbaycana Rübabə Muradovanın səsi, nəfəsi ilə gələn “Qaragilə”, mənim xəyalımda, həmişəlik, Surəyyənin səsi ilə Qazançıdan gəlmiş kimi qalıb. O mahnıya hopmuş həsrət, nisgil, incə kədər mənim xatirələrimdə həmişə bir bəyazlıq, ağlıq, hansısa uşaq şıltaqlıqları, uşaqlıq sirləri yaşadır. 

“Qaragilə” mahnısı Qazançının və Surəyyənin, özləri də bilmədən, mənə ərmağan etdikləri ən şirin nəğmə payıdı... Gec də olsa: - Payınız çox olsun! - deyirəm...

Kənd dəyirmanı və Koroğlu izi

Bir də o çağdan yaddaşımda möhkəm qalan - kənd dəyirmanı və dəyirmançı Əsgər kişi olub. Pırpız qaşlı, qulaqlarından, burnundan da qılçıq-qılçıq ağlı-qaralı tüklər çıxan bu dəyirmançı əsl nağıl adamına oxşayırdı. Sonralar - məktəb vaxtı Koroğlu dastanını oxuyarkən, özümü yaşıdlarımdan bir boy böyük, müdrik sanmışam. Çünki keçəl Həmzənin Koroğlunun Düratını qaçırıb, sonra  dəyirmanda Qıratla dəyişməsi səhnəsinin məhz Qazançıda, Əsgər kişinin dəyirmanında baş verməsini “öz gözlərimlə görmüşəm”. Elə həmin dəyirmançının Əsgər kişinin özü olmasına da tam inanmışam. Deməli, Koroğlunun özünü, keçəl Həmzəni görməsəm də, dəyirmançını görməyim bəs edib ki, özümü Qabıllı uşaqlarından daha dünyagörmüş sayım.

Keçəl Həmzənin Qazançının içindən gələn yol ilə Düratı sürüb, Əsgər kişinin dəyirmanının qabağında bağlamağının, “Koroğlunun atlarına qotur düşüb, dəyirmançı beyni axtarırlar” - deyə Əsgər kişini aldadıb dəyirmanın “donuzluğu”na salmağının və Koroğluya da kələk gəlib Qıratı qaçırmağının sanki gözlərimin qabağında baş verdiyinə inanmışam. Düzdür, “donuzluğun” dəyirmanın harasında olduğunu indi də bilmirəm, ancaq o vaxt bilirdim ki, ora hardadırsa, girib-çıxandan sonra dəyirmançının bütün tükləri ağarır - xamırlayır və çox bədheybət, qorxunc görünür. Keçəl Həmzənin Qıratın üstündə Dəyirman arxının qırağındakı meydançada dayanıb Koroğlunun sazla oxuduğu tapşırmaya qulaq asmağından tutmuş, Daş körpüyə qədər Qıratı çapmasına qədər, hər şeyin sanki birbaşa şahidiydim. Bircə onu bilmirdim ki, Keçəl Həmzə Daş körpünün üstündən o taya adlayıb, ya elə Dəyirman səmtdən Əlincə çayı boyu gedərək gözdən itib. Onu da bilmişəm... Çox sonralar, aradan 40 ildən artıq vaxt keçəndən sonra!

İki il bundan əvvəl Qazançıya toya gedərkən, fürsət tapıb, Yaqub dayımın atı ilə, uşaqlığımın izinə düşmək istəmişəm. Artıq kənar divarları qopmuş Daş körpüdən keçərkən, at sürüşüb və doğrudan da ciddi təhlükə yaranıb, nə edəcəyimi bilmədiyimdən, cilovu boşlayıb, gözləmişəm, irəli, yoxsa geri getməyi atın öhdəsinə buraxmışam! Bu gərginlik, təhlükə hələ sovuşmadığı anda beynimə gəlib ki, yoox, Keçəl Həmzə körpüyə qalxmayıb, düz gedibmiş.
... Bu, artıq, qan yaddaşı idi!

