525.Az

İnqilab İsaqın şeirləri


 

İnqilab İsaqın <b style="color:red">şeirləri </b>

Səbrsiz oturmuşam...

Gülmə dərdimə, gülmə,
Gül-çiçək bağladıqca.
Göyün üzü nə çəkir,
Yer üzü ağladıqca...

Yollar yoluma ümid,
Yollar qəbrimə açıq.
Buda belə ömürdü
Çəkmir hələ ki, aclıq...

Bu bəxt də qaragünlü,
Günahları ağ olmuş.
Ölə-ölə yerimə,
A dərdləri sağolmuş...

Görmürsən, göz-gözəyik
Tanışammı, yadammı?
Nədən, adam güzgülər
Göstərməyir adamı?...

Məndən xəbər-ətər yox,
Köhnə, təzə yaşımda.
Səbrsiz oturmuşam,
Yenə səbrin daşında...

O qız elçi gözləyir...

Göydən göymü çəkilib,
Bu torpağı yuxu tutub
Ayrılıqlar əkilib.
Gedən gedib baxışlardan...
doqqaz gedib, bulaq gedib.
Gedən gedib uzaq gedib.
O qız belə qarımazdı,
O qız elçi gözləyir...
Bu doqqazdan,
 O doqqaza,
Könül köçü gözləyir.
Neyləsin ki, olacağa, olana
Qapıların kilidində
kiriyən bir könüldü.
O da bəxtin açılmayan üzündə,
Gözlərinə
xəyalları gömüldü.
Hər ümiddə
 açılan bir qapı var.
Qız ürəyi bu qapıda tapılar.
Ömrün-günün
Qismətinə nə var ki?
Tale kimi
Tanrı gülsə açılar.
Hörükləri ay daraqlı,
Yuxuları yar soraqlı,
Çiçəkləri solur yaz, yaz,
Gözlərində, gözlərində,
O qız elçi gözləyir...

Bu yaz davalıdı

Çiçəyi çırtlayan çiçək ədası,
Küləyə qoşulub qaçar bir azdan...
Puçurlar çırpınan ətcə quşdumu?
Keçirər ehmalca köçünü yazdan...

Boy-boya barlanan pöhrələrə bax,
Süd daman torpaqda-ana döşündə.
Tövşəyən addımın niyyəti yanlış...
Könül atlandıqca yar görüşünə.

Çiçək havasında adam uçurmuş,
Bənövşə ətrinə salam verməyə.
Quzeydə təklənən qış sınaqları,
Güneydə yer tapmır təslimdi deyə...

...Qəlbimdə közərər həsrət nisgili
Bu yaz buludunu çəkər haraya?
Təntidir qanımı Şuşa nəfəsim,
Ayrılıq yolları düşən havaya.

Bu yaz davalıdı, hələ davada,
Tapmayır özünü pozulan səhman.
Qanını üstümə tökmək istəyir,
Lalə yanağında bitirdiyi qan.

Üzər sızıltılar istəklərimi,
Bu bahar beləcə açar çiçəyi...
Cığırlar fikirli, yollar fikirli
Boyum sarılar haçan çiçəyi?

Durulum necə?

Baxışların, yolların
Ayrılığı birdimi?
Açılmayan qapılar,
Açılmayan sirdimi?

Dünyanı işə salan,
Dünyanı bekar qoyub.
Üz görmüş güzgülərə,
Baxmaqdan gözüm doyub.

Çiçəyin də ətrinə,
Yalan qatıbdı adam.
Yuxular poza-poza
Yaman yatıbdı adam.

Çək-çevirlər içində,
Yenə yanlış naxışlar.
Öz köçünə yağmır ha...
Yad yedəkli yağışlar...

Bulanmışam günahla,
Günahım yığın-yığın...
Necə durulum, tanrı
Sözün üzünə çıxım...

Mən qəmi durulmuş göyün üzüyəm...

