525.Az
“Şair, hökmdarın hüzurundasan...” İzmir hadisələri və Atatürklə yeni qarşıdurma
(Əvvəli ötən şənbə saylarımızda)
Sərbəst Firqənin quruluşu siyasi həyatda köklü dəyişikliklərdən daha çox demokratiya görüntüsünü yaratmağa xidmət edirdi. Dəyişiklik istəyi və qətiyyəti aşağıdan, xalqın özündən gəlməli idi. Daha doğrusu, ona öz iradəsini ortaya qoymağa imkan yaradılmalı idi. Yuxarıların istəyi hətta dövlət başçısının səmimiyyət dərəcəsinin aliliyindən də asılı olmayaraq nəticə etibarı ilə bəlli bir nöqtədən qabağa getməyəcəkdi. Atatürkün həyatda və şöhrətin zirvəsində olduğu 1934-cü ildə Əhməd Ağaoğlu özünün də qatıldığı bu siyasi fars və illüziya ilə bağlı fikirlərini daha kəskin, fəlsəfi və ümumiləşdirilmiş şəkildə (ilk dəfə 1950-ci ildə, Demokrat Partiyasının hakimiyyəti dövründə çap edilmişdi – V.Q.) bildirmişdi:
“Ah, Şərqin bu riyakarlığı! Sözün altında gizlənərək olmayanı mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək!
Bu zavallı ölkənin bütün bəlalarının kökü bu qorxunc ruh xəstəliyindədir.
Bizdə Cümhuriyyətdən ən zəif bir nişanə belə yoxdur. Bizdəki rejim tam mənası ilə bir diktatorluqdur ki, bunu da hamı bilir. Ancaq hər şeyə rəğmən hamı hürriyyətdən, Cümhuriyyətdən bəhs edir, hər kəs bizdə azad bir Cümhuriyyət qurulduğunu söyləyir, iddia eləyir.
Məmləkətin bir başından o biri başına kimi davam edən qarşılıqlı bir aldatma!
Amma eyni zamanda ortada aldanan da yoxdur. Hər kəs içində gülür, həm özünə, həm də başqalarına gülür, gülür, gülür! Bütün məmləkət gülür, zarafat edir, özü ilə, rejimi ilə, Cümhuriyyət deyib bağıranlarla zarafatlaşır. Ortada nə inanan var, nə iman! Nə doğruluq var, nə səmimiyyət! Əhval-ruhiyyə boşluğu, qəlb boşluğu, ruh boşluğu işində boş bir varlıq yıxıla-dura sürünür, həyəcansız, zövqsüz, eşqsiz bir halda sürünür. Gərnəşərək, əsnəyərək, yarı yuxulu vəziyyətdə, günləri, ayları, illəri saya-saya sürünməyinə davam edir...”
Bütün nüfuz və böyüklüyünə baxmayaraq Əhməd bəyin fikrincə Atatürk də həm aldadanların, həm də aldananların biri, bəlkə də birincisi idi. Aldatması özünü demokratiya görüntüsü naminə nəzarətdə saxlanan çoxpartiyalı rejim yaratmaq niyyətində göstərirdi. Aldanması isə adı ilə bağlı partiyanın ölkədəki gerçək mövqe və vəziyyətindən xəbərsiz olmasında meydana çıxırdı. Amma bir məsələ də vardı ki, bu acı həqiqəti söyləyərkən Əhməd bəy özü də dünya qədər qədim “hökmdar yaxşıdır, ətrafı pis” səfsətəsindən uzaqlaşa bilməmişdi. Ya da Cümhuriyyət qurucusunu təmizə çıxarmaq istəmişdi. Ona görə də “Aldanan, qəflətdə saxlanan, istismar edilən Odur! – deyə Atatürkü nəzərdə tutaraq yazırdı. – Ətrafında ona daxili səmimiyyətlə bağlı neçə adam var? O doğru məlumat ala bilmir. Elə düşünür ki, məmləkətə bunca xidmət göstərmiş, milləti əsarətdən qurtarmış, istiqlalını təmin etmiş olan firqə xalqın nəzərində əvvəlki kimi qiymətli və əzizdir”.
