Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda "2014-cü ilin ədəbi yekunları" mövzusunda keçirilmiş müşavirədə təqdim olunan məruzələri vaxtaşırı oxucuların diqqətinə çatdırmaq niyyətindəyik. Həmin silsilədən olan məruzələrdən birini təqdim edirik.
Aynurə MUSTAFAYEVA
Dramaturgiya elə bir janrdır ki, onu teatrdan kənarda təsəvvür etmək mümkün deyil. O əsər pyes adına layiqdir ki, səhnəyə yol tapmış olsun. Bu yolu keçə bilməyən, ömrünü kitab səhifələri arasında başa vuran pyesin varlığı ədəbi yox, istehsal faktına dəlalət edir. Əslində bu gün pyes qıtlığından bütün şikayətlərə rəğmən bu janrın istehsal gücü zəif deyil, əksinə kifayət qədər məhsuldardır, elə yalnız 2014-cü ildə ədəbi ictimaiyyətə "Azərbaycan" jurnalı vasitəsi ilə dörd, "Yazı" jurnalı vasitəsi ilə bir, "Hədəf" kurslarının keçirdiyi "Anamın kitabı" müsabiqəsindən isə on pyes təqdim olunmuşdur. Göründüyü kimi, heç də aşağı rəqəmlər deyil. Bəs niyə teatr ictimaiyyəti: "Azərbaycan teatrı müasir dramaturgiya baxımından aclıq çəkir",- deyə dad edir, teatr repertuarlarının çox hissəsi xarici və klassik dramaturgiyanın payına düşür? Demək, bizim kitab, jurnal səhifələri arasında görüb müasir dramaturgiyamızın məhsulu hesab edib adına pyes dediyimiz nümunələr teatr ictimaiyyəti qarşısında bu adı təsdiqləyə bilmir.
Bu məruzə üzərində işlərkən "zər qədrini zərgər bilər" təbiri ilə respublikamızın ayrı-ayrı teatrlarının rejissorları ilə görüşdüm. Onlarla etdiyim söhbətlərdən sonra bir daha inandım ki, ədəbi ictimaiyyətin müasir dramaturgiyamız dediyi prosesin teatra bir o qədər də dəxli yoxdur və o sanki teatr üçün heç mövcud da deyil. Teatrlarımız İlyas Əfəndiyev erasından sonra özlərində böyük bir boşluq hiss edir, müasir dramaturgiyamız isə artıq neçə illərdir bu boşluğu doldura bilmir. Rejissor M.Fərzəlibəyovun fikrincə isə Azərbaycan səhnəsi bu boşluğu hələ uzun illər də hiss edəcək. Artıq neçə illərdir ki, teatr ictimaiyyətinin qələm sahiblərinə dikilən nəzərləri, bəslənən ümidləri özünü doğrultmur.
Bəs 2014-cü ilin yekunları nə deyir? O, səhnənin ümidlərini doğrultdumu? Qeyd etdiyimiz kimi, bədii material var, bədii material isə hələ səhnə materialı demək deyil. Mətbuata yol tapan bu pyeslər teatra yol tapa biləcəklərmi, yoxsa öz ömürlərini kitab, jurnal səhifələri arasındaca başa vuracaqlar?
Yeri gəlmişkən qeyd edək ki, bu pyeslərdən yalnız biri - "Anamın kitabı" müsabiqəsinin qalibi gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi artıq teatr tərəfindən qəbul olunmuşdur. Lakin əsərin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yol tapması yalnız müsabiqənin öhdəliyi kimi baş tutmuşdur. Teatrın baş rejissoru, münsiflər heyətinin üzvü Bəhram Osmanovla etdiyim söhbətdən də bu, mənə bir daha aydın oldu. Rejissor müsabiqəyə təqdim edilmiş əsərlərdən heç birinə yüksək bal vermədiyini söylədi.
Gənclər arasında keçirilən bu müsabiqə göstərdi ki, hələ dramaturq adına iddia edən gənc yazarlarımız arasında dram janrının ən sadə texniki elementlərini bilməyən, onu hətta nəsrin bir variantı kimi təsəvvür edənlər də var. Ancaq yeri gəlmişkən onu da qeyd edək ki, bu müsabiqəyə təqdim olunmuş pyeslər içərisində elə nümunələr vardı ki, onlar ümumilikdə münsifləri razı sala bilməsə də, janrın texniki tələbləri baxımından xoş sözlərə layiqdir. Günel Kərimlinin "İşıq pulu", Qanun Ümman Qahablının "Adaxlı", Murad Nuriyevin "Sahibsiz yerlərin qurdunun iniltisi" belə əsərlərdəndir. Bu gənclər arasından kimin dramaturq adı alacağı isə gələcəyin işidir.
