525.Az

Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi


 

Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi<b style="color:red"></b>

Siyasi bioqrafiyası ziddiyyətli olan bu böyük şəxsiyyətin - Nəriman Nərimanovun həyatındakı ən mühüm hadisələr Qori Müəllimlər Seminariyasından başlanıb.
 
Rus çarının 1875-ci ildə Tiflisin Qori şəhərində erməni-rus-gürcü və dağıstanlı uşaqların maarifləndirilməsi məqsədilə açdığı seminariya Azərbaycan xalqının tarixinə daha çox yazıldı. Başda Mirzə Fətəli Axundov olmaqla dövrün azərbaycanlı ziyalılarının minbir xahiş minnəti, yalvar-yaxarı ilə 1879-cu ildə seminariyada Azərbaycan bölməsi də açılır.
 
Çar Rusiyası şöbəni açmağa ona görə razılıq verir ki, heç bir azərbaycanlının uşağını ora verməyəcəyinə əmin idi. Onların təsəvvüründə bu xalq yalnız "it boğuşdurur, hamamda yatır, xoruz döyüşdürür, qatıq satır, mərsiyə deyir"di. Lakin Qori seminariyası nə ermənilərin, gürcülərin, nə də rus və dağıstanlıların tarixində və taleyində o qədər əhəmiyyətli rol oynamadı ki, Azərbaycan xalqının şanlı tarixini yazdı.

Seminariyanın xalqımıza verdiyi hər bir məzun millətin ictimai-siyasi xadimi, maarif işığı, mücahidi, istiqlal mücadiləçisi, millətimizi müsəlman ümmətindən millət müstəvisinə qaldıran böyük şəxsiyyətlər oldular. Bu səbəbdən şöbəni açdığına peşman olan imperiya sonradan seminariyanın azərbaycanlı məzunlarının, demək olar ki, çoxunun yaşamaq haqqına qıydı, tək-tək güllələdi. 

O şəhidlərdən biri də ictimai-siyasi xadim, yazıçı, publisist, bolşevik-Sovet Azərbaycanının ilk rəhbəri Nəriman Nərimanov idi. 1890-cı ildə Qori seminariyanı bitirərək Tiflis quberniyası  Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim göndərilən gənc Nəriman çox çəkmədən Bakıya gəlir və realnı məktəbdə A.İ.Pobedonostsevin təşkil etdiyi 6 sinifli gimnaziyanın hazırlıq sinfinin aşağı şöbəsində, sonra isə Bakı oğlan gimnaziyasında müəllimlik edir. Bakı mühiti onun həyatını təməlindən dəyişdirir. Dövrün ictimai-siyasi xadimləri ilə əlaqələr yaradır, onlarla bərabər mədəni, ictimai və pedaqoji məsələlərin həllində iştirak edirdi. 1894-cü ildə Nərimanov yaxın dostluq etdiyi Soltan Məcid Qənizadə və başqa əqidə dostlarının iştirakı ilə Bakıda ilk milli-kütləvi kitabxananın açılışını edir.

1902-ci ildə Odessa Universitetinin Tibb fakültəsinə daxil olur. Sonralar yazırdı ki, Odessa həyatı gələcək ictimai-siyasi fəaliyyətimdə, dünyabaxışımda böyük dəyişiklərə səbəb oldu. 1905-ci ilin ikinci yarısında universitet müvəqqəti bağlanır və bu üzdən Nərimanov Bakıya dönür və 1906-cı ildə birinci Zaqafqaziya Müsəlman Müəllimləri qurultayının hazırlanmasına və keçirilməsinə rəhbərlik edir. Sonra təhsilini başa çatdırmaq məqsədi ilə yenidən Odessaya qayıdır və 1908-ci ildə universiteti bitirib həkim kimi vətənə dönür.

Lakin 1909-cu ilin sentyabrında siyasi fəaliyyətinə görə Həştərxana sürgün edilən Nərimanov oradan qayıtdıqdan sonra cəmiyyətdə gedən proseslərdə daha yaxından iştirak edirdi. Belə ki, 1917-ci ildə "Hümmət" təşkilatının sədri və RSDF(b)P Bakı komitəsinin üzvü seçilərək F.X.Xoyski  və  Ə.M.Topçubaşovla bərabər Bakı Müsəlman İctimai təşkilatları bürosunun tərkibinə daxil edilir. Həmin ilin 3 iyun tarixində özünün redaktorluğu ilə "Hümmət" qəzeti nəşrə başlayır. Bolşevik Rusiyası Bakıda hakimiyyəti ələ keçirdikdən sonra paytaxtda türk-müsəlman düşmənçiliyi baş alıb gedir, erməni çetələri ölkəyə sahib olma durumunda idilər. Milli düşmənçiliyə və Azərbaycan türklərinə qarşı törədilən qırğınlara Şaumyan rəhbərlik edirdi. Nərimanov düşmənçilik siyasətinin qarşısını almaq üçün Şaumyanı və Caparidzeni danışıqlara dəvət edir. 1918-ci ildə Bakıda erməni hərbi hissələrinin ləğv edilməsi haqqında sənədi şəxsən özü imzalayır. 

