525.Az

Yol üstündəki izi ilə tanınar


 

Yol üstündəki izi ilə tanınar<b style="color:red"></b>

Gördüm: insanlar eşitməyin acıdı. Beyləqanda, Xocavənddə, Bərdədə,Tərtərdə, mötəbər adamlarla görüşdük. İlahi, azərbaycanlılar necə də yaxşıdırlar, necə həlim, istiqanlı, söhbətcildirlər. Vəzifələrindən asılı olmayaraq, onlar bizim hər sözümüzdən pardaxlanır, günəşə boylanan novruzgülü kimi qanadlanırdılar. Onlar bizdən hər şey haqqında soruşurdular, biz onlara hər şey haqqında məlumat verirdik. Gözlər gülür, çöhrələr nurlanır, düşüncələr su misalı axırdı. Hə və hə... adamların ayağına getmək lazımdır. Onlara danışmaq, hər şeyi danışmaq lazımdır. Gizlətmək olmaz. Bizim aramızda sirr qalmamalıdır. Bir-birimizdən şübhələnməməliyik.

Gecə saat 2-ni keçib. Biz söhbətləşirik. Yuxu da həvəslə dinləyir. Deyəcəklərimiz, eşidəcəklərimiz o qədər çoxuydu ki, yatmadıq. Həyatımız çoxaldı.

Bütün bu gözəlliyi "Kitabi-Dədə Qorqud" dastanının izi ilə bölgələrə etdiyimiz səfər çərçivəsində yaşadıq. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə 3 gün 30 günə bərabər oldu. Yəni 27 günlük ehtiyat qazandıq. Hər səfərdə belə qazanc insanı min il yaşadar.

Alman şərqşünas alimi Haynrix Fridrix Fon Ditsin ruhunu ehtiramla anacağıq.  "Kitabi-Dədə Qorqud" abidəsini 200 il əvvəl o, nəşr etdirərək dünya aləminə tanıdıb. Qiymətini də alıb. Azərbaycan Prezidenti İlham Əliyev 200 illik tarixin möhtəşəmliyinə hesablanan Sərəncam imzalayıb. Sərəncamda , Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də adı çəkilib. Hər iki qurum Sərəncamdan əvvəl də "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının əxlaq, mənəviyyat, yaşam, bir sözlə, varlıq dastanı olduğunu nəzərə alaraq, xeyli sayda tədbirlər keçirib.

"Kitabi-Dədə Qorqud" - Haynrix Fridrix fon Dits - 200" beynəlxalq kollokviumunun adını xüsusi çəksəm, yəqin oxucunu yormuş olmaram. 15-ə yaxın xarici ölkənin alimləri Bakıya toplaşdı və belə bir dastanı olan xalqın üstün cəhətlərindən danışmaqla yanaşı, bu cəhətlərin, xüsusən də multikultural ənənəyə malikliyin dünyaya töhfə olduğunu bəyan etdilər. Azərbaycan yaşam fəlsəfəsi ilə dünya xalqlarına nümunə ola biləcək səviyyədədir. Bu, "Kitabi-Dədə Qorqud"u oxuyanda bir daha aydınlaşır. Məşhur xarici alimlər də bu aydınlığın işığına toplaşmışdılar.

Davamı öz bölgələrimizdə keçirildi. Beyləqan-Xocavənd-Bərdə-Tərtər...

Azərbaycan Milli Elmlər Akademiyasının, universitetlərin alimləri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, 4 məktəbin şagirdləri də bizimlə idi. "Kitabı-Dədə Qorqud" dastanındakı qəhrəmanların tarixi izlərinin olduğu güman edilən Xocavəndə gəlmişdik. Bizi lap nağıllardakı kimi qarşıladılar. İcra başçısı Eyvaz Hüseynov Kamal Abdullayevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini bu ərazilərdə görməkdən məmnunluq duyduğunu dilə gətirdi. Bir vaxtlar bu torpaq uğrunda şəhid olanların ruhu da, dəqiq deyə bilərəm ki, zaldaydı. Onlar məhz bu gün üçün vuruşaraq canlarından keçmişdilər. Müharibə adamı olan Eyvaz müəllim Nərgiztəpə yüksəkliyi uğrunda gedən döyüşlərdən danışırdı. Ermənilər Nərgiztəpəni nəyin bahasına olursa-olsun almaq istəyirlərmiş. Qaraca Çobanın məzarının məhz burda olduğu güman edilir. Məkrli düşmən tarixi xeyirlərinə dəyişib Dədə Qorquda sahib çıxmaq istəyirlərmiş. Alınmayıb. Qəhrəman oğullar son damla qanlarına qədər vuruşublar. "İndi başa düşürük ki, Dədə Qorqud qəhrəmanlarının ruhları bizə güc veribmiş" - Eyvaz Hüseynovun gəldiyi qənaət belə idi.