Nə şöhrət köksümü doldura bilər,
Nə də vüsalına yetdiyim gözlər.
Mənim qəmlərimin doğmalarıdı,
Sinəsi həsrətlə oxlanan sözlər.

Bir çay axarında elə rahatam,
Kimsə bu röyadan oyatmaz məni.
Dünyanın ögeylik dərdi böyüyür,
Gün kölgəmi çəkər o atmaz məni...

Əkinçi-biçinçi, dən niyyətliyəm,
Şumlanan torpağın sehriyəm indi.
Ağac arzusuyam, sünbül şəfəqi,
Dolmuş bir buludam, dolmayan kimdi?

Qəmlərin əlində olub-qopanım,
Könül güldürməyə fürsətim kasad.
Mürgülü yolların mənzili dardı,
Sükutla dərdləşir yaşatdığım ad.

Arxayın doğulmur şeirlərim də,
Kürsü alqışında bitirməz çiçək.
Mən qəmi durulmuş göyün üzüyəm,
Amma fikirliyəm yerin üzütək.

Desələr, inanma...

Desələr bu dünya beş gündür, nə qəm,
İnanma gülümsə, yalanı qına.
Qoşulma xatirə ayrılığına,
Qoşul çiçəklərin ilk baharına.

Əbədi susmayan həsrətini də,
Səslə təbəssümə, səsləmə yasa.
Mən sənin adına şeir yazmışam,
Təklənib yaşama, ömürlə yaşa.

Elə yoldayıq ki...

Zaman zalım, yaman zalım,
Tor-düyünü künc-bucaqda.
Yoxsa, sənə dərsmi keçir,
Dərs bilməyən bir uşaq da...

Xəyalları qarğış tutub,
Kölgəm belə gəlməz yaxın.
Göz yaşında yol uzadır,
Günahlarım, günahların...

Susmuş yaddaş yorğunluğu,
Bilmir necə açsın qanad.
Qəriblikdə qara naldı,
Cıdırında qovduğum at.

Biz ki, sevda məhbusuyuq
Cəza çəkir fikrimiz də.
Daha elə yoldayıq ki,
Yad adamıq ikimiz də...

Mən öz eşqimdə bitmişəm...

Canım canda söz köynəyi
Hər havaya düşməz adam.
Sətirlərim qəm möhürlü,
Çətin oxunan kitabam.

Mən halsızam, divanəyəm
Ahımı külək danışır.
Dili bağlı bir yolçuyam,
Sözümü fələk danışır.

Dərdmi belə aclıq çəkir,
Qisməti azdımı deyən?
Bu nə atəş, bu nə oddu,
İlğımı azdırır deyən.

Gülən deyil bu bəxt üzə,
Gördüm solan çiçəkləri.
Mən öz eşqimdə bitmişəm,
Qoxla sonam,çiçəkləri...

Dilsiz qaya kölgəsi...

Unudulub, unudulub,
Nə xoşdur azad yaşamaq...
Ana sözünü ağladıb,
Darıxdığım doğma ocaq.

Şəhər, bir park havasında,
Gözü açıqdı ağaclar.
Bircə an da doğru deməz,
Dibçəyə əkilən bahar.

Adsız, qəfil bir sevincin,
Ümidi çatar dadıma.
Bir qəriblik yuxusunda,
O kimdi düşən yadıma?

Dilsiz qaya kölgəsində,
Sözdə tapmışam izimi.
Qaranlıqla barışdım mən,
Sevdim canavar gözünü.

Qəm cücərdi qələmlə...

Pozdum itirim qəmi
Hara yetirim qəmi?

Qovub azdırım dedim,
Dərdim azdımı dedim?

Can çıxmaz ağ vərəqdə,
Ölməyib sağ vərəqdə.

Sinəmdə aha düşdü,
Düşdü, günaha düşdü.

Nahaq imiş bu həmlə,
Qəm cücərdi qələmlə...