Sərbəst Firqənin təşkilinə ölkədəki bələdiyyə seçkiləri ərəfəsində başlanmışdı. Əhməd Ağaoğlu yeni siyasi qüvvənin həmin seçkilərdə iştirakının əleyhinə idi. Bu partiyanın təşkilatlanması, yerlərdə özəklərini yaratması, məqsəd və məramı ilə bağlı xalq arasında geniş təbliğat aparması zərurətindən irəli gəlirdi. Təcrübəli qəzetçi kimi Əhməd bəy mətbu orqanın yaradılmasını da vacib sayırdı. Digər səbəb isə çoxları ilə müqayisədə hakim partiyadakı vəziyyətə daha yaxşı bələd olması ilə bağlı idi. Cümhuriyyət Xalq Partiyası funksionerləri cəmiyyətdə o qədər mənfi imic qazanmışdılar ki, Sərbəst Firqəyə yüksək səviyyədə xeyir-dua verildiyi bilinincə, insanlar hər şeyi buraxıb onun arxasınca gedəcəkdi. Atatürkün ən yaxın adamlarının, xüsusən yeganə bacısının yeni partiyanın rəhbərliyində təmsil olunması xalqın ciddi islahat və dəyişikliklərlə bağlı ümidlərini daha da qüvvətləndirirdi. Sərbəst Firqənin meydana çıxması narazı vətəndaşlarda ölkə başçısının etimadı doğrultmayan komanda ilə vidalaşması təəssüratını yaratmışdı. Göründüyü kimi, “Tarix təkrardan ibarətdir” deyənlər əsla yanılmırlar...
İzmir hadisələri və Atatürklə yeni qarşıdurma
Yeni partiyanın varlığını cəmiyyətə çatdırmaq məqsədi ilə Sərbəst Firqə rəhbərliyi Atatürkün xeyir-duası ilə avqustun sonunda ilk dəfə xalqın arasına çıxdı. Səfər marşrutu kimi mövcud daxili siyasətdən çox da məmnun görünməyən və ziyalı potensialı ilə tanınan bir bölgə –İzmir şəhəri seçilmişdi. İzmir səfəri Əhməd bəyin qüvvələr nisbətində baş verəcək dəyişikliklə bağlı gümanlarında haqlı olduğunu aşkara çıxardı. Sərbəst Firqə başçılarının gəlişini eşidən on minlərlə şəhər sakini onları sözün əsl mənasında xilaskar kimi qarşılamışdı.
İzmirdən xanımına məktubunda Əhməd bəy təəssüratlarını bölüşərək yazırdı: “Dünəndən bəri İzmirdəyik. Xalqın bizi necə qarşıladığını görməli idin! Dəniz sahilinə ən azı qırx min adam gəlmişdi. Gəmimiz hələ uzaqda ikən bayraqlar dalğalanır, “Yaşasın Qazi!”, “Yaşasın Fəthi bəy!”, “Yaşasın Sərbəst Cümhuriyyət!” sədalarından qulaq tutulurdu. Saysız-hesabsız qayıqlar bizə tərəf şütüməkdə idi”.
Hakim partiyanın özbaşınalıqlarından bezmiş insanlar hər şeydən öncə ölkəyə və Atatürkə kömək məqsədi ilə Sərbəst Firqəyə üzv olmaq istəyirdilər. Şəhərdə çıxan beş qəzetdən dördü dərhal yeni partiyanın mövqelərinə keçmişdi. Adamlar axın-axın otelə gələrək partiyanın yerli özəklərini qurmaq üçün təlimat istəyirdilər. İzmirdə qalacaqları günlər ərzində Fəthi bəy mitinqlərdə çıxış edəcəkdi. Əhməd Ağaoğlu isə siyasi liberalizm haqqında silsilə mühazirələr oxuyacaqdı.
Yenidən hərəkətli, fırtınalı həyata qayıtması onu sevindirirdi. Atatürkün istəyi ilə qoşulduğu hərəkatın ölkənin simasını dəyişməsi, insanları həqiqi azadlığa qovuşdurması ilə bağlı ümidləri qüvvətlənmişdi. “Mən yaxşıyam, lap yaxşıyam, – deyə Əhməd bəy xanımına yazırdı. – Mübarizə həyatı məni xeyli gəncləşdirib. Bu hətta Qazi həzrətlərinin gözünə çarpdı və son görüşdüyümüz zaman soruşduğu “Mübarizəniz nə haldadır?” sualının qarşılığında “Əmr edin, qalaları bir hücumla alaq”-dedim. O, “Bəli, görürəm, cavanlaşmısan. Amma qüvvəni qənaətlə sərf etmək daha yaxşıdır” –dedi və təbii ki, biz də böyük komandanımızın əmrinə tabeyik”.