Daş arasının zehnimdə qalan sehrindən, xofundan da müxtəlif  belə nağıllar uydurmuşam.

Təbiət muzeyi, Daş arası

Təəssürat yaranması üçün yazıram bunu: Qazançı qalasına, Daş arasına uzaqdan baxanda, adama elə gəlir, dağa oxşar böyük bir tortun bir zolağını su axını “yeyib, yəni yuyub, tən ortadan dərin şırım açıb özünə. Bir ovuc torpağı da görünməyən, gün düşməyən bu nəhəng dağ kəsiyi təbiətin böyük sirri, möcüzəsidir. Əlincə çayı onun arasından keçir.

Hərdən məhəllə uşaqları ilə yığılıb, nağıl qəhrəmanı Məlikməmməd olar, Daş arasının üstündəki Bürcdən içəri düşən kaha-quyuya girməyə cəhd edərdik, sonra hərə bir yalan uydurardı.
Mən də xəyalən Daş arasının hər iki tayını “minib”, bir-birinin üstünə “sürər”, kəl kimi fınxırdıb döyüşdürərdim.

Sən demə, Məmməd Araz da onları döyüşdürübmüş, ancaq kəl kimi yox, tank kimi.

Dağlar axa -
Dağ döyüşü başlaya;
Qayaların tank döyüşü başlaya...

Evdə “bir keçi başı tutmağa” da qəlplik etdiyim halda, Daş arasının üstündən dərəyə bəlkə maşın-maşın daş ağnadıb, səsinə qulaq asmışam. Bir daşa yol boyu neçəsi qoşulardı, dağ diksinər, dərəyə hay-küy, təlaş düşərdi, sınıq-salxaq qayaların saçyoldusu  yatanacan dinləyər, dincələr, sonra yenə “oxudardım” daşları. Təbiətin o daş simfoniyasını “yazdığım” anlarda Bethovenlər, Baxlar yanımda “uşaq-muşaq” olublar. Hələ öz əks-sədamla danışmağım... Dərələrə, daşlara, bürclərə, əsrlərə, tarixlərə dəyib qayıdan səslərimizi bəlkə o mətin qayalar - təyyarələrin qara qutuları kimi - öz daş sinələrinə yığıb, hələ də saxlayırlar, kim bilir?....

Alınarmı, alınmazmı - burasını bilməsəm də, xəyalımda, Daş arasından nənni asıb yellənərdim... Bir dəfə Moskvada, “Tarzan” deyilən atraksionda çox böyük hündürlükdən - yalnız ayaqlarımdan iplə bağlanıb - aşağı tullanarkən ilk təəssüratım, qorxum, ağlıma gələn bu olub ki, vaayyy, Daş arasından asdığım nənninin ipi qırıldı, uçurumun dibinə gedirəm!!!

Ümumiyyətlə, mənim təfəkkürümdə dağ məfhumu həmişə canlıdır. Uşaqlığımı keçirdiyim Qazançının o dağı, daşı, qalası sonralar Məmməd Araz poeziyası ilə çulğalaşaraq məndə bu inamı yaradıb. Dağlarla özüm arasında duyduğum baba-nəvə mərhəmliyi heç vaxt məni tərk etmir.

Mən uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında.
Zirvələr qaşına yuvam demişəm,
Əyilməz qalayam dağlar yanında.

Daş arasının zəhmində nağıllardakı əzazil divlərin, yarğanqarın əjdahaların ədasını, çayı içib qurtarmaq iddiasını görmüşəm. Əlincənin nəfəsini kəsən Daş arasının sol sıldırımında bir oyuq var: gecələrin bəxtinə çıraq yandırıb, o taxçaya qoymaq, oraların xofunu, qorxusunu azaldıb, nağıl sehrini artırmaq istəklərim də olub.