Səfərdə elə qənaətlər hasil oldu ki, xalqımızın keyfiyyətlərinə heyran qalmamaq mümkünsüz idi. Udilərin təhsil aldığı Qəbələ rayonu 1 saylı Nic qəsəbə məktəbliləri, Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri arasında elə bir bağlılıq yaranmışdı ki, Kamal Abdullayev ilk çıxışına başlayanda  Ulu Öndər Heydər Əliyevin kəlamını xatırlatdı: "Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən ibarətdir". Onlar üç dildə - Azərbaycan, rus, udi dillərində danışırdılar. Qulaqlarda isə bir dil eşidilirdi:  Vətən dili.

Ardını Kamal müəllimdən eşidək: "Belə bir ictimai bütövlük istər-istəməz mədəni bütövlüyə gətirən yoldur. Azərbaycan xalqının qədim tarixi, bu günü ilə bağlı mədəni, mənəvi sərvəti sayıla bilən hər bir dəyər dövlət, ictimaiyyət səviyyəsində yüksək dərəcədə qeyd olunur. Prezident İlham Əliyevin fevral ayında imzaladığı "Kitabi-Dədə Qorqud"un öyrənilməsi, tərcüməsi və ilk dəfə nəşr edilməsinin 200 illiyinə həsr edilmiş Sərəncam bunun çox gözəl bir göstəricisidir. "Kitabi-Dədə Qorqud" dastanlarının xalqımızın həyatında tutduğu yeri sözlə ifadə etmək çətindir. Düz 200 il bundan öncə alman şərqşünası və alimi, Hötenin yaxın dostu Haynrix Fridrix fon Dits özündə əlyazması olan "Kitabi-Dədə Qorqud" dastanlarından  "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirib. Həmin kitaba yazdığı geniş önsözdə əsl şərqşünas kimi  dastanı yunan mifoloji mətnləri ilə müqayisə edib. Avropa yunan miflərini yaxşı tanıyırdı, amma "Kitabi-Dədə Qorqud"dan xəbərsiz idi. Bir bilinməzin bilinən mətn tərəfindən izahı çox məqsədəuyğundur.

Xocavənddə yaşlı nəslin nümayəndələri "Kitabi-Dədə Qorqud" dastanlarını oxumadıqları halda, Qaraca Çoban, eləcə də dastandakı bir çox nüanslarla bağlı bilgilərə  sahibdirlər. Əgər rəvayətlər yerli əhalinin qəlbində, beynində yaşayırsa, deməli, qan yaddaşı ilə bağlıdır və bu qəhrəmanların mənsubiyyətinə şəkk gətirmək olmaz. Məhz buna görə biz Prezidentin sərəncamının icrasına belə bir müqəddəs yerdən başlamaq istədik. Bu gün biz sizin qapınıza gəlmiş Allah qonağıyıq. Siz Allah qonağını yüksək səviyyədə qarşıladınız".

Əlbəttə alimlər də çıxış etdi. Dədə Qorqud irsinin öyrənilməsinin xalqın bütövlüyündə vacib rol oynadığını bildirdilər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Kitabi- Dədə Qorqud"un ölkədə və xaricdə təbliğatı üçün rəhbərlik etdiyi qurumun böyük layihələr həyata keçirməyə hazır olduğunu xüsusi vurğuladı.