Lakin bu eyforiya çox tezliklə öz yerini dərin kədər və sarsıntıya verdi. İzmir hadisələri Sərbəst Firqənin həm başlanğıcının sonu, həm də sonunun başlanğıcı oldu. Xalqın hakim CXP-na inamsızlığı, məmur ordusuna nifrəti Atatürk də daxil hakimiyyət cəbhəsini qorxuya saldı. Fəthi bəy və Əhməd Ağaoğlu şəhərə ayaq basdıqları ilk dəqiqələrdən ən müxtəlif maneələrlə üzləşdilər. Onlarla eyni hədəfə vuran müttəfiq partiyanın təmsilçiləri kimi deyil, yad və düşmən ünsürlər kimi rəftar olundu. İş hətta İzmir küçələrində qan axıdılmasına, Əhməd bəyin yazdığı kimi, “şekspirvari dramlar yaşanmasına” qədər gedib çıxdı.
Çox güman ki, Ankaradan təlimat alan yerli hakimiyyət orqanları Sərbəst Firqə liderləri ilə hər hansı təmasdan yayınırdılar. Vətəndaşların fəallığından qorxuya düşən polis isə “Anadolu” qəzeti mətbəəsinin önündə toplaşan dinc nümayişçilərə atəş açdı. Nəticədə 14 yaşlı yeniyetmə öldürüldü. Günahsız uşağın cəsədini otelə gətirən nümayişçilər onu Fəthi bəyin ayaqları altına ataraq “Alın, bu da sizə ilk qurban! Amma qurtarın bizi bu zalımların əlindən!” – deyə hiddətlərini bildirmişdilər.
(Faciəli hadisədən 4 il sonra yaddaşına hopmuş təəssüratları qələmə alan Əhməd bəy yazırdı: “Bilmirəm, Fəthi bəy bu müdhiş hadisəni xatırlayırmı? London səfarətxanasının (Sərbəst Firqə fəaliyyətini dayandırdıqdan sonra o, Türkiyənin Böyük Britaniyada səfiri təyin olunmuşdu – V.Q.) möhtəşəm salonlarındakı yumşaq kresloda əyləşib Şekspirin dramlarını oxuyarkən bu İzmir faciəsinin xatirəsi onu ara-sıra narahat edirmi? Eyvah! Bu yüksək, ilahi iztirabları duyacaq qəlblərə malik olsaydıq, bizdə də o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz süd qardaşlarını bələkdə boğduran insanların yetirmələriyik. O məsumların fəryadları da əvəzində bizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir”).
Hadisələrin belə şəkil alması “xalqın həm çox sevdiyi, həm də çox qorxduğu Qazi” (Əhməd Ağaoğlu) üçün xüsusilə təəccüblü idi. O, gözləmədiyi yerdən zərbə almışdı. Xilaskarı olduğu insanların, qurduğu Cümhuriyyətin vətəndaşlarının bu dərəcədə üzüdönük çıxmasına, ilk fürsətdə onun qurucusu olduğu partiya ilə üzülüşmək istəyinə inana bilmirdi. Əhməd bəyin də yazdığı kimi, onun izzəti-nəfsinə toxunulmuşdu. Həm də dərindən toxunulmuşdu. (1930-cu il Türkiyəsindəki siyasi qalmaqalı ingilislərin 1946-cı il parlament seçkilərində İkinci Dünya müharibəsində Britaniyanın qələbəsini təmin etmiş Uinston Çerçilə etimad göstərməmələri ilə müqayisə etmək mümkündür. Qərbdə adi sayılan bu hadisənin şərqli hökmdar üçün nə qədər sarsıdıcı olduğunu xatırlatmağa isə lüzum yoxdur – V.Q.).
Əlbəttə, prosesi dayandırmaq üçün Atatürkün bir işarəsi, partiya rəhbərlərinə bir sözü kifayət idi. Lakin o da məhz izzəti-nəfsini qoruduğundan belə addım atmağı ağlına gətirmirdi. Yəqin ki, bunu ən azı zəiflik sayırdı. Bəlkə də demokratiya havasına uymuş silahdaşlarının, həmfikirlərinin özlərinin ağıllanacaqlarına, “tövbə yoluna” qayıdacaqlarına ümid bəsləyirdi? Amma İzmirdə baş verənləri eşitdikdən sonra Atatürk hadisələrin çox uzağa getdiyinin fərqinə vatmışdı. Bu da Sərbəst Firqə qurucularının başı üzərində qara buludların sıxlaşmasına gətirib çıxarmışdı.