Bu dərə nə dərin, nə dar dərədir;
Bu dərə qəribə, məzar - dərədir.
Udur nərələri, qıyları udur,
Gürşad - boğazında bir içim sudur.

Mənə indi də möcüzəli görünən odur ki, eynən Məmməd Araz kimi, o vaxtlar özüm də Əlincə çayının Daş arasında boğula bilməsi təhlükəsini hiss etmişəm, qışqırsam, “birdən nəfəsimi sümürər dərə” qorxusunu yaşamışam.

Baxıram: çay hərdən bükür boynunu,
Dərə boğmağamı sürüyür onu?!
Bu dərə nə dərin, nə dar dərədir.
Bu dərə qəribə, məzar - dərədir.

Əlincə çayı ancaq Daş arasından keçəndə belə fağırlaşır. Sən gəl, bir az aşağıda, Daş çeşmənin tuşunda bu çayın sel ədasına fikir ver. Çeşmənin borusunu neçə dəfələrlə o yuyub aparıb, Yamin müəllim bərpa edib. Yamin müəllimin son qələbəsi, deyəsən, həmişəlikdir: çeşmənin borusunu çaydan iki metr hündürə qaldırıb.

Daş arasına, bu təbiət muzeyinə səksəninci illərdə tonlarla partlayıcı yığıb, su anbarı düzəltmək məqsədilə, partladıblar. Sonradan iş dayandırılıb! İndi orda nə su anbarı var, nə də təbiətin bakirəliyi. İlk dəfə daş məzarlığını görəndə ürəyimdən keçdi ki, dağıdılan təkcə Daş arası deyil, həm də Məmməd Arazın “Dərə” şeiridir: misralar, sözlər, hərflər beləcə, bu daşlar kimi çilik-çilik olub.

Bir də, dağıdılan mənim bir az qorxulu, bir az da kövrək uşaqlıq xatirələrimdir!

Onda eraların hiddəti yatır,
Doğulub-öldüyü müddəti yatır.
Burdan çıxmalıyam uca dağa mən,
Qorxuram qorxumdan qışqırmağa mən!
Bu dərə nə dərin, nə dar dərədir,
Bura muzey - dərə, məzar - dərədir...

“Qorxuram qorxumdan qışqırmağa mən!” Misranın tutumuna baxın! Bütöv bir dünyanın sehrini, xofunu hopdurub canına. Daş arası kimi! Heyf Daş arasından!....

O vaxtdan kəndin çox bulaqları axarını, Daş arası isə baxarını dəyişib... Ancaq bu nişanələrin əlindən, ətəyindən tutub, illərin yaddaşını qurdalamaq, o illərə qayıdıb xatirələrlə üz-üzə qalmaq istəyi həmişə mənimlədi.

Daş qoxusu

Yeniyetməlik çağlarımda uşaq yaddaşıma hopmuş olub-keçənləri beləcə, təfərrüatı ilə, yarpaq-yarpaq çevirdikcə, məndə Vətən anlayışı formalaşıb. “O dağ toxtaqlığı, çay işləkliyi, o qaya şaxlığı, dərə təkliyi” xasiyyətimdə öz izlərini qoyub.

İçimdən qalın qırmızı xətlə Məmməd Araz poeziyası, sözü, şəxsiyyəti keçib, məni öz sehrinə, cazibəsinə salandan sonra isə, kiçik vətənin hər daşında, dərəsində Məmməd Araz şeiriyyətinin izlərini axtarmışam. Təbiətin ürəyi dolanda, gecələr çəkilib Şəbə dərəsində ağlamasına, “qasırğa əlindən, tufan əlindən qaçırıb dumanın” orada saxlamasına inanmışam.

