525.Az

Xasay Mehdizadənin şeirləri


 

Xasay Mehdizadənin <b style="color:red">şeirləri</b>

YA QİSMƏT

Aldı əlimdən cilovunu
ömür atı,
Çətin ki bundan belə
gücünə gücüm çata.
Ya tutub
yolu gedə,
ya da hürküb
öz
ünü dağdan-
daşdan ata...

ÇATACAQ HAMINIZA

Axdı- axdı qurtardı,
Arxı qurudu qaldı.
Ürəyin odu getdi,
Gözün buludu qaldı.

Daha xəyalım gəzəcək
dərələri, dağları.
Bolluca ayrılıq gətirib
ömrümün budaqları.
Baxıram dönə - dönə,
artıq dən düşür
meyvələrinə.

Bəri başdan bölünüb
yetmiş ilin bəhrəsi,
Hərənin özünə görə,
kiməsə az, kiməsə çox,
Amma yaddan çıxan yox.
Deyəsən,
bələddir halınıza
Basabas salmayın,
Çatacaq hamınıza...

O BAŞDA, BU BAŞDA

Yoruldum, yoza bilmədim,
Çox şey mənə sirr göründü.
Uzağa, yaxına düşdüm,
Bir elə axına düşdüm
Gah Araz, gah Kür göründü.

O bərəni tutan kimdi?
O bəridə yatan kimdi?
Bu bir savaş,
Sordum: qardaş,
Uduzan kim, udan kimdi? -
Arada tədbir göründü.

Harda azdım, harda çoxdum,
Hardan gəlib hara çıxdım,
Ömrün yetmişində dönüb
Gəldiyim yollara baxdım,
O başda bir quru beşik,
Bu başda qəbir göründü...

O SUDUR, O ODDUR...

(Ülkər balama)

Artdı, azalmadı ömrümün yükü,
Çox çəkdi sınağa, çox saldı bərkə,
Bu yaşında sən
Özünü bir ovuc su eləmisən,
Onu da səpirsən yan - yörəmə ki
Bu yayın istisi azaldı bəlkə.

Elə bil gecə də zülmətə uyub,
Neynək, sən sağ ol ki, gözümə nursan.
Can bala, özündə ürək qalmayıb,
Gah mənə, gah ona,
əhval sorana
ürək olursan,
dirək olursan.

Səsin qətiyyətli, inamın ötkəm,
Ağrını - acını bükürsən belə.
Ay evim - eşiyim,
Ay son beşiyim,
Mən sənin nazını çəkməli ikən,
Sən mənim dərdimi çəkirsən belə.

Ümid saman çöpü, o da hələ kəm,
Dalğa da bir ucdan dərinə çəkir,
Qəlbində üzüntü, üzündə təmkin,
Beləsən hər gün,
Dönüb sən tərəfə baxa bilmirəm,
Təki Allah baxsın üzünə, təki.

Alışır sinəmdə illərin odu,
Atəş arasında ada olmuşam.
Bu qədər yaşadım,
Quruca adım...
Özümün özümə əlim çatmadı,
Sənə də bu sayaq ata olmuşam.
Nə deyim indi,
Ta çətin göyərər istəyim indi...

Müdrik görkəmdəsən uşaqlığından,
Sən varsan, evimə ay düşür, qızım.
O körpə, o kövrək toxtaqlığından,
Atana ayrıca pay düşür, qızım.
Bəlkə, elə odur yaşadan məni,
O sudur, o oddur yaşadan məni...

NƏ YAZIQ

Hardasa artıqlığım,
hardasa kəmliyimdi
ürəyim.

Adım - soyadım
olmasa da,
kimliyimdi ürəyim.

Nə yazıq
o da tükəndi,
son günümə
son tikəmdi,
yaman günlüyümdü
ürəyim...

QƏFİL

Qəfil girdik sıldırıma,
Siz keçdiniz
, mən yıxıldım.
Bir az bezdim,
Bir az dözdüm,
Axır dözümdən yıxıldım.