1930-cu il sentyabrın 22-də Məclisin fövqəladə toplantısı keçirildi. Diqqəti əsas məsələdən yayındırmaq üçün ölkə iqtisadiyyatında yaşanan tənəzzül və valyuta siyasəti məsələsinin müzakirəsi gündəliyə çıxarılmışdı. Əslində isə İsmət İnönü bələdiyyə seçkiləri ərəfəsində hakim Cümhuriyyət Xalq Partiyasının güc və birliyini bir daha sınaqdan keçirmək istəyirdi. Bu iclasda Sərbəst Firqə təmsilçiləri millət vəkili həmkarlarının soyuq, hətta düşmən münasibəti ilə üzləşmişdilər. Hətta maliyyə naziri Şükrü Saracoğlu Əhməd Ağaoğluna məclis tribunasından çıxış etməzdən əvvəl türkcəsini təkmilləşdirməyi məsləhət görmüşdü.
Həmin günün axşamı Cankaya köşkünə, Atatürkün yanındakı axşam yeməyinə dəvətlilər arasında Əhməd bəy də vardı. Siyasi liberalizm ətrafında başlanan söhbət zamanı İnönünün adamı kimi tanınan CXP baş katibi Rəcəb Pekər Sərbəst Firqənin təmsilçilərini “araqarışdıran” adlandırmışdı. Əhməd bəy söhbətə müdaxilə edərək Atatürkün təşəbbüsü ilə qurulan partiyaya “araqarışdıran” deyilməsinin məntiqə sığışmadığını və siyasət adamının belə münasibətindən heyrətləndiyini əsəbi tonda bildirmişdi. Atatürk susaraq söhbətə qarışmamışdı...
Oktyabrın ilk günlərində keçirilən bələdiyyə seçkiləri hakim CXR-nın qələbəsi ilə başa çatmışdı. Mənəvi üstünlük isə ciddi maneələrlə üzləşən Sərbəst Firqənin tərəfində idi. Digər tərəfdən, hakim partiyanı qalib elan etmək üçün bir çox yerlərdə sınanmış üsuldan – inzibati resurslardan, polisin və ordunun gücündən istifadə olunmuşdu. Amma istisna hallar da vardı. Samsunda səslərin çoxunu Sərbəst Firqə qazanmışdı. Bu, Atatürkə Əhməd bəyin şəxsində Sərbəst Firqə liderlərinə sataşmaq üçün yeni bəhanə vermişdi.
Seçkilərdən az sonra Cankaya köşkündə təmsil etdiyi partiya haqqında tikanlı sözlər eşidən Əhməd Ağaoğlu özünü saxlaya bilməyərək “Həm məğlub olmaq, həm də lağ hədəfinə çevrilmək çox acı şeydir, paşam!” – deyə etirazını bildirəndə Atatürk “Amma baxınız, Samsunda qazandınız” sözləri ilə söhbətin yönünü dəyişməyə çalışmışdı. Dialoqun davamının yaxşı heç nə vəd etmədiyini bilsə də, Əhməd bəy susmamışdı. Tənəli atmacaların müqabilində demişdi:
“Paşam, əgər bütün məmləkətdə Samsun valisi kimi qanuna hörmətlə yanaşan bir nəfər də tapılmasaydı, onda halımıza ağlamaq lazım gələrdi. İdarə məmurları hər tərəfdə belə insanlar olsaydılar, şübhə etmirəm ki, seçkilərdə səslərin dörddə üçünü biz qazanardıq”. Daha sonra isə süfrədə oturan Şükrü Qayanı (1927-1938-ci illərdə Türkiyə Cümhuriyyətinin daxili işlər naziri – V.Q.) göstərərək əlavə etmişdi: “Bizim bu dostumuzu görürsünüzmü? O da ustalıqla hərəkət edə bilmədi. Hər tərəfdə polisi, jandarmanı yalnız bizə qarşı çıxardı. Heç olmazsa, tərəfsizlik görüntüsü yaratmaq üçün bir neçə yerdə də CXP əleyhinə çıxarmalı idi”.