Bu gün isə dramaturq adından söz düşəndə ilk yada düşən imzalar Elçin və Əli Əmirlidir. Əgər biz dramaturgiyanı səhnədən kənarda təsəvvür etmiriksə, onda müasir dramaturgiyamız bu iki ada söykənir. Ancaq sözsüz ki, o, bu iki imza ilə bitmir. Biz teatr repertuarlarında Vaqif Səmədoğlu, Kamal Abdulla, Afaq Məsud, Əfqan, Firuz Mustafa, Hüseynbala Mirələməov kimi imzaları da görürük.
Ancaq söhbət 2014-cü ildə ədəbi ictimaiyyətə təqdim olunan dramaturji materialdan gedirsə, onda imzalar dəyişir. Burda köhnə və yeni imzalar var: dramaturq adını öz üzərində çoxdan təsdiqləmiş Ə.Əmirli, oxucuların bir nasir, şair kimi sevdikləri, kinossenarist kimi tanıdıqları İlqar Fəhmi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri" pyes müsabiqəsinin qalibi Samir Sədaqətoğlu, yazıçı-publisist Qanturalı. Mətləbə keçməmişdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu imzalar içərisində Elçinin imzasını görməmək şəxsən məni məyus etdi. Çünki doğrudan da, Elçin bu gün səhnə texnikasını çox yaxşı bilən dramaturqdur və son illər dramaturgiyamızın ən uğurlu əsəri olan, özünə çoxsaylı tamaşaçı marağı və diqqəti toplayan "Qatil"dən sonra növbəti belə bir uğurlu pyesi səhnədə görmək bizim istəyimizdir.
Ancaq təbii ki, biz bu məruzəmizdə görmək istədiklərimizdən deyil, gördüklərimizdən danışacağıq. Gördüklərimiz isə gözlədiklərimizi doğrultmadı. Səhnə yenə də öz böyük əsərini və qəhrəmanını tapa bilmədi.
İlk əvvəl onu qeyd edək ki, 2014-cü ildə təqdim olunan pyeslərin heç də hamısı səhnə iddiası ilə yazılmamışdır. Oxucuların yazıçı-publisist kimi tanıdıqları Qanturalının "Füzulinin qayıdışı" pyesi, fikrimizcə, müəllifin janra eksperimental yanaşmalarının nəticəsi kimi meydana çıxmışdır. Nəinki 2014-cü il, ümumiyyətlə, son illərin dramaturgiyası belə bir təsəvvür verir ki, yazarlarımız bu janra müraciət etmirlər ki, səhnə vasitəsilə oxucu ilə görüşmək istəyirlər, sanki yazar o zaman bu janra müraciət edir ki, o, dramın dialoqvari tərzində ağlındakıları söyləmək, fikirlərini bölüşmək fürsəti tapır. Halbuki pyes bunun üçün münasib vasitə deyil, çünki tamaşaçıya yol tapmayan bir dram çətin ki, özünə oxucu da tapsın. Bu janra "sözgəlişi" müraciətlərin nəticəsidir ki, dram özünün göstərmək funksiyasını söyləməyə, nəql etməyə güzəştə gedir. Və bu gün dramaturgiya deyib müraciət etdiyimiz əsərlər pyesdən daha çox dialoqlara parçalanmış nəsri xatırladır.
Ötən ilin dramaturji materiallarında da bu tendensiya çox uğurlu şəkildə davam etdirilir. Fikrimizcə, müəllifin özünün də heç bir səhnə təşəbbüsü ilə yazmadığı "Füzulinin qayıdışı" əsərini kənara qoyub, "Samir Sədaqətoğlunun "Həbsxanada bayram", Ə.Əmirlinin "Premyera", İlqar Fəhminin "Zümrüd parıltısı" pyesləri səhnəyə vəsiqə ala biləcəklərmi?" sualı ilə bütün günah və bəhanələri qarşı tərəfin-teatrın boynuna atmadan məsələyə çox düz bir müstəvidə baxsaq, şəxsən mən bu əsərləri səhnədə görmürəm.
