525.Az

“Azərbaycan dövləti öz vətəndaşlarının həyatını, şərəf və ləyaqətini tam şəkildə müdafiə edir”


 

“Azərbaycan dövləti öz vətəndaşlarının həyatını, şərəf və ləyaqətini tam şəkildə müdafiə edir”

Müsahibimiz Gürcüstan yəhudiləri dini icmasının idarə heyətinin üzvü Moisey Bekkerdir. 
 
– Azərbaycanda hüquq və azadlıqlara, o cümlədən dini hüquq və azadlıqlara riayət olunması ilə bağlı vəziyyətə dair Dövlət Departamentinin hesabatları heç vaxt obyektivliyi ilə seçilməyib. Ölkəmizdə azadlıqların qorunması ilə bağlı hesabatın müəlliflərinin gəldikləri nəticələri necə qiymətləndirirsiniz?
 

– Vaxtilə yəhudi dini icmalarının nümayəndə heyətinin tərkibində ABŞ-a səfər etdiyim zaman bizi Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlarla tanış etmişdilər. Həmin hesabatlar daha çox ölkənin müxalifət nümayəndələrinin Dövlət Departamentinə təqdim etdikləri məlumatlara əsaslanırdı. Amerikalıları sadə insanların rəyi çox az maraqlandırırdı. Onlar bir qayda olaraq, əhali və ya inanclı insanların dini icmaları arasında sorğu həyata keçirmirdilər. Hesabatlar güman ki, daha çox fəaliyyətləri cəmiyyətimiz tərəfindən ekstremist və digər vətəndaşların hüquq və azadlıqlarını tapdalayan kimi qiymətləndirilən müxtəlif sektaların təqdim etdikləri məlumatların nəticələrinə əsasən tərtib olunmuşdu.

– Hesabatın Azərbaycanda guya bir sıra dini sektaların və cərəyanların hüquqlarının tapdanması halları ilə bağlı müddəaları nə qədər həqiqətə əsaslanır?

– 1991-ci ildə müstəqillik əldə ediləndən sonra Azərbaycanda din haqqında qanun qəbul edildi, bu qanun 1920-ci ilədək dövlətimizin ərazisində mövcud olan bütün dini icmalara müxtəlif hüquqların verilməsini təmin etdi. Vaxtilə sovet hakimiyyəti tərəfindən qadağan edilmiş müxtəlif icmaların fəaliyyəti yenidən təşəkkül tapmağa başladı. Yenidən lüteranlar, katoliklər, baptistlər, bəhayilər, yevanqelistlər və digərləri peyda oldular. Onların hər biri öz dini görüşlərini mövcud qanunvericiliyin çərçivəsində təcrübəyə tətbiq etməyə və fəaliyyət göstərməyə başladı. Lakin eyni zamanda, onlarla yanaşı yeni, Azərbaycanda daha əvvəl naməlum olan sektalar və cərəyanlar da formalaşmağa başladı. Belə ki, 1994-cü və 1999-cu illərdə gedən iki rus-çeçen müharibəsi nəticəsində respublikada vəhhabi ideologiyasının daşıyıcısı olan minlərlə çeçen qaçqını peyda oldu. Aydındır ki, onlar ölkəmizdə yaranan dini mozaikaya müəyyən dissonans qatdılar. Bundan əlavə, bu “yeni”lərin hər biri fəal şəkildə missionerlik fəaliyyəti ilə məşğul olmağa başladı ki, bu da ənənəvi cərəyanların nümayəndələrində haqlı təşviş yaratdı. Aydın məsələdir ki, bu halda dövlət öz vətəndaşlarının maraqlarını nəzərə almalı və onları qorumalı idi.  

Buna görə də, ekstemizmi yayan və dinlər arasında ədavət toxumu səpən bəzi sektalar və müxtəlif cərəyanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçə bilmədilər. Düşünürəm ki, bu kifayət qədər düzgün addımdır.
 