Təbii ki, yumşaq tərzdə deyilsə də, hədəfə dəyən bu sözlərdən sonra Əhməd bəyin gözlədiyi vəziyyət alınmışdı. Atatürk hirslənməyə başlamışdı:
“-Əfəndi! Hər tərəfdə anarxiya baş alıb gedir, – deyə səsini yüksəltmişdi. –Antalyada komandanın (türkcə orijinalda “komutan”. Çox güman ki, bölgənin jandarma rəisi nəzərdə tutulur – V.Q.) başını skamya ilə vurub əziblər. Bu komandan çox böyük və səbrli adammış. Onun yerinə mən olsaydım, bir pulemyot gətirib oradakıların hamısını biçdirərdim. Başqa yerlərdə də buna bənzər hadisələr baş verib.
–Paşam, komandanın seçki məntəqəsində nə işi vardı?
–Anarxiyanın qarşısını almaq üçün getmişdi.
–Xeyr! Anarxiya onun seçki məntəqəsinə gəlişi nəticəsində yaranmışdı. Qazi Mustafa Kamal Paşa Cümhuriyyət qurub. Bu Cümhuriyyətin əsaslandığı prinsiplər xalqa seçki haqqı tanıyır. Xalq səlahiyyətindən istifadə etmək üçün seçki qutusunun başına gəlir. Amma qarşısında silahlı qüvvələri görür. Çarpışma təbiidir”.
Eşitdiyi sözlər Atatürkü haldan çıxarmışdı. Ev sahibi olduğunu unudaraq Əhməd bəyi hiddət və qəzəbinin gücü ilə yerində oturtmağa çalışmışdı: “Əfəndi! Anarxiya var, anarxiya! Sizin heç nədən xəbəriniz yoxdur. Qəflətdəsiniz. Hələ üstəlik belə vəziyyətdə məndən tərəfsiz qalmağımı istəyirsiniz!”- deyə bağırmışdı.
Göründüyü kimi, Atatürk Sərbəst Firqə ilə bağlı narazılığını növbəti dəfə status baxımından partiyanın daha yüksək rütbəli funksionerləri olan Fəthi Okyar və Nuri Conkerə deyil, rəhbər üçlükdə sayılan Əhməd Ağaoğluna çatdırmışdı. Bu rəftar təkcə onun gənclik illərindən tanıdığı silah yoldaşlarının xətirlərinə dəymək istəməməsi anlamında başa düşülməməlidir. Sadəcə, Əhməd bəy aramsız həqiqət axtarışları, doğruluq və prinsipiallığı ilə hər zaman atəşi öz üzərinə çəkirdi.
Vəziyyətin böhran həddinə çatdığı bu mübahisədə də sona qədər getmişdi. Atatürkün ittihamları qarşısında geri çəkilməyərək bir tərəfdən onun özü və ailəsi üzərində böyük haqq-sayını etiraf etmiş, digər tərəfdən isə iradəsi ilə qoşulduğu bu siyasi oyundan şərəfini qoruyaraq çıxacağını bəyan etmişdi. “Sərbəst Firqə xatirələri”ində çoxsaylı qonaqların gözü qarşısında Atatürkə dediyi aşağıdakı sözləri olduğu kimi misal gətirmişdi:
“Paşam, belə olan halda aramızda dəhşətli bir anlaşılmazlıq var. Məni Sərbəst Firqəyə gətirən zati-dövlətinizdir. Özünüz o zaman dediniz: “Yeni qurduğumuz Cümhuriyyət bir şeyə oxşamır. Mən fani insanam. Ölmədən əvvəl bu milləti həqiqi hürriyyətə alışmış görmək niyyətindəyəm. Bundan ötəri isə müxalif firqənin olması lazımdır. Firqəni də inandığım adamların əllərinə tapşırmaq istəyirəm. Amma yazıqlar olsun ki, onlar da tərəddüd edirlər.
Nəticədə biz firqəyə girdik. İndi görürəm məsələni yaxşı anlamamışam. Altmış iki yaşım var. Onun ən azı 40 ilini qüvvəm və bacarığım daxilində türk millətinə xidmətdə keçirmişəm. Artıq məzarımla aramda bir neçə addım məsafə qalmışkən bu milləti anarxiyaya sürükləyənlərdən biri kimi qələmə verilirəm.
