525.Az

Millət vəkili : “Azərbaycan mədəniyyəti dünyada layiqincə təqdim və təbliğ olunur”


 

Millət vəkili : “Azərbaycan mədəniyyəti dünyada layiqincə təqdim və təbliğ olunur”<b style="color:red"></b>

“Azərbaycan mədəniyyətinin dünya xalqlarının mədəniyyətləri arasında özünəməxsus layiqli yeri var. Qədim və tarixi ənənələrə malik olan Azərbaycan mədəniyyəti özünün zənginliyi ilə seçilir, tanınır və dəyərləndirilir”.

Bunu 525.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova  “Mədəniyyət haqqında” qanun layihəsinin parlamentin plenar iclasının üçüncü oxunuşunun müzakirəsinə tövsiyə olunması ilə bağlı  fikirlərini bildirərkən dilə gətirib.

Onun dediyinə görə, hər zaman, xüsusilə, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından  sonra  Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi, qorunması və dünyada təbliğ edilməsi istiqamətində ciddi addımlar atılıb, bu addımlar öz müsbət töhfələrini verib və verməkdədir: “Azərbaycan mədəniyyətinin inkişafı və dünya arenasına çıxarılaraq layiqincə təqdim, təbliğ edilməsi yönündə işlər Heydər Əliyev kursunun layiqli davamçısı ölkə Prezidenti  İlham Əliyevin cənablarının dövründə də davam etdirilib. İstər dövlət başçısı  İlham Əliyev  tərəfindən Azərbaycan mədəniyyətinin dəstəklənməsi  yönündə atılan addımlar, istərsə də deputat həmkarımız, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə ölçüyəgəlməz xidmətləri Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələyə qədəm qoyulması  ilə nəticələnib.

Son illər Azərbaycanın bır sıra nüfuzlu beynəlxalq  mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi,  Azərbaycan təmsilçilərinin “Eurovision” mahnı müsabiqəsində dalbadal layiqli yerlər tutması və nəhayət, bəzi məkrli dairələrin cəhdlərinə baxmayaraq, Bakıda möhtəşəm “Eurovision-2012” mahnı yarışmasının keçirilməsi dövlətimizin, dövlət başçımızın və onun xanımı, birinci ledimiz Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına necə böyük diqqət və qayğısının bariz nümunəsi, göstəricisidir”.

 Millət vəkili sonra bildirib ki, Azərbaycan mədəniyyəti qorunması, onunla bağlı fəaliyyət sferasının  hüquqi cəhətdən daha mükəmməl tənzimlənməsi üçün yeni, təkmil qanunvericilik aktına ehtiyac duyulurdu:

 “Düzdür, bu yöndə müvafiq qanunumuz vardı, ancaq onun qəbulundan haradasa 14-15 il keçir və indi həmin sənədin müasir  dövrün reallıqlarına uyğunlaşdırılması lazım idi. Odur ki, komitəmizin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin birgə zəhməti, iştirakı ilə  “Mədəniyyət haqqında” qanun demək olar ki, tam yeniləşdirilərək parlamentin müzakirələrinə çıxarıldı və qeyd edim ki,  gərgin müzakirələrdən sonra birinci və ikinci oxunuşlarda qəbul olundu.

 Qanun layihəsi üzərində növbəti dəfə  təkmilləşdirmə işləri aparılaraq, o  komitəmizin  üçüncü oxunuşunun müzakirəsinə təqdim olundu  və bu müzakirələrin yekunu kimi də  parlamentin plenar iclasının  son oxunuşuna tövsiyə olundu. İnanıram ki, yaxın günlərdə qanun layihəsi  üçüncü oxunuşun da müzakirələrindən keçirilərək bütövlükdə qəbul olunacaq və Azərbaycan mədəniyyətinin  inkişafına öz töhfəsini verəcək”.

S.Qafarova  eyni zamanda xatırladıb ki, birinci və ikinci oxunuşun müzakirələri zamanı səsləndirdiyi bir sıra təklifləri, xüsusilə, yerlərdə mədənəiyyət evlərinin, klubların və mədəniyyət ocaqlarının vəziyyətinin yaxşılaşdırılması ilə, o cümlədən, beynəlxalq əməkdaşlıqla bağlı təklifləri üçüncü oxunuşda nəzərə alınıb:

“Bir daha belə hesab edirəm ki, bu yöndə yeniləşdirilmiş qanuna ehtiyac vardı və yaxın günlərdə qəbul edəcəyimiz qanun layihəsi də Azərbaycan mədəniyyətinin ehtiyaclarının ödənilməsinə öz müsbət təsirini göstərəcək”.

Kamil Həmzəoğlu

 





07.12.2012    çap et  çap et