Yolçu elə yoluymuş e,
Öz yolunun quluymuş e,
Yığılmışdım gözlərimə,
Demə gözüm suluymuş e,
Surçub gözümdən yıxıldım.

Odum idim, közüm idim,
Tüstü - tüstü çözüm idim,
Siz gedən yol sizinkiydi,
Mənim yolum özüm idim.
Çıxdım özümdən yıxıldım.

DODAĞIMI TUTDUM YELƏ

Mən bəlkə də getməz idim,
Ora məni yol apardı.
Bir - bir düşüb qabağıma
Neçə çiçək, gül apardı.

Günüm keçdi bərkdə, boşda,
Azıb qaldım yal - yamacda,
Bir daş oldum addamacda
Yağış yağdı, sel apardı.

Yaxşı vardı, yaman vardı,
Ürəyimdə güman vardı,
Ocağımdan uman vardı
Od tapmadı, kül apardı.
Görə - görə, bilə - bilə,
Yazdım, pozdum... elə - belə.
Dodağımı yuxdum yelə
Mən oxudum, yel apardı...

DAŞAM DAŞQALAQ İÇİNDƏ

Özüm nəyəm,
Nə də deyəm, -
Baxan görür bağ içində
Bir barsız budaq kimiyəm
Yamyaşıl yarpaq içində.

Götür ki, bu közdən dəmi,
Qaynayar qəfil eləmi?
Qanqal basıb yan - yörəmi,
İtmişəm alaq içində.

O kimdi qaldı geridə?
Kim ağlada, kim kiridə,
O da, bu da, bu biri də...
Daşam daşqalaq içində.

Hərə bir yük - qaçan, köçən,
Saya gəlmir sayam, seçəm,
Yoldu sinəm üstən keçən
Bitmişəm tapdaq içində.

GEDƏCƏYƏM YUXULARIMIN DALINCA

Atıb başımı balınca,
Bir axşam gedəcəyəm yuxularımın dalınca.
Gedəcəyəm ay kimi,
Gedəcəyəm gün kimi,
Duman kimi, çən kimi,
Uşaqlar kəpənəyin ardınca gedən kimi.

Mənim yuxularım qaravəllidir,
Orda həyat qibləsinə axır,
Suyunda balığın öz yeri var,
Qurusunda vətəgənin öz yeri.
Səhraları ot bitirən üzünə sərilibdir,
Dəvənin öz yeri,
Dəvətikanının öz yeri.

Mənim yuxularımda
Çayların ağzı dirənmir dağa
Dalğalar yediyi çörəyi
Ayağının altına qoyub hoppanmır qabağa.

Mənim yuxularımda
bir ağ yol olur həmişə,
düşüb bu ağ yola
gedəcəyəm, nə ola - ola
.
Yaxındırsa yaxına, uzaqdırsa uzağa,
Qoyun - quzu mələşib
Duzlağa gedən kimi
Duzlağa gedəcəyəm, duzlağa.

Bir sabah açılanda
Uşaqlarım qəfildən
Görəcək yoxam məni,
Kim nə biləcəkdir ki,
Getdim yuxu dalınca,
Apardı yuxum məni...

SÖZÜMÜN ARASINDA

Kim gördü odumda - tüstümdə məni,
Ömrümə - günümə kim oldu ortaq.
Torpaq saxlamadı üstündə məni,
Sözdən tuta bilsəm, söz saxlayacaq.

Kəndiri qırıqmış vaxt - vədə belə,
Baxma ki bir üzü bərli - bəzəkli,
Hər ölən sözüylə ölsə də belə,
Hər qalan sözüylə qalar söz əhli.

... Ta dönüb söz oldum,
Sonum bu yəni,
Sözün Küründəyəm, Arazındayam.
Ta dağda - dərədə axtarma məni,
Burdayam, sözümün arasındaya
m,
Yazımın - pozumun arasındayam.

Bərdə

 





20.04.2015    çap et  çap et