525.Az

Ermənilər türklərə qarşı: Rusiya arxivlərinin izi ilə


 

Ermənilər türklərə qarşı: <b style="color:red">Rusiya arxivlərinin izi ilə</b>

Ermənilərin türklərə qarşı düşmən  münasibətinin və  bu  millətdən  olan günahsız insanlara qarşı qəddar olmağının tarixi çox da uzağa getməsə də, unudulmaz  hadisələrlə  doludur. Bu hadisələr sırasında Türkiyədə, İranda (xüsusən bu ölkənin güneyində, türklər yaşayan bölgədə),  Azərbaycanda  törətdikləri qətliamlar, soyqırımlar,  üsyanlar,  ərazi  iddiaları  tarixi  sənədlərdə qalmaqda və mövcud olmaqdadır.

Əsasən, XIX əsrin ikinci yarısından Türkiyədə fəallaşan ermənilər, burada Qərb dövlətlərinin dəstəyi ilə ciddi şəkildə təşkilatlanmağa, Osmanlı dövlətinə qarşı çıxmağa başladılar. Əvvəlcədən Osmanlı Türkiyəsinin dövlət strukturlarında möhkəmlənən və bəzi  mühüm dövlət vəzifələrini ələ keçirən ermənilər, sonradan bu mövqelərindən sui-istifadə etməyə başladılar. Maraqlı idi ki, ermənilər bu fəaliyyətlərinin sonunda Osmanlı Türkiyəsi ərazisində müstəqil Ermənistan dövləti qurmaq ideyalarını reallaşdırmaq istəyirdilər.

Əslində “Erməni məsələsi” orta əsrlərdən başlayaraq ermənilərin yaşadıqları ölkələrin əraziləri hesabına dövlət yaratmaq istəyi kimi yaranmışdı. Yəni, bundan əvvəlki dövrlərdə də ermənilər belə cəhdlər göstərmişlər.

Təəssüflər  ki,  qondarma  “erməni   məsələsini” Qərb dövlətləri ciddi olaraq müdafiə etmiş, erməniləri dəstəkləmişlər.  Təbii  ki,  burada   Qərb   dövlətlərinin də  öz  maraqları  olmuş  və    bu  problemdən  məharətlə faydalanmışlar. Məlumdur ki, bu dövlətlər XIX əsrdən başlayaraq Osmanlı Türkiyəsini zəiflətməyə çalışmışlar. Bu məsələdə isə ermənilərdən hər zaman istifadə etmişlər. Məqsəd isə bir idi: Osmanlı dövlətini daxildən dağıtmaq, parçalamaq.

Tanınmış pus publisisti V. A. Veliçko isə özünün “Qafqaz” əsərində ermənilər haqqında yazırdı: “Ermənilər tarix boyunca tez-tez özlərinin himayəçilərini dəyişdirmişlər. Roma, Bizans, İran, rus, ingilis, fransız, alman, türk. Tarix səhnəsinə yeni-yeni himayədar çıxarkən ermənilər köhnə himayəçilərini bir qayda olaraq satmışlar”.

Əslində ermənilərin XIX əsrin ikinci yarısında qurduqları müxtəlif cəmiyyətlər, təşkilatlar və siyasi partiyalar Qərb missionerləri üçün də faydalı olmuşdur. Ermənilər bu qurumları öz milli maraqlarına istiqamətləndirmək istəsələr də, Qərb dövlətlərinin maraqları ilə daha çox hesablaşmışlar. Bu mənada “Hncak” və “Daşnaksutun” partiyalarının fəaliyyətlərini tədqiq etmək bu fikrin doğruluğunu göstərir.

Qeyd edək ki, Rusiyanın ermənilərlə bağlı siyasətində əsas dövrlərdən biri 1905-ci ildir. Həmin ilin fevralında Qraf İllarion İvanoviç Vorontsov-Daşkov Qafqaza canişin təyin edilir. Bu təyinatdan sonra ermənilərin fəallığı daha da artır. Bu, onunla bağlı idi ki, Vorontsov-Daşkov açıq şəkildə ermənilərin mövqeyini müdafiə edirdi. O, Rusiya çarına yazdığı bir raportda ermənilərin Rusiyadan ayrılmaq istəmədiyini, lakin əksinə, Osmanlı ərazisində yaşayan ermənilərin Rusiyaya bağlı olduğunu bildirmişdi.

Bu mövqe isə Rusiya üçün gərəkli idi. Belə ki, Rusiyanın əsas məqsədlərindən biri, Türkiyənin şərq vilayətlərini ələ keçirmək idi. Lakin bunun hələlik mümkün olmadığını başa düşən Rusiya ilkin olaraq, ona xüsusi simpatiyası olan erməniləri dəstəkləməyi düşünürdü.

 Ermənilər isə getdikcə daha çox inanırdılar ki, yalnız Rusiya dövləti onların siyasi fəaliyyətlərinə dəstək verə bilər. Bu fikri yalnız sadə ermənilər deyil, eləcə də erməni liderləri, katalikos və digərləri əsaslı şəkildə dəstəkləyirdilər.