Açılan gül xəbəri...

Uçmaq, uçmaq istədim, dost,
Bu bir kəpənək arzusu.
Ömür bahar deyilmiş ha,
Nəfəsində ləngiyə su.

Bu yol, cığır eşq havası,
Zirvə qalxmaq nəmənədi.
Öz ahınla çıxdığın yer,
Nə sənədi, nə mənədi.

Yolçu olan boşa çıxmaz,
Arxamızca su atan var.
Əllərim gülə əyilir,
Könül, sənin bir xətan var.
Uçmaq, uçmaq istədim, dost
Açılan gül xəbərinə.
Gördüm solan qanadları,-
Nə çəkirmiş, xəzəli nə...

Sənin azadlığın - sənin təbəssümün...

Sənin azadlığın təbəssümüntək,
Elə bakirədi, elə dumduru.
Qoruyur yamyaşıl budaqlarını,
Qoruyur ehmalca sakit qüruru.

Kimsəyə atmağa kinli daşın yox,
Sözün, kəlmələrin ipəkdən ipək.
Düyünlü acıqlı alın görəndə
Susursan sadəcə gülümsəyərək.

Bu zərif sevdaya gücün çatarmı?
Oyaqdı içimdə qorxular, oyaq...
Di gəl ki, baxışın üfüq boyunca,
Çərpələng uçuran uşaqdı, uşaq.

Bilmirəm xoşbəxtlik elə budurmu?
Doğmayam mən sənin həqiqətinə.
Ayrılıq yüz yerdən hücum çəksə də,
Kimsədən çəkinmir sükutun yenə.

Könül, eşqə salam söylə

Dünya könül sevdalıdı,
Nə xəbər var dan üzündən?
Günəş boylu, üfüq boylu,
Çiçək çirtib qan üzündən.

Söz tutmayan dillər gülür,
Gül biləkdə güllər gülür.
Nəfəsinə sıxıb gülü,
Əzizləyir yan üzündə.

Qönçəm, açılıb-solanım,
Qovma saçına dolanım,
Ay bəxtimə ay olanım,
Ulduz doğur can üzündən.

Anam söylə, balam söylə,
Yoxam demə, varam söylə
Könül, eşqə salam söylə,
Oyan eşqin dan üzündən.

Ötən rüzgar...

Unuduldum sevdalardan,
Ayrılıqtək xoş günüm yox.
Ömür, susduğun sualda
Gör kimin var, gör kimin yox?

Açıb solan çiçəklərin,
Ətirində ötən rüzgar.
Tənhalığın sahilində,
Dinc durmaz ha pıçıltılar.

Uzaqlara gedən gəmi,
Əllərimdən çıxan zaman.
Bir çəlikli ümid keçir,
Bu dumandan, bu gümandan...

Əkdiyim ağacla, tikdiyim evlə...

Könül kürlüyündə dincliyim qəhət
Gözümü qırpmadım qorxu içində.
Layla havasında mürgü döymədim,
Cənnət xəyalım yox yuxu içində.

Məğlub olmasamda qəm savaşında,
Ürəyim ağrıdan səngər şırımı.
Arzu ətəyində məst olmadım ha,
Çovğun yedəkləyib tale aşrımı.

Közərən ocağım üfüq zolaqlı,
Günəşlə qol-boyun sevgi yaşayır.
Qəlbimin darıxan nəğmələrindən
Bülbül yuvasına gör nə daşıyır?

Dördnala atımla çərlətdim yalan,
Mənə çox doğmadı həqiqət dəmi.
Əllərim quraqlıq qovan buluddu,
Güldürər təknəmi biçdiyim zəmi.

Bu günün sözünü deyim sabaha,
Hamını çiçəklə gözləməz bahar.
Əkdiyim ağacla, tikdiyim evlə,
Məni xatırlasın xatırlayanlar.

 





04.05.2015    çap et  çap et