525.Az

Ömürdən uzun gecə


 

Ömürdən uzun gecə<b style="color:red"></b>

Körpə təşviş içindəydi. Anasının diqqətini çəkməkçün təpik atır, bətnin divarlarını döyəcləyirdi: -”Ana, Ana, nə durmusan, bir şey elə...”

Təlaşdan əli-ayağı titrəyən Ana, Körpəsini duyacaq halda deyildi. Ərini rahatlamağa çalışırdı. Verdiyi sakitləşdirici dərmanın da təsiri olmamışdı. Sevgili həyat yoldaşı ağrılar içində qıvrılırdı...

- Canım-gözüm, qoy sizinkilərə xəbər verim.

- Yoox!

- Onda təcili yardım çağırım.

- Lazım deyil. İndicə keçəcək.

Ərin amiranə etirazları gəlinin əl-qolunu lap bağladı. Gözündə yaş gilələndi. Bunu görən ərin ağrıdan avazımış çöhrəsinə təbəssüm qondu. Qolunu gözəlinin boynuna salıb, üzündən öpdü.

- Qorxma, həyatım. Boş şeydir. İndicə keçəcək. Özün bilirsən də, hərdən tutur.

Ağrının şiddətinə baxmayaraq mətanətini qorumağı bacaran ər üzünə zillənmiş qorxu dolu gözlərdəki sualedici baxışların dəyişmədiyini görüb divandan qalxdı. Qamətini şax tutub gülümsədi:

- Görürsən, heç nəyim yoxdur.

Bunu duyan Körpə əsəbiləşdi:  -  “Nahaq belə eləyirsən, Ata, nahaq. İzn ver, Anam doğmalarımızı çağırsın”. 

Gecənin qaranlığı şəhərin üzərinə sirr pərdəsi çəkmişdi. Gəlimli-gedimli dünya bu gecə kimləri sevindirəcək, kimləri məyus edəcəkdi.., bu, səhər bilinəcəkdi. Körpənin isə səhəri gözləməyə vaxtı yox idi. O, indi həll etməliydi taleyini. Ata-Anasının söhbətini həyəcanla izləyəndən sonra yenidən təpikləməyə başladı. Bu dəfə lap bərk-bərk vururdu:  - “Ana, inanma, Ana. Atamın halı yaxşı deyil. Qüruru yol vermir düzünü deməyə. Bir şey elə...”

Sarsılmış Ana bətnindəki zərbələrdən müvazinətini itirdi. Qarnını qucaqlayıb divana çökdü.

- Nooldu sənə? - deyən Atanın içindən gələn hayqırtı qapı-pəncərənin şüşəsinə dəyib çilikləndi. Qadınına sarı uzanan qolları qəfildən sustaldı. Rəngi dəyişdi. Dodaqları göyərməyə başladı. 

Körpə çaşıb qaldı. Bilmədi Atasının harayına yetişsin, yoxsa Anasının. Nəvazişlə səslənməyə başladı: - “Ana, bağışla məni, səni incitmək istəmədim. Atam əldən gedir. Bunu anlatmaq istədim. Ana, qurban olum, özünü toxtat. Anaaaaaaa...tez ol.., tələs...”

Bir anlıq gözləri qaralmış Ana, deyəsən, Körpəsini duydu. Genləmi, qanlamı Körpənin beynindəki düşüncələr Anaya ötürüldü. Sanki yatmışdı, yuxudan ayıldı. Təpikdən ağrımış böyrəklərini tuta-tuta ayağa qalxdı. Qətiyyətlə mobil telefonunu götürdü.

- Qardaşını çağırıram.

Bu dəfə etiraz eşitmədi. Divanda uzanmış igidi daha etiraz edəcək halda deyildi.

- “Sağ ol, Anam mənim. Qəlbimin səsini duydun. Böyüyəndə səni heç incitməyəcəm, heç! İndi tələs. Atamı qurtar. Mən atasız böyümək istəmirəm”.

Gecənin yarısında arzuolunmaz qonaq kimi qəfil gəlmiş ağrı  gənc ailənin rahatlığını alt-üst etmişdi. Üç qəlb həyəcan içindəydi. Üç beyin narahat düşüncələrin əsirinə çevrilmişdi. Üç vücud əzab çəkirdi. Hərəsi bir cür ağrıyırdı.

- “Aman, Allah, özün qoru Atamı. Yalvarıram, məni atasız qoyma. Anam təkbaşına nə edər? Atam hər şeyə qadirdir, o bizi sevir. Üçlükdə elə xoşbəxtik!..”

Evin səssizliyi pozulmuşdu. Təcili yardımın həkimləri gənc Atanı həyata qaytarmağa çalışırdılar. Ana ümidini həyəcanına sipər etmişdi. Yaxın dəqiqələrdə üzləşəcəyi sonluğu ağlının ucundan belə keçirmirdi. Körpənin ürəyi sıxılırdı: -”Ana, Atam bizi tərk edir. Qoyma getsin! Ana! Mən Atamı çox sevirəm. Lap çox.  Onsuz mən nə edərəm?! Sən nə edərsən?..”