Rusiya təmsilçiləri ilə görüşlərdə ermənilər durumlarının Osmanlı dövlətində ağır olduğunu, getdikcə pisləşdiyini və xalqın yalnız Rusiyanı xilaskar olaraq gördüyünü qeyd edirdilər. Erməni təmsilçiləri Rusiya nümayəndələri ilə danışıqlarda daha kəskin mövqelər də ortalığa qoyurdular. Məsələn, qeyd edirdilər ki, bundan ötrü Rusiya ermənilərin Türkiyədə yaşadığı ərazini gəlib işğal etməlidir. Onlar qeyd edirdilər ki, bu işğal müvəqqəti yox, daimi olmalıdır. Maraqlıdır ki, belə mövqeni açıqlayanlar arasında Osmanlı dövlətinin poçt və teleqraf naziri milliyyətcə erməni olan Oskan Mardikyan və başqaları da vardı.

1912-ci ildə isə Rusiyanın Türkiyədəki səfiri ermənilərin istəklərini açıqca müdafiə edərək, erməni məsələsinin Rusiyaya başlıca problem olduğunu bildirir, hətta bundan ötrü rus ordusunun Anadoluya daxil ola biləcəyini də qeyd edir.

Arxiv sənədlərində hələ XIX əsrdən başlayaraq Rusiyanın erməniləri dəstəklədiyi görünməkdədir. Rusiyanın Türkiyədəki səfirləri isə müxtəlif dövrlərdə ermənilərlə görüşlər keçirmiş, onların müqavimətlərinə və silahlı üsyanlarına dəstək vermişlər.

Eyni zamanda Rusiyada fəaliyyət göstərən erməni cəmiyyətləri təmsilçiləri də İstanbulda olmuş, burada görüşlər keçirib, ermənilərin Rusiyaya xüsusi maraqları olduğunu bildirmişlər.

Rusiya dövləti isə Türkiyədə ermənilərin arasında nüfuzunun artdığını gördükcə, Osmanlı dövlətinə təzyiqləri  artırmağa başlamışdır. Rusiyanın bu fəallığı xüsusən 1913- cü ildən başlayaraq daha çox hiss olunurdu. Bu təzyiqlər isə ən çox ermənilərlə əlaqəli islahatların aparılması ilə bağlı idi. İlkin olaraq 1914-cü ildə yanvarın 26-da (fevralın 8-i) Türkiyənin altı vilayətində ermənilərlə bağlı islahatın aparılması vacib sayılırdı.

Göründüyü kimi, ermənilər müxtəlif vasitələrlə türklərə təzyiqləri artırırdılar. Maraqlıdır ki, məhz ermənilər özlərinin uydurduqları 1915-ci ildəki “soyqırım”da bir milyondan çox erməninin qətl edildiyini söyləyirlər. Lakin tarixi faktlar bunu tamamilə təkzib edir. Diqqət edək: 1914- cü ildə Osmanlı dövlətinin ərazisində 18.520.016 sayda insan yaşayırdı. Bu rəqəmin 15.044.846-sı müsəlmanlar, qalanları isə rumlar və ermənilər olmaqla xristianlardan və musəvilərdən ibarət idi. Bu dövrdə Qriqoryan ermənilərinin sayı 1.161.169, katolik ermənilərinin sayı 67.838 nəfər olmaqla ermənilərin ümumi sayı 1.229.007 nəfər idi. Əgər protestantların da sayının 65.844 nəfər olduğunu (baxmayaraq ki, ermənilərdən kənarda başqa millətlərdən də protestantlar var idi) və bu rəqəmi də ermənilərin ümumi sayına əlavə etsək, o zaman Osmanlı dövlətində 1.294.851 nəfər yaşadığını görürük. Bu da Osmanlı ərazisində yaşayan ermənilərin əhalinin ümumi sayının 6,9 faizini təşkil etdiyini göstərir.

Beləliklə, bu, ermənilərin dünya ictimaiyyətini çaşdırmaq üçün atdığı növbəti yalan bir addım sayılır.

1914-cü ildə başlanan Birinci Dünya müharibəsində erməni silahlı dəstələri Türkiyə ərazisində, eləcə də Zaqafqaziyada, əsl cinayətlər törədirdilər.

Rusiyanın dövlət arxivlərində saxlanılan faktlar təsdiqləyir ki, yalnız Türkiyə ərazisində yaşayan ermənilər deyil, həm də dünyanın müxtəlif ölkələrində olan ermənilər xüsusi təlimlər keçərək döyüşlərdə iştirak ediblər.

Rusiya arxivlərindəki sənədlərin üstünlüyü ondadır ki, bu materialların bəziləri rus zabitlərinə, bəziləri isə ermənilərin özlərinə aiddir. Yəni ermənilərin türklərə qarşı döyüşdüklərini həm ruslar, həm də ermənilər özləri təsdiq edirlər.

Digər tərəfdən isə bu arxiv materialları arasında ermənilərin yaratdıqları könüllü hərbi birləşmələrinin fəaliyyətlərinə aid də ciddi məlumatlar vardır.

