525.Az

ABŞ-İsrail: strateji tərəfdaşlar arasında münasibətlərin son durumu


 

ABŞ-İsrail: <b style="color:red">strateji tərəfdaşlar arasında münasibətlərin son durumu</b>

Əlaqələrin yaranmasının qısa tarixi

29 noyabr 1947-ci ildə BMT-nin Baş Assambleyasının II sessiyasında Fələstinin iki dövlətə (yəhudi və ərəb) bölünməsi haqqında qətnamə qəbul olundu (BMT Baş Assambleyasının 181 saylı qətnaməsi).

Hələ o zaman İsraillə münasibətlərin necə qurulmasına dair ABŞ-ın siyasi elitası arasında fikir ayrılığı mövcud idi. İsrailin tanınması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Departamentinin rəhbərliyi ilə birbaşa münaqişəyə girən ABŞ prezidenti Harri Trumen yekunda həlledici rol oynadı. Bu məsələdə ona qarşı çıxanlar dövlət katibi Corc Marşall və müdafiə naziri Ceyms Forrestol idi. Onların mövqeyinin əsasında neft, rəqəmlər və tarix dayanırdı. Müdafiə naziri Forrestol prezidentin köməkçisi Klark Klifforda müraciətində də bu faktlara diqqət çəkirdi: ''Bir tərəfdən 30 milyon ərəb, digər tərəfdən 600 min yəhudi. Niyə Siz reallığın üzünə baxmırsınız?''.

14 may 1948-ci il tarixində İsrail dövləti yaradıldıqdan cəmi 11 dəqiqə sonra ölkə daxilində məsələ ilə bağlı təzyiqlərə və gərginliyə baxmayaraq, ABŞ İsraili öncə de-fakto (1), daha sonra 1949-cu ilin 30 yanvarında de-yure tanıdı.

ABŞ-İsrail strateji əməkdaşlığı

ABŞ İsrailin müstəqilliyini tanıdıqdan indiyədək ayrı-ayrı dövrlərdə münasibətlərdə gərginlik müşahidə olunsa da, 20-ci əsrin ikinci yarısından başlayaraq iki ölkə arasında strateji əhəmiyyət daşıyan əməkdaşlığın bünövrəsi qoyuldu. İsrail Yaxın Şərqdə ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən dövlət statusuna malik oldu.

2009-cu ilin yanvar ayında ABŞ-da demokratlar partiyasının lideri Barak Obamanın, martda isə İsraildə Likud partiyasının lideri Binyamin Netanyahunun hakimiyyətə gəlməsi ölkələrarası münasibətlərdə növbəti gərginliyə yol açdı.

Gərginliyin səbəblərindən biri Obama administrasiyasının İsraildən Fələstinlə mövcud olan münaqişənin tezliklə həllini tələb etməsi idi. Öz növbəsində ABŞ-ın İranla nüvə probleminin həllinə dair ilkin razılığa gəlməsi İsraili ciddi narahat edir və o, ABŞ-dakı yəhudi lobbisinin təsir imkanlarından istifadə etməklə, Obamanı tutduğu mövqedən çəkindirməyə çalışır. Burada Obama ilə Netanyahu arasındakı şəxsi münasibətlərin uzun müddətdir ki, soyuq olması da ölkələr arasındakı gərginliyə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilə bilər. Xüsusən qeyd etmək lazımdır ki, Netanyahunun Ağ Evin razılığı olmadan ABŞ-a səfər edərək Konqresdə İranla aparılan danışıqlar əleyhinə çıxış etməsi Obamanı məmnun etməmişdir.

Bir sıra ekspertlər isə gərginliyin artmasını xüsusən ''Soyuq müharibə''nin başa çatmasından sonra İsrailin ABŞ üçün artıq yükə çevrilməsi ilə izah edirlər. Bu mülahizənin opponentləri isə, əksinə, ABŞ-ın hərbi və yüksək texnologiya sahələrində şirkətlərinin dünyada artan rəqabətə davam gətirmək üçün İsrailin bu sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhrələndiyini, terrorizmlə mübarizədə hər iki ölkənin sıx əməkdaşlıq etdiyini qeyd edirlər. Bundan başqa, ABŞ-ın Yaxın Şərq ölkələrinə ixrac etdiyi məhsulların 24 faizi region əhalisinin cəmi 3 faizini təşkil edən İsrailin payına düşür (2).

ABŞ-ın GALLUP şirkəti ABŞ-İsrail münasibətlərinin vəziyyətini əks etdirən bir neçə sorğu keçirmişdir. 2015-ci ildə ABŞ-da aparılan sorğulara əsasən, iki ölkənin liderləri arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, İsrail ABŞ-da öz müsbət imicini qoruyub saxlayıb. Belə ki, ABŞ əhalisinin 70 faizi İsraili əlverişli ölkə kimi qiymətləndirir, 62 faizi isə Yaxın Şərq münaqişəsində İsrailə Fələstindən daha çox rəğbət bəsləyir (3).

Maraq kəsb edən sorğulardan biri də ABŞ-ın respublikaçılar və demokratlar partiyasının tərəfdarlarının İsrailə münasibəti ilə bağlıdır. Həmin sorğuya əsasən, respublikaçıların böyük əksəriyyəti (83%) İsrail dövlətini dəstəklədiyi halda, demokratlar arasında İsrailin tərəfdarları 2014-cü ilə nisbətən 7 faiz azalaraq, 48 faiz təşkil edib. Mütəxəssislər bu azalmanı demokratları təmsil edən Obamanın hakimiyyəti dövründə İsraillə əlaqələrin gərginləşməsi ilə izah edirlər (3).

Nəticə

Yuxarıda deyilənlərə yekun olaraq aşağıdakı mülahizələri irəli sürmək olar:

1) İki ölkə lideri arasında münasibətlərin gərgin olaraq qalmasına baxmayaraq, ölkələrarası strateji əhəmiyyət daşıyan əlaqələrin qısa və orta perspektivdə zəifləməsi gözlənilmir.

2) ABŞ-İsrail liderləri arasındakı münasibətlərin yaxın zamanda istiləşməsi reallığı əks etdirmir.

3) ABŞ-da növbəti prezident seçkiləri iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıtmasına təkan verəcək.

Newtimes.az
Vaqif Qasımov

 





04.05.2015    çap et  çap et