Başı ərinə qarışmış Anasından əli üzülən Körpə naəlac qalıb Atasına səslənməyə başladı: -”Ata! Ataaaaa! Noolar məni duy. Bizi buraxıb getmə. Axı, bir-iki saat öncə əzizləyirdin məni, “gör, sənin üçün nələr edəcəyəm”,- deyirdin. İndi niyə üz döndərirsən, Ata? Ata, vəfasızlıqla tanış olmaq üçün mən hələ çox balacayam. Sizə ehtiyacım var. Noolar, əlini mənə yaxınlaşdır, təmasını hiss edim, Ata, sən elə güclüsən ki!.. İkiniz birlikdə yanımda ikən elə rahatam ki... Əmin-amanlıqdayam. Anam məni yaxşı bəsləyir. Mənimlə söhbətləşir, bölüşür... kiçikliyimə baxmır, mənə etibar edir, güvənir. Mən də böyüyəndə Anamın ən yaxın sirdaşı, havadarı olacağam. Elə sənin də. Ata, sənə bir sirr açım? Anam səni yaman çox istəyir! Sən təsəvvür elədiyindən qat-qat çox!..  Ata, nə deyirsən, indi sənin əlini tuta bilməyim üçün, sənin hərarətini duya bilməyim üçün yenəmi Anamı təpikləyim? Bayaq bərk vurdum, yaman ağrıtdım onu.., daha qıymıram. Ata, noolar ağrıya təslim olma, axı sən hamıdan güclüsən. İmkan vermə bu bəlanın sənə qalib gəlməyinə. Pəhləvan kimi oğlansan. Uzaqlaşdır onu. Rədd elə! Ailəmiz üçün, üçümüz üçün, məndən sonra doğulacaq bacı-qardaşlarım üçün! Ata, bax, mən sənə güvənirəm haa. Məni yanıltma”.

Təcili yardımın tükürpərdici səsi gecənin qaranlığını yara-yara xəstəxanaya tələsirdi. Körpə Atasının yanındaydı. Onu tək buraxa bilməzdi ki! Ürəyinin şiddətli döyüntüsündən Atasına pay vermək istəyirdi. - “Ata, deyəsən, yorulmusan həə? Ürəyin zəifləyir. Bax, mənim qəlbim necə şiddətlə döyünür?! Elə Anamınkı da. Ata, istədiyin qədər götürə bilərsən bizim ürək döyüntülərimizdən. Ata, sənə qurban olum, tez yaxşılaş, evimizə qayıdaq. Siz yatın, mən də dincəlim. Çox üzüldüm. Ata, gözlərini aç, Anam rahatlasın. Qorxudan onun nəfəsi kəsilir, mənim də burda halım xarablaşır. Bilirsən də, Anam nəfəs almasa, mən yaşaya bilmərəm. Ata! O bilmir, amma mən bilirəm: sən bizi tərk etmək istəyirsən. Niyə, Ata? İncimisən bizdən? Küsmə, noolar... Getmə... Məni atasız qoyma! Möhlət ver, doğulum. Dünyaya gələndə mənə necə baxdığını görüm. Ata, sənin gözlərinin içinə baxmağı, qucağında yatmağı, çiynində gəzməyi elə arzulayıram ki!.. Bilirsən necə intizarla gözləyirəm üçlükdə əl-ələ tutuşub gəzəcəyimiz günləri?.. Bircə bu dar qəfəsdən qurtula bilsəydim... Çox qalmayıb. Görüşərik. Bircə mən gələndə özün qarşıla! Yaxşımı, Ata? Özün qarşıla məni!” 

Reanimasiya şöbəsində bütün fəndlər sınaqdan çıxarıldı. Parçalanmış ürəyi döyündürmək mümkün olmadı. Qəfil gəlmiş ağrı hamının gözü qabağında, hamıdan xəbərsiz aparmışdı cavan oğlanı. Doğmaların fəryadı ərşə dirənmişdi. Körpə hamıdan bərk ağlasa da, onun səsini eşidən yox idi. Atasının qəfil gedişi yaman göynədirdi onu.

Səhər açılırdı. Sirlərə hamilə gecə bu müdhiş xəbəri bəyan etməyə hazırlaşırdı.

İzdihamın ah-naləsi Körpəni üşəndirirdi. Ürəklər yanır, ciyərlər dağlanırdı. Taleyin amansızlığı hamını sarsıtmışdı. Bu ölüm ədalətsizlik idi! Gah huşunu itirən, gah da ayaqlarını sürüyə-sürüyə ərini son mənzilə yola salan Ana Körpəsini tamam-kamal unutmuşdu. Ara-sıra toyunun səsi gəlirdi qulaqlarına. Hönkürən insanlara baxdıqca onların toyda oynamaqları canlanırdı gözünün qabağında. “İnsan necə möcüzəli məxluqdur... O cür şənlənə də bilir, bu cür dərdlənə də bilir... Dünən bəy taxtında yanımda oturan can yoldaşım bu gün məni tərk edib gedir...”

Anasının düşüncələri Körpəni yaman kövrəltdi. -”Canım Anam! Atam könüllü getmədi. Onu xəlvətcə gələn o qəfil bəla zorla apardı. Özünü maskaladı, aldatdı Atamı. Yoxsa, niyə bizi qoyub getsin?! Atamın elə böyük arzuları vardı ki... Bizə elə gözəl günlər yaşadacaqdı ki... Ana can! Sən güclü ol. Əl-ələ verib Atamın xatirəsini yaşadaq. Atam bizi yaşada bilmədi, biz onu yaşadaq”.

Körpə susmaq bilmədən danışırdı. Bir yandan ağrı-acısını, bir yandan incikliyini Atasına pıçıldayır, ürək dağlayan hönkürtüsünü Anasından gizlətməyə çalışırdı. Torpağa əmanət edilən Atanın ruhu səmadan boylanıb tərk etdiyi əzizlərini seyr edirdi. Körpənin səsini heç kəs eşitməsə də, o eşidirdi.

- Ata, biz səni yaşadacağıq. Mən səni yaşadacam!

Ədəbiyyat sənin uğurun olsun!

 





13.04.2015    çap et  çap et