Bir də burnumda daş qoxusu qalıb. “Yağış yuyan, gün qurudan” bu daşların hər birinin özünəməxsus əbədiyyət qoxusu var. Qədim qəbiristanlıqda qoyun-qoç heykəllərinin, sandıga oxşar qəbir daşlarının üstünə uzanar, daşın mamır qoturlarına boğazımız quruyanacan tüpürüb, kiçik çay daşı ilə sürtər, sürtər və ondan xına alıb barmaqlarımıza yaxardıq. O daş qoxusu indi də burnumdadı. Neçə dəfə o nağıl qoxusunu duyub, yerimdəcə sehirlənmişəm, sonra mənbəyini tapıb sakitləşmişəm: Anam saçına xına isladanda bu qoxu gəlir.

Əlincədə göyərənə kimi çimib, qızınmaq üçün sahildəki isti sal daşlara uzananda isə, daşların bir başqa qoxusunu duyardıq.

Sonralar Özbəkistanda başıma gələn və az qala faciə ilə nəticələnə biləcək bir təsadüfdən sonra suyun da qoxusunu bilmişəm. Kimya fənni suyun rəngsiz, dadsız, iysiz, şəffaf maye oldugunu öyrətsə də və mən özüm kimyaçı olsam da!

...Qəribçilik hisslərini də əvvəl-əvvəl Qazançıda keçirmişəm. Axşamlar darıxanda, elə bilmişəm, qarşıda duran o yuxulu Ballı qaya üstümə gəlib məni əzəcək, yol verməyəcək çıxıb öz kəndimizə gedəm! Qazançının çuxurundan, basırığından, öz kəndimizin - Qabıllının o səhra genişliyinə çıxam! Kəndimizin - göz açandan torpaqla əlləşən, ancaq su qıtlığından axırda yenə süfrəsi tərəvəzsiz, meyvəsiz qalan - adamlarına baş çəkəm! Atamı, anamı görəm! Gördüyüm, bildiyim təzə nələrləsə uşaqları təəccübləndirəm!
Qazançının gecələri çox qaranlıq, xəfəli, xoflu olur. Çayın şırıltısı da kəndin bu kar qaranlığının yaydığı xofu azaltmır. Ay işığında isə ağacların, daş-divarların əcaib kölgəsi, artıq kəndin ortasında qalmış qədim qəbiristanlıq uşaq olan kəsi qorxudur.

Darıxdığımdan, təbiətin də tarazlığına, haqq-ədalət bölgüsünə daxilən etiraz etmişəm. Bir tərəfdə Qabıllı - hərənin istidən, susuzluqdan yanıb-qovrulan bir hektar həyəti və bu barsız, bərəkətsiz torpağı təpcəyində, belində səhərdən axşama heşanlayan Əyyub əmi kimi adamlar; o biri tərəfdə isə Qazançı, başlı-başına axıb gedən Əlincə çayı, bapbalaca, dar-darısqal həyətlər və çölün otunu da biçməyə ərinən dağ adamları.
O tərəfdə günün günortasında, dünyanın kölgəsizləşdiyi vaxtda da bir hovur oturmayan, papağını belə çıxarmayan, xirtdəyəcən düymələnmiş köynəyinin bircə düyməsini belə boşaltmayan, təpərinin, dözümünün, qeyrətinin kölgəsinə söykənən Əyyub əmiyə ürəyim yanıb həmişə.

Bu tərəfdə isə, Əlincə çayının şırıltısı qulağımı döyənək edib, dayımgilin, elə Bayram əminin də, üç həyəti tutan o nəhəng ağsaqqal cəvizinin yaratdığı xəfədən, havasızlıqdan, xofdan təngə gəlmişəm. Gündüzün bütün uşaq əyləncələri arxada qalıb, axşamları yerimin içində özümü, tək-tənha, qərib sanmışam, darıxmışam... Yuxularımda öz kəndimizə - Qabıllıya getmişəm, ancaq çatanda görmüşəm ki, əynimdə bir köynək var, paltarsızam, kor-peşman geri qayıtmışam, yuxudan ayılıb var səsimlə ağlamaq istəmişəm. Ancaq qüruruma sığışdırmayıb, ağlamağımı içimdə boğmuşam, boğazım qovuşub, ağrıyıb, burnumun ucu göynəyib. Sonra yerimin içində xəyala dalıb, Qabıllını, necə var, eləcə Qazançıya köçürmüşəm, Daş körpünün altında, o tayda, çayın su tutan yerində, ayrıca sahədə yerləşdirmişəm. Tərəfkeşlik edib, Əyyub əmiyə çox torpaq vermişəm, bir də öz evimizi dayımgilə yaxın səmtə çəkmişəm; Sonra kənd uşaqlarını arxamca aparıb Qazançının hər yerini tanıtmışam. Hətta onların yanında daha da ürəklənib, Nəcəfi, sədrin oğlu İboşu döyüb “şücaətimi” də göstərmişəm.
Xəlvətcə Mirqadirə, qız istədiyimi də demişəm.

