525.Az

"Avropa Oyunları Qərbin Cənubi Qafqazda bərabərləşdirici siyasətinə öldürücü zərbədir"


 

"ABŞ-ın İLK AVROPA OYUNLARI İLƏ BAĞLI ANTİ-AZƏRBAYCAN KAMPANİYASININ KÖKÜNDƏ ÖLKƏMİZİN GÜCLƏNMƏSİ DAYANIR"

"Avropa Oyunları Qərbin Cənubi Qafqazda bərabərləşdirici siyasətinə öldürücü zərbədir"<b style="color:red"></b>

"Bakıda keçiriləcək Birinci Avropa Oyunları başlayana kimi biz Qərbin, Avropanın ölkəmizə qarşı "oyunları"nın, qarayaxma kampaniyasının şahidi olacağıq".

Bu barədə "525"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son araşdırmalar nəticəsində məlum olan məsələyə - anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, beynəlxalq çağırışlara əhəmiyyət verməyən Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Avropa Oyunları  ilə bağlı Qərbin Azərbaycana təzyiqlərinin davam etməsi gözləniləndir:
 
"Təzyiqin səbəbi bəllidir. Yəni bir qrup insan, müəyyən dairələr var ki, onları Cənubi Qafqazda Azərbaycanın rolunun güclənməsi qətiyyən qane etmir. Başqa sözlə, Avropa ailəsinə möhkəm daxil olmaqla Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti, lideri olması istiqamətində mövqeyimiz xeyli möhkəmlənəcək. Bu isə bəzi xristian dairələrini narahat edir. Onlar müsəlman dövlətinin inkişafını, siyasi rəhbərliyinin yaxşı idarəçiliyini, zənginliyini, insanlarının rifahının yüksəlməsini  istəmirlər. Məqsədləri budur ki, Azərbaycan Ermənistan və Gürcüstanla eyni səviyyədə olsun. Yəni dövlətlərin inkişaf səviyyəsini bərabər görmək istəyirlər". 

M.Əhmədoğlu hesab edir ki, Avropa Oyunları Qərbin Cənubi Qafqazda bərabərləşdirici siyasətinə öldürücü zərbədir və belə bir siyasət baş tutmayacaq:

"ABŞ-dakı müəyyən ermənipərəst dairələr, o cümlədən, şəxsən dövlət katibi Con Kerrinin senator olduğu dövrdə bu dəst-xətt hazırlanıb. Yəni Cənubi Qafqaz dövlətlərinin bərabərləşdirilməsi siyasəti. Əlavə bir faktı da deyim. Hələ o vaxt ABŞ belə bir qərar qəbul etdi ki, Gürcüstanın dövlət büdcəsinin böyük bir hissəsi Azərbaycandan gələn gəlirlər hesabına dolsun. Ona görə bizim qazımız da ucuzdur və bəzi məsələlərdə Gürcüstana güzəştə getmişik". Politoloq deyib ki, ABŞ eyni sistemi Ermənistana da tətbiq etmək istəyirdi.

Yəni Ermənistanın da dövlət büdcəsi Azərbaycanın hesabına güclənsin. Sadəcə işğal faktına görə Azərbaycan bunu qətiyyən rədd etdi.

M.Əhmədoğlu xatırladıb ki, bu plan həmin dövrdə senator olmuş Con Kerrinin çox yaxından iştirakı ilə hazırlanmışdır. Bu gün isə Kerri dövlət katibidir və istər-istəməz müəyyən məsələlərdə maskalanmalı, arxa plana keçməlidir:

"Amma onun köməkçiləri, erməni ətrafı var. Onların dedikləri sözlər elə Kerrinin adından deyilən kimidir. Lakin nəzərə almırlar ki, Avropa Oyunlarının baş tutması Azərbaycan miqyaslı hadisə deyil.

Bu,  Avropa dünya səviyyəli bir hadisədir. Bu idman tədbiri regionda çox ciddi dönüşün bünövrəsini qoyacaq və Avropa şüurunda gələcəkdə Azərbaycanın regionun sahibi obrazını yaradacaq. Ona görə bu qüvvələr axıra kimi çalışacaqlar ki, oyunların baş tutmasına qara yaxsınlar, biz də nə qədər problemlər, çətinliklər olsa belə, geri addım atmamalıyıq. Sözümüz sözdür və sözümüzü tutmalıyıq. Bütün dünya həm də Azərbaycanı verdiyi sözü tutması ilə tanıyır. Hər kəs bilir ki, Azərbaycan dediyi sözün üzərində durur.

