525.Az
“Dağlar, yuxunuz çin olsun”
“Azərbaycan” nəşriyyatında gənc şair Elməddin Nicatın “Dağlar, yuxunuz çin olsun” kitabının təqdimat mərasimi keçirilib. Kitab “Kitab evi” İctimai Birliyinin sədri Salatın Əhmədlinin və Arif Rəsulovun maddi və mənəvi dəstəyi nəticəsində işıq üzü görüb.
Tədbiri açan filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman şairin yaradıcılığında işğal olunmuş yurd həsrətinin, Kəlbəcər ağrısının öz əksini tapdığını deyib.
Filologiya üzrə fəlsəfə doktoru, “Kitab evi” İB-nin sədri Salatın Əhmədli belə bir şairin kitabının nəşrindən məmnunluğunu ifadə edib. Birlik sədri şairin gələcək şeirlərinin doğma Kəlbəcər torpağında yazılmasını arzulayıb.
Şair Oqtay Rza E.Nicatın yaradıcılığında sənədli şeirlərin yer almasını təqdir edib, belə poetik nümunələrin kimlərinsə xatirəsinin əbədiləşməsi üçün vacib olduğunu vurğulayıb.
Kitabın ön söz müəllifi Rüstəm Kamal “Kəlbəcər yuxularını xatirə kimi söyləyən şair” yazısında gənc şairin yaradıcılıq nümunələrini təhlil edib: “Hər bir Kəlbəcər şairinin ömrünün miqyası yadına sala bildiyi yer adları, xatırladığı təbiət obrazları qədərdir. Elməddinin ömrünün hüdudları söylədiyi yurd xatirələri, yaşantılarla tamamlanır. O, xatirələrini yuxu kimi yozur, yuxularını da xatirə kimi danışır”. R. Kamal çıxışında Azərbaycan şeirinin ənənəvi mövzu təsnifatına qaçqın şeiri əlavə olunduğunu vurğulayıb: “Elməddin Nicat sinəsində yurd havası Kəlbəcər yuxularını danışır. Bircə qalır ki, yuxuları çin olsun”.
Tədbirdə iştirak edən şairlər Ağacəfər Həsənli, Adil Cəmil, İbrahim İlyaslı, Rəfail İncəyurd, Şahinə Könül, Ələmdar Cabbarlı, Səriyyə Müslümqızı, Səadət Ağacanqızı, jurnalist Mahmud Vəli, Milli Qəhrəman Aida Şirin, “Məhsəti” jurnalının baş redaktoru İlham Məmmədli, Ədalət Nicat, Emin Piri, “İctimai fikir” jurnalının baş redaktoru Nəzakət Ələkbərqızı gənc şairə gələcəkdə də yaradıcılıq axtarışları, yeni uğurlar və növbəti kitablarının təqdimatının doğma Kəlbəcərdə keçirilməsini arzulayıblar.
Sonda rəssam Nəvai Məmmədoğlu Elməddin Nicata Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan bölməsinin təsis etdiyi Akif Səməd adına mükafatı təqdim edib. Sonda çıxış edən gənc şair yaradıcılığı haqqında söylənilən xoş sözlərə, səmimi arzulara görə qonaqlara minnətdarlıq edib.
Sevinc MÜRVƏTQIZI
07.12.2012
çap et