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra ölkə başdan-başa rus və erməni işğalına məruz qaldı. Zəngəzurun böyük hissəsi erməni nəzarətində, Qarabağın dağlıq hissəsi də erməni qüvvələrinin hücumları altında idi. Azərbaycan SSR-in Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov 1920-ci il 30 aprel tarixində Ermənistana nota verərək  Zəngəzur və Qarabağdan qoşunlarının təmizlənməsini tələb etdi. Rusiya Ermənistanı sovetləşdirmək üçün o zaman Azərbaycan torpaqlarının bir hissəsini  onlara verməyi vəd etmişdi.

Mikoyan Leninə məktubunda yazırdı ki, Zəngəzurun ermənilərə verilməsi onların Sovet hakimiyyətinə inamını artıra bilər. Zaqafqaziya üzrə fövqəladə və səlahiyyətli şəxs olan Orconikidze də bu işə tam dəstək verirdi. Rusiyanın xarici işlər naziri, türk xalqlarının qatı düşməni Çiçerin 1920-ci il iyun ayında Orconikidzeyə məktubunda yazırdı ki, Ermənistan ilə kompromisə nail olmaq vacibdir. 1920-ci ilin avqustunda Rusiya K(b)P-nin Qafqaz bürosu Azərbaycanın razılığı olmadan Naxçıvanın Şərur, Dərələyəz bölgəsini Ermənistana birləşdirmək haqqında qərar qəbul edir, Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" hesab edilir. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nərimanov buna qəti etiraz edərək Leninə sərt məktub yazır.

Məktubda qeyd olunurdu ki, mərkəzin çıxardığı qərarlar Azərbaycan əhalisinin Sovet hökumətinə inamını sarsıda bilər:

"Zəngəzurun və Qarabağın neytrallaşdırılması və yaxud daşnaklara verilməsi xəyanətdir. Müsəlman kütlələr Sovet hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünün qorunmamasını satqınlıq, ermənipərəstlik, yaxud Sovet hakimiyyətinin zəifliyi hesab edəcəklər..." 

Lakin 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının iclasında Zəngəzurun Ermənistana verilməsi haqqında qərar qəbul olundu. Nərimanovun əməyi nəticəsində Zəngəzurun Ermənistana verilməsi rəsmən elan edilsə də, qəzanın onun idarəçiliyinə keçməsi xeyli ləngidi.

Eyni zamanda Nərimanovun təkidi ilə 1921-ci il yanvarın 12-də "Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili" haqqında qərar çıxarıldı. Qərara əsasən Zəngəzur Qərbi və Şərqi müsəlman olmaqla iki yerə bölündü.

Nəticədə Zəngəzurun təxminən 47 faizi ermənilərin əlindən alınaraq Azərbaycanın nəzarətinə geri qaytarıldı. Məlumdur ki, Azərbaycan sahib olduğu torpaqlarının zaman-zaman çoxunu itirib.

1923-cü ildə Nərimanov öyrənir ki, Leninin başçılığı ilə 6 nəfər yığışıb Dağlıq Qarabağı ermənilərə verib. Leninə teleqram göndərərək Dağlıq Qarabağın ermənilərə verilməsinin qarşısını alır. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb, Bakı Azərbaycanın paytaxtı kimi tanındı. N.Nərimanov Azərbaycan Xalq Cümhuriyyəti dövrünün siyasi və dövlət xadimlərini Sovet hökumətinin təqiblərindən qorumağa çalışmış, bir çoxlarının mühacirətə getməsi üçün şərait yaratmışdı. İngiltərə hökumətinə Bakıda əsir saxlanan ingilislərlə Maltada sürgündə olan türklərin dəyişdirilməsi təklifini edir. Lakin ingilis hökuməti Nərimanovun təklifini qəbul etmir.
 
Onun bu çalışmaları Maltada olan türk əsirləri duyğulandırır. Azərbaycanın böyük oğlu Əhməd bəy Ağaoğlu Nərimanova Maltadan təşəkkür məktubu göndərir: "Bakıdakı ingilis əsirləri ilə bizi dəyişdirmək niyyətinizi alqışlayıram, niyyətiniz  bizim həyatımızı qurtarmaq olub. Görünən o ki, siyasi vəziyyətlə bağlı cəhdləriniz başarılı  olmayıb. Buna baxmayaraq mən və burada olan arkadaşlarımız təşəbbüslərinizdən dolayı sizə minnətdarlığımızı bildiririk". 

(Ardı var)

Rəsmiyyə RZALI
"Azərnəşr"in redaktoru

 





21.04.2015    çap et  çap et