Müxtəlif müəllif imzalarına baxmayaraq, hər üç pyes oxşar bir xəttə malikdir, belə ki, hər üç əsərdə hadisələr (əgər belə demək mümkündürsə, çünki hadisəsizlik bu əsərlərin hər birində özünü bu və ya digər şəkildə göstərir) cəmi bir neçə saat ərzində baş verir.Biz heç də əsərin bədii keyfiyyətini saatların sayı ilə ölçmək fikrində deyilik. Ancaq vaxtı ona görə müzakirə mövzusuna çevirmişik ki, zaman darlığı bu əsərlərdə ona görə yer alıb ki, dramaturqu qəhrəmanların bu günü və gələcəyi deyil, keçmişi maraqlandırır və o, bütün olanları və olacaqları keçmişdə axtarır.
Hər üç əsər artıq yaşanmış, olub bitmş bir talelər haqqında hekayədir. Samir Sədaqətoğlunun "Həbsxanada bayram" əsərində dörd məhbusun hər birinin bir-biri ilə əlaqəsi olmayan həyat hekayələrini, Ə.Əmirli "Premyera" əsərində ayrı-ayrı kastinq iştirakçılarını böyük sənətə yox, kütləvi səhnələrə gətirən talelərini, İlqar Fəhminin "Zümrüd parıltısı" pyesində isə bir ailənin avtobioqrafiyasını dinləməli oluruq. Və bu dinləmələr, adətən, camaatın işdən-gücdən, toplantıdan, iclasdan canını qurtarıb dincəlmək, zövq almaq üçün getdiyi teatrda onları yeni bir toplantıya dəvət edir və tamaşaçı üçün bu həyat hekayələrinə qulaq asmaq nəinki maraqlı, çox yorucudur, hətta ona baxmayaraq ki, bu hekayələrdə bəzən çox ağrılı məqamlar var və onlar psixoloji gedişlərlə müşayiət olunur.
Səhnə o zaman tamaşaçı üçün maraqlı olur ki, o, səhnəni izlərkən "nələr baş verə bilər?" sualı üzərində düşünsün. Ancaq haqqında söz açdığımız əsərlər isə oxucunu "nələr baş verib?" sualı ilə baş-başa qoyur.
Dramaturgiyamızda həmişə olduğu kimi bu gün də tarixi mövzuya maraq səngimək bilmir. Azərbaycan səhnəsində tarixi xronikaların baş alıb getdiyi bir vaxtda İlqar Fəhminin "Şahnamə" pyesi bu janrda xeyli uğurlu nümunədir. Müəllif Şah Abbasın həyatını xroniki ardıcıllıqla: uşaqlıq, gənclik, qocalıq dövrlərində izləsə də, pyes müasir tarixi dramaturgiyamız üçün xas olan bədii xronika stilindən uzaq bir əsərdir. Bu əsərlə tanışlığımda bir də ona sevindim ki, nəhayət ki, tarixi dramaturgiyamız təntənə və gurultuya "yox" deyə bildi. Və nəhayət ki, artıq gözümüzü çoxdan yormuş qəhrəmanlaşmış tarixi şəxsiyyət obrazı və qulağımızı çox yağır etmiş pafoslu nitqlər bu mövzunun atributu olmaqdan çəkildi.Bu əsər ümid verir ki, Azərbaycan səhnəsi bu gün olmasa da, gələcəkdə tarixi salnamələri vərəqləməkdən, Azərbaycan tamaşaçısı isə onları dinləməkdən yaxa qurtara biləcəkdir.
Ancaq müasir dövr tarixi dramaturgiyamıza xasbir tendensiya vardır ki, bu "Şahnamə" pyesindən də yan keçməmişdir: hökmdara tarixi bəraət almaq, onun etdiyi səhvləri, tökdüyü qanları tarixi şərait və zərurətin ayağına yazmaq. Bu motivin müxtəlif tarixi situasiyalarda ifadəsi artıq tamaşaçını usandırmışdır.Fikrimizcə, tarixi dramaturgiyamız tarixi hadisələrin izahını bu cür görünən və bəlli tərəflərdən daha incə məqamlara keçirməlidir.Müxtəlif tarixi dövrlərdən hadisələr almaq hələ səhnədə mövzu rəngarəngliyi yaratmaq, müxtəlif tarixi şəxsiyyətlərin bədii obrazını yaratmaq isə səhnəyə yeni qəhrəman çıxarmaq demək deyil. Bu gün səhnəmizə müxtəlif tarixi dövrlərdən hadisələr və şəxsiyyətlər çıxmasına baxmayaraq, Azərbaycan səhnəsi tarixi mövzu və xarakter darlığında vurnuxmaqdadır.
