525.Az

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 5-ci iclası keçirilib


 

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 5-ci iclası keçirilib <b style="color:red"></b> Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 5-ci iclası keçirilib.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda iştirak etmək məqsədilə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmilərdən və iş adamlarından ibarət nümayəndə heyəti Macarıstanda səfərdədir.
 
Komissiyanın iclasında çıxış edən Ş. Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ölkələr arasında əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Qeyd olunub ki, indiyədək iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb. Bakıda fəaliyyət göstərən Macarıstan Ticarət Evi, 2005-2014-cü illərdə Bakıda və Budapeştdə iş adamlarının iştirakı ilə keçirilmiş 10-dan çox biznes forum və digər tədbirlər iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.
 
Birgə komissiyanın 4-cü iclasından sonra görülən işlərlə bağlı məlumat verən Ş. Mustafayev bildirib ki, 2014-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2,9 dəfə artıb.
 
Azərbaycan şirkətləri tərəfindən Macarıstana kənd təsərrüfatı emalı məhsulları ixrac olunur. Macarıstandan isə Azərbaycana cins mal-qara gətirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinin siyahısına Macarıstanın 12 universiteti daxil edilib. Əldə olunmuş razılaşmaya əsasən Macarıstan tərəfi hər il Azərbaycana 200 təqaüd ayırmaq niyyətindədir.
 
2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan yeniyetmələr üçün yataqxana binasının tikintisinə başlanması humanitar sahədə əməkdaşlığa gözəl nümunədir.
 
Macarıstanın xarici işlər və ticarət naziri, birgə komissiyanın həmsədri Piter Siyarto Azərbaycanın davamlı iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının Macarıstanda böyük məmnunluqla qarşılandığını qeyd edib. P. Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə həyata keçirilən layihəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
 
İclasın gündəliyindəki 14 məsələnin hər biri ilə bağlı Macarıstan və Azərbaycan tərəfdən komissiya üzvləri - səhiyyə, təhsil, idman, kənd təsərrüfatı, nəqliyyat, energetika, rabitə və yüksək texnologiyalar, bank, su təchizatı və s. sahələr üçün məsul olan rəsmilər çıxış ediblər.
 
Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, mədəniyyət, gənclər və idman, elm və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi, daha da genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, imzalanan sənəddə Macarıstan biznes adamlarının, şirkət və firmalarının işğal olunmuş Azərbaycan ərazilərindəki separatçı Dağlıq Qarabağ rejimi ilə hər hansı şəkildə əlaqə və işbirliyinin yolverilməzliyi ayrıca bənddə qeyd edilib.
 
Növbəti, 6-cı iclasın gələn ilə Bakıda keçirilməsi qərara alınıb.
 





22.04.2015    çap et  çap et