525.Az

Brüsseldə Avropa Oyunlarının təqdimatı olub


 

Brüsseldə Avropa Oyunlarının təqdimatı olub<b style="color:red"></b> Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin Belçikanın Brüssel şəhərində keçirilən növbəti Məclisində iştirak edib.

Şuradan 525.az-a verilən məlumata görə, məclis Avropa Gənclər Forumun üzvü olan ölkələrin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatların səlahiyyəti nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirə Avropa Komissiyasının Məşğulluq və Sosial münasibətlər üzrə baş direktoru Maykl Servozun açılış nitqi ilə start verilib.

Daha sonra məşğulluq üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların rəsmilərinin və ekspertlərin çıxışları dinlənilib.

Açılış mərasiminin sonunda Belçikanın baş nazirinin müavini, Məşğulluq, İqsadiyyat və İstehlakçı işlər üzrə nazir Kris Peters çıxış edərək iştirakçıları Belçikada gənclərin məşğulluğu ilə bağlı görülən işlər haqqında məlumatlandırıb.

Tədbirdə həmçinin müxtəlif panellər üzrə Avropa Gənclər Forumunun məsləhətləşmələri keçirilib. Görüş çərçivəsində siyasi komissiya əsas məsələləri və qətnamələri müzakirə edib.
 
Açıq müzakirələr çərçivəsində səsvermələr əsasında gənclər üçün iş yerlərinin yaradılması, iş təcrübəsinin qazanılması, sahibkarlıq bacarıqlarının formalaşdırılmasına dair məsələlər və təklif olunan qətnamələr qəbul olunub. Qeyd olunan sənədlər ətrafında Avropa Şurası və Avropa Komissiyası tərəfindən məsləhətləşmələr aparılacağı bildirilib.

Tədbir çərçivəsində keçirilən plenar iclaslar zamanı ARGTMŞ-ın baş katibi Seymur Hüseynov  tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının təqdimatı keçirilib və iştirakçılara Avropa Oyunları haqqında oyunlar haqqında ətraflı məlumatları özündə birləşdirən dizayn materialları və məlumat toplusu təqdim olunub.

Çıxışı zamanı gənclərin məşğulluğunun təmin olunması sahəsində Azərbaycanda görülən işlərdən danışıb.

S. Hüseynov  bu istiqamətdə “Bakı 2015” I Avropa Oyunları çərçivəsində mühüm nəticələr əldə olunduğu vurğulanıb.

Çıxışı zamanı qeyd edib ki, "Avropa Oyunları gənclərin könüllü fəaliyyətinin, gənclərlə işin və gənclərin mobilliyinin təbliği üçün unikal vasitədir. Belə ki, I Avropa Oyunları çərçivəsində min nəfəri xarici ölkələrdən olmaqla 18 min gənc könüllü fəaliyyətə cəlb olunub. Mindən artıq gəncin məşğulluğu təmin olunub”.

Çıxışının sonunda  S.Hüseynov iştirakçıları Avropa Oyunlarına dəstək olmağa və qatılmağa dəvət edib.

Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropanın ən böyük platformasıdır. Təşkilat Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tam hüquqlu üzvüdür.

Vəfa MƏMMƏDLİ
 





23.04.2015    çap et  çap et