525.Az

Kamalə Abıyevanın şeirləri


 

Kamalə Abıyevanın <b style="color:red">şeirləri</b>

HƏYAT

Həmişə
uçmaq arzusuyla yaşamaq olmaz,
uçmaq həmişə yaşatmaz.
Yəni yaşamaq üçün uçar quşlar
Yarpaqlar ölməkçün,
ölümə uçar yarpaqlar.
Budağından qopar, azad olar,
Amma ölmək üçün uçar yarpaqlar,
uçar torpağa.
Yaşamaq üçün uçar quşlar
Uçar göylərə-azadlığa.
Amma göylərdən asıla bilməz.
Hər baxanda gördüyümüz, duyduğumuz
Havasıyla içimizə çəkdiyimiz
Azadlıq başımız üstə.
Hər addımda hiss etdiyimiz
ölüm ayağımız altda.
Həyat yerlə göy arasında,
Amma nə göydən asılar,
Nə torpaqdan ayrılar.
Azdı göylərin cazibəsi,
güclüdü torpaq çəkər bizi.
Torpaqla olmaq, torpaqda ölmək,
torpaqçün ölmək gözəldi
Azadlığa uçmaq,
Azadlığı duymaq qədər gözəldi.

lll

Otağım və mən... yalnızıq
Küçə fanarlarından,
bir az da aydan nə varsa alaqaranlıq.
Masada bir fincan,
başımda saatın tıqqıltısı.
Pəncərədən payızın xışıltısı,
telefonuma mesaj gəlir
oxumuram.
Yalnızlıq diksinir
soyuq-soyuq üzümə baxır
fincandakı çay kimi.
Özünü divarlara çırpır,ağrıyır,
anlatmaq istəyir...
telefonuma mesaj gəlir, oxumuram...
Ay gizlənir, fanarlar sönür.
Başımdan saatın tıqqıltısını,
Pəncərəmdən payızın xışıltısını qovur yalnızlıq
Gülür...
Telefonuma mesaj gəlir...oxu.....

İNANMADIM

Ana, səni özlədim
Ana, səni gözlədim...
Hey yol çəkdi gözlərim
Bu yol gedər-gəlməzdi,
Kimsəni də bir daha
Geriyə gətirməzdi.
Bir vaxtlarsa sən mənə
 nağıllar anladardın.
nağıllarda gedər-gəlməz yollar vardı
Amma o nağıllarda gedənlər qayıdardı.
Bəlkə ümid verərdin.
Bəlkə də ümidlərin
gedər-gəlməzlərdən
dönməsini istərdin.
Mən isə inanardım...
Böyüdükcə anladım.
anaların uydurduğu ümidlərdi nağıllar,
anaların  uydurduğu nağıllardı ümidlər...

MƏNƏ NAĞIL DANIŞ

Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.

Mənə nağıl danış, eybi yox, ana,
Düşmənlər, xainlər olur, qoy olsun.
Ağ atlı oğlanlar girib meydana
Təki düşmənlərə qələbə çalsın.

Çəkib qılıncını qorxmaz igidlər,
Yağı qoşunuyla üz-üzə gəlsin.
Qorusun yurdunu, sonunda ellər,
Qırx gün şadlıq etsin, sevinsin, gülsün.

Mənə nağıl danış, nağıl, nə olar,
Gecənin zülməti məni sıxmasın.
O Simurq quşunu çağır nə olar,
İşıqlı dünyaya məni aparsın.

Divlər gözəlləri assın saçından,
Quyuya salsınlar Məlikməmmədi.
O da gözəlləri qurtarıb dardan
Sonunda tanısın mərdi, namərdi.
Mənə nağıl danış, inanım sənə,
Qorxmayım ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə
Bilim qurtaracaq dünyanı şərdən.
Mənə nağıl danış, ay ana, de ki,
ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
Nə qədər qorxulu olsa da belə.

Mənə nağıl danış, nağıl ay ana,
Bənzət dünyamızı nağıllara sən.
Mənə nağıl danış, ay nağıl anam,
Bir az nağıllanım-ağıllanım mən.

BİR PAYIZ

Bir budaq payızam, bir budaq payız...
Musa Yaqub

Bir payız gecəsində
evimin bir küncündə
payız gecəsinə düşdüm, üşüdüm...
bir payız gecəsində
göylər özünə bənzəməz,
bulud özünə bənzəməz,
yağış özünə bənzəməz,
ağac özünə bənzəməz,
yarpaq özünə bənzəməz,
torpaq özünə bənzəməz,
evinin bir güncündə ,
payız gecəsi yaşayan adam.
bir az göylərə,
bir az buluda, bir az yağışa,
bir az ağaca, bir az yarpağa,
bir az torpağa bənzəyər...
bir payız gecəsi adam özünə bənzəməz...