Həm də bu elə böyük bir işdir ki, əvvəldən bu məsuliyyəti üzərimizə götürüb, keçirməyə qərar vermişik və hər hansı bir təzyiq nəticəsində ondan imtina edə bilmərik. Var gücümüzlə təzyiqlərə qarşı dayanmalıyıq, müqavimət göstərməliyik və Avropa oyunlarını keçirməliyik".  Politoloq onu da deyib ki, Avropa Oyunlarını keçirdikdən sonra gələcək nəticələrini tam dolğun əldə etmək istiqamətində fəaliyyət göstərməliyik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, idman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır.

Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər:
 
"İdman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. İdmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır".
 
C.Hüseynzadə bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bütün pis əməllər, anti-Azərbaycan kampaniyasını nəinki bir idman qurumunun rəhbər şəxsi, həm də bir Azərbaycan vətəndaşı kimi pisləyir:

"Bir Azərbaycan vətəndaşı, bir insan kimi bu məsələləri çox pis qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycana qarşı aparılan çıxışlardır".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Namiq Əhmədov isə deyib ki, son zamanlar Azərbaycanın inkişafında əldə etdiyi nailiyyətlər, müəllifi olduğu uğurlara ölkə sərhədlərindən kənarda müəyyən dairələrin qısqanclıqla, qərəzlə yanaşımı birmənalı həqiqətdir. 

Siyasi Şura üzvünün bildirdiyinə görə, bu hal ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi edəcəyinin məlum olmasından sonra özünü daha aydın şəkildə büruzə verib:

"Oyunlara az bir müddət qaldığı dönəmdə ölkəmizdə görülən hazırlıq işləri isə Azərbaycan əleyhinə olan qüvvələri daha kəskin formada qıcıqlandırır. Çünki hazırlıq üçün müddətin az olmasına baxmayaraq, Azərbaycan bu işin öhdəsindən kifayət qədər böyük uğurla gəlməyi bacarıb. Yaradılan infrastruktur Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün şəraitin mövcudluğunu göstərir.
 
Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda, həm də keyfiyyətlə nail olunub. Azərbaycanda idman qurğularının ən yüksək səviyyədə yenidən qurulması və müasir idman obyektlərinin inşası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu amil isə idman yarışlarını da qərəzli siyasi məqsədlərə nail olmaq üçün istifadə etməyə çalışanları qıcıqlandırmaqla yanaşı, onların daha aqressiv mövqe sərgiləməsi, qarayaxma kampaniyasını genişləndirmələri ilə müşayiət olunur".

 N.Əhmədovun bildirdiyinə görə, bu gün ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın güclü, regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvədədir:

"Biz ABŞ-ın bəzi təşkilatlarının, dövlət katibi Con Kerriylə bağlı olan dairələrin bu məsəslədə daha çox "canfəşanlığı"nın şahidi oluruq. Bu qüvvələr əslində, daim Azərbaycana qarşı kampaniya aparır və birinci Avropa Oyunlarına qarşı səsləndirilən fikirlər də növbəti bu xarakterli addımlardan biridir. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də belə bir qərəzli təbliğat aparılmışdı, amma Azərbaycan sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir.
 
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bir çox dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi də bu nüfuzun göstəricisidir. Bu mənada, aydındır ki, ilk Avropa Oyunları da Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək".

  Partiya rəsmisi istisna etməyib ki, burada erməni lobbisinin xüsusi canfəşanlığı mövcuddur:

"Kerrinin yaratdığı şəraitdən istifadə edən erməni lobbisi və onun təsirində olan dairələr, adlarını ölkə müxalifəti qoyaraq, "sapı özümüzdən olan baltalar" hər fürsətdə Azərbaycana ləkə atmağa çalışırlar. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur".

PƏRVANƏ

 





30.04.2015    çap et  çap et