...Beyləqandayıq. Jurnalistlər yolların bərbad olduğunu görüb, "bura Azərbaycandır?!"-deyərək, təəccüb edirlər. Sonradan hörmətli icra başçısı Vaqif Abdullayevdən öyrənirik ki, şəhərə kanalizasiya sistemi çəkirlər. Köhnənin məntiqidir: birini quranda, o birini dağıtmağa məcbursan. Yeni məntiqə böyük ehtiyac var. Elə ona görə də Bilik Fondu yaranıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Bu qurumlar paralellik məntiqi ilə yola çıxıblar. Mahiyyəti insanlara rahatlıq gətirməkdir. Alınır. İstisnasız olaraq, görüşdüyümüz hər kəs bizim fikrimizlə razılaşır. Paralellik elə eyniləşməkdi. Bəli, paralel xətlər kəsişmir, yəni üst-üstə düşmür. Heç düşməsi də lazım deyil. Hər adamın şəxsi fikri var. Biz öz fikirlərimizlə yan-yana getməyin tərəfdarıyıq. Sən mənim yanımdasan, mən onun, o, o birinin... Bir yerdəyik!

...Zal doludu. Tamaşaçıların arasında əsgərlər də var. Şagirdlər səhnəciklər nümayiş etdirirlər. Aydın görünür: sərbəstdirlər, kompleksin əsirinə düşməyiblər. Səhnədən zala yayılan xoş aura "Kitabi-Dədə Qorqud" əxlaq və mənəviyyat dərsliyimizdir" mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə elmi-praktiki konfrans boyu davam etdi. Kamal  Abdullayev repressiyaya məruz qalan dastanın 50-ci illərin axırlarında xalqa qovuşa bildiyini xatırladaraq dedi ki, daha bu iki varlığı bir-birindən ayırmaq mümkün olmayacaq.

Konfransda alimlər maraqlı çıxışlar etdilər. Hər çıxış bir tarix idi.

...Azərbaycan Ordusu. Müasir texnikamız və silah-sursatımız. Qürurlu əsgərlərimiz. Kəşfiyyat tağımının şücaəti. Əsgər yeməkxanasında dadlı nahar. Bizi göz bəbəkləri kimi qoruyanların qonaqlarla birlikdə yallı getməsi. Bütün bu ardıcıllıq meh kimi ürəklərə sərinlik gətirirdi.

Silahlarla şəkillər çəkdirdik. Tankların üstünə qalxdıq. Əsgərlərlə söhbətləşdik. Qürurverici idi. Hələ yeməkləri... elə dadlı idi ki...

Sözümüzün əvvəli də "Allah sizi qorusun" idi, sonu da. Yağış, yorğunluq, həyəcan... sanki heç biri olmamışdı. Əsgər müqəddəsmiş, adama pis olan hər şeyi unutdurur. Əsgər onda güclü olur ki, tarix də ona dəstək göstərir. Buyur, cənab əsgər, gecələr səni narahat edən  düşmənin yersiz-yurdsuz çaqqal olduğunu bil. Bəli, məhz "çaqqal". Sən əsgərsən, belə sözləri eşitmək və işlətmək təbiidir. Yazdım ki, işğalçılara doğru hücuma keçəndə öldürdüyün hər düşməni adam qismində saymayasan.

Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk dəfə 200 erməni ailəsi köçürülüb. Hadisənin 150 illiyi münasibətilə 1978-ci ildə abidə də ucaldılıb.

Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə qondarma erməni iddiasının buynuzu bir daha görünəndə yoxa çıxıb.

Bəzi mənbələrə görə, "Marağa-150"-nin dağılmağa məruz qalmasına baxmayaraq, hazırda mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Tərtərin Şıxarx qəsəbəsində yerləşir.

Bax, cənab əsgər, səninlə görüşüb ayrılandan sonra həmin tarixi alimlərimizin təqdimatında xatırlatmağa yollandıq. Böyük konfrans oldu. Düşmənin kimliyinə bir daha aydınlıq gəldi. Kitab hazırlanacaq. Faktlar dillərə tərcümə olunacaq. Səndən sonra dünyanı monapoliyaya alanlar bilsin ki, silah gücünə qovacağın toplum buralara qovulmuşlardır.