Bundan başqa zatı-dövlətinizi öz xilaskarım sayıram. Məni Malta əsarətindən qurtardınız. Bura gəldim. Sayənizdə məmləkətin sayılan adamlarından biri oldum. Çoluq-cocuğum yeni Vətən tapdı, gələcəklərini təmin etdilər. İndi isə elə təsəvvür yaranır ki, mən həm türk millətinə xəyanət edir, həm də xilaskarıma qarşı çıxıram.
Bu vəziyyət mənim üçün çox ağırdır. İcazə verin, özümü qurtarım”.
Atatürk “xilas” yolunun şəkli və mahiyyəti ilə maraqlananda Əhməd bəyin peşimançılıq hissi keçirərək aman diləmədiyi, əksinə, yenə də əvvəlki mövqeyində qaldığı bəlli oldu: “Əmrinizlə girdiyim yeni Firqədən çıxmayacağam. Belə etsəm bunu öz heysiyyətim üçün bir alçaqlıq sayardım. Amma siyasi həyatdan çəkilərəm. Millət vəkilliyindən imtina edərəm. Sırf müəllimliklə məşğul olaram”.
Bu sözlər Sərbəst Firqənin ömrünü daha bir ay uzatmış, ona qarşı çevrilən təhdidləri bir qədər yumşaltmışdı. Atatürk həmin axşam səsinin tonunu növbəti dəfə dəyişərək az qala Əhməd bəyin qarşısında üzrxahlıq etmişdi. “Belə məlum olur ki, mənim verdiyim sözə şübhə ilə yanaşırsan,- demişdi. – Qoy burada oturanlar yenə şahid olsunlar. Fəthi bəyə, Nuri bəyə, sənə, bütün arkadaşlara bir namus borcum var. Eşidirsinizmi? Hamınız şahid olun: namus borcum var! Bir də siz nə etdiniz ki? Sadəcə Vətən qarşısındakı borcunuzu yerinə yetirdiniz. Ona görə də tam əmin-arxayın ola bilərsiniz. Seçki zamanı baş verən hadisələrə gələndə isə bu harada olmur? Avropada bundan betərləri də olur”.
Söhbət bu notlar üzərində bitsəydi, yəqin ki, bir millət atası kimi Atatürkün mənəvi qələbəsindən, müdriklik və nəcibliyindən danışmaq olardı. Lakin çağdaş Türkiyənin həyatına gətirdiyi bütün yeniliklərə baxmayaraq onun da daxilində ənənəvi bir Şərq diktatoru uyuyurdu. Bu diktator isə hec vəhclə sözünün qarşısında söz deyilməsinə, kiminsə öz ləyaqət və şərəf hissini onun hökmdar iddialarından üstün tutmasına təhəmmül edə bilməzdi. Ona görə də istənilən halda son söz hüququnu özündə saxlamalı, sonuncu gülən özü olmalı idi...
Böyük adamın kiçik qisası
Məhz belə bir düşüncənin təsiri altında o gecə Əhməd Ağaoğlunun da Cankaya köşkündən daxilən rahatlanmış bir halda ayrılmasına imkan verilməmişdi.
Bir neçə gün əvvəl (12 oktyabr 1930-cu il) “Yarın” qəzetində tanınmış türk alimi, Cümhuriyyət dövründə İstanbul universitetinin ilk rektoru olmuş İsmayıl Haqqı Baltaçıoğlunun (1886-1978) “Bizim tapdığımız Mustafa Kamal” adlı məqaləsi çap edilmişdi. İsmayıl Haqqı həm də Sərbəst Firqənin İstanbul təşkilatının rəhbəri idi. Çox güman, bu səbəbdən də Atatürkü partiya mənsubiyyət və maraqlarından daha üstün tutduğunu bildirərək “Mən Cümhuriyyət Xalq Firqəsi rəisi Qazini deyil, məmləkəti qurtaran Mustafa Kamalı sevirəm” – deyə bəyan etmişdi. Tərif dolu yazıda xilaskar Atatürk Mikelancelo, Delakrua, İngres kimi yaradıcı şəxsiyyətlərlə müqayisə olunurdu. “Türk qövmünün istiqbalını yaradan və Türk istiqbalında Türk millətinə əbədi rəhbər olmaq istedadını və qüvvəsini mühafizə edən Mütləq Mustafa Kamal” kimi dünya tarixinə düşdüyü bildirilirdi.