Ümumiyyətlə, müasir, o cümlədən də, builki dram nümunələri göstərir ki, bu janr öz ənənəvi tərzini dəyişməkdədir. Müşahidələrimiz bizi bu qənaətə gətirir ki, müasir dramaturgiyamızda süjet müəyyən bir xətt boyunca inkişaf etmir, hadisələr daha çox epizodik xarakterdə, bədii problem isə pərakəndə şəkildə görünür. Əgər bu əsərlərin ortasında dayanıb özümüzdən sual etsək ki, hansı problem ətrafında düşünürük, yaxud nəyin aqibətini gözləyirik, cavab verməkdə çətinlik çəkərik. Müasir dramaturgiyamızda dramatik konflikt səngiyir, bəzən isə onun yoxluğu pyesi donuq və hərəkətsiz tabloya bənzədir. Sanki Azərbaycan dramaturgiyası konfliktsizlik nəzəriyyəsini yenidən yeni bir xarakterdə yaşayır.
Son illər bu janrda yaranan meyillərdən biri də dialoqların "söz oynu" üzərində qurulmasıdır. Bu meylin güclənən şəkil almasının nəticəsidir ki, "Anamın kitabı" pyes müsabiqəsinə təqdim olunmuş əsərlərdən biri "Söz oynadanlar" adı altında meydana çıxdı və məzmunu da elə başdan-ayağa bu oyundan ibarət oldu. Peşəkar dramaturgiyamızda bu meyl daha çox Əli Əmirlinin yaradıcılığında hiss olunur. Onun ötən il təqdim etdiyi "Premyera" pyesində növbəti dəfə "söz oynu" çox qabarıq şəkildə özünü göstərdi. Əyalət ifaçısı Nənəşin kastinqdə olduğu kimi bütün əsərdə də iştirakı söz döyüşdürməkdən ibarətdir.Yeri gəlmişkən qeyd edək ki, əsərə əyalət tipajı kimi daxil olan bu obraz şou-səhnələrdən yaxşı tanıdığımız əyalət insanın eyni və yaxudtam bir oxşarıdır və ciddi bir əsər üçün bədii fiqur olmaqdan çox uzaqdır.
Müasir dramaturgiyamızda tez-tez rast gəlinən hallardan biri də əsərə xüsusi təyinatlarla daxil olan mətnlərdir. Onlar "gülüş doğurmaq", "alqış qazanmaq" kimi vəzifələri səhnədə uğurla başa çatdırsalar da, ümumilikdə əsərin uğuruna kölgə salırlar. Dramaturq cəsarətli görünmək xəyalına qapılanda, filosofluq etmək iddialarına düşəndə isə məzmun yerli-yersiz giley-güzar və fəlsəfi mühakimələrlə yüklənir.
Bu gün ədəbi prosesdə dramın yeri getdikcə daralır. Son illər biz elə bir pyes göstərə bilmərik ki, o, ədəbi-tənqidi müzakirələrin, oxucu söhbətlərinin mövzusuna çevrilsin. Janrda əsas söz sahibi olan dramaturqlar isə günahı özlərində deyil, qarşı tərəfdə axtarırlar, bunu teatra olan marağın sönükləşməsi ilə bağlayırlar. Ancaq teatr tamaşaçının maraq dairəsində özünə yer tapmırsa, burda elə ən böyük günah dramaturgiyanın payına düşür və yalnız yeni, böyük əsər bu marağı yenidən alovlandıra bilər.
Biz dramaturqlarımızdan ömürlərini kitab və jurnal səhifələrində başa vuran, ən yaxşı halda isə teatrların repertuarlarında sıradan bir tamaşaya çevriləcək yox, səhnədə bir canlanma yaradacaq, insanların nəzərlərini ünvanını çoxdan unutduğu və yaxud heç bilmədiyi teatra yönəldəcək, müzakirə və mübahisələrinin mövzusuna çevrilə biləcək bir pyes gözləyirik, belə bir pyesin, nəhayət ki, 2015-ci ildə meydana çıxacağına ümid edirik.
çap et