– Hesabat müəlliflərinin Azərbaycan dövlətinin dini icmaların fəaliyyətinə mane olmasına dair bəyanatları barədə nə düşünürsünüz?

– Məlum olduğu kimi, Azərbaycan respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  mövcuddur. Bu struktur dini qurumlarla dövlət arasında vasitəçidir. Onun əsas funksiyası icmalara yardım etmək, onların hüquq və azadlıqlarının müdafiəsindən ibarətdir. Bizdə din dövlətdən ayrıdır, lakin bununla yanaşı biz hamımız mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərməli və etiqadından asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və maraqlarına riayət etməliyik. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə dini icmalara fəaliyyətlərinə dəstək məqsədi ilə kifayət qədər əhəmiyyətli maddi yardım ayrıldı. Əgər Dövlət Departamentı öz hesabatında bu müdaxiləni nəzərə alarsa biz bunu yalnız alqışlayarıq!

– Dövlətin müdaxiləsi və dini sahənin dövlət tərəfindən tənzimlənməsi arasında sərhəd müəyyən etmək mümkündürmü?
  

– Sərhəd həmişə qoymaq olar. Söhbət onun nə dərəcədə nəzərə çarpacağından gedir. Hər bir dövlət öz vətəndaşlarının maraqlarının keşiyində durmalıdır. Hətta demokratiya nümunəsi olan ABŞ-da dövlət və din münasibətlərini tənzimləyən qanunvericilik mövcuddur. Və burada din xadimləri siyasət ilə məşğul olmamalıdırlar, çünki ölkə çoxdinlidir və “öz” dini baxış tərəfdarlarına xüsusi imtiyazlar vermək meyli həmişə var. Dövlətin icmaların daxili işlərinə qarışa bilməməsi və onların necə fəaliyyət göstərmələrini, kimi pastor və ya ravvin seçmələrini və gəlmələrin hansı dini seçmələrini müəyyən edə bilməməsi başqa məsələdir. Lakin digər tərəfdən, hüquq-mühafizə orqanları dini birliklərdə insanın yaşamaq, sağlamlıq, mülkiyyət və azad seçim hüququ kimi əsas insan haqlarının pozulmamasına mütləq nəzarət etməlidirlər.

– Dövlət dini motivlər arxasında gizlənən ekstremizmlə kifayət qədər səmərəli mübarizə aparırmı? Gəncləri radikal qruplaşmaların təsirindən qorumaq üçün nə etmək lazımdır?

– Bizə məlum olduğu qədər, Azərbaycan dövləti öz vətəndaşlarının həyatını, şərəf və ləyaqətini tam səmərəli şəkildə müdafiə edir, onları fundamental ideologiyalardan və müxtəlif xarici ideoloji mərkəzlərin təsirindən mühafizə edir. Ekstremist ədəbiyyatın aradan qaldırılması üzrə fəal iş aparılır, xaricdən gələn maliyyə vəsaitlərinin daxilolma yolları izlənir və s. Son zamanlar respublikanın bir sıra rayonlarında stabilliyin pozulmasında cəhdlərin qarşısı alınıb. Bu, bizə yaxın olan Yaxın və Orta Şərq regionunda vəziyyətin günbəgün gərginləşdiyi bir vaxtda bizim üçün çox mühümdür. Biz çətin vəziyyətdə əlbəttə ki, müxtəlif radikal cərəyanların böyüməkdə olan nəsilə təsirini minimuma endirmək üçün maksimum səy göstərməliyik. Bunun üçün ənənəvi dəyərlərin təbliğatına, müxtəlif dini cərəyanların əsaslarının öyrənilmsinə, müasir sivilizasiyaların əsasını təşkil edən yəhudilik, xristianlıq və İslamı birləşdirən ümumiliyi aşkar etməyə daha çox diqqət ayırmalıyıq.

PƏRVANƏ
 

 

 





14.09.2012    çap et  çap et