525.Az

Eyyubun 50 yaşı...


 

Eyyubun 50 yaşı...<b style="color:red"></b>

Eyyub, 50 yaşının tamam olduğu mənə deyiləndə, vərdiş üzrə və "təbrik janrının" tələblərinə uyğun, xoş sözlərlə təbrik etməli, sənə uzun ömür, cansağlığı, yeni yaradıcııq uğurları arzulamalıydım ki, bütün bunları çatdırdım telefon söhbətimizdə. Amma qəribə, xoş bir çaşqınlıq içindəydim. Demək, sənin 50 yaşın oldu.

İnanmaq çətindi. Uşaq ikən, yanımızda bir adamın 30-35 yaşı olduğu deyiləndə, o adamın çox qoca, həmin 30-35 ilin isə az qala əsrlərin həmyaşıdı olduğunu düşünərdik. İndi mənim çaşqınlığımı doğuran bir səbəb həmin uşağın hələ də içimdə gizlənməsi idisə, başqa tərəfdən və nə qədər ziddiyyətli görünsə də, bir az fərqlə, elə mənim özümün də 50-nin həndəvərində olmağım və dolayısı ilə məhz  öz "qocalığımı" boynuma almamaq istəyim idi. Amma daha vacib bir səbəb vardı. Görünür, sənə - undulmaz və həmişəcavan Mikayıl Müşfiqin şah əsərləri olan "Yenə o bağ olaydı", "Küləklər" və "Ana"ya bəstələnmiş mahnıların özünəməxsus ifaçısına 50 yaş vermək bir az da Müşfiqi qocaltmaq kimi görünmüşdü mənə.

Əziz dostum!

Rusların bir "neprinujdyonnost"  kəlməsi yadıma düşür. Sənin ifanda məhz bu var. Peşəkarlıq, ustalıqla yanaşı sadəlik, səhnədə özünə vacib görüntü vermək və hansısa qəlibə girmək yox, məhz insan qalaraq oxumaq var. Bu səni son 20 ildəki milli musiqi-ifaçılıq tariximizdə bənzərsiz edir.

Və bir də, sən şəxsən mənim ünsiyyətdə olduğum müğənnilərimiz, xanəndələrimiz, ifaçılarımız arasında həm milli poeziyamız, həm dünya şeiri haqda rahatlıqla, həqiqi tərəf-müqabil kimi söhbət edə biləcəyim azsaylı erudisiyalı, dərin hisslər və düşüncələr sahibi adamlardan birisən. Səninlə Nəsimi, Cavid, Müşfiq, Eliot və  Ritsos haqqında danışmaq, bölüşmək olduqca maraqlı, bəzən isə öyrədicidir.

Hələ başlıca mövzusu Allah, dinlər, gözəllik, sevgi, xoşbəxtlik olan uzun-uzun söhbətlərimizdən danışmıram.

Əziz dostum, səni ürəkdən təbrik edirəm!... 50 yaşın olduğuna heç cür inana bilməsəm də.

 





05.05.2015    çap et  çap et