525.Az

“Bazar günü...” - Firəngiz Ağalar yazır


 

“Bazar günü...” - <b style="color:red">Firəngiz Ağalar yazır</b>

Bazar günü yolunuz evimizin yaxınlığındakı parkdan düşsə, futbol meydançasına ən yaxın skamyada oturmuş bir qız görərsiniz. Ayaqlarını skamyanın üstündə cütləyərək dizlərini sinəsinə sıxıb oturmuş o qız elə hey kitab oxuyur.

Gözləri uzağı yaxşı görməyən qız kitabı üzünə yaxın tutur; sanki təkcə kitab oxumur, həm də kitabın ətrini ciyərlərinə çəkir. Yan-yörəsindən ötüb keçənlər, ətrafında baş verənlər, deyəsən, heç eyninə də deyil - öz aləmindədir...

O qız mənəm...

Mənimlə hər şeydən danışa bilərsiz, amma kitab oxuyanda məni dindirməsəz yaxşıdı. Arada kitabı qatlayıb uzun-uzadı parkda oynayan uşaqlara baxıram. Bax o an yaxınlaşıb mənimlə danışa bilərsiz. İnsanlarla söhbətləşməyi sevirəm. Düzdü, çox danışan deyiləm, daha çox qulaq asıram. Amma arada, bütün qadınlar kimi, dayanmadan saatlarla danışıram, adətən bu, yuxusuz olanda baş verir. Bir də saatlarla gülməyim var yuxusuz olanda. Məni tanıyan insanlar görəndə ki, mənasız yerə gülürəm, başa düşürlər ki, yenə yuxusuzam. Amma narahat olmayın, tanımadığım insanlarla gülüşümü çox da paylaşmıram. Təbəssümdən başqa heç nə gözləməyin...

Hər mövzuda danışa bilərik: etik qaydaların qadağa etdiyi mövzularda da, hətta dindən və siyasətdən də. Mən mübahisələri sevmirəm. Dindən və siyasətdən nə desəz, yalandan başımı yelləyib susacam. Elə bilərsiniz fikirlərinizlə razılaşıram, amma o sizi “yola vermək” olacaq.  Düzünü desəm, bəzi yaxın insanları da “yola verirəm”. Hardasa oxumuşdum ki, qadınlar öz hisslərindən başqa hər şeydə səmimidi, hər şeydən danışmağa razıdı, amma ürəyində olanları deməzlər. Bunu oxuduqdan sonra özümü, sonra başqa bir neçə qadını da müşahidə etdim və gördüm ki, düzdü...

Qadınlar haqqında çox oxuyuram, kişilərdən maraqlıdı qadınlar. Ən çox da qadınlar haqqında kişi düşüncələrini oxuyuram. Bəzən elə danışırlar ki, guya qadın insan deyil - sadəcə, heyvan kimi instinkti güclüdü, vəssalam. Belələrinə qayıdıb deyəsən ki, ay, nə bilim nə, sən öz instinktlərinlə bacara bilmirsən, niyə düşmüsən qadınların üstünə? İstəyirsiz ad da çəkim - Artur Şopenhauer. Demirəm haqsızdı, amma o, qadınlara nifrət edib. Bu nifrət yazılarında açıq-aydın görsənir. Mən də oxuyub hirslənirəm. Deyirəm, “ay kişilər”, indi mən - qadın sizdən yuxarı olum görün. Sonra deyirəm niyə yuxarı oluram. Demişdim axı, mübahisələri sevmirəm. Nifrət də nəyə lazımdı, beş günlük həyatdı...

Hərdən parkda gəzişirəm də. Piyada yeriməyi sevirəm. Birdən olur hiss edirəm ki, addımlarımın tempi artır, ruhum bədənimin arxasınca çatdırmır, “stop” çığırır arxadan, mən də qəflətən dayanıram yolun ortasında. Dərindən nəfəs alıb düşünürəm: “Axı, hara qaçırsan? Hara gecikirsən? Kimdi səni qabaqda gözləyən?”. İnsanlara baxıram, onlar da tələsir. Bəs bunları qovan nədi görəsən. Bu bir günlük həyatda yaman çox iş görmək istəyirlər, amma hamısı baş qatmaqdı, məncə. Ölümdən sonra hər şey və hər kəs öz dəyərini itirir, indidən itirsə, guya nə dəyişiləcək ki?

Deyəsən, çox pessimist oldu dediklərim...

Heç yadıma düşmür, “çəhrayı eynəklərimi” taxmamışam, ondandı bu pessimistlik...Taxım, sonra görün nə deyəcəm...

Deyirəm, vaxtımızı sevgiyə sərf eləsək, daha yaxşı olar!..

Görürsüz necə səmimiyəm? Siz də belə olun. Yoxsa dindən, siyasətdən, nə bilim iqtisadiyyatdan danışırsız bayaqdan. Siz yanıma oturanda ürəyinizin dolu olduğunu gördüm, amma siz heç oturduğunuzu da görmədiniz. Dərdiniz var, olmasa da, tapılacaq, narahat olmayın. Var? Buyurun danışın. İnsanların hisslərinə diqqətlə qulaq asıram. Empatiya hissim çox güclüdü. İstəyirsiz çəhrayı eynəyimi sizə verim. Həyata mən baxdığım kimi baxsaz, bəlkə düzələr hər şey...

Yaman çox danışdım, qoymadım ağzınızı açasınız. Yuxusuzluqdandı hamısı...

Buyurun, indi sizi dinləyirəm...

 





13.04.2015    çap et  çap et