525.Az

Ədəbi dil normaları ən çox “Lider TV” və “Xəzər TV”də pozulur


 

Ədəbi dil normaları ən çox “Lider TV” və “Xəzər TV”də pozulur<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, mətbuat konfransında bu ilin yanvar-aprel aylarında Dilçilik İnstitutu və Milli Televiziya və Radio Şurasının “Televiziyaların xəbər proqramlarının dili” mövzusunda  birgə keçirdiyi monitorinqin nəticələri açıqlanıb.
 
İnstitutun direktoru, akademik Tofiq Hacıyev dövlət proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.
 
O, ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsinin özəllikləri və mövcud problemlər, o cümlədən nöqsanlar haqqında danışıb.

T. Hacıyev deyib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, “Space TV”, “Lider TV” və “Xəzər TV”) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib:

“Televiziyalarda müəyyən irəliləyişlər nəzərə çarpır. Amma televiziya sahəsi elədir ki, orada irəliləyişdən daha çox qüsurlar hiss olunur”.
 
MTRŞ sədrinin müavini Qafar Cəbiyev qurumun TV-lərlə bağlı apardığı son monitorinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.
 
İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli TV-lərin dilinin monitorinqi sahəsində bəzi problemləri diqqətə çatdırıb. O, dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutunun MTRŞ ilə birgə may ayında keçirəcəyi təlimlər barədə də məlumat verib.
 
İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlandığını söyləyib və dil səviyyələri üzrə 145 səciyyəvi nümunənin tədqiqata cəlb edildiyini nəzərə çatdırıb:
 
“Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20% fonetik norma, 24% leksik norma, 27% üslubi norma, 22% morfoloji norma və 7% sintaktik norma pozuntusu məlum olub. Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən faktlardan 15%-i “İctimai TV”də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18%-i “Xəzər TV”də, 17%-i “Space TV”də, 21%-i isə “Lider TV“də müşahidə edilib. Buna baxmayaraq, dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb: fonetik normanın tələblərinə ən çox “İctimai TV”, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox “Xəzər TV“də müşahidə edilib”.
 
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.
 





17.04.2015    çap et  çap et