Bakı metrosunun «28 May» stansiyasının yenidən qurulması zamanı sözügedən stansiya bağlanmayacaq.
Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, «28 May» stansiyasının rekonstruksiyasına artıq başlanılıb: «Yenidənqurma zamanı işlər əsasən gecələr - metropolitendən sərnişinlər istifadə etmədiyi vaxtlarda aparılacaq. Ümumiyyətlə, metropoliten rəhbərliyi bu ilin avqustunda layihəsi təsdiq olunmuş «28 May» stansiyasının yenidən qurulmasını həyata keçirmək üçün tədbirlər planını işləyib hazırlayarkən, məhz sərnişinlərin təhlükəsizliyinə xələl gətirilməməsini və stansiyanın xidmətindən istifadə edərkən sərnişinlərin maneələrlə üzləşməməsini qarşıya məqsəd qoyub».
Metro rəsmiləri vurğulayırlar ki, yenidənqurma işləri zamanı stansiyanın müvəqqəti bağlanması və fəaliyyətinin dayandırılması nəzərdə tutulmayıb: «Həmişə olduğu kimi, görülən işlər, ələlxüsus da sərnişinlərin maraqları ilə toqquşan tədbirlər barədə metropoliten rəhbərliyi daim sərnişinləri əvvəlcədən məlumatlandırıb, lazım olduqda, bu barədə ətraflı məlumatlar da təqdim edib».
çap et