Yuxularım uğursuz olsa da, xəyalda beləcə xoşbəxt olmuşam. Ancaq dayıoğlum Məhərrəmin gəlib bizim kənddə üç gün qalanda zır-zır ağladığı kimi ağlamamışam. Əksinə, böyüklərin: “Heç yata bilməmişəm... Səhərə kimi dağı arana, aranı dağa daşımışam” - tipli gileylərinin guya hikmətini başa düşmüşəm. “Aranı dağa daşımışam” - yəni, mən Qabıllını Qazançıya köçürdüyüm kimi! Və bir boy daha böyümüşəm... eeh! Bütöv bir dünyadır, uşaqlıq təəssüratlarım! Özüm daş çevirib nizamını pozmasam, bu durna qatarı sıralanıb uçacaq uça bildikcə.

Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular, şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

İndi uşaqlığımdan boylanan o xatirələri, təəssüratları saxlayıb, bugünkü hisslərimi bölüşmək istəyirəm.

Salam, Ulu Sərkərdəm

Mən bu gün Nəsimi kimi dərisi soyulmuş çılpaq Əlincə qalasına çatanda, qarşısında ehtiramla baş əyirəm.

- Salam Ulu Sərkərdəm! - “Ey daşlaşan, torpaqlaşan Ulu Babam!” - necəsən, deyib, canlı adamla danışırmış kimi, danışa bilirəm Onunla.
Əhliman Ərəfsəlinin:

Fatehlərin, əlin-qolun bağladıb,
Teymurləngin sinəsini dağladıb,
Miranşahın anasını ağladıb,
Vüqarımsan, qeyrətimsən, Əlincə,
Şeirə dönmüş heyrətimsən, Əlincə!

Məmməd İsmayılın:

Babaların düşmənə cavabıdır Əlincə!
Ordular əldən düşüb, zirvəsinə gəlincə
Neçə-neçə fatehin yerə verib xışını,
Səcdəsinə əyilib, Teymurləngin qoşunu.

- şeirlərini oxuyuram ona.

Məmməd Arazın isə, əksər şeirləri elə birbaşa bu qalaya, bu daşlara, bu qayalara vurulan naxışlardı. Onun şeirlərində nəinki insanın, zamanın, hətta daşın da, torpağın da ağrısını, acısını duymaq olur.
Əlincə aşırımında dayanıb Daş arası ilə danışıram:

- Salam, dərə ağızlı nəhəng! - deyirəm. - Salam, Qazançı Qalaboynu! Salam Şəbə dərəsi!

Qazançının möhtəşəmliyi üçün təkcə Qazançı qalası da kifayət edərdi. Əlincə çayının üstündə görünən Daş körpü donqar dəvəni xatırladır.

- Salam, tarixlərin daş yaddaşı, Daş körpü! - deyirəm.

Bu tənha daş abidənin yalqız duruşu insanda qəribə duyğular oyadır. Elə bil bir misra Füzuli şeiridir, şair qələmindən düşüb qalıb çayın üstündə... Bəlkə də Söz Babasının özü bilərəkdən atıb bu misranı...