ANLAMADIĞIM HƏQİQƏT

Hər bahar gələndə sən
Baxçamıza çıxardın,
yarpaq-yarpaq geyinən
ağaclara baxardın.
Hər çiçəyə, hər gülə
uşaq tək sevinərdin.
Tumurcuqlar üzündə təbəssümə dönərdi.
Məni də səsləyərdin “Gəl sən də bax” deyərdin.
Mən də hərdən gələrdim,
hərdən də heç gəlməzdim.
Onda anlamadığım, fərqinə varmadığım
 həqiqəti bilməzdim.
Yenə də gəlib bahar.
Bəzənibdi ağaclar,
açıb güllər, çiçəklər.
Amma bu gözəlliklər sevindirmir qəlbimi
daha əvvəlki kimi.
Yenə də gəlib bahar...
Bir vaxt anlamadığım, fərqinə varmadığım
Səadətim üzündə, həqiqətim gözündə.
O sadə həqiqəti bu bahar anladım mən.
Anladım yana-yana.
Anladım ki, ay ana,
Sənin ilə yan-yana,
 eşidərək səsini, duyaraq nəfəsini,
Açan çiçəyə, gülə baxmaqdan daha gözəl,
 heç nə yoxmuş dünyada.
Elə sənin yanında gözəl imiş dünya da.

Susan nömrələr

Çoxları kimi Naibə xanım da
Cəbrayıldakı evinə zəng vurur arada

9-52-93...
Bu nömrəyə zəng etdim,
Cavab gəlsin istədim.
Rəqəmlər haray çəksin
“Mən burdayam,burdayam,
mən Cəbrayılam”desin.
Amma cavab gəlmədi
Susdu, susdu Cəbrayıl,
Susdu... cavab vermədi.
Nə desin ki, nə desin?
Desinmi ki?
Demədi...

İZELƏ

Sevməyə heç nə olmamışdı elə bil,
Sevməyə heç kim qalmamışdı elə bil,
Balacam, sən gəldin, qara gözlərində
Günəşi gizləyən işıq gətirdin
Qaranlığı sevdim, işığı sevdim.
Səsin elə əziz ki, bütün səsləri sevdim,
nəfəsin elə təmiz ki,
təmizliyə inandım.
Kiçik əllərində ömrümə sığmayan sevinc gətirdin-
kiçikliyi  sevdim,
sevinməyi öyrəndim.
Balaca ürəyində
ürəyimə sığmayan sevgi gətirdin,
sevməyi sevdim.
Hamını, hər şeyi sevmək istədim.
Sevmək
Sənin tək...

BƏLKƏ

Utanıb hamıya insan deməyə,
Cürbəcür adları uydurmuşuq biz.
Bəlkə nələrisə gizlədək deyə,
Hərəyə ayrıca ad qoymuşuq biz.

Hərəni bir adla bəzəyiriksə,
Qanmayan qanandan seçilmir axı.
Çətinə salmışıq öz-özümüzü,
Ağıllı nadandan seçilmir axı.

Hər kəsin qiymətin verə bilsəydik,
Bəlkə də bu qədər adlar olmazdı...
Layiq olanlara İNSAN desəydik,
Görəsən, neçəsi adsız qalardı?

Vaxtında bir azca düşünsək əgər,
Heç nə aparmırıq qoca dünyadan.
Elə yaşayaq ki, sonda desinlər:
İnsan gəldi-getdi uca dünyaya.

Utanıb hamıya insan deməyə,
Cürbəcür adları uydurmuşuq biz.
Bəlkə nələrisə gizlədək deyə,
Hərəyə ayrıca ad qoymuşuq biz.

Hərəni bir adla bəzəyiriksə,
Qanmayan qanandan seçilmir axı.
Çətinə salmışıq öz-özümüzü,
Ağıllı nadandan seçilmir axı.

Hər kəsin qiymətin verə bilsəydik,
Bəlkə də bu qədər adlar olmazdı...
Layiq olanlara İNSAN desəydik,
Görəsən, neçəsi adsız qalardı?

Vaxtında bir azca düşünsək əgər,
Heç nə aparmırıq qoca dünyadan.
Elə yaşayaq ki, sonda desinlər:
İnsan gəldi-getdi uca dünyaya.
Hər kəsin içində bir peşimanlıq qəbristanı var,
Fəxri Xiyabanıdı.
Ölən ən gözəl duyğuların orda basdırar.

 





27.04.2015    çap et  çap et