525.Az

Hədəfdə Azərbaycandır


 

OKEANAŞIRI QÜVVƏLƏRİN VƏ “5-ci KOLON”un MƏQSƏDLƏRİ NƏDİR?

Hədəfdə Azərbaycandır<b style="color:red"></b>

Ölkəmizin ardıcıl surətdə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi və öz nüfuzunu getdikcə artırması təkcə Ermənistanı deyil,  Qərbdə yerləşən bir çox dövlətləri və “beynəlxalq təşkilatları” da narahat edir. Bakıda keçiriləcək I Avropa Oyunlarının başlanmasına ay yarım qalmış anti-Azərbaycan qüvvələr Qərbdən verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib.

Anti-Azərbaycan koalisiyasını qıcıqlandıran nədir?

Sirr deyil ki, son illərdə siyasət, diplomatiya, iqtisadiyyat, sosial rifah, mədəniyyət və idman sahələrində əldə etdiyimiz nailiyyətlər  bəzi xarici dairələri və ölkəmizdəki “5-ci kolon”u qıcıqlandırıb. BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdən tutmuş, beynəlxalq təşkilatlarda fəal təşəbbüskarlıq, regionda iqtisadi liderlik Azərbaycanın dünyada nüfuz və reytinqini artırıb. Bura öz ordusunu gücləndirmək və cəbhədə psixoloji və texniki üstünlüyü artırmaq, həmçinin siyasi arenada diktəedici mövqeyə keçməni də əlavə etsək, narahatlığın nə qədər əsaslı olduğunu görmək olar.

Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin xeyli yaxınlaşdırılması, aparılan uğurlu xarici siyasət nəticəsində beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi Bakını əsas regional güc mərkəzlərindən birinə çevirib. Bu isə, xarici və daxili düşmənlərimizin xoşuna gəlmir. Ona görə də, özlərinin dediyi kimi, “Azərbaycana yerini göstərmək” üçün hərəkətə keçiblər. Özü də ən həssas məqamda.

Məlum olduğu kimi, Azərbaycan qitə tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ciddi hazırlaşır. Qısa vaxtda ölkənin idman arenaları ən müasir standartlara uyğunlaşdırılıb, xeyli sayda müasir idman kompleksləri tikilib, nəqliyyat və turizm sistemi təkmilləşdirilib, bu nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə keçirilməsi və ölkəmizin dünyaya sülh və təhlükəsizlik, abadlıq və inkişaf məkanı kimi tanıdılması üçün xeyli iş görülüb. 

Nəzərə almaq lazımdır ki, bu, təkcə idman yarışları deyil, daha çox reklam, təbliğat müstəvisi, siyasi nüfuz imkanıdır. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğurudur.  Lakin həmişə olduğu kimi, bu uğurları istəməyən qüvvələr də var və yarışlara qalan vaxt azaldıqca onlar anti-Azərbaycan fəaliyyətlərini gücləndirirlər.

Azərbaycana qarşı kimlər hansı kampaniyaya hazırlaşırlar?

Bu günlərdə ortaya çıxan bəzi sənədlər bu fəaliyyətin hansı qlobal mərkəzlərdən təşkil və idarə olunduğu, bu anti-Azərbaycan fəaliyyətin ölkəmizdə Qərbin və erməni lobbisinin nəzarətində olan “5-ci kolon”un hansı üzvləri tərəfindən necə və hansı formalarda həyata keçirilməsi haqda dəqiq təsəvvür yaratmağa imkan verir.

Ortaya çıxan sənədlərə görə, bu kampaniyanın təşkil olunması ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması və hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb (APA).

Bu qüvvələrin hazırladığı genişmiqyaslı planın detalları haqda mətbuatda məlumatlar yayıldığından burada təkrar etməyəcəyik. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi, islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən Con Kerrinin Konqresdəki ofisi oynayır.

Bu qüvvələrin Praqada keçirilmiş birgə görüşündə qəbul olunan sənəddə qeyd olunur ki, kampaniyanın məqsədi- “HAKİMİYYƏT TƏRƏFİNDƏN AZƏRBAYCANIN MÜSBƏT İMİCİNİ YARATMAQ ÜÇÜN HƏYATA KEÇİRİLƏN “PİAR “ CƏHDLƏRİNİ MƏHV ETMƏKDİR”. Hesab edirəm ki, burada əlavə şərhə ehtiyac yoxdur.