Tərtərdən Bərdəyə qayıdırıq. Əvvəl rayonun icra başçısı Müstəqim Məmmədova minnətdarlığımı yazım. Qonaqpərvərliyini qabartmadan deyim ki, böyük səmimiyyət göstərdi. Jurnalistlərin masasına yaxınlaşıb, bəyan etdi ki, nə vaxt istəsək, onunla görüşə, rayon barədə geniş məlumat ala bilərlər. Yəni qapısı jurnalistlərin üzünə həmişə açıqdı.

Bilik Fondunun ilk layihəsi olan "Dini abidələrdə tarixin izləri" Bərdə İmamzadəsindən başlamışdı. İmamzadəni bərpa etmək, dini və tarixi faktları üzə çıxarmaq layihənin əsas prinsipi idi. Böyük zəhmət bahasına görülən işin birinci mərhələsi yekunlaşıb. İmamzadədə olub ürək açan mənzərəni gözlərimizlə gördük: qəbir üstü yazılar oxunaqlı hala gətirilib, sözlər bir-bir dilimizə çevrilərək lövhələr formasına salınıb, məscid binasının içi və çölü təmir olunub.

Görüşdə Bərdə ictimaiyyəti ilə yanaşı müxtəlif bölgələrdəki dini ocaqların nümayəndələri də iştirak edirdi. Bərdənin icra başçısı Vidadi İsayev olduqca razı qaldığını bu işdə əməyi keçən hər kəsə minnətdarlıq etdiyini dedi. Akademik Kamal Abdullayev Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsinin bütün dini abidələrdən keçəcəyini bildirdi. Yerli sakinlərdən də danışanlar oldu. İmamzadənin görünüşü onlarda xoş təsir oyatmışdı.

Karvan dayanmaq fikrində deyildi. Nümayəndələr Kamal Abdullayevlə birgə Qaxa, ordan da Zaqatalaya getdilər. Yanlarında deyildim. Alimlər, jurnalistlər, könüllülər, tələbələrlə birgə Bakıya gəlirdik. Bir məqamı qeyd edim: bizim alimlərlə yola çıxmaq gözəldir. Onların söhbətləri yolu xeyli yaxınlaşdırır.

Amma fikrimiz Qaxa və Zaqatalaya gedənlərin yanında idi. Səhər açılan kimi, mətbuatdan oxuduq. "Kitabi-Dədə Qorqud"un izinə düşənlər Qaxda Bilik Evinin binasına baxış keçirib, Qax Cümə məscidini Kürmük məbədində "Kitabi-Dədə Qorqud" qəhrəmanı Bəkilin qəbri ziyarət olunub. Zaqataladasa ingiloylar yaşayan Əliyabad kənd məscidinə Mir Möhsüm Aga ziyarətgahının hədiyyələri və təmirlə bağlı etdiyi maddi yardım - 30 min manat verilib. Bizə hər səfərdə yol göstərən Prezident Administrasiyasının əməkdaşı Sərraf Balaxanın bu hadisəyə facebook səhifəsində göstərdiyi reaksiyanı yazmamaq olmur: "Təsəvvür edin, bir şiə ziyarətgah sünnilərin məscidini təmir edir".

Multikultural dəyər. Tolerant münasibət. Bunlar birgə yaşayışı şərtləndirən yeni terminlərdir. Tarixcə köhnə, mahiyyətcə əbədi olan termin isə belədir: ADAM KİMİ YAŞAMAQ. Biz hər bir fərdin adam kimi yaşamasına imkan verən cəmiyyət qururuq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti ilə proses daha da sürətlənib.

Bakıdayıq. Səfər yoldaşlarımdan birindən mesaj alıram. Yazır: "Savalan" qrupunun musiqisi, hörmətli Novruz Novruzlunun səsi qulaqlarımdan çəkilmir. Necə də gözəldir". Eşidirəm:

Mən belə yaşadım,mən belə gördüm,
Bir canın bir cana ehtiyacı var.
Cahilin kamilə, dərdlinin təbibə,
Təbibin dərmana ehtiyacı var.

Dədə Qorqud demiş, görəlim nə demiş: "Haqq yandıran çırağınız sönməz olsun!”

 





17.04.2015    çap et  çap et