Qonaqlar süfrə arxasına keçməmişdən əvvəl salonda xarici işlər naziri Tofiq Rüşti Arasla bilyard oynayan Atatürk özünü guya əhəmiyyətsiz bir şeydən danışırmış kimi göstərərək Əhməd bəydən yazını oxuyub-oxumadığını soruşmuşdu. Həmişəki kimi sözün doğrusunu söyləyən Əhməd bəy oxuduğunu və bəyənmədiyini demişdi. Səbəbini isə belə izah etmişdi: “Müqayisələri bəyənmədim. Yan-yana gətirilmələri imkansız olan insanlar arasında müqayisə aparmaqda məna görmədim”.
Partiya mövzusundakı mübahisə qurtardıqdan xeyli sonra Atatürk birdən-birə (hərçənd belə şəxsiyyətlər heç nəyi spontan etmirlər, hər şey əvvəlcədən düşünülmüş məqsədə tabe tutulur) İsmayıl Haqqının məqaləsini və Əhməd bəyin yazı ilə bağlı mənfi rəyini xatırlamışdı. Sən demə məqalə Qazinin özünün də xoşuna gəlməyibmiş. Onun tarşırığı ilə özəl qələm müdiri Rəşid Qalib bəy (Sərbəst Firqə üzvü idi, 1932-1933-cü illərdə maarif naziri olmuşdu – V.Q.) cavab yazmışdı. Lakin İsmayıl Haqqı bəy mübahisə açmaq istəməmişdi.
Əhməd bəyin yazdığına görə İsmayıl Haqqının susması mübarizədən xoşlanan Atatürkü əsəbiləşdirmiş, ikinci məqalə də hazırlanmışdı: “Qazinin əmri ilə bu ikinci məqalə gətirilərək oxundu. Başdan başa küfr və təhqirlə dolu idi. Qazi “Məni müdafiə üçün bu yazını imzalarsanmı?”-deyə soruşdu. Ətrafa baxdım. Hər tərəfdən mənə “bəli” cavabı verməyi tövsiyə edirdilər. Həqiqətən də o anda başqa yol yox idi. Çox içilmiş, bütün müvazinətlər pozulmuşdu. “Bəli, imzalayaram” – dedim. Qazi dərhal qələm və mürəkkəb gətirilməsini əmr etdi və məqaləni mənə imzalatdı”.
O gecənin iztirabları bununla qurtarsa dərd yarı idi. Amma Atatürkün mənəvi işgəncə ilə bağlı daha mükəmməl planları varmış. Sonra o, Əhməd bəyə iki teleqram mətni diqtə etmişdi. Hər ikisini də öz xətti ilə yazmasını istəmişdi. Teleqramlardan biri Sərbəst Firqənin başçısı Fəthi Okyara ünvanlanmışdı. Bu teleqramda Əhməd bəy rəhbərlikdə təmsil olunan şəxs kimi İsmayıl Haqqının dərhal partiyadan istefa verib universitetə dönməsini tələb edirdi. İkincisində isə az əvvəl imzaladığı cavab yazısının çapını gözləmədən məqalə ilə bağlı hiddət və qəzəbini müəllifə çatdırırdı. “Qazi nə söylədisə, eynən yazdım, – deyə Əhməd bəy xatirələrində etiraf edirdi. – Bəzən ifadələri çox kəskin saydığımdam dayanırdım. O dəqiqə hər iki tərəfimdə oturanlar böyrümü dümsükləyərək yazmağımı istəyirdilər”.
Bu məqamda Əhməd bəyi ittiham etmək işin ən asan tərəfidir. Amma yaddan çıxarılmamalıdır ki, Cümhuriyyətdə saray ab-havasının bərpasına qarşı ən barışmaz şəkildə çıxanlardan biri məhz o olmuşdu. Yəqin ki, detallarına qədər düşünülən cəza da ilk növbədə bu sərbəst düşüncəyə görə verilirdi.
Səhərə yaxın evinə dönən Əhməd dərin sarsıntı içərisində idi: “Bir dəqiqə çimir edə bilmədim. Duyduğum mənəvi əzab məni yandırıb-yaxırdı. İsmayıl Haqqı bəyi təmiz, hörmətə layiq bir şəxs kimi tanıyırdım. Sərbəst Firqəyə də özü gəlmişdi. Bu hərəkəti sadəcə Vətən eşqi, azadlığa məhəbbəti naminə etdiyinə inanırdım. Belə halda ona qarşı çıxmağımı özümə mənəvi ölüm sayırdım”.
(Ardı var)
10.12.2012
çap et