Bu təsdiq edilən faktdır ki, erməniləri çar Rusiyası himayə edirdi. Onların hərbi dəstələrinin bütün təchizatı rus ordusu tərəfindən təmin edilirdi.

Bu sənədlər sübut edir ki, erməni hərbi könüllü dəstələri Türkiyə ərazisində ruslar tərəfindən döyüşürdülər. Yəni döyüş zamanı öldürülən bir erməni artıq soyqırıma məruz qalan şəxs deyildi. O, döyüşdə ölmüşdü. Lakin ermənilər bu faktı unudaraq həmin insanları dünya ictimaiyyətinə başqa bir adda təqdim edirlər.

Rusiya arxivlərindəki sənədlərin digər üstünlüyü bir də ondadır ki, bu materiallar “məxfi” xarakterdə olub, xüsusi şifrəli və möhürlüdür. Yəni bu sənədlər inandırıcıdır və təkzibedilməzdir.

Rusiyanın arxivlərində erməni hərbi birləşmələrinin Türkiyə ərazisində yerli əhaliyə qarşı törətdikləri qətliamları, zorakılıqları sübut edən yetərincə faktlar vardır. Bəzən belə sənədlərə rast gəlirik ki, rus zabitləri öz raportlarında (məlumatlarında) ermənilərin  yerli əhaliyə qarşı verdikləri işgəncələrin və pis münasibətlərin dayandırılması vacibliyini bildirirlər.

Arxiv sənədlərində hətta erməni hərbi könüllü dəstə üzvlərinin bəzən rusların özünə qarşı olması faktları da təsdiqlənir.

Rusiyanın arxivlərində ermənilərlə bağlı çox ciddi sənədlər mövcuddur. Lakin bu sənədləri öyrənmək, tədqiq etmək üçün də zamana ehtiyac var. Bu sənədlərdə isə erməni yalanlarını sübut edən çox faktları tapmaq mümkündür.

Hər ilin aprel ayında ermənilər özlərinin qondarma “soyqırım”larını   qeyd   edir,   dünya   ictimaiyyətindən isə müsəlman və türklərə qarşı etdikləri soyqırımları gizlətməyə çalışırlar. Lakin onların törətdiyi cinayətləri açıqlayan isə müsəlman və türklər yox, məhz bir zaman ermənilərə himayədarlıq etmiş olan Rusiyadır və bu ölkənin arxivləridir.

Həmin sənədlərin bəzilərinin mətnini olduğu kimi oxuculara təqdim edirəm:

Rusiya arxivlərindən gətirilən sənədlərin ümumi siyahısı

Ermənilərə qarşı 1915-ci ildə soyqırımının olmadığını sübut edən, Rusiyanın dövlət arxivlərindəki sənədlər (bu sənədlər ilk dəfədir arxivlərdən toplanılır və olduğu kimi nəşr edilir. Hazırda 200-dən çox belə sənəd tapılmışdır).

Bu sənədlər sübut edir ki, ermənilərə qarşı soyqırım siyasəti yürüdülməyib. Əksinə, ermənilər Rusiya tərəfindən Türkiyəyə qarşı savaş aparıb, hərbi dəstələr yaradıb döyüşüblər. 1914, 1915 və 1916-cı illərə aid olan arxiv sənədlərində bu faktlar Rusiya dövlətinin rəsmiləri, xüsusən də hərbi xadimləri tərəfindən təsdiq edilir. Bu sənədlərdə imzalar, möhürlər və qeydiyyat sayları arxiv sənədlərinin rəsmiliyini, ciddiliyini təsdiq edir.

Sənədlərin əhəmiyyəti

Rusiyanın Dövlət Arxivlərindən toplanılmış bu sənədlərdə aşağıdakı ciddi məqamlar var:

1.Bu sənədlər ilk dəfədir foto-sənəd olaraq nəşr edilir və ictimaiyyətə çatdırılır. Bu sənədlər uzun müddət məxfi sayılmış, şifrəli, möhürlü və imzalıdır.

2.Sözügedən sənədlər ermənilərin rəhbəri Andronikin hərbi birləşmələr yaradıb türklərə qarşı savaşdığını təsdiqləyir.

3.Bu sənədlərdə ermənilərin hərbi birləşmələrinin siyahıları mövcuddur. Ermənilər isə bu siyahılardakı hərbçiləri “dinc əhalinin qırılması” adı ilə dünya ictimaiyyətinə təqdim edib onları aldatmışlar.

4.Həmin sənədlər ermənilərin Birinci Dünya savaşında çar Rusiyası Ordusunun tərkibində və ya sərbəst olaraq hərbi birləşmələr  formasında döyüşdüyünü təsdiqləyir.

5.Bu sənədlərdə türklərə qarşı döyüşən erməni hərbi birləşmələrinin sayının 130 000-dən çox olduğu rəsmi olaraq təsdiqlənir.

İnanırıq ki, bu kitabdakı sənədlər dünya ictimaiyyətinə ermənilər haqqında obyektiv məlumatlar verəcək, onların türklərə qarşı hər zaman zorakılıqlar törətdiyini sübut edəcək.

 





20.04.2015    çap et  çap et