İnsan hüquqları haqqında beynəlxalq tavtologiya

Göründüyü kimi, Azərbaycana qarşı böyük koalisiya təşkil olunub. Lakin bu kampaniyanın ölkədə dayaqları yoxdur. Nüfuzunu itirmiş 5-10 “ictimai-siyasi xadim”in, xalqın gözündən düşmüş siyasi partiya və QHT-lərin, dezinformasiya yaymaqla məşhur olan media vasitələrinin icimai rəyə təsir üçün heç bir imkanları yoxdur.

Bu qüvvələri xalqımızın Qarabağ dərdi kimi problemlər maraqlandırmır. Əldə bayraq etdikləri yeganə məsələ cinayət törədərək həbs olunmuş bir neçə şəxsin azad edilməsini tələb etməkdir. “İnsan hüquqları pozulur” deyib ortalığa atılanlar, insan hüquqları ilə anarxiyanı səhv salırlar. Konkret cinayətə görə məhkum olunmuşları hansısa anlaşılmaz məntiqlə “siyasi məhbus” elan ediblər. Qanunu pozanlar bütün ölkələrdə cəzalandırılır. İndi hansısa cinayətkar hansısa müxalifət liderinin tanışıdırsa, ya ABŞ-in agentidirsə, ona qanunun tələbi şamil olunmamalıdırmı?

Dəfələrlə deyildiyi kimi, bunların idarə olunduqları xarici mərkəzlər əsl hüququ pozulanlarla bağlı susur, məsələn, Ermənistanın deportasiyasına məruz qalmış azərbaycanlılar barədə danışmırlar.

I Avropa Oyunları: qazanc, yoxsa zərər?

Müxalifət dairələrindəki şəxslər iddia edirlər ki, I Avropa Oyunlarına xeyli vəsait xərclənib, bunun ölkəmiz üçün heç bir xeyri yoxdur. İndi biz bu arqumentlərin əsassız olduğunu faktlarla göstərək.

Əvvəla, belə nüfuzlu yarışlar yalnız inkişaf etmiş infrastuktura, beynəlxalq çəkiyə malik, sabit ölkələrdə keçirilir. Siz heç Əfqanıstanda, ya da Sudanda nüfuzlu qitə yarışlarının keçirildiyini gördünüzmü?

Digər tərəfdən Oyunların təşkilinə xərclənən vəsait müxtəlif mənbələrdən geri qayıdır- əksər hallarda artıqlaması ilə. Biletlərin,  xeyli vəsait əldə edilir. Ölkəyə gələn idmançılar, turistlər burada xeyli pul xərcləyir. Hotellər qazanır, ticarət mərkəzləri qazanır, restoranlar qazanır, nəqliyyat sektoru qazanır. Bunlar isə Azərbaycan xalqına məxsusdur və orda pul qazananlar xalqımızın nümayəndələridir, üstəlik, onlar bu gəlirlərdən dövlət büdcəsinə vəsait ödəyirlər. Bu yarışlar zamanı təkrar turizm imkanları əmələ gəlir- qonaqlardan bir çoxu ölkəmizi bəyənərək gələcəkdə yenidən buraya turist kimi dönəcəklər.

İndi gələk xərclənən pulların digər səmərəsinə: ölkədə tikilən onlarla idman obyektini, salınan yolları, bağları, abadlaşan məkanları, alınan nəqliyyat vasitələrini və sairəni qonaqlar götürüb aparmayacaqlar. Bunlar hamısı ölkəmizdə qalacaq, yəni bunları özümüz üçün yaratmışıq, ondan uzun illər boyu xalqımızın nümayəndələri bəhrələnəcəklər. Bunlar iqtisadi dividendləri idi, indi isə keçək siyasi dividendlərə.

Məlum olduğu kimi, ermənilər dünyada güclü mövqeləri yalnız fasiləsiz təbliğat və pul xərcləməklə əldə ediblər. Azərbaycan erməni təcavüzünə və terrorizminə məruz qalmış ölkə olaraq öz həqiqətlərini dünyaya tanıtmalı, beynəlxalq aləmdən dəstək və simpatiya qazanmalı, öz sülhsevər imicini yaratmalıdır. Bunun üçün ən yaxşı vasitələrdən biri də beynəlxalq tədbirlərin təşkilidir. Bir neçə ay dünyanın diqqət mərkəzi Azərbaycanda olur, ölkəmizi tanıyır, onun haqqında eşidir, onu görür və qənaət hasil edirlər. Sonra bu təəssüratlar beynəlxalq ictimai rəyin formalaşmasına təsir edir. Burada siyasi dividendlər, strateji nailiyyətlər iqtisadi səmərədən çox öndədir. Bunu anlamaq üçün erməni olmamaq yetər.