- Salam, diş göynədən Daş çeşmə! Salam, dağ çayı, tarix çayı - Əlincə!

Uşaq vaxtı balıq kimi suyundan çıxmazdıq. Mənbəyini qar sularından, buz bulaqlardan götürən bu çayın suyu ilin çoxunda dupduru olur - göz yaşı kimi. Əlincə çayının dağların göz yaşı olduğunu, kim istəsə, sübut da edərəm. Məmməd Arazın “Dağ ağlar - göz yaşı çıxar dizinə” misrası məndə bu yəqinliyi yaradıb. Həm də axı baharın yaylandığı, bulaqların çaylandığı Əlincə mənim içimdən axan çaydır.

- Salam, Kom söyüdün indi boş qalmış yeri!

Bugünkü baxımsız halın o vaxtlar olsaydı, heç xəyalımda Qabıllını sənin yan-yörənə, sərinliyinə köçürməzdim.

Beləcə, hər sal daşa, yatmış qayaya, yoxuşa, gədiyə, yarğana salam verirəm.

Haşiyə:

Bu yazını oxuyan Mirqadirin kinayəli etirazını, daş dəymiş ayı kimi donquldanmasını indidən eşidirəm:

- Ə, qazançılılara satılanda nolar?! Balam, öz kəndinin də bir Çölmək arxacına, Hürüxan gilliyinə, Böyük bulağına (cəmi bircə bulağı var Qabıllının, ona da “Böyük” deyirik), Bostan təpəsinə, Bayquş dərəsinə, Qancıqöləninə salam göndərsəydin, qələmin quruyacaqdı?! Sənin qələminə...
Əmioğlum Məmmədin hədəsi də öz yerində:

- Ələyəz pencərini bundan sonra gedib qazançılılardan istəyərsən...

Pilləkən kimi çaydan başlayıb dikə qalxan Qazançı “dağ kəndi” simasını bu gün də qoruyur. Dağ yamacında, çayın kənarında salınmış bu balaca kənd Məmməd Arazın “Kəndim, balacasan” şeirindən elə şirin-şirin boylanır ki - lap elə 1973- cü ildə “Nəsimi” filmindən boylandığı kimi:

Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq,
Çaylı, baldırqanlı dağ dərəsində.

Əlincə qalasının aşırımında durub Qazançıya baxıram: yadıma Əlincənin döşündə kolxozun arıq-axsaq, sürüyə qoşula bilməmiş mal-qarasını otaran dəli Qaraş gəlir. Ağlayan uşaqları: “Dəli Qaraş gəlir haa, kimin səsi çıxsa salıb xurcununa aparacaq” - deyib qorxudardılar. Qaraş da Qazançının qədim nişanələrindən biri idi. Belinə üç-dörd qayış, ip bağlayıb bıçaq asan, uzun, dördkünc, dimdikli “kepka” qoyan, incidəndə “Şura hökumətinə şikayətə gedən” Qaraş! Yeməyə çörəyi hər gün bir evdən gələrdi Qaraşın və bu adət elə bil o vaxtkı adamları birləşdirərdi... Qaraşdan sonra Qazançıda o cür birlik yoxdu.

Belə... Sonra adətən, dünyadan gedən tanıdıqlarımı yad edirəm. İçimdən, uşaq vaxtlarımda olduğu kimi, Əsəd dayımla zorxanaya çıxmaq həvəsi oyanır, istəyirəm, dayım sağ ola, yenə kövrələ, anamı, südümü söyə...

Bütün bu zəruri ehtiramdan, etiraflardan sonra kəndə girmək, seyrələn, uzaqlaşan qohum-qardaşla görüşmək və uşaqlığımın izini görə bildiyim hər daşa, ağaca toxunmaq istəyirəm. İndi tez-tez işlədilən ziyarət kəlməsi mənim Qazançıya hər səfərimdə, sözün əsl mənasında, bir ayin kimi icra olunur.

10.12.1997

 





12.04.2015    çap et  çap et