525.Az

Məşəl Naxçıvan səyahətini başa vurdu


 

Məşəl Naxçıvan səyahətini başa vurdu<b style="color:red"></b>

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin səyahətinə start verilib.

Apasport.az saytının məlumatına görə, Bakıda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl ilk səfərinə çıxıb.
 
Dünən səhər Naxçıvana aparılan məşəl artıq Muxtar Respublikanı gəzib. Yarışın rəmzini dünən Azərbaycan Prezidenti İlham Əliyevdən alan estafetin ilk məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanova təyyarə ilə aparılan məşəllə Naxçıvan hava limanına enib.
 
Məşəl Naxçıvan səyahəti proqramı çərçivəsində yerli idmançıların müşayiəti ilə Duzdağa aparılıb. Avropa Oyunlarının rəmzi oradan da Əshabi- Kəhf ziyarətgahına yollanıb.  Məşəl estafeti saat 20:06-da start götürüb.
 
İlk olaraq, məşəllə qaçan Xanım Xudadanovanın ardınca müvafiq ardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev alovu, ümumilikdə, 4,1 km məsafədə aparıblar.
 
Bu gün alov festivalı da keçirilib. Minlərlə insanın izlədiyi estafet 1 saat davam edib. Saat 20:45-də başlayan estafet Alov festivalı ilə davam edib. Tədbir Naxçıvandakı Heydər Əliyev adına meydanda baş tutub. Festival saat 21:18-ə qədər davam edib. Tədbir çərçivəsində Naxçıvan idmançıları və incəsənət xadimlərinin məşəl estafetinə qoşulub. Festival bədii hissə ve konsertlə izləyicilərdə bayram əhval-ruhiyyəsi yaradıb. Tədbir atəşfəşanlıqla yekunlaşıb. Məşəl aprelin 29-da Lənkəran səyahətinə yollanacaq. Burada da, Alov festivalı nəzərdə tutulub.
 
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
 
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 





28.04.2015    çap et  çap et