Müxalifətin vəzifəsi nədən ibarət olmalıdır?

Hər bir ölkədə müxalifətin olması vacibdir. Lakin normal ölkələrdə müxaliflər dövlətə qarşı yox, hakimiyyətə qarşı mübarizə aparır. Onlar konkret konsepsiya və proqramlarını ortaya qoyurlar və seçkilərdə xalqın dəstəyini qazanmağa çalışırlar. Bizdə isə vəziyyət fərqlidir. Hakimiyyət və dövlət anlayışlarını fərqləndirə bilməyən və ya fərqləndirmək istəməyən qüvvələr dövlətə qarşı mübarizə aparırlar. Elə bunu mövzumuzun timsalında izah edək.

I Avropa Oyunları dövlətimizin keçirdiyi yarışdır və dövlətimizin nüfuzunu göstərən bir tədbirdir. Buna qarşı çıxmaqdansa, bu həssas dövrdə dövlətimizi ləkələməyib, bundan sonra daxili siyasi mübarizədə istədiklərini edə bilərdilər. Lakin bu həmin psevdovətənpərvər qüvvələrə sərf etmir, çünki siyasi mübarizə üçün onlara yaradılmış şəraitdən bəhrələnə bilmirlər, nədən ki ictimai dəstək yoxdur. Misal üçün icazəli mitinqə 1000 nəfər çıxara bilmirlər. Bu halda bu uğursuzluğu ört-basdır eləmək üçün ən yaxşı yol kimi beynəlxalq diqqətin bizə yönəldiyi vaxtda yalançı hay-həşir salıb xarici ağalardan maliyyə qopartmaq üsulunu seçiblər.

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da müəyyən problemlər var- bunu dövlət və hökumət rəhbərləri ən yüksək səviyyələrdə etiraf edir və həlli üçün mümkün olan hər şeyi edirlər. Lakin problemin olması o demək deyil ki, bundan özünün və xarici ağalarının məqsədləri üçün istifadə edəsən, odur ki, həmin problemlərin səbəbini araşdırmaq, həlli yollarını göstərmək və hökumətdən onu həll etməyi tələb edəsən. Təəssüf ki, biz bunu müşahidə etmirik, heç bir siyasi partiyanın aydın sosial-iqtisadi proqramı yoxdur, yalnız bir cümləni əzbərləyiblər- biz hakimiyyətə gəlsək bütün məsələləri həll edəcəyik. Şəxsən mənə aydın deyil, bir partiyada, qəzetdə adi məsələləri həll edə biməyən adamlar bu boyda ölkənin məsələlərini necə həll edəcəklər? ABŞ səfirini özünə ağsaqqal seçən bir “lider”in xalqa necə ağsaqqallıq edəcəyi məlumdur.

Məmurları qohumbazlıqda, rüşvətxorluqda  ittiham edən müxalif şəxslərin rəhbərlik etdiyi təşkilatlarda, qəzetlərdə şəxsi heyətə baxın- demək olar ki, hamısı qohum -əqrəbadır. Alınan qrantların, gizli pulların kimlərin arasında bölünməsinə baxın- hamısı yaxın adamlardır. Bütün bunlardan çıxan qısa nəticə belədir: Azərbaycanın xarici düşmənləri daxili düşmənlərlə ələ-ələ verib ölkəmizi ləkələmək, Qərbin təsiri altına salmaq, bundan sonra ondan istənilən güzəştləri əldə etmək, bölgədəki öz planları üçün alətə çevirmək istəyirlər. Bir çox ölkələrdə bu plan həyata keçirilib. Lakin bir şeyi unudurlar- Azərbaycan Liviya deyil, İraq deyil, Misir deyil, heç Ukrayna da deyil. Bu ölkədə xalqla hakimiyyətin birliyi, xalqın öz dövlətinə inamı var.

Elçin BAYRAMLI
“Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

 





02.05.2015    çap et  çap et